Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   80   81   82   83   84   85   86   87   ...   145

 
187
Bayraqdar Surxay birdən-birə yerindən qalxdı  və iti addımlarla camaatın 
arasından keçib uzaqlaşdı.  
Məclisdəkilərin bir qismi təəccüblə onun ardınca baxdı, çünki Bayraqdar 
həyətin aşağı başındakı tualetə, ya Yataqxana blokunun qapısına tərəf yox, 
qazanxanaya tərəf getdi və çox çəkmədi ki, əlində tutduğu bayraqla geri qayıtdı və 
bayrağı məclisin qənşərindəki iydə ağacının budaqlarının arasından uzatdı. 
Sonra Surxay keçib Molla Fərzəlinin (Fərzəli müəllimin) yanında bayaqkı 
yerində oturdu və o dəm Surxay, elə bil, başqa bir dünyadan zühur etmiş  səssiz-
səmirsiz bir məxluq, çəkisiz kölgə kimi bir şey idi. 
Dağ yeli qoca iydənin budaqları arasında yüngülcə  səs sala-sala bayrağı 
yellədirdi. 
Məclis əhlinin boğazından tikə keçmirdi. 
Bu an, gah Molla Fərzəlinin (Fərzəli müəllimin) yanında oturmuş Surxaya, gah 
da dağ yelinin eləcə səslə-küylə yellətdiyi o bayrağa baxan Kamança Tanrıverdinin 
ürəyinə, elə bil, iynə sancdılar və Kamança Tanrıverdiyə elə gəldi ki, indicə Ustad 
Məşədi Müzəffər Ağanın kamançasının simləri – dörd simin dördü də birdən qırıldı 
və o kamançanın xərəyi bir də heç vaxt sim saxlaya bilməyəcək. 
Cümü, elə bil, öz-özünə pıçıldadı: 
– O zubulu damda mən tapıb verdim, o bədbəxt də vurdu... 
Kamança Tanrıverdi: 
– O vurmayıb, əcəl vurub, – dedi.  
Təkcə Vasili Kuzmiç öz taleyindən razı halda həmin qoyun maçasının  ətini 
ləzzətlə yeyib qurtarmaq üzrə idi və onun dünyanın hər üzünü görmüş göy gözləri 
indi də qara boşqabında təzə bir ət tikəsi axtarırdı...  
 
12 – 17 iyun 2004. 
 Moskva – Bakı. 


 
188
KİNOPOVESTLƏR 
 


 
189
OX  KIMI BIÇAQ
 
 


 
190
 
PROLOQ 
 
Gecə qaranlıq  gecə idi, nə ay işığı vardı, nə də ulduz işıldayırdı və qaranlıq elə 
bil bu saat təkcə bu gecənin qaranlığı deyildi, bütün dünyanın qaranlığı idi; elə bil 
daha heç vaxt gün çıxmayacaqdı və heç vaxt da işıq deyilən bir şey görünməyəcəkdi. 
Belə bir intəhasız qaranlıq gecə xofu əmələ  gətirmişdi və bu xof elə bil ki, 
rayonun kimsəsiz küçələrinə, birmərtəbəli, ikimərtəbəli binaların divarlarına, 
darvazalara, zülmət içində  əcaib bir görkəm almış  çılpaq ağaclara hopmuşdu; 
ağaclar elə bil bu dünyanın ağacları deyildi, başqa bir aləmin ağacları idi və pisi bu 
idi ki, hər tərəfi bürümüş bu gecə xofu yaş idi, sulu idi – sulu qar yağırdı; küçələr 
başdan-başa suyun içindəydi; evlərin pəncərə  şüşəsindən, qapı-bacadan su 
süzülürdü. 
Sulu qarın şırıltısı elə bil ki, həmin qaranlıq qış gecəsinin canına hopmuş xofun 
səsi idi. 
Və küçədə yavaş-yavaş boğuq addım səsləri eşidildi, sonra qara paltosunun 
boynunu qaldırıb şlyapasını gözünün üstünə kimi çəkmiş bir kişi göründü.  
Kişi addımladıqca onun addım səsləri bomboş küçədə əks-səda verirdi. 
O, əllərini paltosunun ciblərinə salıb asta addımlarla irəliləyirdi; hərdən ayağı 
səkidəki sucuğa düşürdü, palçığa, zığa girirdi və bu addımlardan da, onun 
görkəmindən də belə  məlum olurdu ki, bu saat kişinin fikri bu yerlərdən çox-çox 
uzaqdadı. 
Sulu qar elə bil vedrədən tökülürdü, amma həmin qaranlıq gecənin yeganə 
qonağı bunu heç vecinə almırdı. Külək hərdən qarı onun lap üzünə çırpırdı və o, su 
damcıları sifətindən axıb tökülənəcən gözlərini açmayıb asta-asta addımlamağında 
davam edirdi. 
Birdən nə isə küt bir səs eşidildi və kişi yerində donub qaldı. Onun gözlərinin 
hədəqəsi birdən-birə genişləndi və bu gözlərdə birdən-birə də bir dəhşət əmələ gədi. 
Sonra kişi bir neçə an yerində səndələyib heç əllərini də cibindən çıxarmağa macal 
tapmadı və üzüstə səkiyə sərildi. 
Onun kürəyinin sol tərəfində, paltosunun üstündə yekə  bıçaq dəstəyi, həmin 
qaranlıq qış gecəsində birdən-birə işıldadı. 
Dəstəyin altından axan qan, suya qarışıb səki ilə axdı. 
 
 

Ağaclar, kollar, bütün yer qarın içində idi; göy də  ağappaq idi və  hər tərəfi 
bürümüş bu qar ağlığında bir təmizlik, şəffaflıq var idi. 
Ağacların budaqlarından lopa-lopa qar sallanmışdı, yerin üzü isə tamam hamar 
idi, heç bir ayaq izi, heç bir ləpir yox idi və belə görünürdü ki, bu yerlərdə qar lap 
təzəcə dayanmışdı. 


 
191
Əvvəlcə qarın xırıltısı eşidildi, sonra meşədən bir cüyür çıxıb açıqlıqda dayandı, 
bir müddət qulaqlarını şəkləyib o tərəf-bu tərəfə baxdı. Cüyürün ağzından, burnunun 
pərələrindən buğ çıxırdı. Ayaqları qara bata-bata bir neçə addım da irəlilədi və yenə 
də qulaqlarını şəkləyib o tərəf-bu tərəfə baxdı. 
Cüyürün ayaqları altında qalan qarın xırtıltısı bütün bu tərəflərə çökmüş 
səssizlik içində çox aydın eşidilirdi və bu xırtıltı kəsiləndən sonra yenə də hər tərəfə 
sükut çökdü; elə bil ki, həmişə belə olmuşdu və  həmişə  də belə olacaqdı; təbiət 
həmişə bu cür tərtəmiz, pak, şəffaf olacaqdı  və elə bil ki, bütün yer üzündə  təkcə 
cüyür ayağı altında qalan qar xırtıltısı bu yerlərin səssizliyini poza bilərmiş. 
Və  həmin vaxt uzaqdan gələn qatarın səsi eşidildi. Cüyür də başını qaldırıb 
uzaqda görünən parovozun tüstüsünə baxdı. Parovozun tüstüsü hər tərəfi bürümüş 
bu ağlıqda özündən sonra qapqara zolaq buraxa-buraxa irəliləyirdi. Cüyür yenə 
başını  aşağı saldı; belə  məlum olurdu ki, parovozun səsi də, görkəmi də onu 
qorxurtmurdu; elə bil bilirdi ki, parovoz da, qatarlar da heç vaxt yolundan 
çıxmayacaqdı və onu qabağına qatıb bağrı yarılanacan qovmayacaqdı.  
Qatar bu yerlərə uyuşmayan bir sürətlə  gəlib-keçdi və parovoz elə bil ki, 
bayaqkı səssizlikdən intiqam alırmış kimi, birdən-birə fit verdi. Bu parovoz fiti hər 
tərəfi lərzəyə gətirdi və cüyür də bu eybəcər səsdən ürkdü, ayaqları qara bata-bata 
qaçıb meşədə gözdən itdi. 
Vaqonun pəncərəsi ağzında dayanıb bayıra baxan səkkiz yaşlı  qəşəng bir qız 
bərkdən qışqırdı: 
– Ceyran!.. Ceyran!.. 
Saçına bağlanmış  ağ bantları özündən böyük olan bu qəşəng qız qəfil ceyran 
sevincindən geniş açılmış gözlərini pəncərədən çəkib anasına baxdı: 
– Ceyran idi e, mama, ceyran idi! Elə gözəl idi ki! Dayanmışdı, sonra qaçdı... 
Anası gözlərini qarşısında tutduğu jurnaldan çəkməyib: 
– Yaxşı, yaxşı... – dedi. 
Qız başa düşdü ki, anası yenə inanmır ona və belə bir insafsızlıqdan dodağı 
qaçdı: 
– Inanmırsan? – dedi. – Doğru deyirəm... 
Anası bu dəfə gözlərini jurnaldan ayırıb təkrar etdi: 
– Yaxşı! – Sonra yenə gözlərini jurnala dikdi. 
Qız bircə  dəqiqənin içində bikeflədi və dünyanın belə bir insafsızlığı onun 
gözlərindəki parıltını söndürdü. 
Yumşaq kupedə dörd nəfər yol gedirdi – bizim bu balaca qız, anası, qəzet 
oxuyan yaşlı bir kişi və həmin yaşlı kişi ilə üzbəüz oturan cavan bir oğlan. 
Cavan oğlan soruşdu: 
– Üşüyürdü ceyran? 
Qız  əmiyə baxdı  və başa düşdü ki, bu cavan əmi ona inanır, inanır ki, indicə 
doğruçu ceyran görüb. 
– Ağzından, burnundan buğ çıxırdı, – dedi. 
Cavan oğlan gülümsədi. Onun qəribə gülümsəməyi vardı – nazik dodaqları 
qaçırdı, ağappaq dişləri ağarırdı  və gözlərində  də bir təmizlik parlayırdı – bu 
təmizlikdə həmişə bir yaxınlıq, doğmalıq hiss edirdin. 
Qızın anası yenə  də gözlərini jurnaldan çəkib,  əvvəlcə bu sadəlövh cavan 
oğlana baxdı, sonra qızına və başını buladı, yəni ki, dünyada əcəb avam adamlar var. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə