Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   14   15   16   17   18   19   20   21   ...   145

 
41
– Kitabulla da yazıq, Tamilla da, Yadulla da yazıq, Fatma da, sən də... 
– Mən niyə? 
– Çünki on yaşında belə  şey görmüsən... Indiyə kimi yadından çıxmayıb, 
çıxmayacaq da... 
Əlbəttə, Məmmədağa bu saat bilmirdi ki, Məsməxanım da yuxusuz uzun 
gecələrdə  həyat barədə, ölüm barədə çox fikirləşib. Həmin yuxusuz gecələrdə ki, 
Mirzoppanı güclə sürüyüb çarpayıya yıxırdı və Mirzoppa da ağzından, burnundan, 
qarnından cürbəcür səslər çıxara-çıxara dünyadan bixəbər olurdu. Həmin yuxusuz 
gecələrdə  Məsməxanım ürəyi közərə-közərə  həyat və ölüm barədə fikirləşirdi və 
nədənsə, bu fikirləşmələrin hamısı axırda bununla qurtarırdı ki, Məsməxanım sehrli 
bir nağıl aləminə gedirdi, sehrbazların içində  gəzib-dolaşırdı  və bu sehrbazların 
hamısı da onu istəyən, onu əzizləyən adamlardı. Birdən gecənin yarısı Mirzoppanın 
ürəyi bulanırdı  və çox zaman da durub ayaqyoluna getməyə taqəti olmadığı üçün 
yorğan-döşəkdən boynunu uzadıb çarpayının yanında döşəmənin üstünə qaytarırdı. 
Əvvəllər Məsməxanım axşamdan çarpayının yanına tas qoyurdu və bu tası görəndə 
Mirzoppa özündən çıxırdı: 
– Sən məni nə hesab eləyirsən? Pyaniskəyəm mən səninçün? 
Və yenə dava-dalaş başlayırdı, yenə  əl-ayaq işə düşürdü, yenə üz 
cırmaqlanırdı, söyüşlər söyülürdü; axırı ki, tasın məsələsi həll olundu, tas daha 
axşamdan Mirzoppanın çarpayısının yanında dayanıb onun əməllərini gözləmədi. 
Mirzoppa öyüyə-öyüyə çarpayıdan döşəmənin üstünə qaytarırdı, amma 
Məsməxanım daha nə qoxu hiss edirdi, nə də Mirzoppanın böyürtüsünü eşidirdi; öz 
sehrli nağıl aləmində olurdu Məsməxanım, öz xeyirxah sehrbazlarının yanında və bu 
sehrbazlar nəinki, ancaq onun ürəyini oxşayırdı, bəzən həftələrlə, aylarla əl 
dəyməyən bədəni də bu nəvazişi hiss edirdi; Məsməxanım səhərə yaxın bu yumşaq 
oxşamalarla yuxuya gedirdi. 
Həmin qəribə yay gecəsi birdən-birə  Məsməxanıma elə  gəldi ki, yenə  də öz 
sehrli nağıl aləmindədi və indi başa düşdü ki, bayaq nə üçün furqondan çıxıb gedə 
bilmirdi, çünki divarlarından taxta dovşan, tülkü, ayı,  şir və naməlum heyvan 
asılmış, bu çöl-biyabanda alüminium örtüyü ay işığında gümüş kimi ağaran bu 
furqon elə bil ki, onun yuxusuz gecələrindəki sehrli nağıl aləmindən çıxıb 
Zuğulbanın dəniz sahilinə  gəlmişdi; bu hündürboylu, yaraşıqlı  oğlanın iri göy 
gözləri də onun sehrbazlarının əməli idi. 
– Sənin ulduzun var göydə? – Bunu da Məsməxanım soruşdu. 
– Mənim ulduzum?.. – Məmmədağa göyə baxdı. – Yox, mənim ulduzum 
yoxdu göydə. 
Abşeron yollarında Məmmədağanın çoxlu avtoinspektor tanışı vardı, amma 
Abşeron göyündə öz ulduzu yox idi. Məmmədağanın yadından da çıxmışdı ki, adam 
göydə özünə ulduz seçər və hara da getsə gecələr bu ulduzu saysız ulduzların 
arasından seçib tapar; Məmmədağa üçün bütün bunların hamısı uşaqlıqda qalmışdı. 
– Amma mənim ulduzum var!.. – Məsməxanım Məmmədağaya baxdı və elə 
bil, xəbər verdi ki, dünyanın bütün sərvəti məndədi. – Ode, bax, o ulduzdu, 
gördün?–  Əlini uzadıb barmağı ilə dan ulduzundan bir az aşağıda güclə sezilən 
ulduzu göstərdi. 
– Onu hardan tapmısan elə? – Məmmədağa gözlərini güclə sezilən həmin 
ulduzdan çəkib gülümsəyə-gülümsəyə Məsməxanıma baxdı. 


 
42
Və birdən Məsməxanım soruşdu: 
– Sənin gülümsəməyin Kitabullanın gülümsəməyinə oxşayır? 
Məsməxanım bu sualı verdi və birdən-birə ürəyindən gizli bir qorxu keçib 
getdi; Məsməxanım qorxdu ki, indi ay işığında ona baxıb gülümsəyən bu göygöz 
oğlan da, günlərin bir qara günündə bir içmişin maşınına rast gəlib uzun ağ 
bağlamaya dönə bilər; Məsməxanım qorxdu və  işığı güclə  gəlib Zuğulbanın dəniz 
sahilinə çıxan ulduzuna baxdı. 
Məsməxanım bilə-bilə özünə bu cür uzaq bir ulduz seçmişdi, işığı güclə 
sezilən bir ulduz, çünki hərdən axşamlar pəncərələrinin qabağındakı böyük əncir 
ağacına baxa-baxa fikirləşirdi ki, göydə ulduzu olanların içində qisməti elə bu 
ulduzdu, çünki dünyada bəxti də elə bu cür uzaq işıqlıdı, amma sonralar, o vaxtlar 
ki, Məsməxanımın sehrli nağıl aləmi dünyaya gəldi, bu ulduzun da uzaqlığı  əl 
çatmazlığından çıxıb həmin sehrli nağıl aləminə aparan bir məsafə oldu. 
Məsməxanımın sualı  Məmmədağa üçün də gözlənilməz oldu, o, yenə  də 
Kitabullanın gülümsəyən sifətini, işıldayan qızıl dişini gördü və bu qızıl diş indi ay 
işığında işıldayırdı. Məmmədağa dedi: 
– Bilmirəm..  
Məsməxanım dedi: 
– Bilirsən o ulduz mənə nə deyir?  
Məmmədağa soruşdu: 
– Nə deyir?  
Məsməxanım dedi: 
– O ulduz mənə deyir ki, Məsməxanım, sən heç vaxt ölməyəcəksən! 
Məsməxanım, sən həmişə yaşayacaqsan! Məsməxanım, qara torpaq səni 
görməyəcək!.. Yaxşı sözlər deyir? 
Məmmədağa dedi: 
– Yaxşı sözlər deyir. 
Məsməxanım həmin qəribə yay gecəsi  əllərini yelləyə-yelləyə öz ulduzunu 
bərkdən səsləmək istədi: «-E-he-he-hey!», amma özünü saxladı, çünki, onsuz da, 
içini bayır eləyib qoymuşdu ay işığının altına. 
Məmmədağa soruşdu: 
– Daha nə deyir sənə o ulduz? 
Məsməxanım gözlərini öz uzaq ulduzundan çəkib Məmmədağanın gözlərinin 
içinə gülümsədi: 
– Daha heç nə demir... 
Bəs demir ki, Məsməxanım,  əslində  sən Məsməxanım yox, 
Məsməbəbəsən?.. 
– A - a - a... Bəbə niyə oluram? - Məsməxanım bunu dedi, amma açıq-aşkar 
hiss olunurdu ki, bu sözdən xoşu gəldi; Məmmədağanın dilində «Məsməbəbə» sözü 
çox  şirin səsləndi, doğma səsləndi və bu sözün ilıqlığı  Məsməxanımın ürəyinə 
yayıldı; sonra üç-dörd ay bundan əvvəl milisioner Səfərlə dalaşması yadına düşdü. 
Milisioner Səfər yenə də kefli Mirzoppanı tutub milis idarəsinə aparmışdı və 
bundan xəbər tutan Məsməxanım yenə  də az qalırdı milisioner Səfərin gözünü 
çıxartsın yerindən. Milisioner Səfər yaş dəsmalı ilə üz-gözünün tərini silə-silə dedi: 
– Qızım, uşaqsan sən hələ, lap uşaqsan! Hayıf səndən! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə