Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə2/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   2   3   4   5   6   7   8   9   ...   89

haqqında məlumat verməyi xahiş edirəm.
 
Murad Nəbibəyov
“Şəki bələdiyyəsi” qəzetinin redaktoru,
“Qızıl qələm” mükafatı laureatı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


GİRİŞ
 
Uca zirvələri ilə göyləri fəth edən qocaman Qafqazın cənub yamacında – ormanlı dağların səfalı
qoynunda hələ ta qədimdən möhtəşəm bir Şərq şəhəri özünə məskən salmışdır – Şəki şəhəri. Şəkinin
əlverişli təbii şəraiti, əkinə yararlı münbit torpaqları, çay vadiləri, bərəkətli düzənlikləri, sərin
yaylaqları, mülayim qışlaqları çox erkən onu firavan yaşayış guşəsinə çevirmişdir.
Şəki... Azərbaycanın sözün hər bir mənasında orijinal olan bir şəhəri. Bu yerlərə 2700 il qabaq
köçüb gəlmiş ən qədim türk tayfaları olan sakların məskunlaşdığı tarixi bir ərazi. Qayğısız
uşaqlığımın keçdiyi bir şəhər. Şəki həm də mənim üçün Bəxtiyar Vahabzadə deməkdir, Mirzə Fətəli
Axundov deməkdir, Sabit Rəhman, Emin Sabitoğlu, Şəfiqə Axundova, Lütfəli Abdullayev və digər
dahi sənətkarların, korifeylərin yetişdiyi bir məkan deməkdir.
Şəki... Hər daşında, küçəsində tarixin yaşadığı möhtəşəm bir şəhər. Nazim Hikmət deyərdi ki,
Azərbaycanın digər abidələri olmasaydı belə, təkcə Xan sarayını göstərmək kifayətdir ki, bu xalqın
necə böyük bir mədəniyyətə, incəsənətə, zəngin tarixə malik olduğunu sübut edəsən. Bəs bizlər
neylədik? Xan sarayının ətrafına asfalt çəkdik, döşəməsinə laminant vurduq, otaqlara kondisioner
qoyduq, elektrikləşdirdik. Və bütün bu müasir dəbdəbənin fonunda Xan sarayı kiçildi, cılızlaşdı.
Məgər italyanlar Kolizeyin ətrafına asfalt çəkə bilməzdilər, ya Pompeyin xarabalıqlarını təmir etmək
bu qədər çətindir? Misir ehramlarının ətrafını abadlaşdırmaq olmazdı? Mən həmişə demişəm, tarixi
abidələri təmir etmək yox, bərpa etmək lazımdır. Tarixi olduğu kimi qoruyub saxlamaq lazımdır.
Təəssüf.... Biz qoruya bilmirik...
Şəki... Özünəməxsus xüsusiyyətləri olan insanları ilə fərqlənən bir şəhər. İlk növbədə mən
qonaqpərvərliyi qeyd edərdim. Gələn qonaq üçün canını belə verər şəkililər. Səmimidirlər. Amma
yeri gələndə sözlərini zarafatla da olsa yiyəsinə çatdırırlar. İlk baxışdan sadəlövh görünsələr də,
əslində çoxbilmişdirlər. Tükü tükdən seçirlər. Emosionaldırlar, lakin onu da deyim ki, şəkililəri
güldürmək çətindir. Çox zəngin bir mətbəxi var. Tam səmimi deyim ki, Şəkidə bişirilən pitini,
bozbaşı, plovu və s. yeməkləri mən başqa heç yerdə yeməmişəm. O dadı ala bilməmişəm. Şəkinin
təbiəti, iqlimi, havası belə tam fərqlidir. Hərdən Şəkiyə gedəndə elə girəcəkdən, nəfəs aldığın
havadan belə hiss olunur ki, Şəkidəsən.
Şəki... Azərbaycanın gülüş paytaxtı! Yadımdadır, Sovetlər vaxtı hər il şəhərimizdə “Gülüş bayramı”
keçirilərdi. Dünyanın hər yerindən qonaqlar gələr, çox möhtəşəm bir şənlik olardı. Mən onda orta
məktəbdə oxuyurdım. Hamımız ağ köynək, qara şalvar geyinərək qonaqları qarşılamağa çıxardıq.
Hamının üzündə təbəssüm, böyük sevinc olardı. Təəssüf ki, indi “Gülüş bayramı” keçirilmir, lakin
Şəki deyəndə hələ də istər-istəməz insanların üzündə təbəssüm yaranır. Maraqlı burasıdır ki,
şəhərimizə gələn istənilən xarici ölkə vətəndaşı, hətta ingilis, fransız belə uzağı bir ay Şəkidə
qaldıqdan sonra bu ləhcədə, özünəməxsus Şəki aksentində danışır.
Şəki lap qədim zamanlardan bütün Şərqdə özünün ulu loğmanları, tanınmış təbibləri ilə məşhur
olmuşdur. Azərbaycanımızın elmi, mədəniyyəti, ədəbiyyatı qədim tarixə malikdir. Bu kitabda biz sizə
Azərbaycan təbabətinin tərkib hissəsi olan Şəki səhiyyəsindən, onun dünənindən, bu günündən,
burada bütün ömrünü fədakarcasına insanların sağlamlığına həsr edən həkimlərdən, bir sözlə, tarixə
öz adlarını artıq əbədi həkk etmiş səhiyyə fədailərindən söz açmaq istəyirik.
Səhiyyə tarixini araşdırarkən müvafiq dövrün ictimai-iqtisadi vəziyyətini, sosial durumunu da
araşdırmaq lazım gəldi. Çünki baş verən hadisələri bilmədən, tarixi vəziyyəti təhlil etmədən səhiyyə


sisteminə qiymət vermək mümkün deyildi. Məsələn, Qafqaz Albaniyası dövründə olan təbabət bu
yerlərə türklərin gəlişindən sonra tam başqa məcraya yönəlir. Ərəb istilasından sonrakı təbabətlə
Rusiyanın işğalından sonrakı təbabət bir-birindən köklü şəkildə fərqlənir. Ona görə də müvafiq
dövrlərə aid tarixi hadisələri qələmə aldıqdan sonra həmin dövrün səhiyyə sistemi haqda məlumat
verməyi məqsədəuyğun hesab etdim.
Şəki şəhəri Azərbaycanın tərkib hissəsi olduğu üçün səhiyyə sistemi də məhz bu regionla sıx bağlı
olub. Əslində Şəki səhiyyəsinin inkişafı Azərbaycan səhiyyəsinin inkişafının bir parçasıdır. Bu
hadisələr ölkəmizin hər yerində, demək olar ki, eyni şəkildə inkişaf edib. Eyni zamanda,
Azərbaycanda baş verən bütün tarixi hadisələr Şəkinin həyatına bu və ya digər dərəcədə təsir edib.
Xüsusən də, XIX-XX əsrlərdə Şəki Azərbaycan adlı vahid bir dövlətin tərkibində olduğundan inkişaf
yolları, tarixi hadisələr və bu hadisələrin səhiyyə sisteminə təsiri, demək olar ki, eynidir. Ona görə də
bu dövrün tarixini yazarkən hadisələr Azərbaycan kontekstindən götürülüb və şəhərimizdə baş verən
hadisələr də bu hadisələrin doğurduğu təzahürlərin nəticəsi kimi izah olunub. Doğrudur, Şəkiyə aid
bir sıra özəl xüsusiyyətlər var ki, bu da kitabda öz əksini tapıb.
Səhiyyənin tarixini araşdırarkən bir daha əmin oldum ki, tarixin istənilən dönəmində, istənilən
ictimai-iqtisadi formasiyada təbiblər, loğmanlar, həkimlər cəmiyyətin ən nüfuzlu, ali təbəqəsi olub,
adları həmişə hörmətlə, ehtiramla çəkilib.
Ola bilsin ki, kitabda səhiyyəmizin tarixinin bəzi detalları işıqlandırılmayıb. Ola bilər ki, Şəki
təbabətində məşhur olan bir sıra həkimlərimizin fəaliyyətləri haqqında kitabda məlumat yoxdur. Mən
bildiyim, tədqiq etdiyim, mənə məlum olan faktları bu kitabda canlandırmışam. Əgər hörmətli
oxucularda başqa məlumatlar və faktlar varsa, çox istəyərdim ki, mənə göndərsin, kitabın ikinci
nəşrində həmin məlumatları da əlavə edim.
Eyni zamanda, ilk növbədə, mənə yüksək səviyyədə təhsil vermək üçün hər şey edən, məndə elmə,
oxumağa, yazmağa həvəs yaradan, bu ruhda tərbiyə edən əziz anam Firuzə Həmidovaya dərin
təşəkkürümü bildirirəm. Bütün dövrlər ərzində mənim qayğımı çəkən, nazımla oynayan, sözün hər
mənasında mənə əsl ömür-gün dostu olan həyat yoldaşım İlhamə Əsədovaya minnətdarlığımı
bildirirəm. Kitabın hazırlanmasında böyük əməyi olan, Əbdülqəni Nuxəvinin “Qazıxana dəftəri”ni
incələyən, ordan səhiyyəyə aid olan hissələri çıxararaq qruplaşdıran Azərbaycan Dövlət İqtisad
Universiteti, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistri qızım Firuzə Əsədovaya
təşəkkürümü bildirirəm. Bu kitabın ilk oxucusu və tənqidçisi, dəyərli məsləhətləri ilə mənə böyük
köməklik göstərmiş Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinin tələbəsi, Tələbə Psixoloji
Cəmiyyətin sədri oğlum Fuad Əsədova təşəkkürümü bildirirəm.
Mən Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialının rəhbərliyinə, bütün əməkdaşlarına
orda tədqiqat işləri aparmaq üçün hər cür şərait yaratdıqlarına görə böyük təşəkkürümü bildirirəm.
İlk dəfə olaraq kitabdan bəzi hissələri öz qəzetində çap etdirdiyinə, yeni faktlar toplayaraq bu kitabın
materiallarını daha da zənginləşdirdiyinə görə, əlindən gələn köməyi əsirgəmədiyinə görə “Şəki
Bələdiyyəsi” qəzetinin redaktoru, “Qızıl qələm” mükafatı laureatı, şəhərimizi, Azərbaycanı
dəlicəsinə sevən, sözün hər mənasında dəyərli ziyalımız Murad Nəbibəyova dərin təşəkkürümü
bildirmək istəyirəm.
Bu kiçik girişdən sonra Şəkinin planetimizdə yaşayan, demək olar ki, bütün xalqlara məlum olan
füsunkar gözəlliyindən, ecazkar təbiətindən, insanlarının qonaqpərvərliyindən və özünəməxsus
mədəni irsindən söhbət açmaq artıq olardı... Odur ki, keçək əsl mətləbə.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə