Roman, povestlər



Yüklə 3 Mb.
səhifə59/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   55   56   57   58   59   60   61   62   ...   158

 204 

—Praqada da mühazirə oxumalı oldum, — deyirdi.  

Murtuz Murtuzov: 

—O gün axır yaxaladım küçədə, — deyirdi. 

Alya xanım anbardakı dublyonkalardan, Rüxsarə xanım 

komisyondakı servizdən, Tahirə yayda dincəldikləri kurortdan 

danışırdı. Cabbar: 

—İstəyirsiz, lap rektorun özüylə danışaram, — deyirdi. —

Məncə etiraz eləməz... 

—Praqadan daha qatarla gələsi oldum. Speranskiylə bir 

kupeyə düşmüşdük... 

—Yapışdım yaxasından, adə, qırışmal, məni tanımırsan sən? 

—Day bir şey götürmədim, bax bu paltarı, Firoçkayçün 

fransızski sapojki, iki dənə yorğan örtüyü — Firoçkanın 

cehizliyi, bir də bir-iki xırda-xuruş. Spartak deyir, mama, 

dünyanın axırı ha deyil, haçan kefin istəsə yenə gətirərəm səni 

bura... 

—İstəyirəm alım o servizi, bizim bir dostumuz var — 

Şamxal, müstəntiqdir, onun arvadı Tamaranın ad günüdür, ona 

hədiyyə aparmaq istəyirəm... 

—Mən Krımda da olmuşam, Soçidə də... amma bura başqa 

aləmdir... Qum mirvari kimi, dəniz tərtəmiz, korpuslar elə 

rahat, elə səliqəlidir ki... 

—Kişi voleybolçular isə bu mövsümdə  hələ ki, 

müvəffəqiyyət qazana bilməyiblər... 

—Rektor nə deyəcək ki?.. Bizim institutda, hətta, Tiflisdən, 

Yerevandan gəlib müdafiə edirlər... 

—Buyurun, stolun başına keçin! 

—Şahin, zəhmət olmasa, badələri doldur. 

—Bəs Spartak niyə gəlməyib? 

—Allah bilir haradadır indi... 

—Yaxşı, tamadamız kim olacaq? 

—Murtuz Balayeviç, polkovnik Murtuzov... 

—Xeyr, heç elə söhbət yoxdur, professor, professor yaxşıdır... 

—Hansı professor, professor burda ikidi. 



 205 

—Zeynallı... 

—Zeynallı da ikidir. 

—Yox,  əlbəttə, professor Bəhram Zeynallı, Məcid day ev 

yiyəsidir, ev yiyəsindən tamada olmaz ki... 

—Çox sağ olun, Zivər bacı, deməli, mən ev yiyəsi deyiləm, 

mən özgəyəm? 

—Yox, ay Bəhram qardaş, siz də ev yiyəsisiniz, əlbəttə, öz 

evinizdir bura, elə ona görə  də xahiş edirik ki, Zaurçikin 

məclisini siz aparasınız da. 

—Yox, Murtuz yaxşıdır, — dedi Bəhram. 

—Heç elə söhbət yoxdur, əsl tamada Bəhram müəllimdir, — 

dedi Murtuz. 

—Onda içək Bəhramın sağlığına, — dedi Məcid. 

—Yox, madam ki, mənim boynuma qoyduz tamadalığı, 

sözümə qulaq asın. Zaurun sağlığına içək, — dedi Bəhram. 

—Sağ ol, Zaur, — dedi Şahin. 

—Sağ ol, bala, — dedi Zivər. 

—Sağ ol, — dedi Məcid. 

—Sağ olun, Zaur, — dedilər. Rüxsarə xanım, Alya xanım, 

Tahirə xanım... Firəngiz heç nə demədi... 

—Sizin sağlığınıza, Zaur, — dedi Cabbar. 

—Dobrıy veçer, doroqie telezriteli, — dedi Təhminə. 

Zaur diksinib televizora tərəf çevrildi... Hamı  qədəhlərini 

Zaura tərəf uzatmışdı, hamı qədəhlərini bir-birinə vururdu "sağ 

olun, sağ olun" deyib içirdi. Zaur isə elə bil bütün məclisi 

duman içində görürdü və bu dumanın içində bircə sifət durulub 

aydın seçilirdi — Təhminənin sifəti, bu hay-küydə bircə  səs 

aydın eşidilirdi — Təhminənin səsi: 

—Mı naçinaem proqrammu azerbaydjanskoqo televideniə. 

Mı privezli Vam iz naşeqo solneçnoqo Baku... 

Zaur artıq sözlərin də  fərqinə varmırdı. Təhminənin nə 

danışdığını da əməlli-başlı qavramırdı, yalnız səsinin ahəngini 

dinləyir və dodaqlarına qonmuş  xəfif təbəssümü görürdü... 

Təhminə otaqdakıların da diqqətini çəkmişdi: 



 206 

—Buna baxın, Moskvadan verirlər, bizim Bakı verilişidir. 

—Hə qəzetdə yazmışdılar da... 

—Bu kimdir, təzə diktordur? 

—Hə də, nədi onun adı? 

Alya xanım quru bir tərzdə: 

—Təhminə, — dedi, — indi də diktor olub... 

Murtuz: 


—Bu ki, həmin o arvaddır, bizim... 

—Hə, hə, — deyə Alya ərinin sözünü kəsdi və Zaur bilirdi 

ki, kəsməsəydi Murtuz Balayeviç Spartakın adını çəkəcəkdi. 

Təhminə danışırdı, gülümsünürdü, milyon-milyon 

tamaşaçıya gülümsünürdü, tək bircə Zaura gülümsündüyü 

kimi, plyajda, maşının içində, Murtuzovların bağlarında 

gülümsündüyü kimi... 

Otaqda isə hamı bir ağızdan Təhminənin geyimini, sir-

sifətini, durub-oturmasını, bütün həyatını müzakirə edirdi. 

Kişilər dodaqaltı  qımışırdılar, qadınlar paltarına, saçının 

burumuna ağız büzürdülər, bir-birlərinin qulaqlarına  əyilib nə 

isə  pıçıldaşırdılar və yeni məlumat almış  hər adam "vay, vay, 

vay" deyə  məzəmmətlə başını bulayırdı... Kimsə dedi ki

Təhminənin  əri Manafı tanıyır,  əməlli-başlı abırlı adamdır 

yazıq, indi başına nə kül töksün ki, bütün şəhərdə biabır olub. 

Kimsə cavab verdi ki, qadam onun ağzına, o da adını kişi 

qoyub, başına papaq geyir... Kimsə dedi ki, Təhminə elə 

bəzənib-düzənib, elə bil bayram xonçasıdır... Kimsə dedi ki, 

bəs görəsən adamı televizornan milyon adamın qabağına 

çıxardanda bir maraqlanmırlar tərcümeyi-halıynan, kimdir, 

nəçidir, nə yuvanın quşudur... Bu vaxt qapılarının zəngi 

çalındı. Şahin gedib açdı, Spartak içəri girdi, salamsız-kalamsız 

anasına: 

—Qapını bağlayıb getmisiz, mənim açarım səndədir axı, — 

dedi. Alya xanımın tənbehindən sonra ("Zaurun yaşıdır, niyə 

təbrik eləmirsən") çevrilib Zaura baxdı, Zaurun əlindəki 

"Ronson"a xüsusi bir diqqətlə  nəzər saldı, mənalı-mənalı 



 207 

gülümsündü və hamının televizora tamaşa elədiyini görüb 

Spartak da ekrana tərəf çevrildi: 

—Oho, — dedi, — əhsən, Taxmuşa... 

Sonra Spartak çıxıb getdi.   Təhminə    də ekranda yerini 

ifaçılara verdi, mahnılar səsləndi və qonaqlar konserti dinləyə-

dinləyə oxuyanlar, çalanlar barədə danışmağa başladılar… 

Filan xanəndə Parisdən nə gətirib, filan bəstəkar ayda nə qədər 

qazanır, filan rəqqasənin neçə yaşı olar... 

Tahirə deyirdi ki, Emin Sabitoğlunun mahnılarını sevir, Caboş 

deyirdi ki, Zaur mütləq onların institutunda müdafiə eləməlidir. 

Murtuz deyirdi ki, bütün bu xanəndələr, oxuyanlar müftəxordurlar, 

ortada yeyib qıraqda gəzməyi sevirlər, dava vaxtı çoxusu ön 

cəbhəyə getməkdən canını qurtarırdı, amma ad almaq-filan 

gələndə özlərini birinci qabağa dürtürdülər... Bəhram deyirdi ki, 

indiki oxuyanlar dava vaxtı çoxusu heç anadan olmamışdı, olanları 

da südəmər uşaqlar idi. 

Tahirə dedi ki, Polad Bülbüloğlunun mahnılarından da çox 

xoşu gəlir. Rüxsarə xanım dedi ki, paxlavaya söz ola bilməz, 

bilmirəm niyə gizlədir Zivər xanım bunun sirrini bizdən. Alya 

dedi ki, gərək bir xəlvət gəlib göz qoyam, öyrənəm Zivər 

xanımın sirrini. Zivər xanım da güldü, dedi peşkəşdir sizə 

bütün reseptlər. Murtuz Balayeviç də dedi ki, hə, nədi bu 

oxuyan gədə, bir belə saçın uzadıb qız kimi, bu moddu, nədi 

yəni belə?! Cabbar dedi ki, yüz faiz arxayın olun, mən bu 

müdafiə məsələsini boynuma götürürəm və Təhminə dedi: 

—Naşa peredaça okonçena. Do novıx vstreç. — Bir an 

duruxdu və  əlavə etdi: — Mne xoçetsə pozdravitğ tex 

telezriteley, u kotorıx seqodnə denğ rojdeniə. 

Zaur bir an donub qaldı  və  nədənsə  dərhal anasına baxdı. 

Anası da cəld ona baxdı  və Zaur başa düşdü ki, anasıyla 

Zaurdan başqa bu otaqda heç kəs Təhminənin son cümləsinin 

fərqinə varmamışdı. Bircə anası bunun kimə aid olduğunu başa 

düşmüşdü və Zaur bir buna görə anasını bağrına basıb öpmək 

istəyirdi... 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə