Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   12   13   14   15   16   17   18   19   ...   145

 
37
– Səkinə bacı, – dedi, – Əli yoxdu indi, amma sən varsan. Əlinin yeri məlum, 
nöşün ki, bilirsən, mənim can-ciyərim idi. Ancaq olacağa çarə yoxdu. Sabah xahiş 
edirəm bizə buyur, Kitabullanın toyudu. 
Məmmədağanın atası ilə  Səmədulla uşaqlıqdan dost olmuşdular, müharibəyə 
də bir yerdə getmişdilər, Səmədulla qayıtmışdı, atası yox. 
Səkinə xala dedi: 
– Xoşbəxt olsunlar! Oğullu-qızlı olsunlar, qoşa qarısınlar. Çox sağ ol. 
Səmədulla eşmə bığlarının altından gülümsəyib dedi: 
– Sən də çox sağ ol! O gün olsun Məmmədağadan görəsən! 
Fotodəvətnamədə bir göyərçin dimdiyində  məktub tutmuşdu və  məktubun 
üstündə yazılmışdı: «Sizi əzizimiz Kitabulla ilə  əzizimiz Tamillanın xeyir işinə 
dəvət edirik. Məclis 1951-çi il sentyabr ayının 17-də  bəyin böyük qardaşı 
Səmədullanın evində olacaq». Aşağıda isə iki misra vardı: 
 
Mehrabı eşqdir uca göylərin,  
Eşqsiz, ey dünya, nədir dəyərin? 
 
Həmin gün məhəllədə paltarlar naftalindən çıxarıldı, kostyumlar ütüləndi, 
köynəklər yuyuldu. Hamı Kitabullanın Tamillanı istəməyindən, Tamillanın da 
Kitabullanı istəməyindən danışırdı. Indi daha hamı bilirdi ki, bir belə müddət 
ərzində Kitabullanı atəşində yandıran qız, yəni Tamilla institutda oxuyur və atası-
anası onu bir tarix müəlliminə vermək istəyirmiş, amma Tamilla, ancaq Kitabullanı 
istəyirmiş və axırda da dünən gecə çamadanını götürüb evdən çıxıb. Bu xəbərlərin 
çoxunu Yadullanın arvadı Fatmadan öyrənirdilər. Fatma bir gecənin içində özü 
tikdiyi yaşıl ipək paltarını geyib dəqiqədəbir evə  gəlirdi, qazan götürürdü, nimçə-
boşqab, stəkan-nəlbəki götürürdü və elə hey danışırdı: 
– Çox ağıllı  qızdır! Ömrümdə belə  qəşəng qız görməmişəm, qız deyil, ay 
parçasıdı! Kitabullaya layiq qızdı! Bir-birlərindən ötrü dəli-divanədirlər! Amma 
atası  əzazilin biridi! Səhər Səmədulla qədeş getmişdi onlara barışıq eləsin, toya 
çağırsın, desin ki, nə qədər adamuvuz var, gözümuz üstə yerləri var, amma heç evə 
buraxmayıblar onu! Səmədulla qədeşi e!.. Səmədulla qədeşi evə buraxmayıblar!.. 
Məmmədağagil heyrətdən donub qalırdı ki, bir adamın sinəsində bir belə 
medal ola, onu necə evə buraxmamaq olar? 
Fatma deyirdi: 
– Böyük adamdı atası, hər gün səhər dalınca işdən maşın gəlir, «emaddin». Nə 
olar e?.. Deyirmiş ki, papağımı yerə soxub mənim! Bu adda qızım yoxdu daha! 
Ömrünün axırınacan görükməsin gözümə! Əşşi, minnətin olsun sənin!.. Ona deyən 
lazım ki, Kitabulladan artıq oğlanla qohum olacaqdın? Amma qız ayrı  qızdı! Ağıl 
deyirsən, onda! Tərbiyə deyirsən, onda! Kitabullaya layiq qızdı! Ikisi də qızıl gülün 
ləçəyidi, gözə gəlməsinlər! 
Hamı bilirdi ki, Fatma kiçik qaynı Kitabullanın xətrini dünyalar qədər istəyir, 
amma hamı da Fatmaya inanırdı ki, Tamilla ağıllı qızdı, gözəl qızdı, çünki bir qız ki, 
Kitabulla kimi bir oğlan dörd il istəyə-istəyə qala, bir qız ki, istəmədiyi üçün institut 
qurtarmış tarix müəlliminə getməyə, demək çox yaxşı qızdı o qız. 
Məmmədağagilin məhəlləsinin aşağı başında yaşayan klarnetçalan Ələkbər 
gümüş dilli klarnetini təmizləyə-təmizləyə deyirdi: 


 
38
– Çoxdandı mələdə toy-zad olmur... Özü də ki, Kitabullanın toyu! Sabah bir 
qan eləyəcəyəm ki, molla Süleymanın da oturduğu yerdə sümükləri oynasın! 
Əflatuna demişəm nağaranı  gətirsin, Siyavuş da zurnanı püfləyəcək! Bir qiyamət 
eləyək ki, gərək, Kitabullanın adına layiq olsun! Hamı da bilsin ki, bacımız hansı 
mələyə gəlib! 
Həmin gün Solmaz tez-tez soruşurdu: 
– Mənə də verəcəksən konfet kağızı?  
Məmmədağa deyirdi: 
– Hə, verəcəm. 
– Çoxlu-çoxlu? 
– Hə. 
Sabah toy vaxtı  uşaqlara cürbəcür konfetlər  şabaş eləyəcəkdilər və 
Məmmədağagil də bu konfetləri yeyib kağızlarını da hamarlayıb yığacaqdı. 
Həmin gün Səkinə xala da çoxdan bəri açmadığı sandığı açıb, çoxdan bəri 
geymədiyi sarı ipək paltarını çıxartdı, naftalin iyi getsin deyə şüşəbənddə günə sərib 
dedi: 
– Səmədulla qədeşin sözünü yerə sala bilmərəm. Kitabullanın toyuna 
getməsəm,  Əlinin də ruhu şad olmaz. Çox istəyirdi Kitabullanı, indi istəməsin, 
deyirdi ki, yaxşı oğul olacaq Kitabulla. 
Həmin gün Kitabullagilin həyət qapısının ağzında boyunlarına qırmızı lent 
bağlanmış iki qoyun mələyirdi və  uşaqlar da Dar dalanın qabağındakı tut ağacına 
çıxıb yarpaq yığır, gətirib qırmızı lentli qoyunların qabağına tökürdülər. Tutun 
üstündə yarpaq qalmadı, qoyunun əti dadlı olacaqdı. Alxas bəyin bir sözü bütün 
məhəllədə məşhur idi: «– Əşşi, qoyun ətinin ləzzəti qaçıb!.. Qoyunda nə təqsir var?.. 
Bir qoyun ki, şəhərdə adamla oturub borş yeyə, radioya qulaq asa, asfaltın üstündə 
gəzə, onun ətinin nə dadı olacaq?». Amma bu qırmızı lentli qoyunlar ki, bu gecə bu 
qədər tut yarpağı yedi, sabah Alxas bəy onların ləzzətindən doymayacaqdı. 
Və  həmin gecə yerində uzanan Məmmədağa sabahkı toy dəsgahı barədə 
fikirləşirdi, gözlərinin qabağında Kitabulla gülümsəyirdi və gülümsədikcə  də 
dodaqlarının qırağındakı  qızıl dişi parıldayırdı; Məmmədağa sarı ipək paltarını 
geymiş anasını görürdü və sevinirdi ki, axır ki, anasını deyib-gülən gördü, axır ki, 
anası da başqaları kimi, arvadlar oturan otaqda, əl çala-çala qarmonçu Nisəyə dəm 
tuturdu, «–Ay can! Ay can!» – deyirdi; sonra Məmmədağa fotodəvətnamədə 
oxuduğu o iki misra haqqında fikirləşdi, bu sözlərin mənasını başa düşməyə çalışdı 
və nə qədər çalışdısa da bir şey başa düşə bilmədi, təkcə bunu çox dəqiq bilirdi, bir 
halda ki, eşqin nəticəsində qoyunların da boynuna qırmızı lent bağlanırdı, anası sarı 
ipək paltarını sandıqdan çıxarıb günə sərirdi, deməli, yer üzündə yaşayan adamlara 
lazımlı  şeydir bu; bir gün gələcək, onun da belə bir fotodəvətnaməsi məhəllədə 
əldən-ələ gəzəcək və həmin fotodəvətnamədə də bu iki misra yazılacaq: 
 
Mehrabı eşqdir uca göylərin,  
Eşqsiz, ey dünya, nədir dəyərin? 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə