Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   15   16   17   18   19   20   21   22   ...   145

 
43
Onda bu söz yaman tutmuşdu Məsməxanımı və ona elə gəlmişdi ki, milisioner 
Səfər xırda gözləri ilə  əslində çox şey görür, çox şey oxuyur. Milisioner Səfərin 
beləcə heyfsilənməsi onun əlini-qolunu qırıb yanına salmışdı  və o zaman 
Məsməxanım fikirləşmişdi ki, nə üçün Mirzoppanın bəd  əməllərinin üstündə  gəlib 
bu yekə kişini bu cür bihörmət edir? Axı, bu kişi nə qədər olmasa da, Mirzoppadan 
bir on qat artıq adam idi. Məsməxanım yaxşı başa düşürdü və yaxşı bilirdi ki, adam 
öz  əri haqqında belə sözlər deməz və belə  şeylər fikirləşməz. Deməyinə,  əlbəttə, 
Məsməxanım heç kimə heç nə demirdi, fikirləri isə  hərdən qovub beyindən 
çıxarmaq olmurdu. Mirzoppa hər dəfə keflənib  şuluq salanda, milis idarəsinə 
gətiriləndə  Məsməxanım da onun ardınca gəlib davasını salırdı ki, ərimi buraxın; 
Mirzoppa onun əri idi və bu belə olmalı idi; amma fikirlər isə heç nəyə baxmırdı. 
Sonra Məsməxanım hər  şeyi yadından çıxarmaq istədi, həmin qəribə yay 
gecəsi dünyanın heç bir pis işi barədə fikirləşmək istəmədi; sonra da Məsməxanım 
pıçıltı ilə mühüm bir xəbər verdi: 
– Bilirsən, mənim ulduzum zarafat xoşlamır... 
– Doğrudan? – Məmmədağa da pıçıldadı. 
– Hə. – Məsməxanım bu dəfə lap yavaşdan pıçıldadı, sonra da həmin pıçıltı ilə 
dedi: – Gəl sənə də bir ulduz seçək. 
Məmmədağa pıçıldadı: 
– Gəl seçək...  
Məsməxanım pıçıldadı: 
– Həmişəlik səninki olsun... 
– Yaxşı... 
– Hansını istəyirsən, seç... 
– Ode, onu... – Məmmədağa qolunu uzadıb barmağı ilə  Məsməxanımın 
ulduzunun yanında işığı lap güclə sezilən bir ulduz göstərdi. 
Həmin qəribə yay gecəsi Məsməxanım birdən-birə başa düşdü ki, Zuğulbanın 
bu kimsəsiz dəniz sahilində bu ulduz oyununun axırı yaxşı qurtarmayacaq; əlbəttə, 
pis bir iş olmayacaq, amma acısı qalacaq bu ulduz oyununun; bu acı heç vaxt 
Məsməxanımın ürəyindən çıxıb getməyəcək, – Məsməxanım yaxşı  bələd idi öz 
ürəyinə; alüminium örtüyü ay işığında gümüş kimi ağaran bu furqon Zuğulbanın bu 
dəniz sahilindən çıxıb gedəcək və o zaman Məsməxanımın ulduzunun yanındakı bu 
ulduz onun sehrli nağıl aləmini də bir heç edəcək. 
– Yox, onu yox. – Məsməxanım bu dəfə pıçıldamadı. 
– Bəs hansını? – Məmmədağa başa düşdü ki, Məsməxanımın ürəyindən nəsə 
bir nigarançılıq gəlib keçdi. 
– Özün seç. 
– Bir belə ulduz var, hansını seçim? 
– Hansını istəyirsən, seç, amma mənə göstərmə. 
– Niyə? 
Məsməxanım bu saat özü də özünə bildirmək istəmirdi ki, niyə?.. Bəlkə özü də 
özündən gizlətmək istəyirdi ki, günlər, aylar, kim bilir, illər keçəcək və o zaman 
başını qaldırıb haçansa qəflətən rast gəldiyi bir göygöz oğlanın ulduzuna baxmaq, 
hər gecə bu ulduzu görmək onun üçün ağır olacaq? O zaman həmin göygöz oğlan bu 
ulduzu, bu ulduzu ki, gecələrin bir gecəsi Zuğulbanın səmasında özünə seçmişdi, 


 
44
tamam yadından çıxaracaq və o zaman həmin ulduzun insan nisgilini Məsməxanım 
hiss edəcək... 
– Adam öz ulduzunu başqasına göstərməsin gərək. 
– Bəs sən niyə göstərdin? 
Məsməxanım yenə öz ulduzuna baxdı və sarı trikotaj köynəyinin kip örtdüyü 
yumru çiyinlərini çəkdi. 
Yenə xəzri başlamışdı və külək yavaş-yavaş bərkiyirdi; belə getsəydi, külək bu 
gecə bu yerlərdə  əməlli-başlı fironluq edəcəkdi. Məmmədağa Abşeron havasına 
yaxşı bələd idi və bilirdi ki, Abşeron küləyinə etibar yoxdu – bircə saatın içində elə 
bir çovğun qopar ki, gəl görəsən. O, küləyi xoşlayırdı (Abşeron küləyindən zəhləsi 
gedən adam çox idi, xüsusən rayondan gələnlərin heç arası yox idi bu küləklə) və 
ağır maşını ilə küləyi yara-yara Abşeron yollarında çox yolçuluq etmişdi, amma 
həmin qəribə yay gecəsi Zuğulbanın bu dəniz sahilində gərək külək bərk əsməyəydi, 
qum adamın burnuna, qulağına dolmayaydı; gərək bu gecə burada külək elə əsəydi 
ki, bu qayalar yüngül qayıq olub dənizə çıxmaq istəyəydi. 
Məmmədağa dedi: 
– Xəzri bərkiyir deyəsən...  
Məsməxanım da ona baxdı və dedi: 
– Istəyirsən dayandırım bu küləyi?  
Məmmədağa soruşdu: 
– Sən cadugərsən?  
Məsməxanım dedi: 
– Hə, mən yaman cadugərəm...  
Sonra o tərəf-bu tərəfə boylandı. 
– Nə lazımdı? 
– Gərək ağacla danışasan. Ağaca deyəsən ki, küləyi dayandırsın. 
Məmmədağa çoxbilmiş Məsməxanıma güldü və soruşdu: 
– Hansı ağaca?  
Məsməxanım dedi: 
– Hansı olur, olsun. 
Məmmədağa bilirdi ki, Abşeron kəndlərində  dəniz sahili qumsallıqda yaşıl 
ağac tapmaq çətin işdi; çürümüş qayıq skeleti tapmaq olar, müharibədən  əvvəlki 
vaxtların içi qumla dolmuş araq, pivə şüşələrini tapmaq olar, mazuta bulaşmış avar, 
sahilə atılmış cürbəcür balıqlar, hətta suiti tapmaq olar, amma küləyi dayandırmaq 
üçün yaşıl bir ağac tapmaq çətin işdi. 
Məsməxanım dedi: 
 – Ode, o təpənin üstü zeytunluqdu, gedək ora.  – Sonra da Məmmədağanın 
cavabını gözləmədən əyilib səndəllərini ayağından çıxartdı və günortanın istisindən 
sonra yavaş-yavaş soyuyan qumun üstü ilə tez-tez addımlaya-addımlaya uzaqda 
bozaran təpəyə tərəf getdi. 
Məmmədağa çəkmələrinin içinə narın qum dola-dola bu cadugər qızın ardınca 
addımlayırdı və o, səndəllərini əlində tutub iti-iti gedən bu ayaqyalın qızın ardınca 
lap dünyanın axırına kimi beləcə addımlayardı. 
Məsməxanım ona tərəf çevrilib gülə-gülə: 
– Tez gəl də! – dedi: – O saat bilinir ki, asfalt adamısan. Çıxart ayaqqabılarını. 
Içi dolacaq qumla... 


 
45
Məmmədağa ayaqqabılarını, corablarını  çıxardıb  əlinə aldı  və qaça-qaça ay 
işığında dayanıb onu gözləyən cadugər qıza çatdı. 
– Sən inanmırsan ki, küləyi dayandıracağam? 
– Inanıram. 
– Hə, görürəm, yaman da inanırsan... Indi baxarsan!  
Yavaş-yavaş  sərinləyən narın qum Məmmədağanın ayaqlarına toxunduqca, 
barmaqlarının arasından süzülüb töküldükcə ona elə  gəlirdi ki, yer üzündə yox, 
qəribə bir boşluqda addımlayır; bu boşluqda bir mülayimlik və həzinlik var idi; belə 
bir mülayimlik və həzinlik, ancaq gecələr ola bilərdi, gündüzlər isə yox olub gedirdi; 
gündüzlər qayğılar başlayırdı, hərəkət başlayırdı; gündüzlər gecəki adam elə bil ki, 
dəyişib başqa adam olurdu və həmin qəribə yay gecəsi birdən-birə Məmmədağanın 
ürəyinə bir səhər nigarançılığı çökdü. 
Abşeron küləyi Zuğulbanın dəniz sahilində qumdan böyük bir təpə 
düzəltmişdi və onlar gəlib bu qum təpəsinin yanına çatan kimi, Məsməxanım irəli 
çıxıb üzüyuxarı qalxmağa başladı; qalxa-qalxa da aşağı baxıb güldü: 
– Yavaş ol, a, yumbalanarsan birdən...  
Məmmədağa hər dəfə addım atdıqca, az qala, dizə qədər quma bata-bata: 
– Qorxma, – dedi, – gəlirəm dalınca! 
Qumun içi əməlli-başlı isti idi və bu isti Məmmədağanın ayaqlarını, 
topuqlarını qızdırırdı. Məsməxanım yuxarıdan qışqırdı: 
– Görürsən nə əntiqə istidi qum? 
Qumun bu istiliyi, doğrudan da, əntiqə istilik idi, yayın bürküsündə, elə bil, 
adamın bütün bədəninə bir sərinlik gətirirdi. 
Məsməxanım yuxarıdan qışqırdı: 
– Bilirsən, day gələn ildən bura dırmaşmaq olmayacaq belə! 
– Niyə? 
– Sanatoriya tikəcəklər burda! Dünyanın hər tərəfindən adamlar gələcək bura! 
Dünyanın hər yerində məşhur olacaq Zuğulba! Dünyanın hər yerində biləcəklər ki, 
Abşeronda, Xəzərin sahilində Zuğulba adında bir yer var! Amma hayıf ki, onda day 
bu qum təpə olmayacaq... Onda mən gəlib bu sanatoriyaya baxacağam, yadıma 
düşəcək ki, bir vaxt bu yerlərdə qum təpəsi vardı... Bir vaxt bu yerlərin qumunda elə 
isti vardı ki, adamın ürəyinə sərinlik gətirirdi, elə bil, quyu suyu içirdin... 
Qum təpənin üstündən Zuğulba pansionatına tərəf bir cığır ağarırdı  və bu 
cığırın sağ tərəfi başdan-başa zeytunluq idi. 
– Buralar ilanlıqdı ha, bastalama. 
– Bu küləkdə ilan nə gəzir?.. 
– Bu saat küləyin işinə baxacağam! 
Gecə vaxtı ilanlar çox zaman asfalta çıxırdı  və  Məmmədağa Abşeron 
yollarında yayda, demək olar ki, hər gecə asfaltın tən ortası ilə sürünən cürbəcür 
ilanlara rast gəlirdi. Bu ilanların çoxu gəlib-gedən maşınların altında qalırdı, amma 
gecələr elə hey asfalta çıxırdı. Asfalt günün istisini gecələr də özündə saxlayırdı və 
yəqin buna görə də Abşeron yolları gecələr ilanı özünə çəkirdi. 
Xəzri isə yavaş-yavaş lap bərkiyirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə