Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   20   21   22   23   24   25   26   27   ...   145

 
57
haçansa şair olur. Ən başlıcası isə, Məsməxanım bunu kəşf etdi ki, adamın gərək bir 
dünyası olsun, adam gərək elə yaşasın ki, bir dünya bəs eləsin ona. Məsməxanım 
bunu kəşf etdi və lap mat-məəttəl qaldı, ikinci dünyasındakı yetim qızın qara-borana 
düşməsinə, şahzadəyə oxşayan oğlanın bu qızı xilas etməsinə gülməyi tutdu. 
Yetim qız da, şahzadə  oğlan da çıxıb getdi işinin dalınca, gecələr 
Məsməxanım yuxuya getməzdən  əvvəl avtobus uzun yoldan qayıtdı, Mirzoppa 
yorğun-yorğun evə  gəldi, benzinə, mazuta bulaşmış  əllərini yuyub Məsməxanımın 
onun üçün bişirdiyi küftə-bozbaşdan yedi; Məsməxanımın yuxusuna benzin qoxusu 
gəldi; onun sehrli nağıl aləmi göyün yeddinci qatından asfaltın üstünə endi və bu 
asfaltla Zuğulbadan Bakıya bir avtobus gedib-gəlməyə başladı... 
Onda hələ məlum deyildi ki, Mirzoppa içəndi, lap, araq şüşəsinin içinə girəndi. 
Onda hələ  məlum deyildi ki, evlənəndən cəmi ikicə ay sonra, Mirzoppa düt 
deyənəcən içib gecənin yarısı evdə dava salacaq, qıpqırmızı gözlərini bərəldib 
dəhşətli sözlər deyəcək: 
– Camaat gedib zamministr qızı alır, mən də gedib bic alıb gətirmişəm!.. 
Onda hələ çox şey məlum deyildi və burası da məlum deyildi ki, az keçəcək, 
çox keçəcək, dərə, təpə düz keçəcək və yenə yavaş-yavaş  Məsməxanımın sehrli 
nağıl aləmi yaranacaq... 
...Məsməxanımın çiynindəki qançır, elə bil, Məmmədağanın ovcunun içini 
yandırırdı  və bu, onun ürəyini göynədirdi; o, başa düşürdü ki, ən yaxın adamı 
öləndə,  ən müsibətli dərdə düşəndə ürək belə göynəyər; başa düşürdü ki, çox illər 
keçəcək, amma yenə də hərdən ovcundakı bu alovu hiss edəcək. 
Məsməxanım hiss etdi ki, bu saat ağlayacaq; əgər o, bu saat ağlasaydı, bunu 
ömründə özünə bağışlamazdı; Məmmədağanın gözlərinin içinə baxıb dedi: 
– Vuranda həmişə bədənimə vurur ki, görünməsin.  
Məmmədağa heç nə demədi. 
Məsməxanım dedi: 
– Əli də ağırdı yaman...  
Məmmədağa heç nə demədi.  
Məsməxanım dedi: 
– Elə bil kərpicdi... 
Və qız bu sözləri dedikcə, elə bil ki, bədəninə dəyən bu zərbələrin hayıfını indi 
Məmmədağadan alırdı; Məsməxanım hiss etdi ki, əlini hələ  də onun çiynində 
saxlamış bu göygöz oğlanın ürəyi bu saat yanıb-yaxılır; birdən-birə Məsməxanıma 
elə gəldi ki, bu oğlanın ona yazığı gəlir; qızın gözləri parıldadı: 
– Mən də ondan geri qalmıram,– dedi və üç gün bundan qabaq Mirzoppanın 
ağrıdan öküz kimi böyürdüyünü yadına salıb gülümsədi. 
Məmmədağa qızın gülümsəyən qara gözlərinə baxdı və Məsməxanımın qalın 
dodaqlarındakı təbəssüm onun ürəyinin lap cızdağını çıxartdı. O, əlini yaranın 
üstündən çəkib, qızın boynunda, üzündə gəzdirdi, qara saçlarını sığalladı və 
Məsməxanım bütün varlığıyla hiss etdi ki, bu saat bu əlin sahibi onunla nə istəsə edə 
bilər; nə istəsə edər və o, mane olmaz, səsini çıxartmaz, çünki Məsməxanım yenə də 
öz sehrli nağıl aləmindəydi. 
Məmmədağagilin məhəlləsində yazılmamış bir qanun vardı: tanış-bilişin 
arvadına tamah salmaq olmazdı; əgər biriylə oturub bir tikə çörək yemisənsə, onun 
arvadı sənin bacındı. Məmmədağa heç vaxt bu qanunu pozmazdı; məsələ təkcə 


 
58
burasında deyildi ki, bu qanunu pozmaq olmazdı, məsələ burasında idi ki, bu 
yazılmamış qanun Məmmədağagilin damarında axırdı, qanına qatışmışdı. 
Zuğulbanın dəniz sahilindəki həmin qəribə yay gecəsi Məmmədağanın tamam 
yadından çıxmışdı ki, dünyada Mirzoppa adında bir adam var və bu köməksiz 
Məsməxanım, dənizlə danışan bu qız həmin Mirzoppanın arvadıdı. O əlini qızın 
qara saçlarından çəkib dinməz dayanmışdı  və heç cür ağlına sığışdıra bilmirdi ki, 
Məsməxanım nəinki Mirzoppanın, ümumiyyətlə, kiminsə arvadıdı. O fikirləşirdi ki, 
indicə  ağlamaqdan özünü güclə saxlayan bu qızın çiynindəki qançır dünyanın  ən 
əbləh işidi, indiyəcən dünyada rast gəldiyi  ən böyük insafsızlıqdı  və Mirzoppanın 
kişilikdə heç bir adı yoxdu. 
– Harda işləyir Mirzoppa? 
– Qabaq Bakıya avtobus sürürdü, sonra içməyinə görə  çıxartdılar. Indi 
biletsatandı. Elə həmin avtobusda... 
– Dudu sağdı? 
– Dudu? Sən tanıyırsın onu? – Məsməxanım  əyilib səndəllərini geydi. – 
Çoxdan ölüb... Mən heç görməmişəm onu. Deyirlər çox gözəl oğlanıymış, çox 
ağıllıymış, tərbiyəliymiş... – Məsməxanım bir müddət susub sonra dedi: – Deyirlər o 
öləndən sonra Mirzoppa içməyə başlayıb... 
Məsməxanım «deyirlər» deyirdi, amma bu barədə Mirzoppadan başqa heç kim 
ona heç nə deməmişdi. Məsməxanım Mirzoppanın sözlərinə inanmırdı, amma onun 
Dudu haqqında danışdıqlarına inanmışdı; inanmışdı Dudunun gözəlliyinə, ağlına, 
kamalına. Mirzoppa içmiş vaxtlarında tez-tez Dudunu yadına salırdı  və yana-yana 
elə ürəkdən danışırdı ki, cavan ölmüş bu oğlanın çox böyük qabiliyyətinə 
Məsməxanım şübhə etmirdi. Mirzoppa həmişəki kimi spirt iyi verə-verə çarpayıda 
oturub corablarını çıxarırdı, ayaq barmaqlarını qaşıya-qaşıya deyirdi: 
– Dudu sağ olsaydı, indi mən bu günə qalardım? Indi məni şoferlikdən çıxarıb 
arvad kimi avtobusda biletsatan qoyardılar ki, nə var, nə var, dərd əlindən içki içir? 
Gül balaydı, gül!.. Bircə dənə idi, Allah onu bizə çox gördü!.. 
Hər dəfə  də Mirzoppa Dudunu yadına salandan sonra kövrəlib ağlayırdı. 
Mirzoppanın bu ağlamaqları içki ağlamaqlarından deyildi, Məsməxanım bunu o saat 
hiss edirdi; Dudu yadına düşəndə Mirzoppanın gözlərinə, doğrudan da, bir dərd 
kölgəsi çökürdü və belə anlarda Məsməxanıma məlum olurdu ki, Mirzoppa da 
adamdı, Mirzoppanın da sinəsində ürək var; Məsməxanım fikirləşirdi ki, ağıllı, 
gözəl oğlanların beləcə cavan ölüb getməyi, Dudunun aqibəti dünyanın  ən böyük 
müsibətidi; Məsməxanımın özünün də gözləri dolurdu. Mirzoppa deyirdi ki, vaxtilə 
Bakıdan qızların  əlindən köçüb Zuğulbaya gəliblər. Qızlar Duduya görə onlara 
dinclik vermirmiş, ona məktublar yazırmışlar, onun dalınca düşürmüşlər və günlərin 
bir günündə  məhəllələrində on yeddi yaşlı bir dünya gözəli Dudunun dərdindən 
divanə olub özünü öldürübmüş; onlar Zuğulbaya köçəndən sonra başqa bir dünya 
gözəli – on səkkiz yaşında qız üzünü kislota ilə yandırıbmış ki, Dududan başqa bir 
oğlana qismət olmasın. 
Mirzoppa deyirdi: 
– Alim idi, alim! Gündə üç dənə qalın kitab oxumasaydı yatmazdı! Institut 
dava eləyirdi onun üstündə ki, hansında oxusun. Qalsaydı əgər indi zamminstriydi 
Dudu! Onda bilərdilər ki, Mirzoppa kimdi! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə