Roman, povestlər



Yüklə 3 Mb.
səhifə16/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   12   13   14   15   16   17   18   19   ...   158

 57 

Zaur kişi. Romantika vaxtı çoxdan keçib". 

—Hansı  tərəfə gedək? — deyə  Təhminədən soruşdu. 

Təhminə dərhal: 

—Pirşağı tərəfə, — dedi. — Pirşağıdan da o tərəfə bir plyaj 

var. Yaxşı yerdir, sakit, adamsız... 

"Görünür, yaxşı  bələddir. Kişinin qızının  əməlli-başlı 

səriştəsi varmış. Kül başına, Manaf!" 

—Uşaqlıqda Pirşağıda bağımız vardı. Atam sağ olanda. 

Çimməyə  həmişə o tərəfə gedərdik. Bir qiyamət qayalıq var 

orda... 

Səs-küylü, adamlı küçələrdən keçib geniş  şoseyə  çıxdılar. 

Yol basırıq idi. Şənbə günü axşama doğru elə bil bütün şəhər 

maşın-maşın, avtobus-avtobus sahil bağlarına tərəf axışırdı. 

Maşınların dal şüşələri bostanı andırırdı: xiyar, qovun 

pomidor... 

Boy-buxunu, yaraşıqlı sifəti, idmançı inadı  və başqa 

keyfiyyətləri Zauru erkən kişiləşdirmişdi.  İyirmi üç yaşında 

çox  şey görmüşdü. Təcrübədə kamilləşmiş fitri bir məharətlə 

hər növ, hər çeşidli qadınla söhbət sala bilir, söhbətdə hər şeyin 

faizini, dərəcəsini, məqamını da bilirdi. Nə  dərəcədə  qəlizdən 

qırıldatmaq, neçə faiz yumor, ikibaşlı eyhamlar. İncə 

mətləblərə keçmək məqamını da duyurdu, incə söhbətdə 

müvazinət saxlamaq ustalığı da vardı. Yeri gəldikcə gah adam 

üzünə  həyəcan göstərir, tutulur, özünü itirir, gah da adamına 

görə açıq-saçıq danışırdı. Təhminənin özüylə  də küncdə-

bucaqda müxtəlif çeşidli söhbətlərdən az eləməmişdi.  

Amma bax indi, onun, nağıllarda demişkən, arzu-kamına, 

muradına çatmasına lap az qalan bir zamanda, onu məqsədinə 

doğru saatda 80 kilometr sürətlə aparan bu maşının içində 

gözlənilməz bir acizliklə danışmağa söz tapmırdı. Bilmirdi 

nədən başlasın, hansı səmtdən gəlsin. Təhminə də susmuşdu. 

Birdən Zaurun yadına Məmməd Nəsir düşdü.  

—Nə olub, niyə gülürsən? 

—Heç  əşi, yadıma düşdü bir şey. Bayaq qayıtmışam 



 58 

idarəyə, bir də gördüm... 

Məmməd Nəsirin öz-özüylə  nərd oynamasını yerli-yataqlı 

danışdı. Deyəsən əhvalatın duzu Təhminəyə çatmadı: 

—Bəyəm adam öz-özüylə nərd oynaya bilər? 

—Yox da elə  məsələ ondadır. Heç kəsi tutub tovlaya 

bilməyib, odur ki, öz-özüynən oynayır. 

Təhminə: . 

—Məmməd Nəsir çox qəribə tipdir, — dedi. 

—Əşi, ayrı aləmdir. Keçən yay bunun bacısı  qızı 

universitetə girir. Yəqin içib dəm olub, lovğalanıb ki, bəs mən 

düzəldərəm. Mənim bir yoldaşım universitetdə  işləyir, o 

danışır: deyir, görürəm bir gün bu Məmməd Nəsir dayanıb 

universitetin qabağında yetim quzu kimi büküb boynunu. İçəri 

buraxmırlar. Özü də bir balaca dəmdir. Bəs qapıçıya dedim ki, 

burax onu, bilirsən bu kimdir? Böyük adamdır. Buraxdırdım 

onu içəri. Bacısı  qızı da yanında imiş. Deyir içəri keçən kimi 

belini düzəltdi, yanındakı  qızın  əlindən dartdı birbaş imtahan 

verilən otağa. Mən də, deyir, düşdüm bunların dalınca, görüm 

bu neyləyəcək. Açdı, deyir, sinif qapısını, girdi içəri, bəli, 

imtahandır, uşaqlar oturub. Komissiya-filan. Komissiyada da 

bir Rəhim var, odur, bir də Cavanşir var, köhnə 

müəllimlərdəndir, odur. Bəli, Məmməd Nəsir, deyir, kamal 

ədəblə bunlara salam verdi, dedi, bəs Cavanşir, məni 

tanıyırsan? — Bəli, tanıyıram. — Çox əcəb, çox gözəl. Rəhim, 

sən necə? — Bəli, mən də tanıyıram, Məmməd Nəsir. — Çox 

əcəb. Bax bu mənim bacım qızıdır. Bildiniz də? Daha ayrı söz 

demirəm. Bacım qızı! Bildiniz? — Bəli bildik. — Hə, qızım, 

keç otur. Xatircəm ol. Vəssalam! Di salamat qalın, — deyib 

otaqdan çıxıb, bir də qayıdıb ki, bağışlayın a, siz də bağışlayın, 

uşaqlar. Sonra çıxıb gedib, bacısıgildə basıb kəsib ki, bəs sən 

arxayın ol, ürəyini buz kimi elə. Elə bil ki, qızın oturub 

universitetdə leksiyada. 

Maşın bol gediş-gəlişli  şəhərbasardan çıxıb, getdikcə 

seyrəkləşən yolla irəliləyirdi. 



 59 

Susmuşdudar. Bir azdan sonra Təhminə: 

—Yaxşı, nə olub, qəbul eləyiblər qızı? — deyə soruşdu. 

—Hardan qəbul eləyəcəklər? Tökülmüşdü. Kəsiblər gedib. 

—Niyə? 

—Neçə niyə? Məmməd Nəsirin ağzına baxan kimdir? 



Adamı o cür tapşırarlar? 

Təhminə: 

—Əlbəttə, — dedi, — tapşırmağın da öz ritualı, qayda-

qanunları var. Neçə deyərlər, zəngin adət-ənənələri.  Əvvəlcə 

kənar söhbətlər, sizin it bizim ərsini apardı, o yandan, bu 

yandan, havalar xoş keçir, daha nə var, nə yox, sonra belə 

sözarası kiçik bir işarə, ehyam, arifsən, gərək başa düşəsən, sən 

mənim işimi düzəlt, biz də xəcalətdə qalmarıq, filan-peşməkan, 

əl-əli yuyar, əl də üzü... 

Zaur: 


—Eh, kim kimədir, — dedi. Bir qədər susandan sonra 

Məmməd Nəsirlə  əlaqədar başqa bir əhvalatı xatırladı. — 

Məmməd Nəsirin müdirimizlə olan əhvalatından xəbərin var? 

—Yox. 


—Bir gün Cəfər müəllim küçədə Məmməd Nəsirə rast gəlib. 

Deyib: axşamın xeyir, Məmməd Nəsir. Bir də görüb ki, 

Məmməd Nəsir iki əlini başına çəkdi ki, vay, Cəfər müəllim

bütün mayam batdı. Kişi başa düşməyib: — Nə danışırsan 

Məmməd Nəsir, nə mayabazlıqdır? Deyir: bəs, Cəfər müəllim, 

əməlli-başlı özümə maya qoymuşdum.  İçib  əntiqə  dəm 

olmuşdum. Sizi gördüm tamam ayıldım. Bütün mayam batdı. 

Təhminə güldü, Zaur: 

—Neyləsin yazıq Məmməd Nəsir, — dedi. — O da kamını 

içməkdən alır. Tək kişidir. Ürəyi darıxır, içir də. Bədbəxt oğlu 

vaxtında bir halal süd əmmişin başını bişirib evlənməyib də, — 

udqunub  əlavə etdi, — əlbəttə, bişirmək onunçün o qədər də 

asan deyil, amma... 

Təhminə: 

—Səninçün necə? — dedi, — səninçün asandır?  



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə