Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   21   22   23   24   25   26   27   28   ...   145

 
59
Məsməxanım bütün bunlara inanmışdı və burasına da inanmışdı ki, əgər Dudu 
sağ olsaydı, bəlkə Mirzoppa da belə Mirzoppa olmazdı. 
– Tanıyırdın, hə, Dudunu? – Məsməxanım bir də soruşdu. – Onun üstündə bir 
qız özünü öldürüb, sizin məhəllədən idi? 
Əlbəttə, Məmmədağa yaxşı bilirdi ki, Dudu kimilər çox yaşamır, amma onun 
öldüyünü eşidəndə birdən-birə Dudunun sifəti gözlərinin qabağına gəldi, heç nə 
ifadə etməyən baxışlarını gördü və ürəyindən bir ağrı keçdi; Məmmədağa burasını 
da başa düşdü ki, Mirzoppa Dudunu sidq-ürəkdən istəyirmiş  və indi, ola bilsin ki
Mirzoppa özü də Məsməxanıma dediklərinə inanmırdı. 
– Yazıq Dudu... – Bunu Məmmədağa dedi. 
–  Əh, hamımız ölüb gedəcəyik də... – Bunu da qəribə bir biganəliklə 
Məsməxanım dedi. 
Məmmədağa təəccüblə qıza baxdı:   
– Bəs sənin ulduzun deyirdi ki, Məsməxanım heç vaxt ölməyəcək?.. 
– Ulduzun əlində olsaydı, ölməzdim heç vaxt.– Məsməxanım bunu dedi və 
başını qaldırıb öz ulduzuna baxdı. – Heç kimi də qoymazdım ki, ölsün... 
Məmmədağa: 
– Bilirəm, – dedi. – Qoymazdın. 
– Hardan bilirsən? 
– Bilirəm də. 
– Axı, sən nədən belə bilirsən? Bəlkə heç belə döyül... 
– Bilirəm ki, sən belə qızsan. 
– Alnımda yazılıb? 
– Hə. 
– Sən ölməkdən qorxursan? Mən qorxuram yaman!.. 
– Belə şeylər barədə fikirləşməsən yüz il yaşayarsan. 
– Nə olsun? Sonra yenə öləcəyəm də... – Məsməxanım güldü. – Yadıma bir 
dənə əntiqə əhvalat düşdü, danışım sənə? 
– Danış. 
Bu  əhvalatı  Məsməxanıma Bikəbacı danışmışdı. Onda Məsməxanım internat 
məktəbdən evlərinə  təzəcə köçmüşdü. Bikəbacı onlarla qapıbir qonşu idi, əri 
müharibədə ölmüşdü, iki qızı var idi, ikisi də ərdə idi. Bikəbacı ikiotaqlı mənzilində 
tək yaşayırdı. Bikəbacının Güldəstədən xoşu gəlmirdi, amma bunu Məsməxanımdan 
gizlədirdi. (Güldəstənin də Bikəbacıdan xoşu gəlmirdi, deyirdi: «– Əh, qadam onun 
ürəyinə! Fors eləməyinə bir bax! Nəyi artıqdı  məndən? Padumayiş, qızları yaxşı 
yerə  ərə gediblər!.. Hələ bilmək olmaz ki, o yaxşı  ər bunun qızından xəlvəti nə 
eliyir!». Güldəstə belə deyirdi, amma ürəyində özü də yaxşı bilirdi ki, Bikəbacı 
ondan artıq adamdı). Güldəstə  səfərdə olanda Bikəbacı  hərdən Məsməxanımın 
yanına gəlirdi, hərdən Məsməxanımı öz evinə çağırırdı, bir yerdə düşbərə büküb 
bişirirdilər, bir yerdə oturub yeyirdilər, Bikəbacı da elə hey söhbət edirdi. Bu 
əhvalatı da bir qış axşamı ikilikdə oturub loto oynayanda danışmışdı. 
Yüz yaşında bir kişi vardı. Bir gün həmin kişi meşədən bir şələ odun gətirirdi 
evə. Şələ ağır idi, az qalırdı qocanın belini sındırsın. Şələ ona o qədər əzab-əziyyət 
verdi, belini o qədər incitdi ki, qoca odunu belindən yerə atıb  Əzrayılı çağırmaq 
istədi; onsuz da, yüz il ömür sürmüşdü bu dünyada, bəsdi daha, qoy Əzrayıl gəlib 
canını alsın. 


 
60
 – Əzrayıl! Ay Əzrayıl! 
Birdən, doğrudan da, Əzrayıl qocanın qabağında peyda olub soruşdu: 
– Nədir, kişi, nə istəyirsən? 
Yüz yaşlı ixtiyar Əzrayılı görən kimi, o saat ölümdən qorxub dedi: 
– Səni çağırdım ki, gəlib kömək eləyəsən, bu şələni dalıma alım... 
...Məsməxanım dənizin lap kənarı ilə addımlaya-addımlaya: 
– Görürsən də, yüz yaşlı kişini, – dedi, – o saat qorxdu ölməkdən. Belədi də, 
can şirin şeydi... 
– Elədi. – Məmmədağanın Məsməxanımın çoxbilmişliyinə gülməyi tutdu. 
Məsməxanım yenə başını qaldırıb işığı güclə sezilən ulduzuna baxdı, sonra 
üzünü Məmmədağaya çevirib soruşdu: 
– Sənin arzuların çoxdu? 
– Nə bilim?.. – Məmmədağa yenə gülümsədi.  
Məsməxanım isə bu saat ən ciddi hesab müəlliməsinə oxşayırdı. 
– Necə nə bilim? Öz arzularını bilmirsən? 
– Nə cür arzuları? 
– Arzunun nə cürü yoxdu ki... Arzu elə arzudu də! Əgər sən istəyirsənsə ki, 
gecənin bir aləmi yağış yağıb pəncərənin şüşələrini taqqıldatsın, bu da arzudu. Əgər 
istəyirsən ki, dünyada heç kim heç kimə bir pislik eləməsin, bu da arzudu. Arzu 
arzudu, böyüyü-kiçiyi yoxdu!.. Bax, sən indi nə arzu edirsən? 
– Mən? 
– Hə, sən. Bax, bu saat sən nə istəyirsən? 
– Bu saat mən yemək istəyirəm.  
– Nə istəyirsən? 
– Yemək. 
– A - a - a!.. - Məsməxanım əvvəlcə ay işığında bu göy gözlərə baxdı, sonra 
bərkdən güldü. – Acmısan? 
– Ölürəm acından... – Məmmədağaya elə gəldi ki, Məsməxanımın bu gülüşü 
yaz yağışı kimi, hər tərəfə bir təmizlik, bir sərinlik gətirdi; elə bil, qapqara bulud 
birdən-birə boşaldı və bircə dəqiqənin içində Zuğulbanın bu qumlu sahilini, dənizi, 
Abşeronun aylı-ulduzlu göyünü bağışladılar Məmmədağaya – o özü də bu işə lap 
mat-məəttəl qaldı; ona elə gəldi ki, dama çıxıb çərpələng uçurtduğu vaxtlara qayıdıb 
birdən-birə, ürəyi qayğısızdı və bütün yer üzündə indi təkcə bu aylı-ulduzlu Abşeron 
göyüdü, dənizdi, Zuğulbanın bu qumlu sahilidi, bir də onlar ikisidi, bütün yer 
üzündə ikicə  nəfər adam var, birinin adı  Məmmədağadı, o birinin də adı 
Məsməxanımdı. 
– A-a-a... Mən də acmışam e!.. 
Səhər bura gələndə Məmmədağa yolda Bilgəhdən təndir çörəyi almışdı. 
Bilgəhin çörəyi yaxşı çörək olurdu. Əlbəttə, çörəyin pisi yox idi və Məmmədağa 
belə fikirləşirdi ki, çörəyə pis demək, onu bəyənməmək günahdır. Çörək bərəkətdir 
və bu bərəkəti dadlı bişirəndə adam da çörəyi çörəyə layiq ləzzətlə yeyir. Indi 
furqonda həmin çörəkdən bir az qalmışdı, bir az üzüm vardı, bir az da pendir. 
Məmmədağa yolda heç vaxt kolbasa, sosiska, konserv yemirdi, onunku yağ idi
pendir idi, göyərti, tərəvəz, meyvə idi – bunlar salamat şeylərdi. Milisioner 
Səfərgilin dağlarında hər addımbaşı bir bulaq vardı, Abşeron yollarında isə hər 
addımbaşı bir kababxana vardı və hərdən kefinə düşəndə Məmmədağa maşını bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə