Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   7   8   9   10   11   12   13   14   ...   145

 
26
Elə bil, vurduğu şapalağın cingiltisi və kinomexanik Ağagülün (bayaqkı arıq 
oğlanın) tələsik sivişib aradan çıxması Mirzoppanın özünü də birdən-birə ayıltdı və 
o, qəzəbindən udqunan milisioner Səfərin qalxıb-enən iri hulqumuna baxa-baxa başa 
düşdü ki, işi xarabdı. 
Milisioner Səfər bu dəfə Mirzoppanın yaxasından yapışdı: 
– Düş qabağıma! 
Və Mirzoppa da daha milisioner Səfərin  əlindən dartınmadı, amma dilini də 
ağzında saxlamadı: 
– Gedək də, gedək! Hara deyirsən gedək! Səndən qorxub eləyən yoxdu. Bir 
dəfə Nəcəfə zəng eləsəm, paqonlaruvu çıxartdıraram! Baxarsan! 
– Az danış, düş qabağıma! – Milisioner Səfər bu sözləri elə  zəhmlə dedi ki, 
Mirzoppaya məlum oldu: bir az da o yan-bu yan eləsə, səsini çıxartsa, bu kəndli oğlu 
onu ayı kimi süpürləyib basacaq altına, bunu hiss etdi və dinməz-söyləməz 
furqondan aşağı düşdü. 
Məmmədağa da onlarla birlikdə furqondan aşağı düşdü. Milisioner Səfər ay 
işığında daha da qaralmış sifətini Məmmədağaya çevirib: 
– Sən gəlmə, qağa, – dedi.  – Səfər bunu əlindən buraxan deyil. Belələrini çox 
görüb Səfər! 
Mirzoppa bərkdən boğazını arıtlayıb qumun üstünə tüpürdü və bir az ehtiyatla: 
– Yaxşı, – dedi, otdelenedən Nəcəfə zəng elərəm, onda görərik!.. 
Məmmədağa, milisioner Səfərlə Mirzoppa ay işığında gözdən itənədək 
furqonun qabağında dayandı, sonra çəkməsinin burnu ilə Zuğulbanın narın sahil 
qumunu tozlandıra-tozlandıra dənizə tərəf getdi. 
Bütün sahil bomboş idi və indi adama elə gəlirdi ki, bu yerlərdə ömründə heç 
kim olmayıb, dəniz həmişə bu cür tək-tənha olub və sahil də dənizlə həmişə bu cür 
bomboş təkbətəklikdə olub. Bu boşluq, dənizi daha böyük, intəhasız etmişdi və bu 
böyüklüyünə, intəhasızlığına baxmayaraq, dənizin də belə tənha görünməsi birdən-
birə həmin yay gecəsinə bir qüssə gətirdi; dəniz həmişəki kimi boğuq bir səslə 
uğuldamırdı, şırıldayırdı dəniz, elə bil çay axırdı. Milisioner Səfərgilin dağlarından 
axan çaylar da yəqin belə şırıldayır və indi o çayların xəbəri yoxdu ki, ürəyini 
onlarda qoymuş milisioner Səfər bu gecə Abşeronda, Zuğulba deyilən bir kəndin 
kənarında, dənizin sahilində, Məmmədağa adlı bir oğlanın tirində nahaq, lap nahaq 
bir şillə yedi. 
Məmmədağa başa düşürdü ki, əslində həmin şillənin namərdliyi idi bu gecəyə 
qüssə gətirən, bu dənizi beləcə tənha edən; o, sahilboyu qumluqdan sonra başlayan 
Zuğulba qayalıqlarına baxdı və bu sal qayalar ay işığında ona həmişəkindən daha 
təmkinli göründü. Məmmədağa fikirləşdi ki, bir vaxt gələcək, həmin şillə yaddan 
çıxacaq, cingiltisinin pis əks-sədası bu yerlərdən tamam çəkilib gedəcək və bir vaxt 
gələcək ki, dünyada nə Məmmədağa olacaq, nə milisioner Səfər, nə də Mirzoppa, 
amma bu qayalar isə hər dəfə ay işığında beləcə qaralacaq; Məmmədağa başa 
düşürdü bu fikirlər çox da dərin fikirlər deyil, bütün bunlar məlum məsələdir
dünyaya məmmədağalar gəlib, məmmədağalar gedib, həmişə də belə olacaq; təkcə 
burası var ki, hər adam gərək ömrünü kişi kimi vursun başa bu dünyada, yəni bir 
halda ki, dünyada bu cür sal qayalar var və onlar bu cür təmkinlidir, bu cür böyük 
dənizlər var, ay var, ulduz var, o həyat ki, sənə verilib, onu gərək düz yaşayasan
təmiz yaşayasan və gərək elə bir şey olmasın ki, gecə yerinə girib yatmaq istəyəndə 


 
27
səni özündən utandırsın; hərgah, dünyada bir milisioner Səfər varsa, bu milisioner 
Səfərin oğlunun adı Naçalnikdirsə, özü də ömründə haram bir tikə yeməyibsə və 
ürəyi də qoyub gəldiyi dağların yanındadırsa, gərək o, bu dənizin sahilində, bu 
qayaların yanında, bu ayın işığında haqsız şillə yeməsin. 
Uzaqdan Bakıya gedən elektrik qatarının səsi gəldi: dəmir təkərlər relslərin 
üstü ilə taqqatuqla gedirdi və həmin taqqatuq indi, elə bil, bu Zuğulba gecəsinin, bu 
tənha gecənin nəbzi idi, vururdu; bu gecə nəbzinə qulaq asan Məmmədağa fikirləşdi 
ki, adamın ömrü də qatar kimi bir şeydi, səni mənzil başına aparıb düşürür, əvəzinə 
bir başqasını götürüb geri qayıdır, onu da o biri başda düşürüb təzəsini götürür, 
gedir-gəlir, gedir-gəlir və bir halda ki, bu yolun əvvəli var, axırı var, gərək papağını 
qabağına qoyub fikirləşəsən, fikirləşəsən ki, qatar relsdən çıxmayacaq, cədvəlini də 
pozmayacaq, ona görə bu məsafədə adam ol, adam kimi yaşa, adam kimi də öl.  
Yavaş-yavaş  xəzri  əsirdi və  xəzri  əsdikcə  də  həmin qəribə yay gecəsinə bir 
sərinlik gətirirdi, ağcaqanadlar yoxa çıxmışdı  və  Məmmədağa fikirləşdi ki, 
ağcaqanad da təbiətindi, külək də təbiətindi, amma külək ağcaqanadın qənimidi və 
ümumiyyətlə, bu dünya elə bir şeydi ki, hər pisliyin, hər namərdliyin öz qənimi var; 
əlbəttə, bu fikir də çox dərin bir fikir deyildi və Məmmədağa burasını da fikirləşdi 
ki, bu gecəni qəribə eləyən onun bəlkə birdən-birə filosofluq eləməyə başlamasıdı? 
Bu dəfə başqa bir səs gəldi və  Məmmədağa alüminium örtüyü ay işığında 
gümüş kimi ağaran furqonunun yanında kiminsə qaraltısını gördü. Kimsə furqonun 
dövrəsində o tərəf-bu tərəfə gedə-gedə qışqırırdı: 
– E-ey!.. E-ey!.. 
Məmmədağa başa düşdü ki, bu səs arvad səsidi, amma bu arvadın gecənin bu 
vaxtında onun furqonunun yanında niyə gəzdiyini başa düşmədi. 
– E-ey!.. E-ey!.. 
Məmmədağa furqonun yanına gələndə on səkkiz-on doqquz yaşlarında bir qız 
onu elə top-tüfəngə tutdu ki, əvvəlcə heç nə anlaya bilmədi. 
– Hə, camaatı tutdurursan, özün də  dəniz qırağında gəzirsən?.. Camaat nədi 
səninçün bəyəm, adam-zad deyil? Nə işin var camaatla? Yorta-yorta gəlmisən bura 
ki, adam tutdurasan? 
Məmmədağa furqonun açıq qapısından düşən elektrik işığında bu ortaboylu 
qızın qarayanız girdə sifətinə, par-par parıldayan iri qara gözlərinə, sarı trikotaj 
köynəkli, göy yubkalı yaraşıqlı  bədəninə baxa-baxa heç cürə  ağlına sığışdıra 
bilmirdi ki, bu davakar qız ondan nə istəyir və burada da nə işi var? 
– Bir dayan görək, ay bacı, nə olub, nə xəbərdi? 
– Bacın nöş oluram sənin? Bacın-zadın deyiləm!.. Buna bir bax! Qardaş tapılıb 
mənimçün, heç xəbərimiz yoxdur!.. Camaatı tutduranda bacı olmuruq, indi bacı 
oluruq!.. Əcəbdi! 
Həmin qəribə yay gecəsi bu qarabuğdayı  qızın bu cür hay-küyü 
Məmmədağaya gülməli gəldi və o fikirləşdi ki, bir az da bu cür davam eləsə, bu qız 
onun üstünə cumub üz-gözünü cıracaq.  Əlbəttə, Məmmədağa indi heç vaxt ağlına 
gətirə bilməzdi ki, əslində bu yay gecəsini belə  qəribə edən bu qarabuğdayı  qızın 
gecənin yarısı birdən-birə bura gəlməsi idi; indiyə  qədərki qəribəlik isə bir ərəfə 
hissi idi – hərdən belə şeylər də olur dünyada; Məmmədağanın bundan xəbəri yox 
idi və o, doğrudan da, çaşbaş qalmışdı: 
 – Camaat kimdi, kimi tutdurmuşam? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə