Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   19   20   21   22   23   24   25   26   ...   145

 
55
Onda yaz idi və yaz gələndə  Məsməxanımın ikinci dünyası da ağacların, 
güllərin, çiçəklərin rəngini alırdı, burada da günəş səbəbsiz sevinc yayırdı aləmə və 
beləcə yaz günlərindən birində evə  gələn Məsməxanım otaqlarında tanımadığı bir 
kişi gördü; kişi ağ süfrə salınmış girdə mizin arxasında oturub anası ilə söhbət 
edirdi; bu ağ süfrə  hərdən evə  gələn qonağa xüsusi hörmət  əlaməti olaraq mizin 
üstünə salınardı və indi də Məsməxanım başa düşdü ki, qonaqları hörmətli qonaqdı. 
Məsməxanım ikinci dəfə idi evlərində yad kişi görürdü; birinci dəfə görəndə 
hələ internatdan evə təzəcə köçmüşdü; onda səkkizinci sinifdə oxuyurdu, küləkli bir 
payız günüydü, coğrafiya müəllimi  Əzizov xəstələnib dərsə  gəlməmişdi, 
Məsməxanım da məktəbdən tez çıxmışdı, öz açarı ilə qapını açıb evlərinə girəndə 
yad bir kişini otağın ortasında dayanan görmüşdü. Yad kişi tələm-tələsik  şalvarını 
geyib əkilmişdi, Güldəstə isə bir müddət başını yorğanın altından çıxarmamışdı. 
Budəfəki yad kişi çesuça kostyum geymişdi və  Məsməxanımı görəndə  nə 
anası, nə  də bu kişi özünü itirdi, üz-üzə oturub çay içdilər: çayı  nəlbəkiyə töküb 
hortuldada-hortuldada içdikcə bu yad kişinin kök sifətindən tər damcıları axırdı və o, 
xudahafizləşib gedəndə Güldəstə mənalı-mənalı:  
– Yaxşı oğlandı... – dedi. 
Bundan sonra Məsməxanım bu kök kişini evlərində tez-tez gördü və belə başa 
düşdü ki, anası bu kişiyə ərə gedir; Məsməxanım evə gələndə daha qapını öz açarı 
ilə açmırdı– zəngin düyməsini basırdı; Məsməxanımın ürəyində bir qorxu əmələ 
gəlmişdi, qorxurdu ki, birdən bu kök kişini də pis vəziyyətdə görər. Bu kişi 
birincidən xeyli cavan görünürdü, birinci kişi uzun, arıq idi, bir növ, milisioner 
Səfərə oxşayırdı, başı da onunku kimi daz idi; bu oğlan isə pota idi. 
Məsməxanım anasının  ərə gedəcəyi günü gözləyirdi və  həmin gecələr onun 
ikinci dünyasında yetim bir qızın getməyə yeri olmurdu, çovğuna düşürdü, borana, 
qara düşürdü, soyuqdan dişləri dişlərinə dəyirdi və günlərin bir günündə nağıllardakı 
şahzadələrə oxşayan bir oğlan gəlib onu soyuğun  əlindən qurtarırdı; butün bu 
hadisələr gecələr baş verirdi, Məsməxanım yuxuya getməzdən əvvəl, gündüzlər isə 
kök kişi gəlib ağ süfrə salınmış mizin arxasında otururdu, çayı  nəlbəkiyə töküb 
hortuldada-hortuldada içirdi, içdikcə  də yağlı sifətindən tər damcıları yuvarlanıb 
axırdı. 
Əlbəttə, Məsməxanım daha yekə  qız idi və başa düşürdü ki, anasının sinəsi 
dərdlidi, bütün tanış-bilişin, qonşuların evində bir kişi xeylağı var, kiminin əri, 
kiminin atası, kiminin də qardaşı – Məsməxanım bütün bunları başa düşürdü, amma 
bircə başa düşə bilmirdi ki, anası bu kök kişidə nə görüb: nə yaraşığı bir yaraşıqdı, 
nə də danışığı bir danışıqdı. 
Bir müddət beləcə keçdi və yenə  də günlərin bir günündə dünyanın  ən 
gözlənilməz hadisəsi baş verdi: Məsməxanıma məlum oldu ki, həmin kök kişi anası 
üçün yox, Məsməxanımın özü üçün onlara gəlib-gedirmiş. 
– Ağəz, sən hələ ayılmamısan? Sənin tayların  şeytana papış tikir!.. Səndən 
ötrü gəlir də, Mirzoppa, day kimdən ötrü gələcək?.. Pis oğlan döyül, əli də çatıb 
çörəyə,  şəhərə avtobus sürür, evi də var özünün ayrıca. Adam gərək ayağını 
yorğanına görə uzada. Elə bizim babımızdı... – Bu sözləri Güldəstə gözlərini 
bərəldib ona baxan Məsməxanıma dedi və beləcə də xeyir-duasını verdi. 


 
56
Mirzoppagil Bakıdan Zuğulbaya köçəndən sonra Əliabbas kişinin tiyanı bu 
yerlərdəki qır damlı evləri bir - bir gəzmişdi, amma bu tərəflərdə də həmin evlərin 
sayı yavaş - yavaş azalırdı. Buralarda da üçmərtəbəli, sonralar beşmərtəbəli üstü 
taxtapuşlu şəhər evləri kimi dövlət evləri tikilirdi. Köhnə binalar uçulur, sökülür, qır 
damlı təzə evlər isə tikilmirdi. Əliabbas kişi öz işinin ustası idi, bir dəfə üstünə qır 
basdığı ev bir də yeddi-səkkiz ildən sonra dammağa başlardı; müştərilər get-gedə 
azalırdı. 
Bir dəfə Mirzoppa atasına dedi: 
– Bu damlara qırı elə bas ki, gələn il səni bir də çağırsınlar də!.. 
Əliabbas kişinin öyüd-nəsihət ilə arası yox idi, oğluna baxdı, baxdı  və başa 
düşdü ki, Mirzoppanın kündəsi başqa xəmirdən yoğrulub. 
Zuğulbaya köçəndən on bir il sonra, Əliabbas kişi tiyanını qaynatdığı yerdə 
qəflətən vəfat etdi və günlərin bir günündə Mirzoppa atasının tiyanını avtobusuna 
qoşub metalloma apardı (daha tiyan müştərisi tapmaq mümkün deyildi) və onu on 
manat yetmiş  qəpiyə satıb üç şüşə araq aldı, həmin gecə kinomexanik Ağagüllə 
birlikdə möhkəm vurdular. 
Aydın məsələdir ki, bütün bunlardan nə Güldəstənin xəbəri vardı, nə  də 
Məsməxanımın. Mirzoppa Məsməxanımı kinoda görmüşdü, bəyənmişdi. 
Məsməxanım kinoya tez-tez gəlirdi, Mirzoppa da tez-tez Ağagülün yanında olurdu. 
Ağagül Mirzoppanın divarın kino göstərən gözündən Məsməxanıma baxdığını görüb 
göz vurdu: 
– Güldəstənin qızıdı... Yaxşı şeydi, anasından geri qalmaz!.. 
Mirzoppa Ağagülün söhbətini davam etdirmədi, günlərin bir günündə  gəlib 
Güldəstənin qapısını açdı  və özü özünün elçiliyini elədi; bundan sonra Mirzoppa 
tez-tez onlara gəlib-getməyə başladı. 
Güldəstə üç səbəbə görə Mirzoppaya «yox» demək istəmirdi: birincisi ona 
görə ki, Güldəstənin fikrincə, Məsməxanım nə qədər tez ərə getsəydi, bir o qədər 
yaxşı idi, çünki başına gələn başmaqçı olar deyiblər, Güldəstə istəmirdi ki, qızı 
günlərlə evdə tək qalsın, pis yola düşməyindən qorxurdu; ikincisi ona görə ki, 
Mirzoppa Məsməxanımın atasının kim olub, kim olmadığı barədə maraqlanmırdı və 
ümumiyyətlə, bu barədə heç bir söhbət salmırdı; nəhayət, üçüncü gizli bir səbəb də 
vardı ki, Güldəstə həmişə bunu öz başından qovurdu: o, illərdən bəri tək yaşamağa, 
ürəyindən keçəni eləməyə o qədər öyrənmişdi ki, qızı internatdan çıxandan sonra, 
elə bil, Güldəstəni yavaş-yavaş qəfəsə salırdılar, qızı ilə gizlənpaç oynamağa məcbur 
olurdu, darıxırdı, sıxılırdı, günlərinin əvvəlki sərbəstliyi, azadlığı hərdən lap 
burnunun ucunu göynədirdi. 
Təbii ki, Məsməxanım bütün bu səbəblərdən xəbərsiz idi və o, heç özü də 
bilmədi necə oldu ki, hortuldada-hortuldada, tərləyə-tərləyə nəlbəkidən çay içən bu 
kök oğlan gözlərində birdən-birə dəyişdi. Həmin gün Məsməxanım üçün kəşflər 
günü oldu. Məsməxanım qəribə-qəribə şeylər kəşf etdi. Məsməxanım kəşf etdi ki, 
bir belə müddət ərzində əslində bu evdə yad bir adam kimi yaşayıb, bu tənha otaqlar 
əslində həmişə onun üçün yad olub, soyuq olub. Düzdür, Məsməxanım anasını çox 
istəyirdi, amma həmin gün birdən-birə payızın qoxusu gəldi burnuna, xəzanın nisgili 
keçdi ürəyindən və fikirləşdi ki, bu evdə keçirtdiyi həyat payız səhəri kimi 
bombozdu. Bunu lap şair kimi fikirləşdi və burasını da birdən-birə kəşf etdi ki, şair 
olmaq üçün mütləq şer yazmaq vacib deyil, əslində elə adamların hamısı haradasa, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə