Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   13   14   15   16   17   18   19   20   ...   145

 
39
Və Məmmədağa bütün bunları fikirləşə-fikirləşə təzəcə yuxuya gedirdi ki, Dar 
dalanda  şivən qopdu. Məmmədağagilin məhəlləsində çox işlər olmuşdu, amma o, 
ömründə bu cür ağlaşma görməmişdi, bu cür səslər eşitməmişdi. Gecənin yarısı 
birdən-birə Dar dalandan gələn arvad qışqırtıları, ağlaşmalar, ağılar elə  səslənirdi, 
elə bil, bütün dalan qəflətən dərd əlində ulamağa başlamışdı. Bircə dəqiqənin içində 
Məmmədağanın başındakı tüklər biz-biz durdu və hövlnak yerindən qalxıb həyətə 
çıxan Səkinə xalanın da çığırtısı  gələndə  Məmmədağanın bütün bədəni  əsməyə 
başladı. 
Bütün məhəllə ayağa qalxdı, uşaqdan böyüyə hamı küçəyə  çıxdı  və  həmin 
gecə Dar dalanın qabağında o qədər adam vardı ki və bu adamlar elə şivən qoparırdı 
ki, günlər, aylar, hətta illər keçəndən sonra da bu gecə izdihamı, bu müsibət 
uşaqların gözünün qabağından getmədi, qulaqlarından çəkilmədi. 
– Kitabulla avariyaya düşüb ölüb! – Bu xəbər həmin gecə uşaqdan böyüyəcən 
bütün məhəllənin belini sındırdı. 
Axşam Kitabulla Lökbatandan yük gətirəndə  Şıx çimərliyi tərəfdə boş bir 
avtobusla toqquşmuşdu. Sükan Kitabullanın sinəsini basıb qarnına girmişdi və o, elə 
o saat keçinmişdi. Avtobusun kefli sürücüsünə heç nə olmamışdı. 
Kitabullanın meyitini maşından düşürüb Dar dalanla aparanda birdən axırıncı 
həyətin qapısı açıldı, başıaçıq, ayağıyalın bir qız, arvadların  əlindən qopub tabuta 
tərəf cumdu, vəhşi kimi, qabağındakı kişiləri aralayıb iki əli ilə tabutun taxtasından 
yapışdı, var gücü ilə dartdı; tabutu çiyinlərində saxlayan kişilərin ayağı titrədi, bu 
qızın dəli baxışlarının qabağında irəliləyə bilmədilər; qız tabutun taxtasını bir də 
dartdı, az qaldı meyit tabutun içindən yerə düşsün və kişilər, ancaq onu eləyə bildilər 
ki, tabutu cəld çiyinlərindən düşürüb yerə qoydular; tabutu yerə qoymaqla qızın 
özünü meyitin üstünə atmağı bir oldu və onun sinəsindən qopan şivənlə bütün bu 
gecə izdihamının köksündən çıxan nalə də bir oldu. 
Məhəllənin adamları Tamillanı birinci dəfə belə gördü. 
Səhər üz-gözünü cırıq-cırıq eləmiş Fatma batmış  səsilə güclə  qışqırırdı, az 
qalırdı boğazının göy damarları şişib partlasın: 
– Toyunçun gələn qoyunlar ehsanına kəsilir, ay Kitabulla, va-a-ay!.. 
Toyuna çağırılmış qonaqlar, bütün məhəllə Kitabullanı basdırmağa getdi. 
Məmmədağagilin məhəlləsindən qəbiristanlığa qədər on kilometrlik yolu mafə 
çiyinlərdə getdi, heç kim maşına minmədi. 
Kitabullanın  şofer dostları öz maşınları ilə  gəlmişdilər. Maşınlar məhəlləyə 
sığışmırdı. 
Qəbiristanlıqda Ələkbər üz-gözünün yaşını sildi, hıçqıra-hıçqıra klarnetini 
qabından çıxardıb yığdı və həmin sentyabr günü Kitabullanın mafəsinin başında bir 
«Segah» çaldı. Ələkbərin klarneti bütün məhəllənin adından Kitabulla ilə sağollaşdı. 
Həmin sentyabr günü Ələkbər klarneti elə çaldı ki, bu çalğı dünyanın bütün dərdli 
işlərindən söhbət açdı; klarnet Ələkbərin titrəyən barmaqları arasında yandım deyib 
su istədi. 
Kitabullanın başı da əzildiyinə görə üzünü açmamışdılar və Məmmədağa heç 
cür ağlına sığışdıra bilmirdi ki, başdan-ayağa kəfənə bürünmüş bu uzun bağlama 
Kitabulladı. Məmmədağa bütün ömründə birinci dəfə idi qəbiristanlığa gedirdi və 
indi o, heç cürə ağlına sığışdıra bilmirdi ki, bu saat bu uzun ağ bağlamanın içindəki 
Kitabullanı mafədən götürüb təzə qazılmış qəbrin içinə qoyacaqlar, üstünə torpaq 


 
40
töküb sulayacaqlar, sonra da hamı məhəlləyə qayıdacaq, bu qəbir isə burada beləcə 
qalacaq, yağış yağacaq, külək əsəcək, bu qəbir isə burada beləcə qalacaq. 
Məmmədağanı dəhşət basdı, az qala hədəqəsindən çıxacaq gözləri ilə mafədəki uzun 
ağ bağlamaya baxdı, ağzı, burnu kəfənlə sarınmış Kitabullanın yerinə nəfəsi 
tıncıxdı, gözünün qabağına ağappaq duman gəldi və birdən elə bil ki, Kitabulla 
gülümsədi, bu ağ dumanın içində qızıl dişi işıldadı; Məmmədağa bircə onu bildi ki
bərkdən qışqırdı, daha sonrasını bilmədi, bir də iki gündən sonra evlərindəki 
çarpayısında özünə gəldi. 
Həmin ilin qışında Bakıya yaman qar yağdı, dərslər dayandı, maşınlar, 
tramvaylar işləmədi. Məhəllənin qocaları deyirdi ki, Bakıda belə qar-çovğun, belə 
qış görməyiblər. 
Bir gün belə bir xəbər yayıldı ki, gecə yuxarı  məhəllələrdən birinə canavar 
gəlib. Üç ayın içində beli bükülmüş  Səmədulla bu xəbəri eşidəndə  çənəsi  əsə-əsə 
dedi: 
– Bizim evə canavar sentyabrda gəlmişdi... 
Alxas bəy isə deyirdi: 
– Dədə Qorqudun bir sözü var, deyir: 
 
Gəlimli, gedimli dünya,  
Son ucu ölümlü dünya... 
 
...Məsməxanım dənizin qırağı ilə yaş qumun üstündə addımlaya-addımlaya bir 
müddət heç nə demədi, sonra soruşdu: 
– Bəs qız nə oldu? 
– Tamilla? 
– Hə. 
– Fatmanın iki uşağı vardı, Kitabullanın qırxı  çıxandan sonra, ikisini də 
götürüb getdi, atasıgilə, Yadulladan boşandı. Tamillanın da kəbinini kəsdirdi 
Yadullaya. Fatma deyirdi ki, Tamilla mənim bacımdı, Yadulla da day bundan sonra 
mənim qardaşımdı. Hamı bilirdi ki, Fatma Tamillaya görə belə elədi... 
– Day atasıgilə qayıda bilməzdi Tamilla, hə? 
– Nə bilim?.. Yəqin qayıda bilmirmiş  də... Hamı bilirdi ki, Fatma Yadullanı 
məcbur eləyib, çünki Yadullayla Fatma da bir-birlərini çox istəyirdi... 
Ay lap yuxarı qalxmışdı və indi saysız ulduzlu göy ilə dənizi birləşdirən üfüq 
uzaq qaranlıq içində görünməz olmuşdu; üfüqün əvəzinə qapqara bir boşluq vardı; 
sahil boyu xeyli aralıda Buzovna elektrik stansiyasının işıqları gəlirdi və bu işıqlar 
indi elə bil dənizin ulduzları idi; dənizin ulduzları ilə göyün ulduzları qarışmışdı bir-
birinə; bir belə saysız ulduzun içində dan ulduzu tamam başqaydı, iri, işıqlı, tənha... 
– Tamilla Yadullanı istəyirdi? 
– Nə bilim... – Məmmədağa fikirləşdi ki, nə üçün bu sual indiyə kimi onun 
ağlına gəlməyib, nə üçün o indiyə kimi fikirləşməyib ki, Tamilla Yadullanı istəyirdi, 
ya yox? 
Məmmədağa gözlərini dənizdən çəkməyən Məsməxanıma baxdı  və birdən-
birə ona elə gəldi ki, gecənin yarısı Zuğulbanın dəniz sahilində qəflətən peyda olmuş 
bu qarabəniz qız onun əziz və doğma bir adamıdı. 
– Yazıq...  – Bunu Məsməxanım dedi. 
– Kitabulla yazıq? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə