Roman, povestlər



Yüklə 3 Mb.
səhifə61/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   57   58   59   60   61   62   63   64   ...   158

 211 

Taksilər harda dayanır? 

Təhminə: 

—Yox, — dedi, — mən bura tez gəlmişəm, — sənin 

təyyarəni gözləyən vaxt buradakı meşədə  gəzdim. Bilirsən nə 

gözəl meşədir... Gedək göstərim sənə... 

Şosedən çıxıb  şam meşəsinə girdilər. Zaur Təhminəni 

öpmək istədi, amma Təhminə barmağını dodaqlarına qoyub: 

—Sss, dayan, bir qulaq as, — dedi... 

İnanılası deyildi, amma Zaur həqiqətdə  də  eşitdi... Adamın 

ağlına sığışmırdı ki, burada, təyyarə  uğultusundan qulaq batan 

müasir aerovağzalın yaxınlığında, üstündən vıyıltıyla elədən-belə 

maşınlar keçən şosenin lap böyründə — quşlar cəh-cəh vururdu, 

elə bil bütün bu hay-küyü vecinə almırdılar... 

Zaur: 

—Lap bülbül kimi cəh-cəh vururlar, — dedi. 



—Doğrudan, adam heç inana bilmir, hə? Gül-bülbül, aşiq-

məşuqə gülməlidir eləmi?.. Orta əsr qəzəllərindən çıxıb 

gəliblər elə bil... Amma Zaurik, bu ki, yalan deyil, əzizim, 

doğrudan da, elə bil bülbül oxuyur. Özü də zalım gör nə baş 

alıb gedib, gör necə cəh-cəh vurur... Bizimçün oxuyur, e, Zaur, 

eşidirsən. 

Qollarını Zaurun boynuna doladı. — Qulaq as, Zaurik. — 

Təhminə indi pıçıltıyla danışırdı. — Gərək mən sənə bu sözü 

deməyəydim. Bilirəm bunu demək düz deyil, gərək deməyəm... 

amma... sevirəm səni, Zaurik... dəli kimi sevirəm... Sənsiz dura 

bilmirəm... Səndən başqa heç kəs lazım deyil mənə... bilirəm 

gərək deməyəydim bütün bunları  sənə... — güldü. — İndi 

quduracaqsan yəqin, dartıb özüvü qoyacaqsan dağ başına... 

amma neyləyim, demək istəyirdim bunları sənə...  

Zaur da pıçıltıyla dedi: 

—Təhminə, yəqin mən də  sənə deməməliyəm bu sözləri, 

amma mən də deyəcəyəm: ölürəm səninçün, Təhminə... Sənsiz 

bir saat, bir dəqiqə qala bilmirəm... Bax, indi bu saat yıxılıb ölə 

bilərəm xoşbəxtliyimdən. İstəyirsən çıxım şoseyə, özümü atım 



 212 

maşının altına, bax bu saat, bu dəqiqə... 

—Dəli, maşının altına niyə atırsan özünü. 

Onlar meşənin içiylə  gəzirdilər və Zaur elə hey danışırdı. 

Təhminəni televizorda görməsindən, öz ad günündən, 

qonaqlardan, qonşulardan, hətta Firəngizi ona ərə vermək 

niyyətlərindən... Zaur indi yaşadıqları anların səadətiylə o 

dərəcədə sərxoş idi ki, bu xəbərin Təhminəni ağrıda biləcəyini 

heç ağlına da gətirmirdi: içi bəxtiyarlıqla limhəlim elə 

dolmuşdu ki, bu bəxtiyarlığın bütün ətrafdakılara da sirayət 

edəcəyinə, onları da xoşbəxtlik dəryasına qərq edəcəyinə 

şübhəsi yoxdu... Doğrudan da, bu xəbəri eşidəndə ani bir kölgə 

keçdi Təhminənin sifətindən, amma o dərhal gülümsündü və 

Zaurun Firəngizlə evlənməsini zarafata saldı. 

Təhminə onu öpürdü. Moskvaya gəlmələrindən, verilişdən 

danışırdı, deyirdi ki, burada yaman bəyəniblər verilişi də, 

Təhminənin veriliş aparmasını da... Meşədən çıxıb  şoseylə 

addımladılar. Moskvayacan piyada getmək istəyirdilər, — 

Moskvaya isə yetmiş kilometr qalırdı... 

Zaur indi sevdiyinə də əmin idi, sevildiyinə də və sevgi onu 

elə qüvvətli bir xoşbəxtlik duyğusuna bürümüşdü ki, heç bir 

şey bu səadəti yaralaya bilməzdi və ona görə də Zaur Spartak 

söhbətini də elə-belə, sözarası saldı, dedi ki, bu qeybətlər neçə 

gün məni dəli-divanə eləmişdi... neçə gecə yuxumu qaçırmışdı. 

Təhminə: 

—Ay səfeh, gör bir kimə qısqanırsan, — dedi. — Adam da 

hər axmaq sözə, hər iyrənc qeybətə inanar?.. Spartak gicbəsərin 

biridir... heç ağlıva sığışdıra bilərsən ki, onunla mənim aramda 

bir şey ola bilər? Yəni heç məni tanımırsan? Ya onu tanımırsan 

bəlkə? Demişəm sənə ki məsələ necədir. Spartak mənim bir 

rəfiqəmlə görüşürdü və  həmin o rəfiqəmin xahişi ilə bir-iki 

dəfə  zəng eləmişəm Spartakgilə, bu, düzdür! Anası da yəqin 

sonra bilib ki, zəng eləyən mənəm... Amma mənimlə ömründə 

iki gəlmə  kəsməyib anası, o da ki, qalsın davamız ola... Mən 

yəni o günə qalmışam ki, onun anasıyla ağız-bağıza verim?.. 



 213 

Əcəb fikirdəsənmiş mənim haqqımda. 

Zaur indi, Spartak sarıdan tam bir arxayınçılıq duyarkən 

Dadaşın dediyi o televiziya rejissoru haqqında da soruşmaq 

istədi, heç olmasa bilsin görək o da burada Moskvadadırmı. 

Amma bunun nə mənası vardı, madam ki, Təhminə Zauru bura, 

yanına çağırmışdı və Zaur gəlmişdi, — onda deməli, həmin o 

rejisorun Moskvada olub-olmamağının Təhminəyçün heç bir 

təfavütü yox imiş… Yaxşı, bəs Dadaşın dediyi o baza 

müdirləri, alverçilər — Təhminənin tanış-bilişləri, o barədə 

necə, söz salsınmı? Amma Təhminə, sanki Zaurun fikirlərini 

oxuyubmuş kimi özü danışmağa başladı: 

—Zaurik, — dedi, — bunu bil: mənim barəmdə çox şey 

danışırlar və bundan sonra, məhz bax elə sənə daha çox iftiralar 

uydurub deyəcəklar...  Əgər ürəklərinə damsa ki, biz səninlə 

doğrudan-doğruya xoşbəxtik, bunu heç bir vaxt 

bağışlamayacaqlar bizə... Yüz çirkab tökəcəklər başımdan və 

çalışacaqlar ki, bunların hamısı  sənin qulağına çatsın. Amma 

mən istəyirəm ki, sən bir neçə  şeyi dəqiq biləsən, Zaur. 

Birincisi odur ki, mələkə-zad deyiləm, bu barədə heç bir 

illüziyan olmasın. Amma bu da həqitətdir ki, mən hələ heç kəsi 

səni sevən kimi sevməmişəm və indiyəcən hələ  heç kəsə  də 

deməmişəm ki, onu sevirəm... Bax ən böyük, ən  əsas həqiqət 

budur... Zaurik, dünyada bir həqiqət, bircə  həqiqət var — 

qəlbin həqiqəti və səadət, xoşbəxtlik də elə budur, vallah. Bax, 

bu axşam var dünyada, bu meşə var, quşlar oxuyurdu bu 

meşədə, sən varsan, mən varam, bir-birimizi sevirik, bir yerdə 

olanda bəxtiyar oluruq, — budur bax həqiqət və bundan başqa 

heç bir ayrı  həqiqət yoxdur. Sən uçub Moskvaya gəlmisən, 

orada aerodromun qalereyasında uzaqdan səni görüb bilirsən 

necə sevindim! Bəs sən?.. 

—Mən də... 

—Görürsən... Bax bu dəqiqələr var e, bu şoseylə Moskvaya 

gedirik ikimiz — sən və  mən, — bəxtiyarlıq budur, Zaurik, 

həqiqət,  ən böyük həqiqət də budur... Ayrı bir həqiqət arama 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə