Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   76   77   78   79   80   81   82   83   ...   145

 
178
Azərbaycanın müxtəlif rayonlarından gətirtdirdiyi cins Quba almalarından, Ordubad 
əriyindən, Göyçay narından tutmuş Abşeron ənciri, xartutu, muşmulası, iydəsi, 
innabınacan ağac əkdirib bağ saldırmışdı və hər dəfə yay qurtaranda özü də, arvadı 
da söz verirdilər ki, gələn yay mütləq Bilgəhə köçəcəklər, amma elə ki, yay gəlib 
çıxırdı, o söz də yaddan çıxırdı, Əhməd Ağayeviç məzuniyyət götürə bilsəydi, bir 
yerdə, götürə bilməsəydi, özü Bakıda qalırdı, ailəsi isə ya Antalyada, ya Karlovı-
Varıda, ya da başqa bir yerdə – sovet hökumətindən sonra azadlıq idi və kim hara 
istəyirdi, ora da gedirdi – istirahət edirdilər və illər də beləcə ötüb-gedirdi.  
Bilgəhdəki bağ Əhməd Ağayeviçin klassik daşınılmaz əmlakına çevrilmişdi və 
o əmlakın etibarlı gözətçisi də Vasili Kuzmiç idi. 
Həmin gün idarədə iş çox gərgin keçdi (haçan gərgin olmurdu ki?) və Əhməd 
Ağayeviç işdən sonra bir az yeyib-içib istirahət etmək, həm də Cavanşirin klarnetinə 
qulaq asmaq üçün dostlarıyla «Şən həyat» restoranına getdi və içkini çox xoşlamasa 
da, Cavanşir onun şəxsi sifarişi ilə klarnetdə elə bir «Segah» çaldı ki, Əhməd 
Ağayeviçin heç xəbəri olmadı neçə qədəh konyak içdi.  
Cavanşir klarnetin ağzını tavana tutub sidq-ürəkdən «Segah» çalırdı  və o 
«Segah»  Əhməd Ağayeviçi «Şən həyat» restoranından çıxarıb haralara apardı?– o 
yerin adı yox idi, amma görünməz-bilinməz bir uzaqlıqda olan o məkan çox kövrək 
və çox qəmgin bir yer idi, orda Əhməd Ağayeviç həyatın ötüb-getdiyini və sonun 
yaxınlaşdığını tükürpəşdirən bir aydınlıqla hiss edirdi, o məkanda bir əlacsızlıq var 
idi, yaşanmış ömrün və ümumiyyətlə, həyatın, dünyanın mənasızlığı oranın hər 
tərəfinə hopmuşdu və  Əhməd Ağayeviçi «Şən həyat» restoranında nəfəs almağa 
qoymurdu.  
Hamı Əhməd Ağayeviçi sərt, hətta daşürəkli və təhlükəli bir adam kimi 
tanıyırdı, amma heç kimin xəbəri yox idi ki, axır vaxtlar, hərdən, gecə yuxuya 
getməzdən əvvəl, bəzən də hansısa bir iclasda, rəsmi konsertdə birdən-birə xəyal 
Əhməd Ağayeviçi – bu «sərt, daşürəkli və təhlükəli» adamı həmin o naməlum, 
amma tamam qüssəli məkana aparırdı və Əhməd Ağayeviç o məkanda özünü, elə 
bil, hava əvəzinə kədər doldurulmuş bir çəkisizlik içində hiss edirdi, həyatın 
amansız bir sürətlə sona doğru getməsi, 3 ildən, 5 ildən, lap 15 ildən – onda 75-76 
yaşı olacaqdı – sonra heçə dönəcəyi, torpaqda çürüyəcəyi onu dəhşətə gətirirdi, 
pulları da, arvadının çox nadir daş-qaşları da, hətta oğlunun məktəbi bitirəndə aldığı 
qızıl medalı, qızının bəstələdiyi və iki ilin içində bütün Azərbaycanda məşhur olan 
mahnıları da tamam mənasız bir şeyə çevrilirdi və yaxşı ki, bu duyğular tez də 
keçib-gedirdi, yoxsa ki, onlara dözmək mümkün deyildi, amma bu dəfə – «Şən 
həyat» restoranındakı bu axşam Əhməd Ağayeviçin düşüncələri, hissiyyatı o kədərli 
məkandan geri qayıda bilmirdi, elə bil, yapışıb orada qalmışdı, qopa bilmirdi və bu 
azmış kimi, Əhməd Ağayeviç növbəti qədəhi içəndə, mədəsi bu qədər konyaka 
öyrənmədiyi üçün, az qaldı ürəyi bulansın, onu soyuq tər basdı, ayağa qalxıb tualet 
bəhanəsi ilə eşiyə çıxdı.  
«Şən həyat» restoranı Pirşağıda, dəniz kənarında idi və Əhməd Ağayeviç tualetə 
yox, sahilə getdi, əyilib dənizin dayaz qum sahilindən bir ovuc durulmuş su götürdü 
və o suyu sifətinə çırpdı, amma su ilıq olduğu üçün Əhməd Ağayeviçin əhvalına heç 
bir sərinlik, heç bir təravət gətirmədi, əksinə, ilıq dəniz suyunun damcıları sifətindən 
axıb boğazından ağ köynəyinin altına süzüldükcə, ürəyi daha artıq sıxılmağa başladı, 


 
179
elə bil, o adi dəniz suyu da damcı-damcı o kədərli, qəmli-qüssəli, uzaq məkandan 
(əslində naməkandan!) damırdı.  
Klarnet ağzını tavana yox, elə bil, həmin məkandan (naməkandan) düz Əhməd 
Ağayeviçin üzünə (ürəyinə... içinə...) tuşlayıb deyirdi ki, ay səfeh insan, yox, daha 
da açıq ünvanlı deyirdi, deyirdi ki, ay səfeh  Əhməd Ağayeviç, hər  şeyin var, otuz 
ildi cürbəcür vəzifələrdəsən, pulun var, yaxşı övladların var, nəvən var, ev-eşiyin 
var, amma nə olsun? bunun mənası  nədi? hər  şeyin var, amma öz içində, öz 
ürəyində, heç olmasa, bir kvadratmetrlik balaca adan da yoxdu ki, üstünə  çıxıb 
özünü boğulmaqdan xilas edəsən və  Əhməd Ağayeviç hiss etdi ki, bu saat bu 
aydınlıq gecədə, dənizin kənarında arvad kimi hönkürüb ağlayacaq, tez geri çevrilib 
iri addımlarla «Şən həyat» restoranına qayıtdı. 
Cavanşirin klarneti bu dəfə hansısa bir xalq mahnısı çalırdı və süfrə arxasında 
oturmuş dostlar ləzzətlə ona qulaq asırdılar, amma Əhməd Ağayeviçin indi, hətta 
Cavanşirin klarnetinə də qulaq asmağa taqəti yox idi və: «– Gərək gedib bağa baş 
çəkim...»– bəhanəsi ilə dostlardan ayrıldı  və  qəribəsi də bu oldu ki, «Şən həyat» 
restoranından çıxıb maşına minəndə, doğrudan da, sürücüyə dedi: 
– Bilgəhə sür! 
Sürücü (tatar balası Şövkət): 
– Oldu! – dedi və fikirləşdi ki, dünyada kiminsə sürücüsü olmaqdan da əbləh bir 
iş yoxdu.  
O isti iyun günü Şövkətin qızının 10 yaşı tamam olurdu və axşamdan bəri «Şən 
həyat» restoranının qabağında  Əhməd Ağayeviçi gözləyən sürücünün evə gedib 
qızını hələ yatmamış görmək ümidi tamam boşa çıxdı.  
Maşın gün istisindən yumşalıb dalğalanmış  əyri-üyrü asfalt yolla «Şən həyat» 
restoranından uzaqlaşdıqca, elə bil, o «Segah»ın səsi də yavaş-yavaş  Əhməd 
Ağayeviçin qulağından uzaqlaşırdı, arxada qalırdı, hətta Əhməd Ağayeviç fikrindən 
keçirdi ki, əvvəllər kolxozlara «Şən həyat» adı verirdilər, indi isə restoranlara və 
gülümsədi də, sonra fikirləşdi ki, bu gecə vaxtı nə var Bilgəhdə, bəlkə geri – Bakıya 
qayıtsın, amma bu vaxt, elə bil, kimsə  qəflətən Vasili Kuzmiçin sifətini  Əhməd 
Ağayeviçin gözlərinin qabağına gətirdi və  Əhməd Ağayeviç bu rus kişisinin 
sifətində heç vaxt görmədiyi bir əzab, iztirab gördü, hiss etdi. 
Elə bil, uzaqdan yenə də o «Segah»ın sədaları yavaş-yavaş eşidilməyə başladı 
və Əhməd Ağayeviç ürəkdən gələn səmimi bir tənə və peşmançılıqla fikirləşdi ki, 
beş ildən artıqdı bu bədbəxt rus kişisinə həftədə otuz beş, qırx mindən artıq pul 
vermir. Otuz beş, qırx minə üç kilo ət almaq olardı, vəssalam. Yaxşı, ət yeməsin bu 
bədbəxt oğlu, nə zirzibil keçir əlinə, onu yesin, bir həftə otuz beş, qırx minə necə 
yaşamaq, geyinmək, siqaret çəkmək olar? Axı, it deyil, pişik deyil, insandı bu 
bədbəxt oğlu Vasili Kuzmiç... Günə nə qədər düşür? Beş min... Insanla belə rəftar 
eləyərlər? Bu adamın, bu bədbəxt oğlu Vasili Kuzmiçin sənin ona verdiyin o puldan 
başqa bir gəlir yeri yoxdu. Onu o cür ac saxlamağının günahını Allah elə bilirsən, 
bağışlayacaq sənə? Elə bilirsən, bunun altını çəkməyəcəksən?  
Əhməd Ağayeviç Bakıda təzə qəbiristanlıqda (köhnə qəbiristanlığın arxasında) 
geniş bir sahə almışdı, orada ağac əkdirmişdi, oranı mərmər üzlüklü hasara almışdı 
və indi, «Şən həyat»dan çıxıb Bilgəhə getdiyi bu dəqiqələrdə həmin qəbiristanlıq 
sahəsi onun gözlərinin qabağına gəldi və elə bil, gözəgörünməz bir əl Əhməd 
Ağayeviçin boğazından tutub onu boğmağa başladı: ay səfeh oğlu, səfeh, ora nə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə