Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə30/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   26   27   28   29   30   31   32   33   ...   184

 

68

Həmin gündən sonra Çal Papaqlar arasında bu cür savaşlar ki, Ingiltərədə buna 



keltç deyərlər, tez-tez baş verdi və onların camaat arasındakı hörmət-izzəti bir tərəfə 

qalsın, özlərində də bir Çal Papaqlıq qalmadı – ikisinin də tükü yonulmuşdu tamam, 

Birinci Çal Papağın dərisində beş cırıq var idi; Ikinci Çal Papağın dərisində yeddi 

cırıq, ikisi də axsayırdı, ikisi də... Nə isə, mən hələ  dərinə getmirəm, bizim 

zəmanənin nağılı gərək müxtəsər olsun. 

Camaat  əvvəlcə bütün bu əhvalatlara bərk təəccübdə idi. Sonralar bu təəccüb 

kefiköklüklə  əvəz olundu, yəni onlar Çal Papaqların verdikləri tamaşalara baxıb 

həzz almaqla məşğul idilər, amma yavaş-yavaş bu kefiköklük dəxi söndü və mən bu 

camaata heyrət edirəm ki, özlərini elə aparırdılar, elə bil dünyada heç sabiq 

möhtərəmlər olan Çal Papaqlar kimi bir zad yox imiş.  

Qara Kepkanın isə həyat yoldaşı, könül dostu, qəlb sirdaşı, vəfalı sevgilisi Çadra 

xanımla birlikdə kefi kök, damağı  da  ki  çağ idi, özü də gedib Şlyapalar yaşayan 

şəhərə bilet almışdı. 

Burda nağılı qurtardım. 

Göydən üç alma düşdü: biri mənim, biri bu nağılı yazanın, biri də oxuyanın. 

Vəssalam, şüttamam. 

 

1963–1970. 

 

 



 

 



 

69

GÜMÜŞÜ, NARINCI, MƏXMƏRI... 

 

Xoruzun axırıncı banından bir az keçmiş, Qəşəm kişi həyətə düşdü, amma baxıb 



gördü ki, yenə çisəkləyir, özü də lap soyuqdur, təzədən artırmaya qalxıb 

müharibədənqalma  şinelini ağ tuman-köynəyinin üstündən çiyninə saldı  və sidq-

ürəkdən əsnəyib hələ də üşüyə-üşüyə həyətin aşağı başına tərəf getdi. 

Bu il payız gec gəlmişdi, amma yaman gəlmişdi – dörd gün idi kənddə hava 

açılmırdı, elə hey xırda-xırda çisəkləyirdi. Birdəfəlik  şıdırğı yağmırdı ki, adamın 

canı qurtarsın; bu gün də, deyəsən, elə belə olacaqdı. 

Ayna arvad da artırmaya çıxıb həyətə boylandı  və o da ürəyində havanın 

qarasına deyindi. 

Amma bu saat bu evdə bir adam da vardı ki, bu gecikmiş payız da, bu 

zəhlətökən çiskin də onun heç vecinə deyildi, çünki həmin adam – Allahverdi – 

keflə yatırdı isti yorğan-döşəyində, həm də yuxu görürdü. Görürdü ki, təzə ayaqqabı 

geyib, təzə kostyum geyib, boynuna da qalstuk taxıb dayanıb rayon mərkəzindəki 

dəlləkxananın qabağında, başında da şəhərdən gələn kinooperatorun papağından bir 

papaq. Hamı heyrətlə gah Allahverdiyə baxırdı, gah da Allahverdinin başına 

qoyduğu bu papağa. Allahverdi də bundan qürurlanırdı. Birdən o gördü ki, dədəsi 

bazar başından ona sarı gəlir. Doğrudan da, Allahverdinin dədəsi oğluna yaxınlaşıb 

başına qoyduğu papağa baxdı və həmişəki zəhmlə soruşdu: 

– O nədi, ə, qoymusan başına? 

Allahverdi ağzını açmağa macal tapmamış dədəsi yenə nə isə qışqırdı.  

Qəşəm kişi artırmada dayanıb yenə üzünü Allahverdi yatan otağa sarı tutdu və 

qışqırdı: 

– Ə, Allahverdi, gün günortanı keçdi, dursana! 

Allahverdi var gücü ilə çalışdı ki, rayon mərkəzindəki dəlləkxananın yanından 

heç hara getməsin, amma mümkün olmadı, çünki Qəşəm kişi bu dəfə açıq-aşkar 

hədə-qorxu gəldi: 

– Ə, Allahverdi! 

Allahverdi hələ də gözünü açmayıb isti yorğan-döşəyində bu səhər axırıncı dəfə 

gərnəşdi – bilirdi ki, bir azdan bu istini də, bu yuxunu da həyətdəki boz payız əvəz 

edəcək – sonra gözünü açıb zoğalı boya ilə rənglədikləri tavana baxdı və ərinə-ərinə 

soruşdu: 

– Nədi e? 

Əlbəttə, Allahverdi özü lap yaxşıca bilirdi ki, iş  nə yerdədir: həmişəki kimi, 

əvvəlcə göydəmir ürgəni tövlədən çıxarıb arxa suvarmağa aparmalıydı, sonra 

qayıdıb Qızıl inəyi naxıra qoşmalıydı, sonra bir-iki qucaq odun doğramalıydı, sonra 

isə, isti südlə pendir-lavaşını yeyib dərsə getməliydi. Bunların hamısını yaxşı bilirdi, 

amma hər dəfə də dərsə hələ iki saat qalmış yuxudan durmaq müsibət idi onun üçün

ələlxüsus da payızın bu çiskinində. 

Eybi yox, az qalmışdı, lap az qalmışdı Bakıya gedib instituta girməyinə: qış 

gəlib keçəcəkdi, yaz gəlib keçəcəkdi, sonra da yay gələcəkdi – imtahan imtahan 

dalınca – sonra da xudahafiz, göydəmir ürgə, xudahafiz Qızıl inək, xudahafiz, vələs 

saplı balta. Imtahanlar çətin olacaqdı – aydın məsələdir – amma nə qədər çətin olsa 

da, səhərin gözü açılmamış hövlnak isti yorğan-döşəkdən qalxıb payızın çiskininə 

girməkdən min dəfə asandı. 

Qəşəm kişinin lap səbri tükənmişdi:  

– Ə, noldun?! 



 

70

– Durdum e, durdum!..  



Allahverdi yorğanı üstündən atıb çarpayıda oturdu, yekə ayaqlarının altındakı 

cecimdə toxunmuş ceyran sürüsünə baxdı, sonra qızarmış gözlərini qırpa-qırpa 

geyinməyə başladı. 

Qəşəm kişi Qızıl inəyi tövlədən çıxarıb artırmanın altına çəkdi. Qızıl inəyin 

buzovu da quyruğunu yelləyə-yelləyə canfəşanlıqla düşdü anasının dalına. 

Üşüyə-üşüyə artırmadakı  əl-üzyuyanda xala xətrin qalmasın yuyunan 

Allahverdinin buzova yazığı  gəldi və ürəyində fikirləşdi ki, ay yazıq buzov, sənin 

təqsirin nədir ki, gül kimi tövləni qoyub düşürsən bu sısqa çiskinin altına. 

Qəşəm kişi buzovu inəyin qıçına bağladı, Allahverdinin anası Ayna arvad da 

artırmanın altında çöküb sərnici qoydu iki dizinin arasına və başladı inəyi sağmağa. 

Allahverdi  ərinə-ərinə  aşağı düşüb salamsız-kəlamsız tövləyə  tərəf getdi, içəri 

girib göydəmir ürgəni axurdan açdı, cilovu atın başına keçirib darta-darta həyətə 

çıxartdı, darvazanın qapısını itələyib göydəmir ürgənin çılpaq belinə tullandı: cavan 

və sağlam at öz yolunu tanıyırdı və öz işini də bilirdi. 

Allahverdinin sinif yoldaşı, yəni Allahverdi ilə birlikdə  kənddəki məktəbin 

onuncu sinfində oxuyan Məlik də  həmişəki kimi əsnəyə-əsnəyə oturmuşdu kəhər 

madyanlarının belində  və  kəhər madyan da ədəb-ərkanla arxdan su içirdi, alapaça 

dayça da böyründə. Allahverdini görəndə  Məlikin birinci sözü bu oldu ki, Səftər 

müəllim xəstələnib, dərsə gəlməyəcək. 

Yuxudan kal durduğuna görə  hələ  də aynası açılmamış Allahverdi gözlərini 

qırpa-qırpa: 

– Ba? – dedi və ürəyində fikirləşdi ki, yazıq Səftər müəllim neyləsin, belə sarsaq 

havaya da revmatizm tab gətirər? – Revmatizmi qalxıb? 

Məlik əsnəməyinə ara vermədən: 

– Hə, – dedi. 

Səftər müəllim Məlikgilin həyətbir qonşusu idi, fizika müəllimi idi və bu gün də 

birinci dərs fizika dərsi idi; deməli, bu gün birinci dərs olmayacaqdı. 

Kəhər madyan sudan doyub boynunu qaldırdı,  əvvəlcə bir an müdrik-müdrik 

arxın o tayındakı heyva ağaclarına baxdı, sonra yenə başını  aşağı salıb arxın 

qırağında təzə göyərmiş payız otundan otlamağa başladı. Məlik cilovu çəkib: 

– Cəfər rayona gedir, – dedi. – Axşama kino gətirəcək. 

Allahverdi yenə də: 

– Ba? – dedi və göydəmir ürgənin arxdan su dümləməsinə tamaşa elədi. 

Cəfər, Məlikin böyük qardaşı idi, özü də kinomexanik idi, iki gündən bir, üç 

gündən bir rayondan film gətirirdi, axşamlar klubda göstərirdi. Kinomexanik Cəfər 

kənddəki cavanların arasında hörmətli adam idi, amma həmin  əcaib papaqlı 

kinooperator Bakıdan gəlib bu kəndə  çıxalı  Cəfərin hörmətinə bir az xələl 

toxunmuşdu, çünki məlum olmuşdu ki, dəvədən böyük fil var, yəni məlum olmuşdu 

ki, bir var hıqqana-hıqqana velosipedlə buradan rayona gedəsən, hıqqana-hıqqana da 

oradan bura film gətirəsən, bir də var ki, par-par parıldayan aparatı əlinə alıb tutasan 

gözünün tuşuna və başlayasan özün film çəkməyə. 

Bakıdan gələn kinooperator dörd gün idi ki, kənddə idi, özü də qalırdı 

Allahverdigildən iki ev yuxarıda olan Salman kişigildə. Dörd gün idi gəlmişdi, 

amma heç nə çəkə bilməmişdi, deyirdi ki, hava pisdir, gərək gün çıxsın. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə