Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   8   9   10   11   12   13   14   15   ...   145

 
28
– Camaat – mənim həyat yoldaşım!.. Bildin? Gedək bu saat, necə tutdurmusan 
onu, elə də buraxdır! 
– Mirzoppanı deyirsən? 
Mirzoppanın adı elə bil ki, bu qarabuğdayı davakar qızı bir balaca süstləşdirdi 
və o, gözlərini Məmmədağanın üzündən çəkməyib: 
– Hə, – dedi. – Bəs kimi deyəcəm? 
Məmmədağaya məlum oldu ki, bu qız Mirzoppanın arvadıdı  və  nədənsə, bu 
xəbər onunçun çox gözlənilməz oldu. Gecənin yarısı birdən-birə peyda olmuş bu 
qızın yanından keçib furqona qalxdı: 
– Mənnik bir iş yoxdu, – dedi. 
Əlbəttə, bu qız ki, belə qiyamətlə başlamışdı, beləcə asanca ondan əl çəkən 
deyildi; əllərini belinə qoyub, altdan-yuxarı sözləri yağdırmağa başladı: 
– Necə yəni mənlik bir iş yoxdu? Əvvəlcə tutdurursan, sonra da deyirsən ki, 
mənlik bir iş yoxdu? Əcəb işdi! Bizi nə hesab eləyirsən sən? Çuşka-zadıq səninçün? 
Bu saat gedək, onu buraxdır! – Qız da yuxarı qalxıb furqonun içinə girdi. 
Furqonun gur işığı, divar boyu yan-yana düzülmüş tüfənglər, uduş üçün 
qoyulmuş  şampan butulkası, stolüstü güzgü, gəlin kuklası, fotoaparat, divardan 
asılmış taxta dovşan, tülkü, ayı,  şir və naməlum heyvan, elə bil, qızı bir balaca 
çaşdırdı və o, bütün bunlara baxıb yenə də sualdolu qara gözlərini Məmmədağaya 
zillədi, yəni ki, gedirik, ya yox. 
– Ərini mən tutdurmamışam, ay bacı. Yoldaşıyla içib gəlmişdi... 
Qız onun sözünü kəsdi: 
– Yoldaşının başı batsın! Elə yoldaşları deyil onu yoldan çıxaran? – dedi və 
elə bil özü də öz sözlərinin mötəbərliyinə inanmayıb tələsik əlavə etdi: – Hə, nolsun 
içmişdi? Içməyin üstündə adam tutdurarlar? Sovet hökumətində elə qanun yoxdu ki, 
içməyin üstündə adam tutasan! 
Bu dəfə Məmmədağa doğrudan-doğruya hirsləndi: 
– Içməyin üstündə adam tutmazlar, amma milisioner Səfərə  şillə vurmağın 
üstündə adam tutarlar. 
Amma bu qız da başqa qız idi, xoruz olub dimdikləşmək istəyirdi: 
Milisioner Səfər plan doldurur, ona görə tutub aparıb onu. 
– Neyləyir? Plan doldurur? – Məmmədağanın daha bu qarabəniz qıza deməyə 
sözü qalmadı, yəni bu mənada ki, onun dilinə mat qaldı. – Ay bacı, mənim yanımda 
vurdu onu, özü də durduğu yerdə... 
Qız bir az susub: 
– Abrı-həyası yoxdu də... – dedi və  Məmmədağaya məlum olmadı ki, bu 
sözlər kimə aiddir, Mirzoppaya, yoxsa ki, milisioner Səfərə. 
Qız yenə gözucu bu taxta heyvanlara baxıb, yəqin fikirləşdi ki, əgər bu tir bu 
gün gəlib burada dayanmasaydı, Mirzoppa da bura gəlməzdi, milisioner Səfərlə 
rastlaşmazdı və bu əhvalat da baş verməzdi: 
– Olmaz bu tirdən!.. 
Aydın məsələdir ki, Məmmədağanın bu qızın nə fikirləşdiyindən xəbəri yox 
idi və həmin qızın acığını indi də tirə tökməsi ona lap gülməli gəldi; ümumiyyətlə, 
bu qızın hay-küyündə, bu cür çığır-bağır salmasında xalis bir uşaqlıq vardı və onun 
bayaq özü dediyi kimi, kiminsə «həyat yoldaşı» olması da adama gülməlidən də 
gülməli gəlirdi. 


 
29
Məmmədağa birinci dəfə görürmüş kimi, furqonunun dörd tərəfini də 
nəzərdən keçirib özü öz səliqəsindən razı halda gülümsədi: 
– Xoşuna gəlmir mənim tirim? 
Məmmədağanın bu cür açıq-aşkar özündən razı-razı gülümsəməyi qızı cin 
atına mindirdi: 
– Sənin tirin? Sənin niyə olur, hökumətin tiridi! Bəlkə atan bağışlayıb sənə? 
Məmmədağanın bir xasiyyəti vardı: ata haqqında artıq-əskik söhbətdən xoşu 
gəlmirdi və ən başlıcası isə belə söhbətlərə dözə bilmirdi – bu bir, ikincisi də o idi 
ki, Məmmədağa bu saat bu qarabəniz davakar qızdan lap ata söyüşünəcən hər  şey 
gözləyirdi, odur ki, tez ciddiləşib: 
– Atam bağışlamayıb, – dedi və bir daha ata söhbətinə qayıtmamaq üçün elə 
bil ki, ona xəbərdarlıq etdi, amma bu xəbərdarlığın özü də otuz yaşında kişinin 
xəbərdarlığından çox on beş yaşında oğlanın xəbərdarlığına oxşayırdı: – Atam 
müharibədə ölüb. 
Qız ağzını açıb yenə  nə isə  qışqır-bağır salmaq istəyirdi, amma bu sözü 
eşidəndə birdən-birə susdu. 
Məmmədağa tanımadığı adamla (hətta tanıdığı adamla belə) açıqlıq eləməyi 
xoşlamazdı  və bu dəfə  də üzünü birinci dəfə gördüyü bu qıza tərcümeyi-halını 
danışması onu acıqlandırdı, qızın birdən-birə susması isə onu lap pərt etdi. 
– Adın nədi sənin?   
– Neynirsən? 
– Adam bir-biri ilə danışanda gərək bilsin ki, kim kimdi. 
– Məsməxanım. 
– Belə-belə işlər, Məsməxanım... 
Əlbəttə, Məmmədağa bu saat Məsməxanımın ürəyindən keçənlərdən xəbərsiz 
idi və bilmirdi ki, Məsməxanımın ürəyində bu saat bir ağrı sızıl-sızıl sızıldayır. 
Çox-çox illər bundan əvvəl, o vaxtlar ki, Məsməxanım balaca qız uşağı idi və 
həmin qız uşağının dünyada heç bir dərdi-səri yoxuydu, anası  həmişə deyərdi ki, 
atan müharibədə ölüb. Anası səfərdə olanda Məsməxanım günlərlə evdə tək qalardı 
və o vaxtlar o həmişə atası ilə söhbət edərdi, sonralar bu söhbət internat məktəbində 
də davam edərdi, top guruldardı, bomba partlardı. Məsməxanım atasının yarasını 
sarıyardı, atası da iri kişi əlilə onun qara saçlarını sığallayıb gülümsəyərdi; bu iri kişi 
əllərinin istisi, mehribanlığı onun bütün bədəninə yayılardı  və ürəyində belə bir 
məhəbbət  əmələ  gətirərdi ki, bu məhəbbətin qəhəri hərdən gözlərini doldurardı. 
Amma günlərin adi bir günündə birdən-birə Məsməxanıma məlum oldu ki, atası heç 
vaxt müharibədə ölə bilməzdi, çünki müharibə qurtarandan üç il sonra dünyaya 
gəlmişdi. Bu məlum olandan sonra Məsməxanım daha heç vaxt anasından atası 
barədə bir söz soruşmadı. Həmin söhbətlər yəqin anasının da yadından çıxıb 
getmişdi. Bəlkə heç yadından çıxmamışdı və Güldəstə də qızı kimi ürəyində çəkirdi? 
Amma həmin iri kişi əllərinin istisi, mehribanlığı uzun müddət çəkilib getmədi 
və  əslinə baxsan, elə indinin özündə  də haradasa bir az qalıb o istidən, o 
mehribanlıqdan. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə