Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   18   19   20   21   22   23   24   25   ...   145

 
52
– Ay qoca kaftar! Məni ağaca dırmaşdırırsan, özün də altdan-yuxarı  mənə 
baxırsan! Oğraş oğlu oğraş! Dayan bir! 
Fazilov bayram yumurtası kimi qıpqırmızı qızarıb özünü itirdi: 
– Ay qız, mən ağsaqqal kişiyəm... 
Tülküsən sən, Həccə gedirsən! Dayan bir düşüm aşağı!.. 
Məlum məsələdir ki, Fazilov Məsməxanımın ağacdan düşməsini gözləməyib 
sarı «Moskviç»inə tərəf götürüldü və Məsməxanım tutun axırıncı budağından aşağı 
atılanda maşın yerindən tərpəndi, tozanaq qaldıra-qaldıra gözdən itdi; Fazilov canını 
qurtardı  həmin gün Məsməxanımın  əlindən və bundan sonra həmişə çalışırdı ki, 
qızın gözünə görünməsin... 
...Məsməxanım bunu yadına saldı  və Zuğulbanın qumlu dəniz sahilindəki 
həmin yay gecəsi ürəyindən qəribə bir hiss gəlib- keçdi, bütün nisgili ilə başa düşdü 
ki, illər onun həmin süd kimi ağ «Volqa»dakı fağırlığını, məsumluğunu, ürəyinin 
qızlıq çırpıntılarını, uçuntularını qoparıb aparıb özü ilə və onlar bir də heç vaxt geri 
qayıtmayacaq; illər, elə bil, bataqlıq kimi bir şey idi, onun fağırlığını, məsumluğunu, 
ürək döyüntülərinin xısıntısını udmuşdu və  həmin bataqlığın üzü indi yenə  də 
əvvəlki tək bütöv idi, hamar idi, heç nəyin izi qalmamışdı, təkcə güclə hiss ediləcək 
bir əks-səda, güclə görünəcək bir kölgə qalıb ki, bunları duyanda adamın burnunun 
ucu göynəyir, ürəyi nisgillə dolur – bütün bunların hamısını  Məsməxanım 
fikirləşirdi, ona belə  gəlirdi. Məmmədağa isə qumsallıqda oturub çəkmələrinin 
bağını bağlaya-bağlaya fikirləşirdi ki, qabağında dayanmış bu qarabuğdayı  qəşəng 
qız indi özünü dilli-ağızlı bilir, uşaq vaxtının fağırlığına gülür, həmin çağlara illərin 
uzaqlığında itib-batmış bir şey kimi baxır, amma əslində o, elə indi də fağır bir qız 
uşağıdır; bu fağır qız uşağının davakarlığı vardı, adamı sancan uzun dili vardı, üz-
göz cırmaqlayan dırnaqları vardı, amma bütün bunların hamısıyla birlikdə o fağır bir 
qız uşağıydı, çünki əslində bütün bunların hamısı elə bu fağırlığı ört-basdır 
eləməkdən ötrü idi və burasını da dünyada heç kim bilmirdi ki, bu fağır qız uşağı 
dənizlə danışır, küləyi dayandırır – Məmmədağa da belə fikirləşirdi. 
Dəniz isə tamam sakitləşmişdi və sal qayalar yenə  də yüngül qayıq olub 
üzmək istəyirdi; dəniz yenə  də çay kimi şırıldayırdı  və  Məsməxanım lap suyun 
kənarına gəlib yalın ayaqları ilə nəm qumun üstündə dayandı, uzaqlara baxdı, sonra 
yalın barmaqlarına toxunan ilıq suya baxdı, sonra əyilib bir ovuc su götürdü, sonra 
əlini açdı və su barmaqlarının arasından yenə də dənizə töküldü; Məsməxanım nəm 
qumun üstü ilə sahil boyu addımladı və fikirləşdi ki, bəzən gecələr evdə krandan su 
damcılayanda adam səhərə kimi yata bilmir, amma bir belə suyun bu qədər səsi 
adamı  dəli eləmir, yüngülləşdirir adamı, adam da bu sal qayalar kimi, gəmi olub 
üzmək istəyir; Məsməxanım sahil boyu addımladıqca bilirdi ki, bu saat bir cüt göy 
göz ona baxır və burasını da başa düşürdü ki, bundan sonra bu göy gözləri çox 
görəcək, öz gözlərini yumacaq və bu göy gözləri görəcək, amma dünyada heç kimin 
bundan xəbəri olmayacaq, heç kimin, bunu təkcə bir adam biləcək – Məsməxanım – 
vəssalam. 
– O vaxtlar sənə pislik ediblər? – Bunu Məmmədağa soruşdu. 
– Hansı vaxtlar? – Bunu da Məsməxanım soruşdu. 
– Demirsən ki, fağır qız uşağı idin... – Məmmədağa zarafata salıb soruşmaq 
istəyirdi, amma bu sözləri çətinliklə dedi. 
– Hə... O vaxtı deyirsən... – Məsməxanım gülümsədi, – Yox. Bir-iki dəfə... 


 
53
– Bəs sonralar necə? Sonralar da pislik görmüsən?  
– Sonralar? 
– Hə. 
– Sən pislik nəyə deyirsən? 
– Nəyə deyirəm? Bilmirəm... Pislik pislikdi də...  
Əlbəttə, Məmmədağa papağını qabağına qoyub fikirləşsəydi, cavab verə 
bilərdi ki, pislik nədir, yəni cavab verərdi ki, pislik nankorluqdu, pislik xudbinlikdi, 
əliəyrilikdi, hörmətsizlikdi, kəmfürsətlikdi, simiclikdi və başqa belə şeylərdi, amma 
bu dəfə  Məmmədağa başqa  şey fikirləşdi, fikirləşdi ki, pisliyi, ancaq adam adama 
eləmir, adamın tək qalmağı da pislikdi, kimsəyə güvənməməyi, nəyəsə öyünməməyi 
də pislikdi və o, birdən-birə başa düşdü ki, gecələr gilavar əsəndə dənizlə danışmaq 
da əslində pislikdi, adamın özünün pisliyi deyil, amma nəyinsə pisliyidi. 
– Adam döymək pislikdir?  
– Pislikdi, əlbəttə... 
– Bude, bax! – Məsməxanım birdən-birə sarı koftasının yaxasını kənara dartdı 
və  qızın  ətli, hamar çiynində bir qançır qaraldı; Məsməxanımın heç vaxt ağlına 
gəlməzdi ki, birdən-birə ay işığında çiynini açıb bu yad oğlana göstərəcək və həmin 
yad oğlan onun qabağında dayanıb çiynindəki qançıra beləcə baxacaq, sonra əlini 
qaldırıb onun çiynində  gəzdirəcək, sonra əlini yaranın üstündə saxlayacaq və 
Məsməxanımın bütün bədəninə heç vaxt hiss etmədiyi həqiqi bir ilıqlıq gələcək, o, 
öz sehrli nağıl aləmindən çıxacaq, başa düşəcək ki, bu, nağıl aləmi deyil, həqiqətdi, 
elə biləcək ki, bu əl dünyada ən doğma adamın əlidi, ona elə gələcək ki, bu əl heç 
vaxt üzünü görmədiyi atasının əlidi... 
 
 


 
54
II HİSSƏ
 
 
Bu hissədə məlum olur ki, Məmmədağa ilə  Məsməxanımın həmin 
qəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat 
yollarına nəzər salmağa sövq edir; ən qəribəsi isə burasındadır ki, 
özlərinin bundan xəbəri olmur, yəni xəbərləri olmur ki, əslində o gecə 
onları düşündürən  ən  əsas məsələ dünyada kiminçün və  nə üçün 
yaşamaqlarıdır. 
 
Güldəstə «Bakı-Voronej» qatarında bələdçi işləyirdi və üç gün evdə olurdu, 
beş gün səfərdə. Məsməxanım birinci sinifdən internat məktəbdə oxuyurdu və 
anasının bu səfərləri onun ürəyini sıxmırdı, həftədə bir dəfə, ya iki dəfə anası yanına 
gəlirdi və Məsməxanım da elə bilirdi ki, elə belə də olmalıdı, amma gün keçdi, ay 
dolandı, yeddinci sinfi qurtardı və Güldəstə bu qərara gəldi ki, daha qızı böyüyüb, 
özü özünə qulluq edə bilər, evdə  tək qalmaqdan qorxmaz; Məsməxanım internat 
məktəbdən çıxıb evə  gəldi, adi uşaqlar kimi dərslərini evdə hazırladı, adi uşaqlar 
kimi də gecələr evdə yatdı  və bu zaman anasının səfərləri hərdənbir onun ürəyini 
sıxmağa başladı. 
Güldəstə  Məsməxanımı  təkcə ona görə evə  gətirməmişdi ki, qızını çox 
istəyirdi; əlbəttə, qızını çox istəyirdi və burasını da fikirləşirdi ki, daha gərək gözü 
onun üstündə olsun, çünki Məsməxanımın elə vaxtıydı ki, onu özbaşına buraxmaq 
olmazdı; Güldəstə  həm də ona görə  qızını evə  gətirmişdi ki, istəyirdi səfərdən 
qayıdanda onu da evdə gözləyən olsun, onunçun da sevinən olsun və səfərə çıxanda 
onun da ardınca bir parç suatanı olsun. 
Məsməxanım hər üç gündən bir beş günün anasızlığına, təkliyinə get-gedə elə 
öyrənmişdi ki, başqa arvadları gündə öz uşaqları ilə bir yerdə görəndə az qalırdı 
təəccüb etsin və onun ürəyinin sıxılmağı da yavaş-yavaş  çıxıb gedirdi, əvəzində 
ikinci bir dünyası yaranırdı, böyüyürdü, gözəlləşirdi, adam da istəmirdi oradan 
çıxsın. 
Məsməxanımın iki dünyası var idi: birincisində  dərslərini hazırlayırdı, 
məktəbə gedirdi, özünə xörək bişirirdi, köhnə paltarlarını söküb təzədən tikirdi, 
anasının əyninə olmayanları öz əyninə düzəldirdi, axşamlar klubda kinoya baxırdı, 
anasının yolunu gözləyirdi, hərdən anası ilə birlikdə Bakıya gedib mağazaları 
gəzirdi və başqa bu kimi işlərlə  məşğul olurdu, yəni o işlərlə ki, hamı bunlarla 
məşğul olur; Məsməxanımın ikinci dünyası isə təkcə onunku idi, yavaş-yavaş əmələ 
gəlmişdi və yavaş-yavaş da böyümüşdü, bu dünyada istədiyin vaxt yağış yağırdı, qar 
yağırdı, gün çıxırdı, istədiyin vaxt uşaq olurdun, istədiyin vaxt böyük olurdun, öz 
uşağın olurdu, bu uşağı əzizləyirdin, ona layla deyirdin və ürəyində dediyin bu layla 
ilə özün də yuxuya gedirdin. 
Məsməxanımın iki dünyasından başqa bir də bir «nə isə»si var idi. O, bu «nə 
isə»nin nə olduğunu bilmirdi, amma bunu bilirdi ki, dünyada bir «nə isə» var və bu 
«nə isə»ni gözləyirdi; bilirdi ki, gün geçəcək, ay dolanacaq, «nə isə» olacaq. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə