Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   6   7   8   9   10   11   12   13   ...   145

 
24
Belə-belə işlər... 
O gündən sonra Məmmədağa bir neçə ay özünə gələ bilmədi; ona görə yox ki, 
həyatında birinci dəfə lüt arvad, lüt qız görmüşdü, ona görə ki, bir kişi qeyrəti onu 
boğurdu, məhəllə  uşaqlarının, cavanların gözünün içinə düz baxa bilmirdi; qeyrət 
onu boğurdu ki, hərdən həyətlərinə  gəlib anası ilə söhbət edən arvada, hər gün 
məhəllədə gördüyü qıza oğru pişik kimi gizlicə hamam pəncərəsindən baxıb. Hərdən 
gecələr hövlnak yuxudan oyanırdı, o saat yadına düşürdü ki, çox pis bir iş tutub və 
yerində qovrula-qovrula tutduğu bu işin  əzabını  çəkirdi, özünü dünyanın  ən pis 
adamı hesab edirdi. 
Və Məmmədağa elə o günlərdən düzlüyün, mərdliyin, kişiliyin qədrini bildi; 
aylar, illər keçdi və zaman keçdikcə  də bu hadisə yavaş-yavaş yaddan çıxdı, bir 
yeniyetməlik yuxusuna çevrildi ki, doğrudan da, yuxuda, ya həyatda olduğu 
unuduldu. O vaxtdan bəri Məmmədağa bütün ömründə elə bir iş görməmişdi ki, 
kiminsə yanında gözükölgəli olsun. Məhəllənin arvadları  Məmmədağadan söz 
düşəndə deyirdi: 
– Ömrü uzun olsun, torpaq sanı yaşasın, elə bil, sir-sifətdən Kitabulladı. 
Xasiyyəti də qızıldı. Çox kişi cayıldı. 
Səkinə xalanın, aydın məsələdir ki, bu sözləri eşidəndə uçmağa qanadı 
olmurdu, amma özünü ağayana aparırdı, yəni ki, elə belə də olmalı idi, onun oğlu, 
Əlinin oğlu başqa cürə ola bilməzdi. Solmaz isə, o saat bu sözləri Məmmədağaya 
çatdırırdı və əvəzində də Məmmədağa ona acıqlanırdı. 
– Bir də mənim yanımda belə sözlər danışma!  
Əlbəttə, o vaxt məhəllə uşaqlarının heç nədən xəbəri olmadı, Məmmədağa heç 
kimə heç nə demədi, amma Mirzoppa daha məhəllədə lap az-az görünürdü, bir neçə 
vaxtdan sonra isə  Qırçılar məhəllədən köçüb getdi. Əliabbas kişi məhəllənin 
ağsaqqallarına deyirdi: 
– Altı-yeddi ildən sonra Bakıda qır basmağa dam qalmayacaq. Köhnələri 
sökürlər, hər yerdə  təzə ev tikirlər, beşmərtəbə, yeddimərtəbə, bir azdan doqquz-
onmərtəbə də tikəcəklər. Hamısının üstü taxtapuş. Yaxşısı budu elə indidən yığışıb 
köçüm kəndlərdən birinə. Abşeronda binaların hamısının damı  qırdı, hansı  kəndə 
getsəm, bekar qalmayacağam... 
Həmin vaxtdan da iri qır tiyanı Məmmədağagilin məhəlləsində görünmədi və 
məhəllə də yavaş-yavaş buna alışdı, indi daha adama elə gəlmirdi ki, nəsə yerində 
deyil, nəsə çatışmır. 
Indi on beş-on altı il keçmişdi o günlərdən. 
Belə-belə işlər... 
...Həmin qəribə yay gecəsi bütün bunları yadına salan Məmmədağa furqonun 
gur işığında Mirzoppanın daha da kökəlmiş sir-sifətinə baxa-baxa birdən-birə özünü 
onun yanında günahkar hiss etdi, amma bu günah hissində artıq bir uşaqlıq 
xatiratının ilıqlığı vardı; bu günah hissi çox həzin bir peşmançılıq idi və indi 
Məmmədağanın ürəyindəki bu həzinliklə Mirzoppanın ona baxıb harın-harın 
gülümsəməyi heç vəchlə bir araya sığmırdı. 
Arıq oğlan yenə əlini yuxarı qaldırıb öz şüarını dedi: 
– Atacağıq! 


 
25
Milisioner Səfər bu arıq oğlana baxıb fikirləşdi ki, zalım balasının başında bir 
kəlmə «Atacağıq!» sözündən başqa bir şey yoxdu, amma tüfəng istəyir, güllə istəyir. 
Sonra da fikirləşdi ki, belələridi nahaq qan tökən, öz vücudları bir köpüyə dəyməz, 
amma uşaqları yetim qoyurlar, arvadları gözüyaşlı. 
Mirzoppa eləcə harın-harın gülümsəyə-gülümsəyə  Məmmədağanı  təpədən 
dırnağa kimi süzüb: 
– Pis döyülsən, – dedi. – Yaxşı, öz məhəllə uşağuva tüfəng vermirsən atmağa? 
Mirzoppanın bu cür açıq-aşkar harın-harın gülümsəməyinə baxmayaraq, 
Məmmədağa sidq-ürəkdən təəssüf etdi ki, Mirzoppa bu axşam bu qədər içib. 
Içməmiş olsaydı, əlbəttə, lap səhərəcən icazə verərdi ona nişan atsın. Heç pulunu da 
almazdı ondan. Düzdür, Məmmədağa həmişə belə hesab edirdi ki, öz gücünə 
səxavətli olasan gərək, hökumətin tirinin hesabına yox, amma bu saat bu barədə 
fikirləşməyə dəyməzdi, çünki Mirzoppa ayaq üstə güclə dururdu, yanındakı oğlanın 
isə  əlini yuxarı qaldırıb bir kəlmə deməkdən başqa bir şeyə qabiliyyəti çatmırdı. 
Məsələ burasında deyildi ki, Mirzoppanın gülləsi kiməsə  dəyə bilərdi. Düzdür, 
tirlərdə  hərdən belə hadisələr olurdu, amma Məmmədağa indi tüfəngi Mirzoppaya 
verib özü sərhesab ola bilərdi, amma yenə də məsələ burasında idi ki, təlimatda iri 
qara hərflərlə içmiş adamların tirdə tüfəng atması qadağan edilmişdi. Məmmədağa 
isə öz təlimatının qabağında gözükölgəli olmaq istəmirdi. 
– Qalsın sonraya. – Bunu Məmmədağa dedi. 
– Sən mənnən nöş düzəlmirsən?! – Bunu Mirzoppa dedi və onun yoğun 
səsində açıq-aşkar bir hədə-qorxu vardı. 
– Atacağıq! – Bunu, aydın məsələdir ki, arıq oğlan dedi və  əlini də yuxarı 
qaldırdı. 
– Atmayacaqsız! – Bunu da yaş  dəsmalını  təzədən cibindən çıxarıb üz-
gözünün tərini silən milisioner Səfər dedi. 
– Sən hürmə! – Mirzoppa domba gözlərini milisioner Səfərə bərəltdi. 
Milisioner Səfərin ürəyindən bir nalə qalxdı: a dağlar oğlu, gör nə günə 
qalmısan ki, düdüyün biri səninlə it dilində danışır. –Sonra yaş  dəsmalını cibinə 
basıb Mirzoppanın qolundan yapışdı: 
– Gedək otdeleniyə!  
Mirzoppa qolunu dartdı: 
– Əl çək məndən! 
– Yox, gedəcəyik! 
– Dedim sənə əl çək məndən! 
– Gedəcəyik, vəssalam! 
Birdən-birə milisioner Səfərin qulağının dibində bir şapalaq cingildədi və onun 
arıq qara sifətində Mirzoppanın ətli barmaqlarının yeri ağardı. 
Bu çox gözlənilməz oldu və ən əvvəl arıq oğlan özünə gəldi, bir Mirzoppaya, 
bir də milisioner Səfərə baxıb, əlini «aerodrom» kepkasının üstünə basdı və bir göz 
qırpımında furqondan yerə atılıb əkildi. 
Sonra özünə gələn milisioner Səfər oldu: 
– Ə, dəyyus, hökumət nümayəndəsinə əl qaldırırsan?! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə