195
Atası həmişə erkən yatar, səhər də ertədən durardı. Anası isə
Bakının televiziya verilişləri qurtaran kimi gedərdi yatmağa...
Bu gecə də atası çoxdan yuxulamışdı, amma anası hələ oyaq
idi. Qonşu Sitarəylə birlikdə mətbəxdə əlləşirdi, sabahkı
qonaqlığın hazırlığını görürdülər. Mətbəxdən şirni və ədviyyat
qoxusu gəlirdi — paxlava, şəkərbura, şəkərçörəyi… Cürbəcür
piroqlar, pirojnalar, tortlar hazırlamaq sarıdan Zivər xanımın
tayı-bərabəri yox idi. Amma sabahkı gün öz adi məharətini də
vurub keçməliydi, — axı, onun məclisinə Alya kimi tələbkar
bir hakim qiymət verəcəkdi. Mətbəxdən anasıyla Sitarənin
yavaş səsləri gəlirdi, professorun və Zaurun yuxusuna mane
olmamaqçün qadınlar xısın-xısın danışırdılar. Zaur onların hər
kəlməsini dəqiq eşitməsə də, söhbətlərinin məzmunundan agah
idi: qadınlar xəmirin yaxşı qalxmasından, layların nazik
yoğrulmasından, qoz-fındığın narın
əzilib
şəkərlə
qarışdırılmasından, paxlavaya vurulacaq ədviyyatın
miqdarından danışırdılar. Sabahkı məclisdən, qonaqlardan
danışırdılar — kim paxlavanı, şəkərburanı daha çox sevir,
kimin hansı tortdan, hansı piroqdan, hansı pirojnadan daha çox
xoşu gəlir, hansı kişi dəlisidir şirniyyatın, hansı qadına heç bir
şey bəyəndirmək olmur, halbuki keçən səfər öz evlərində
aşının qazmağı yanıb kösöy olmuşdu... Olanda olur da, ay
Zivər bacı, işdi, düşməknəndi də. Orası da elədir e, ay Sitarə,
doğrudan, böyük məclis yola salmaq zor işdir, adamın lap
kələyi kəsilir, əldən düşürsən, amma bir yana baxanda bircə
balavın məclisində də qoluvu çırmalamayıb zəhmət çəkməsən,
bəs nə vaxt çəkəcəksən... Əlbəttə, ay Zivər bacı, maşallah, allah
saxlasın, belə oğul böyütmüsən, indi gərək hər əziyyətinə də
dözəsən. Bəs necə, ay Sitarə, onun boyuna qurban olum,
qızıldır onun xasiyyəti, ipək kimi yumşaqdır, ürəyi də elə
təmizdir, elə təmizdir, sanasan şüşədir, odur ki, xətərəliyəm də,
ay Sitarə, bu cür ki təmiz uşaqdır, ürəyi şüşə kimi safdır, hər
şeyə, hər sözə, hamıya inanandır, elə qorxuram ki, keçsin bir
afətin cənginə, sap kimi dolasın barmağına balamı. Eh, ay
196
Zivər bacı, ağzıvı xeyirliyə aç, dünya bəgəm dərəbəylikdir-
zaddır, nə danışırsan, Zaur elə aciz-avara deyil, demə, maşallah
ağıllı-mərifətli oğlandır, hər şeyin yerin biləndir, ürəyinə-zada
salma, sən allah, vaxsey, vaxsey, piroq yandı, başımız söhbətə
qarışdı...
...Və bu vaxt telefon zəng çaldı. Zaur yerindən sıçradı, —bu
vaxt ancaq ona zəng eləyə bilərdilər: kim ola? Dəstəyi qaldırdı:
—Allo!
Dəstəyə qarmaqarışıq səslər doldu, — açıq havadan zəng
olunmuşdu — küçəydimi, meydandımı — müxtəlif hənirtilər
gəlirdi, sonra bu hənirtilərin içindən uzaq bir səs duruldu, aydın
eşidildi, Zaur dərhal bu səsi tanıdı.
—Mənəm, Zaurik, — dedi Təhminə. — Bağışla ki, belə gec
zəng eləyirəm... Danışa bilirsən?
—Əlbəttə.
—Bütün günü sənə zəng eləmək istəyirdim, amma başım elə
qarışdı ki, macal tapa bilmədim... — Səs arada kəsilirdi,
xətlərin, cihazların xırıltısına qarışıb itirdi, amma Zaur hər
halda Təhminənin dediklərini dəqiq qavrayırdı.
—Sənə aeroportdan zəng vururam. Yarım saatdan sonra
uçuram.
Zaur susub dinləyirdi, nəinki cavab vermirdi, heç "hə".
"yox" da demirdi. Təhminə təəccüblə:
—Eşidirsən məni, Zaur? — deyə xəbər aldı. — Hə, eşidirsən?
—Eşidirəm...
—Səni təbrik eləyirəm... Yadımdadır, axı, — bu gün ad
günündür. Sənə hədiyyə də almışam. Sabah sənə çatdıracaqlar,
— tələsə-tələsə danışırdı, elə bil qorxurdu ki, birdən telefon
əlaqəsi qırılar və demək istədiyi əsas şeyi deyə bilməz, —
balaca bir şeydir hədiyyəm, amma həmişə sənin yanında olacaq
ki, məni həmişə yada salasan... Sabah sənə çatdıracaqlar...
Mədinə, qonşum gətirəcək... işivə.
Zaur:
—Təşəkkür edirəm, — dedi. — Yaxşı, soruşmaq ayıb
197
olmasın, hara uçursan belə, nə münasibətlə? — Hiss elədi ki,
mətbəxdə susdular, yəqin onun danışığına qulaq verirdilər.
Təhminə sevinclə:
—Moskvaya, — dedi. — Moskvadan sabah bizim
verilişimiz var. Proqramı mən aparacağam. Baxarsan. — Sonra
tələsik əlavə etdi. — Yaxşı, Zaurik, hələlik, mənə əl eləyirlər
ordan, təyyarəyə minik başlayıb...
Aeroport Zaurun gözləri qarşısında çanlandı: gecəyə qərq
olmuş uçuş meydanı, rəngbərəng siqnal işıqları, qapısı açıq
təyyarə, trap və trapda Təhminənin təzə dostları — televiziya
işçiləri, qapının ağzında kiçik, cib fənərini yandırıb biletləri
yoxlayan stüardessa. Bir azdan Təhminə də trapla dırmaşacaq,
sonra təyyarənin qapıları kip bağlanacaq, propellər hərlənəcək,
təyyarə yerlə bir az qaçıb havaya yüksələcək. Bir dəstə
televiziya işçiləri deyib-güləcək, zarafatlaşacaq, sabahkı
verilişlərindən, ümumi işlərindən danışacaqlar.
...Və Təhminə də onların içində olacaq. O köhnə dostu —
televiziya rejissoru, nədir onun adı, Muxtardır, nədir, — o da
yəqin oradadır, Moskvaya gedir o da... Bəlkə trapdan əl eləyən,
Təhminəni çağıran da elə odur. Ya bəlkə indi lap Təhminənin
yanındadır, telefonun böyründə, Təhminənin Zaurla söhbətini
dinləyir. Mətbəxdən anasıyla Sitarə Zaurun söhbətini dinləyən
kimi...
Təhminənin bu gecə zəngi Zaurun ürəyini müxtəlif
qatmaqarışıq hisslərlə doldurmuşdu, — açıq təyyarə
meydanının nəfəs genişliyi, təyyarənin qalxacağı göylərin
ulduzlu qaranlığı vardı bu telefon zəngində. Təhminənin səsi,
nəvazişi, ona — Zaura diqqəti vardı... Amma bir də Zaura
yabançı olan özgə sevinci vardı, uzaq səfər fərəhi — başqa
həyat, yeni tanışlıqlar, münasibətlər kələfi vardı və bütün
bunlar Təhminənin yeni işi, yeni həyatı idi. — Zaurun
gözündən iraq, ömründən uzaq olan yad bir dünyadan gəlirdi
bu soraqlar...
—Salamat qal, Zaurik, bol-bol səadət arzulayıram sənə...
Dostları ilə paylaş: |