Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   22   23   24   25   26   27   28   29   ...   145

 
61
kababxananın yanında saxlayırdı, əl-üzünü yaxşıca yuyub yay vaxtı açıqlıqda, payız, 
qış vaxtı pəncərə qabağında otururdu, yaxşı təndir çörəyi ilə iki-üç şiş qabırğa 
kababı yeyirdi. Kababxanada işləyənlər onu tanıyırdı, təzə ət olmayanda məsləhət 
görmürdülər ki, otursun, bir də bunu yaxşıca bilirdilər ki, Məmmədağa heç bir 
stəkan pivə də içən deyil, «Borjom» olsa, başqa məsələ; Məmmədağa rul arxasında 
içki içmirdi, başqa vaxtlar isə baxırdı yerinə və əhvalına. Misal üçün, bazar günləri 
Sarı hamamdan çıxandan sonra məhəllənin yuxarı başında Əsədullanın pivə 
köşkünün qabağında dayanıb noxudla bir-iki krujka pivə içməyin ləzzəti var idi. 
(Amma bunun bir işi də vardı ki, Səkinə xala narahat olurdu: «– Isti yerdən çıxıb 
soyuq şey içməzlər, ay bala, angina olub başımıza iş açarsan də...». Məmmədağa: «– 
Qorxma, məmə, heç nə olmaz», – deyirdi və gələn dəfə Sarı hamamdan çıxanda 
Əsədullanın «qvardeyski» pivə krujkasını Səkinə xalanın pürrəng çayı əvəz edirdi.)  
...Məmmədağa dedi: 
– Üzümlə, pendir-çörəklə necəsən?  
Məsməxanım dedi: 
– Üzümlə, pendir-çörəklə aram sazdı! – Sonra ay işığında alüminium örtüyü 
gümüş kimi ağaran furqona baxdı; furqon uzaqdan bütün dünyada tək-tənha 
ağarırdı, amma bu tənhalıqda bu saat bir istiqanlılıq vardı, bir doğmalıq,  əzizlik 
vardı; Məsməxanım başa düşürdü ki, gecə yarıdan keçir, evinə çıxıb getməlidi, evi-
eşiyi var, əri var və gecənin yarısı burada heç bir işi yoxdu – bütün bunları başa 
düşürdü, amma bu saat bütün bunların heç birinin mənası yox idi, çünki bu saat yer 
üzündə ikicə adam var idi, bunlardan birinin adı  Məsməxanım idi, o birinin adı 
Məmmədağa idi və bu Məmmədağanın yekə, isti əlləri var idi, göy gözləri var idi. 
Aydın məsələdir ki, Məsməxanımla Məmmədağa bir-birinin nə 
fikirləşdiklərindən xəbərsiz idilər, amma ən maraqlısı da elə bu idi ki, həmin qəribə 
yay gecəsi onlar ikisi də tez-tez eyni şey barədə fikirləşirdi. 
Məmmədağa ilə  Məsməxanım furqonun içinə girəndə ikiyüzlük elektrik 
lampası gözlərini qamaşdırdı  və  Məsməxanıma elə  gəldi ki, divardan asılmış bu 
taxta dovşan, bu taxta tülkü, ayı, şir və naməlum heyvan əməlli-başlı gülürlər. Nəyə 
gülürdü onlar? Məsməxanıma gülürdü? Məmmədağaya gülürdü? Bu gecəyə 
gülürdü? Bəlkə birdən-birə belə yaman acmaqlarına gülürdü və deyirdi ki
Məsməxanım, Məmmədağa, görürsüz də, siz yerin uşaqlarısız, adi bəndələr kimi 
acırsız, zəhmət çəkin göyün yeddinci qatından düşün aşağı. 
Məmmədağa tirin məhəccərindən atılıb, küncdə üstünə «Araz» 
radioqəbuledicisi qoyduğu balaca dolabın qapısını açdı və qəzetə bükülmüş çörəyi, 
pendiri, üzümü çıxartdı. 
Məsməxanım balaca dolabın qabağında  əyilmiş  Məmmədağaya baxa-baxa 
fikirləşdi ki, bu gecəni səhərə kimi oturub xəmir yayar, bu oğlan üçün düşbərə, 
qutab bişirər və bu oğlan onun düşbərə, qutabını ləzzətlə yeyəndə özünü dünyanın 
bəxtəvəri bilər; çoxdan idi, lap çoxdan idi ki, Məsməxanım kiminçünsə, nəsə 
bişirmək arzulamırdı, çoxdan idi heç özüyçün də  fərqi yox idi nə yeyir, amma 
hərdən gecələr yuxuya getməzdən  əvvəl onun sehrli nağıl aləmində  Məsməxanım 
adında tamam başqa bir qız kiminçünsə  qəssab Mirzənin təzə  kəsdiyi  əmlik quzu 
ətindən  şabalıdlı, albuxaralı qovurmaplov bişirirdi, dəvə  ətindən narlı qutab 
qızardırdı, küncüt halvası çalırdı... 


 
62
Məmmədağa  əlindəkiləri məhəccərin üstünə qoydu, üzü qurama döşəkcəli 
taxta kətili məhəccərdən o tərəfə keçirib: 
– Otur, – dedi. – Kasıbın olanı... Bir misal da var... 
– Hansı? 
– Varın verən utanmaz. 
– Hə, bir misal da var. 
– Hansı? 
– Vaxtsız qonaq öz kisəsindən yeyər. 
– Sən qonaqsan? – Məmmədağa lap sidq-ürəkdən təəccübləndi; doğrudan da, 
bəyəm Məsməxanım bu furqonda qonaq idi? 
Məmmədağa qəzeti açıb səliqə ilə  məhəccərin üstünə  sərdi, üzümü, pendiri 
yerbəyer etdi, çörəyi ortadan bölmək istədi və  məlum oldu ki, nazik təndir çörəyi 
bütün günü dolabda qalıb quruyub. 
– Çörək quruyub yaman... 
– Eybi yox.. 
– Istəyirsən qızdıraq? 
– Hə, qızdıraq, – Məsməxanımın qara gözləri o saat işıldadı. – Qoy iyi gəlsin 
çörəyin!.. 
Məmmədağa qabaqlar yola çıxanda özüylə balaca elektrik pilətəsi götürürdü, 
akkumulyatordan furqonun içinə elektrik xətti çəkmişdi, hərdən özünə çay 
dəmləyirdi, qayqanaq bişirirdi, amma sonralar daha bu pilətəni özü ilə götürmədi, 
çünki onun fikrincə tir mətbəx deyildi və  gərək tirdən pilətə iyi, yağ iyi, çay iyi 
gəlməyəydi; düzdür, yaxşı  dəmlənmiş çayın iyi hərdən ləzzət edirdi, xüsusən, 
Abşeron kəndlərində keçirtdiyi kimsəsiz gecələr bu iydə, elə bil, bir insan qayğısı, 
bir mehribanlıq vardı, amma nə etmək olardı, tir ev deyildi, tir tir idi. 
– Sən dayan burda, bu saat çöldə balaca bir ocaq düzəldim, çörəyi qızdırım, 
gətirim. 
– Hə, qala ocağı! Qoy həm çörək iyi gəlsin, həm də ocaq iyi gəlsin! Mən də 
baxacağam, burda niyə dayanım?.. 
— Yaxşı, burda dayanma. – Məmmədağa güldü. 
– Ocaq çaqqıldaya-çaqqıldaya yanacaq, səs salacaq qumluğa... Biz də 
baxacağıq özümüzçün... Işığı düşəcək hər yana, bizim də kölgəmiz düşəcək onun 
işığında... Dənizə  də düşəcək işığı... Dənizin suyunda bir parça qıpqırmızı od 
yanacaq... – Sonra Məsməxanım birdən-birə açıq-aşkar bikeflədi. – Amma ocağı 
söndürmək pis olur yaman... Közün ki, üstünə su tökürsən, külək aparıb pajar 
eləməsin, adamın ürəyi birtəhər olur... 
– Hə, onu düz deyirsən. – Məmmədağa da lap əvvəldən, o vaxtdan ki, uşaq 
idilər və bayram axşamları  məhəllədə – Dar dalanın qabağında ocaq qalayıb 
üstündən atılardılar, bu fikirdə idi ki, dünyada ocaqdan yaxşı şey yoxdu, amma bu 
şərtlə ki, sonra onun üstünə su töküb cızıldada-cızıldada söndürməyəsən. 
Və  həmin qəribə yay gecəsi Məsməxanımın gözləri yenə  də birdən-birə 
işıldadı: 
– Yanarqayanı tanıyırsan sən? 
– Yanarqayanı? Yox... 
– Heç eşitməmisən? 
– Yox. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə