Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   79   80   81   82   83   84   85   86   ...   145

 
185
– Əbülfət... Əbülfət... Əbülfət... 
Əlbəttə, Əbülfətin ölümü hamı kimi, Sonanın da ürəyini yandırırdı, amma qızını 
belə bir vəziyyətdə görməyi bu cavan qadını, həqiqətən, çaşdırmışdı: 
– Bu nədi az, nağayrırsan? 
Cəmilə pəncərənin qabağından çönüb, az qala, hədəqəsindən çıxmaq istəyən dəli 
gözləri ilə onlara baxdı və bərkdən: 
– Əbülfət!.. – deyə çığırıb özündən getdi. 
Güllü arvad tələsik Sonaya: 
– Az, qapını bağla, – dedi. – Camaat eşidər!.. 
XXX  
Əbülfətin dörd nəfər komanda yoldaşı  ağlaya-ağlaya mafanı qaldıranda və 
kişilər onların ardınca  Şuşalılar qəbiristanlığına tərəf üz tutub həyətdən çıxanda 
Gülzar arvad Yataqxana blokunun qabağında iki əli ilə arıq baldırlarına vura-vura 
nəvəsinin dalınca qışqırırdı: 
– Qız görməyən balam, hey!.. 
XXXI  
Həmin gün axşam Molla Fərzəli (Fərzəli müəllim) «Fatihə» oxuyub qurtarandan 
sonra, bozarıb naməlum rəngə düşmüş nimdaş pencəyin, üst-üstə geydiyi iki 
köynəyin içində  cılız vücudundan bir üşütmə keçdi və Molla Fərzəli (Fərzəli 
müəllim) fikirləşdi ki, buranın küləyində də bir qəbir soyuqluğu var. 
Buzovna tərəflərdə xəzri ilə gilavar arasında hərdən dağ yeli deyilən külək əsirdi 
və Şamaxı dağlarından gələn bu külək qəfil başladığı kimi, qəfil də kəsirdi və həmin 
günün ikinci yarısında da birdən-birə dağ yeli əsməyə başladı.  
Fəhlə Yataqxanasının həyətində, krantın arxa tərəfində, həmin üç qoca iydə 
ağacının altında Yataqxana camaatı, yaxın kəndlərdə adda-budda məskunlaşmış və 
Bayraqdarın oğlunun ölümündən xəbər tutmuş başqa  şuşalı kişilər  Əbülfətin yas 
məclisinə yığılmışdı. 
Dərslər bitmişdi və keçən  əyyamların (gözəl  əyyamların) keçmiş hörmətli 
musiqi müəllimi kimi Kamança Tanrıverdi yaxınlıqdakı məktəbin müdirindən xahiş 
etmişdi və müdir də – sağ olsun! – qaçqınların xahişini yerə salmayıb yasa 
müəllimlər otağından, ayrı-ayrı siniflərdən altı uzun miz göndərmişdi. O mizləri elə 
həyətdəcə düzüb ehsan süfrəsi açmışdılar və Kamança Tanrıverdiylə Cümü o 
mizlərdən birinin arxasında yanaşı oturmuşdu.  
Əbülfət Buzovna Fəhlə Yataqxanasında yaşayan şuşalılar arasında haqq 
dünyasına köçən on yeddinci adam idi və bu on yeddi adamın, azı, onunun 
«Fatihə»sini Molla Fərzəli (Fərzəli müəllim) vermişdi və əgər on beş il bundan 
əvvəl Şuşada Molla Fərzəliyə (Fərzəli müəllimə) desəydilər ki, bir azdan sən molla 
olacaqsan və Abşeronun Buzovna deyilən bir kəndində milçək kimi qırılan yürdsuz-
yuvasız şuşalıları bir-bir haqq dünyasına yola salacaqsan, qırx ildən artıq məktəbdə 
tarixdən dərs deyən bu müəllimin saçları qabarıb papağını deşərdi.  
Molla Fərzəli (Fərzəli müəllim) Fəhlə Yataqxanasının, bax, bu həyətində 
«Fatihə»lərini verdiyi o rəhmətlikləri bir-bir gözlərinin qabağına gətirdi və yanında 
oturmuş, bütün günü susub bir kəlmə də söz deməyən Surxayın quru heyva kimi 


 
186
sıxılıb büzüşmüş sifətinə baxdı və birdən-birə, elə bil, kimsə tamam açıq-aşkar 
kişinin qulağına pıçıldadı ki, Molla Fərzəli (Fərzəli müəllim), burada növbəti ölən 
şuşalı – 18-ci şuşalı, bax, bu bədbəxt Bayraqdar olacaq.  
Bu qəfil hissiyyatdan Molla Fərzəlinin (Fərzəli müəllimin) bütün vücudundan 
növbəti bir üşütmə keçdi və bu hissiyyatı özündən uzaqlaşdırmaq üçün, yerində 
vurnuxub üzünü camaata qulluq eləyən cavanlara tutdu: 
– Yeməyi gətirin, camaat «Bismillah» eləsin...  
Məclis əhlinə Əbülfətin komanda yoldaşları xidmət edirdi və bu cavan oğlanlar 
elə cidd-cəhdlə  və sidq-ürəkdən xidmət edirdilər ki, bu dəqiqələrdə o rəhmətlik 
oğlanın ruhu onları görürdüsə, şübhəsiz ki, qürurlanırdı. 
Səhərdən bəri susub heç nə danışmayan Cümü (Qızıl Diş Cümşüd) birdən dedi: 
– O uşaq, bədbəxt, gərək belə ucuz ölümün qurbanı olmayaydı... 
Kamança Tanrıverdi: 
– Qağa, – dedi. – Ölümün ucuzu, bahalısı olur? 
Cümü filtrsiz siqaret çəkməkdən iki barmağının arası sapsarı saralmış əlini neçə 
gündən bəri qırxmadığı sifətində gəzdirə-gəzdirə: 
– Nə bilim... – dedi. 
Plovun düyüsünü gətirdilər, sonra qarasını  gətirib mizə düzdülər və Kamança 
Tanrıverdiylə Cümünün qabağına qoyulan qara boşqabında  şabalıdın, albuxaranın, 
yağlı ət tikələrinin arasında sümüyü qırılmamış bütöv bir maça da var idi və o bütöv 
maça  ətinə baxanda, qəribədir, birdən-birə, bir-birindən xəbərsiz, ikisinin də – 
Cümünün də, Kamança Tanrıverdinin də – yadına  Şuşa düşdü. Niyə belə oldu? 
Bunun səbəbini yəqin nə Kamança Tanrıverdi bilirdi, nə də Cümü, amma olanı bu 
idi ki, birdən-birə, həyatlarının indi əlçatmaz, ünyetməz bir uzaqlığında qalmış 
məqamlarında Şuşa bulaqlarının başında – Isa bulağında, Turşsuda, Səkili bulaqda
Daşaltında qurduqları, yeyib-içdikləri məclislərin ab-havası onların ikisinin də 
içindən ötüb keçdi.  
Kamança Tanrıverdi başı ilə qara boşqabına işarə edib və açıq-aşkar o bütöv 
maçanı nəzərdə tutaraq Cümüyə: 
– Qaradan götür... – dedi. 
Cümü də elə o bütöv maçanı nəzərdə tutaraq: 
– Yox, əvvəl sən götür, sonra... – dedi. 
Kamança Tanrıverdi: 
– Ə, mən sənnən böyüyəm, götür... – dedi. 
Və bu vaxt onlarla üzbəüz, amma bir az kənarda – mizin küncündə oturmuş rusa 
oxşayan bir nəfər (Vasili Kuzmiç) qaşığı uzadıb o bütöv maçanı götürdü və ədəb-
ərkan ilə öz qabağındakı plovla dolu boşqaba qoydu. 
Kamança Tanrıverdi bir az pörtüb yavaşdan: 
– Ə, bu kimdi belə?– soruşdu. 
Cümü: 
– Hər kimdi... – dedi. – Halalı olsun... 
Vasili Kuzmiç isə o maçanın  əti ilə plovun düyüsünü ləzzətlə yeyə-yeyə bir 
daha əmin olurdu ki, dünyada azərbaycanlılardan dadlı xörək bişirən millət yoxdu və 
həmin anlarda Vasili Kuzmiç fəxr eləyirdi ki, o da bu gözəl azərbaycanlılar kimi 
müsəlmandı... 
Və elə bu vaxt heç kimin gözləmədiyi bir hadisə baş verdi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə