Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   82   83   84   85   86   87   88   89   ...   145

 
195
Sevindiyindən Mürşüdün gözləri parladı: 
– Doğrudan? – Amma sonra gözlərindəki bu sevinc çəkilib getdi. – Yox, belə 
olmaz, – dedi. 
– Niyə? 
– Mən də gərək spiçka verim axı sizə. 
– Mən neynirəm spiçkanı, nə papiros çəkənəm, nə də spiçka kağızı yığanam. 
– Nolsun... – Havayı istəmirəm mən... 
– Yamansan ha, sən!.. Kitab mağazası haradadı burda? 
Mürşüd diqqətlə Bakıdan gələn qonağa baxdı: 
– Yoxlayacaqsız oranı? 
Qonaq güldü: 
– Nədi ki? 
– Atam işləyir mənim orada. 
– Hə... Qorxursan ki, atanı yoxlayım? 
Mürşüd çiyinlərini çəkdi: 
– Eh, atamın nəyini yoxlayacaqsız? – Sonra da əlini uzadıb göstərdi. – Bude, bu 
küçə ilə düz gedin, sonra da dönün sağa... 
– Sən burada qalırsan? 
– Hə, yoldaşımı gözləyirəm. 
– Yaxşı, Mürşüd kişi, çox sağ ol. – Bakıdan gələn qonaq Mürşüdlə əl tutuşdu, 
sonra küçəboyu addımlamağa başladı. 
Havanın belə bir bozluğundan idi ki, yəqin, küçədə adam tək-tək gözə dəyirdi. 
Sulu qar, təbii ki, yerdə qalmırdı, orda-burda sucuqlar, gölməçələr əmələ gətirmişdi, 
palçıq, zığ var idi və bu sucuqlar, balaca gölməçələr, addımladıqca çəkmənin 
altından sıçrayan palçıq adamı lap üşüdüb islanmış cücəyə döndərirdi.  
Bakıdan gələn qonaq boynunu kürkün içinə  qısıb, üstündən su süzülən qara 
portfeli əlində yellədə-yellədə Mürşüdün göstərdiyi tindən sağa dönüb bir müddət də 
getdi və təzə tikilmiş ikimərtəbəli kitab mağazasının qabağında dayandı. 
Mağazanın qapısı  ağzındakı kiçik girişdə yaşlı bir kişi üstü qurama döşəkçəli 
taxta kətildə oturub qəlyanını tüstülədə-tüstülədə girdə elektrik plitəsini 
qurdalayırdı. Kişi yəqin ki, mağazanın qarovulçusu idi və uzun qış gecəsinin 
hazırlığını görürdü. 
Axşam hələ təzəcə düşürdü. 
Bakıdan gələn qonaq kitab mağazasının yanından keçib qapısında iri hərflərlə 
«Rayon prokurorluğu» – yazılmış ikimərtəbəli qədim binaya girdi. 
III 
Prokuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır 
cüssəsini düzəltdi və  əllərinin ikisini də  şalvarının ciblərinə soxub dodaqaltı 
zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı 
götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu. 
Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə 
kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay 
içmirdi, oyuncaq oynadırdı  və burası da adama qəribə  gəlirdi ki, bu çay bu boyda 
adama nə edəcək? 


 
196
Kabinetin qapısı açıldı və Bakıdan gələn qonaq içəri girib: 
– Salam, – dedi, – sonra qapını ardınca örtdü. 
Prokuror Dadaşlı  əynindəki kürkü də soyunmayıb birbaş içəri girən bu adamı 
təəccüblə nəzərdən keçirdi və elə bil ki, Azərbaycan SSR prokuroru yanında mühüm 
işlər müstəntiqi,  ədliyyə müşaviri Gündüz Kərimbəylini bu dəm qarşısında 
gördüyünə inanmırmış kimi: 
– Gündüz Kərimbəyli? – soruşdu və  yəqin özü də hiss etmədən «Gündüz» 
sözünü xüsusi bir vurğu ilə tələffüz etdi. 
Gündüz Kərimbəyli öz məşhur təbəssümü ilə gülümsəyib: 
– Icazə olar? – dedi. 
– Buyurun, buyurun, əlbəttə!.. – Prokuror Dadaşlı birdən-birə peyda olmuş bu 
qonaqla  əl tutuşdu. – Gəlin,  əyləşin! – Sonra yoğun biləkli,  ətli  əlini Gündüz 
Kərimbəylinin çiyninə qoyub onunla birlikdə mizə tərəf addımladı. 
Prokuror Dadaşlının kündə kimi girdə, dolu sifətinin müqabilində  xırda qara 
gözləri vardı  və bu gözlər gülümsəyəndə o, dünyanın  ən mehriban adamına 
oxşayırdı; prokuror beləcə gülümsəyə-gülümsəyə öz mizinin arxasına keçdi, geniş 
və yumşaq kürsüdə əyləşib qonağa da yer göstərdi.  
Gündüz əynindən çıxartdığı kürkü divanın üstünə atıb oturdu.  
Prokuror Dadaşlı iki qara üzüm giləsi kimi işıldayan xırda gözlərini qıyıb, 
Gündüz Kərimbəyliyə baxa-baxa dedi: 
– Adam tanıyanam mən, inanın mənə, amma vicdan haqqı, sizi tanımasaydım, 
ömrümdə deyə bilməzdim ki, mühüm işlər müstəntiqisiniz,  ədliyyə müşavirisiniz, 
hələ üstəlik də Gündüz Kərimbəylisiniz! Hər dəfə sizi görəndə belə fikirləşirəm... 
Görünür, bu cür təriflər, məşhurluq, hətta Gündüz Kərimbəyliyə  də  təsir edə 
bilərmiş – yaman şeydir tərif! – və o, bir balaca özündən razı halda gülümsəyib: 
– Istidi bura, – dedi. – Yaman qızdırmısınız. 
Bu söhbət, deyəsən, prokuror Dadaşlının ürəyindən idi: 
– Belə havanınkı odur ki, yaxşıca odun yandırıb oturasan qırağında. Fəttah dayı 
da ki, peç qalamağın ustasıdı. – Prokuror Dadaşlı  ləzzətlə  əlini  əlinə sürtdü, sonra 
dirsəklərini səliqə ilə mizin üstünə  sərdiyi nişastalanmış  dəsmala söykəyib  ətli 
barmaqlarını bir-birinə keçirdi və heç vaxt, hətta ciddi olanda da sifətindən 
çəkilməyən bir mehribanlıqla qonağına baxa-baxa: 
– Mənim kimilər Amosovun gözündən iraq, – dedi. – Mənimki bax, bu peçdi, 
kitabdı, bir də ki, bu yerlərin sakitliyi. Bilirəm, siz də kitabbazsız yaman. – Söhbət 
kitabın üstünə gələndə prokuror Dadaşlının kefi lap yüz əlli faiz duruldu. – Mən də 
ki, kitabbazın ən böyüyü! Kitabxanamı gərək göstərim sizə! 
– Mütləq. Işimizi qurtaran kimi, sizin kitabxananıza baxarıq. 
Prokuror Dadaşlı mühüm işlər müstəntiqinin sözlərindəki işarəni, təbii ki, başa 
düşdü və burası da açıq-aşkar hiss olunurdu ki, kitab söhbətindən sonra cinayət 
söhbətinə keçmək onun üçün bir o qədər də xoşagələn iş deyil. 
– Neçə gündü rahatlığım yoxdu. Iyirmi yeddi ildi bu sistemdə çalışıram, amma 
belə bir vicdansızlığı... Işi özüm aparıram, özü də... özü də düşmüşük, deyəsən, izə... 
– Prokuror əllərini bir-birindən ayırıb pəncələrini mizin üstünə qoydu və yəqin ki, 
daxili bir əsəbilikdən barmaqları ilə mizi döyəclədi. – Istəyirsiniz əməliyyat qrupunu 
da çağırım, ətraflı söhbət edək. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə