Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə68/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   64   65   66   67   68   69   70   71   ...   89

təyin olunur. Əvvəllər Kiçik Dəhnə xəstəxanasında baş həkim işləyən və sonra Mərkəzi rayon
Xəstəxanasının baş həkiminin müavini vəzifəsinə irəli çəkilən Nuh Abduləzizovun Şəki səhiyyəsinin
rəhbərliyinə gəlməsi bir sıra yeni üsulların tətbiqi ilə əlamətdardır. Həmin illərdə mərkəzləşdirilmiş
qaydada oksigen verilməsi, bütün şöbələrdə elektrokardioqraf aparatının quraşdırılması,
mikroorqanizmlərin antibiotikə həssalığının təyin edilməsi üsullarının tətbiqi Nuh həkimin baş
həkimlik dövrünə təsadüf edir.
1982-ci ildə Uşaq Xəstəxanası yeni binaya köçürülür. Bu gün həmin xəstəxanaya şəhərimizdə uşaq
kardiologiya məktəbinin yaradıcısı, savadlı pediatr, daim öz üzərində çalışan və şəxsən mənim üçün
həkimlik simvoluna çevrilmiş İmran Əliyev başçılıq edir.
Həmin dövrün pediatrik xidmətindən danışarkən Məhparə xanımın adını çək​məmək olmaz. Kərimova
Məhparə Əhməd qızı Şəkinin ən tanınmış ziyalı və maarif​pərvərlərindən olan Əbdülqəni Şəmsəddin
Nuxəvi Xalisəqarızadənin nəslin​dəndir. O, 1931-ci ildə Şəkidə anadan olmuşdur. Valideynlərini
vaxtsız itirdiyindən (repressiya qurbanı olan atası – dövrünün savadlı din xadimlərindən biri Qədirov
Əhməd Kərim oğlu 1937-ci ildə güllələnib, 1964-cü ildə bəraət qazanıb) ana nənəsi və xalasının
himayəsində böyümüşdür. Körpə yaşlarından elmə olan həvəsi məktəbi qızıl medalla bitirməsinə
səbəb olmuşdur. Xalası tibb bacısı olduğundan erkən yaşlarındakı tibbi həvəsi sənədlərini
Azərbaycan Tibb İnstitutuna verməsinə səbəb olmuşdur. 1947-ci ildə 5 saylı qızlar məktəbini əla
bitirdikdən sonra imtahansız olaraq Azərbaycan Tibb İnstitutuna qəbul edilmişdir. 1953-cü ildə
İnstitutu əla qiymətlərlə bitirib, Şəki rayon Xəstəxanasının 1 saylı pediatrik məsləhətxanasına sahə
həkimi təyin edilmişdir. İşlədiyi gündən həm işlədiyi kollektivin, həm də yerli sakinlərin böyük
hörmətini qazanmışdır. Valideynlərlə uşaqlara qulluq haqda vaxtaşırı məsləhətlər aparmış, profilaktik
peyvəndlərin əhəmiyyəti haqda məlumatlar, xüsusi tibbi bülletenlər paylaşaraq, böyük
maarifləndirmə işləri aparmışdır. 1961-ci ildən 1 saylı pediatrik konsultasiyanın baş həkimi təyin
edilmişdir. Bu dövrdən təyinatla gələn pediatrlara sahə işinin təşkilini, xəstələrin müayinə və
müalicəsinin aparılma qaydalarını, dispanzerizasiyanın aparılmasını öyrətmiş, gözəl, savadlı
həkimlərin yetişdirilməsində böyük rol oynamışdır. Məhparə həkim dəfələrlə fəxri fərmanlarla,
“Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir.
1976-1978-ci illərdə Şəki Mərkəzi Uşaq Poliklinikasının baş həkimi işləmişdir. 1978-ci ildən
Məhparə həkim Şəki rayon Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsinə infeksionik həkim kimi
təyin edilmiş, ömrünün sonunadək orada işləmişdir. İşlədiyi illər ərzində böyük ictimaiyyətçi kimi
tanınan Məhparə həkim uzun illər Şəki Qadınlar Şurasının üzvü və sədri vəzifəsində çalışmış, neçə-
neçə dağılmaqda olan ailəyə yeni can vermiş, ailə münaqişələrinin aradan qalxması üçün hər vasitə
ilə yardım göstərmişdir. Uzun illər Şəki Səhiyyəsi Həmkarlar Təşkilatının sədri vəzifəsində
çalışmışdır. Bu sahədə onun göstərdiyi fəaliyyət çox səmərəli olmuşdur. Şəkiyə təyinatla göndərilən
başqa rayonlardan gələn pediatrların sonradan mütəxəssis kimi Şəkidə qalmaq, işləmək istəyənlərin
mənzillə təmin olunmasında xüsusi rolu olmuşdur. Həmin həkimlərin əksəriyyəti bu gün Şəki
səhiyyəsinin ən savadlı mütəxəssisləridir. Şəki səhiyyəsində ən maraqlı tədbir və konfrans-
seminarların keçirilməsində Məhparə həkimin təşkilatçılığı çox böyük təqdirə layiqdir. Məhparə
xanım, hansı vəzifədə və kollektivdə işləməsindən asılı olmayaraq, həmin kollektivin hər kiçik
işçisindən böyüyünə qədər hörmətlə yanaşmış, hər bayram və ya tədbirlərdə onlara maddi və mənəvi
dəstək göstərmişdir. Şəki əhalisi bu gün də Məhparə həkimi böyük hörmətlə yad edir.
1983-cü il fevralın 17-də Şəkidə Doğum Evi Kompleksinin bünövrəsi qoyulur.
1983-cü il fevralın 7-də Mərkəzi Xəstəxananın nəzdində yeni Kardiologiya şöbəsi fəaliyyətə


başlayır. Bədriyyə Əliyeva həmin şöbənin ilk müdiri olur.
1984-cü il martın 5-də Mərkəzi Xəstəxanaya yeni RUM-20 tipli rentgen aparatı gətirilib quraşdırılır.
1984-cü ilin aprel ayında əhalinin dərmanla təchizatı işini yaxşılaşdırmaq məqsədilə Baş Apteklər
İdarəsinin Şəki Rayonlararası Kontoru yaradılır. Biologiya elmləri namizədi Adil Qasımov kontorun
rəhbəri təyin edilir.
1986-cı il yanvarın 2-də 135 çarpayılıq Doğum Evi Kompleksi istifadəyə verilir. Kompleksdə
doğum, patoloji hamiləlik, qadın məsləhətxanası, yeni doğulmuşlar şöbəsi fəaliyyət göstərir. Almaz
Həmidova Doğum Evi Kompleksinin ilk baş həkimi təyin olunur.
1987-ci il noyabrın 3-də narkomaniya və alkoqolizmlə mübarizəni daha da gücləndirmək məqsədilə
Şəki Rayonlararası Narkoloji Dispanser fəaliyyətə başlayır və Akif Əsədullayev bu dispanserin ilk
baş həkimi təyin olunur. Hazırda həmin dispanserin baş həkimi Rasim Alməmmədovdur, Akif
Əsədullayev isə Psixiatriya Xəstəxanasının baş həkimidir.
1988-ci il yanvarın 15-də Şəkidə Qazanılmış İmmunitet Çatışmazlığı Sindromunun aşkar edilməsi və
bəşəriyyəti təhlükə ilə üz-üzə qoyan bu xəstəliklə mübarizə məqsədi ilə SPİD-QİÇS laboratoriyası
yaradılır. Xəstəxanaya daxil olmuş bütün xəstələrin V1Ç infeksiyaya qarşı müayinəsi məcburi sayılır
və sözügedən səhiyyə müəssisəsi bu işin öhdəsindən layiqincə gəlir.
1988-ci ildə bədnam qonşularımız, erməni şovinistləri doğma torpaqlarımıza qarşı ərazi iddialarına
başlayırlar. Onlar tərəfindən Azərbaycana qarşı sözün əsl mənasında təxribatlar hazırlanır və həyata
keçirilir. Vətənimizdə isə ov tüfəngləri belə əllərindən alınmış millət təəssübkeşləri təpədən dırnağa
qədər silahlanmış düşmənlə ölüm-dirim savaşına başlayır. Həmin dövrdə Şəki həkimləri də
ölkəmizin başı üstünü almış qara buluda biganə qala bilməzdilər. Ona görə də döyüş bölgələrində
yaralanmış və müxtəlif səbəblərdən müalicəyə ehtiyacı olan soydaşlarımıza xidmət göstərmək üçün
Etibar Məcidov, Rasim Cəlilov, Zahir İsmayılov, Zakir Əliyev, Çingiz Hüseynov, Gülçöhrə
Hüseynova və onlarla digər tibb işçiləri ön cəbhə bölgəsinə yollanırlar.
1989-cu il fevralın 9-da şəhər xəstəxanasında yeni endoskopik kabinet fəaliyyətə başlayır. Mədə-
bağırsaq patologiyalarını son dərəcə dəqiqliklə təyin edən bu müayinə metodunu aparmaq Məmməd
Xasıyevə həvalə olunur.
1989-cu il noyabrın 1-də əhaliyə ambulator xidmətini yaxşılaşdırmaq məqsədilə şəhərin Qışlaq
adlanan hissəsində yeni poliklinikanın açılması barədə sərəncam imzalanır. Poliklinika 1990-cı il
mayın 3-də fəaliyyətə başlayır. Oruc Həsənov həmin poliklinikanın ilk baş həkimi olur. 1991-ci ildə
əhaliyə göstərilən təcili, ixtisaslı yardımı yaxşılaşdırmaq məqsədilə poliklinikada “Evə tibbi yardım”
məntəqəsi təşkil edilir.
Şəki səhiyyəsi Sovet hakimiyyəti illərində böyük bir inkişaf yolu keçir. Otlarla müalicə edən primitiv
ara həkimliyindən elmin ən müasir metodlarını tətbiq edən möhtəşəm bir səhiyyəyə çevrilir. Hətta
mən deyərdim ki, şəhərimizin səhiyyəsinin qızıl dövrü məhz o illər idi.
 
 
 
 
 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə