ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə16/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   12   13   14   15   16   17   18   19   ...   154

Şəmistan Nəzirli

49

...Divizion gəlib çıxanda Boreyko öz batareyaları üçün tapşı-



rıq almaq məqsədilə Birinci Qvardiya korpusunun qərargahına 

yollandı.  Qərargahda  iki-üç  gün  ərzində  alman  müdafiəsini 

cəbhə boyu altı verst geninə darmadağın etməyi lazım bildilər. 

Boreyko çarəsiz qaldı. Reynin nüfuzuna istinad edərək topların 

bu vurhavura tab gətirməyəcəyini, qərargah tapşırığının baş tut-

mayacağını bildirdi. Qərargah işçiləri təəccübləndi:

– Siz də bu işin öhdəsindən gələ bilmirsinizsə, bəs onda alman 

müdafiəsini kim dağıdasıdır?

Xoşbəxtlikdən, qərargaha general Əli ağa Şıxlinski gəldi. O, 

dərhal işdən agah olub günü sabah bu barədə sanballı rəy hazır-

lamağa söz verdi.

...General qərargahın hərbi əməliyyat şöbəsinə baş çəkib al-

man istehkam xətlərinin düzümü-biçimi haqqında əldə olan ma-

terialları araşdırmağa başladı. Alman istehkamlarının aerofoto-

şəkillərinə Əli ağa xüsusi diqqət yetirdi. Şəkillər o qədər də ya-

rarlı-karlı olmadığından general sabaha özü təyyarə ilə kəşfiyyata 

çıxmaq fikrinə düşdü.

General Şıxlinskinin bu fikri qərargahı heyrətə gətirdi. Hələ 

generalların yavaş uçan, gücsüz-təpərsiz, köhnəlmiş təyyarələrdə 

uçmağı görünməmişdi, o təyyarələr ki, fransızlar, ingilislər rus 

ordusu üçün üçqat baha qiymətə satıb calayırdılar. Di gəl, rus 

təyyarəçiləri, “uçan tabut” adlandırdığı bu aeroplanlarda daha 

iti, daha uca uçan, daha möhkəm və çevik olan “yunkers”lərə 

üstün gəlməyə nail olurdular.

Şıxlinskini “ağılsız” niyyətindən daşındırmağa çalışırdılar.

O isə qara gözləri parlaya-parlaya gülümsünürdü:

– Xeyr, cənablar, səhv edirsiniz. Təyyarələr yeni imkanlar açır: 

havadan döyüş meydanının nəhəng bir mənzərəsini müşahidə 

etmək olur. Mən şəxsən hücuma keçəcəyimiz üçün sahəni uçub 

dolanacağam, – deyə general qətiyyətlə bildirdi.

Boreyko generalı yanlayıb onu da təyyarə səfərinə aparmağı-

nı xahiş etdi. Şıxlinski razı olmadı.




General Əli ağa Şıxlinski və silahdaşları

50

– Canım, mənim öz çəkim yeddi puddan on girvənkə az olar-



olmaz, siz də, maşallah, geriyə qalmazsınız. İkimizi birdən qal-

dırmaq  hər  təyyarənin  xörəyi  deyil,  ya  da  benzini  az  götürəsi 

olacaq,  onda  da  sahəni  dolanıb  əməlli-başlı  nəzərdən  keçirə 

bilməyəcəyik.

Qərara gəldilər ki, Boreyko general qayıdandan sonra uçsun, 

Şıxlinskinin aldığı məlumatı tamamlayıb dəqiqləşdirsin.

Kəşfiyyat uçuşunu səhər tezdən aparmağı qət etdilər, günəş 

şərq tərəfdən boylananda düşmən istehkamlarını daha yaxşı gö-

rüb seçmək olardı.

Hələlik Əli ağa Boreyko ilə topların bərbad halda olduğunu 

öz gözüylə görmək üçün batareyaya yollandı.

– Bizim müttəfiqlərimiz az aşın duzu deyillər ha! Əlinə keçən 

dəmir-dümürü üçqat qiymətə sırıdıqları bəs deyil, hələ naşükür 

deyə qınayırlar da. Ali komandanın qərargahında da əcnəbilər 

meydan  sulayırlar.  Bütün  əməliyyat  planları  müttəfiqlərin  ko-

mandanlığı ilə razılaşdırılır. Daha doğrusu, onlar bizə buyurur, 

biz də əməl etməyə can atırıq.

Bizim hücumumuz fransızlar üçün Verdenin qurtuluşu oldu, 

yoxsa  almanların  əlinə  keçəcəkdi.  İtalyan  ordusunu  Kaporetto 

ətrafında darmadağın olunmaqdan xilas edən də bizlərik. Avs-

triyalılar  çoxdan  Venesiyada  oturası,  italyanlar  isə  oyundan 

kənar qalasıydı. Bir sözlə, biz hamını qanımızın bahasına xilas 

edirik, – Şıxlinski yana-yana danışırdı.

–  Bütün  bunlara  bais  ən  əvvəl  çar  hökumətidir.  Yapon 

müharibəsindən sonra inqilabı boğmaq üçün nə qədər ağır borc-

lara düşdü. İndi o borcları əsgər qanımızla ödəyirik, – qanıqara 

Boreyko gözünü generala dikmişdi.

– Paho, Boris Dmitriyeviç, deyəsən siz də azad fikirlilərdən-

siniz! – zarafatla dillənən Şıxlinski dostunu qıyqacı süzdü. Pod-

polkovnik sözün altında qalmadı:

– Port-Arturdan sonra hamımız azadfikirli olmuşuq, Əli ağa. 

Siz özünüz də. Amma mən düşündüyümü deyirəm, sizsə, hələlik 

susursunuz.



Şəmistan Nəzirli

51

General dostcasına tövsiyə verirmiş kimi, yaxud tabeliyində 



olanı qınayırmış kimi dilləndi:

– Hələ ki, hər ikimiz dilimizi uzatmasaq yaxşıdır. Əli ağada 

general təkəbbüründən əsər-əlamət yox idi... Şıxlinski hərbi aka-

demiyanı  bitirməsə  də,  fitri  zəkası,  praktik  fəhmi  topçuluq 

məsələlərində ona böyük nüfuz qazandırmışdı.

Şıxlinski hünərvərliyi dillərdə dastan olmuşdu. Odur ki, onun 

top hədəflərini müəyyənləşdirmək üçün təyyarə ilə havaya qal-

xıb  artilleriya  kəşfiyyatı  aparmaq  arzusu  Boreykonu  heç  də 

təəccübləndirmədi.

Ertəsi günü, dan yeri ağaran kimi Şıxlinski və Boreyko hərbi 

uçarlığa  gəldilər.  Qırıcı  təyyarə  sayılan,  sürəti  saatda  üç  yüz 

kilometrə  çatan  “Nyupor”da  uçmağı  rəva  bilmişdilər.  Uçuşun 

ən yüksək həddi dörd kilometrə yaxın idi. Silah-sursat propelle-

rin tuşundan atəş açan pulemyot, bir neçə bombadan ibarət idi. 

Əli ağa pilotun arxasındakı kabinəyə özünü birtəhər pərçim etdi. 

Aşağıları müşahidə etmək üçün təyyarənin yan tərəfindən boy-

lanmaq  lazım  gəlirdi. Alatoranlı  sübh  çağı  idi. Ağaran  duman 

zolaqları  torpağın  əyrisini-düzünü  gizlədirdi.  Təyyarə  çəpəki 

dolaylarla  yavaş-yavaş  yüksəkliyə  varırdı.  Tezliklə  o,  durbinlə 

də  çətin  sezilən  xırda  qara  nöqtəyə  döndü.  Lazımi  yüksəkliyə 

qalxandan  sonra  pilot  təyyarəni  düşmən  mövqeləri  səmtinə 

yönəltdi.  Alman  istehkamları  üzərinə  yetər-yetməz  neçə-neçə 

zenit topları onlara atəş yağdırdı. Təyyarənin yan-yörəsində tez-

tez  mərmi  partlayışları  bulud-bulud  ağardı.  Boreyko  durbinlə 

təyyarəni diqqətlə izlədərək dilləndi:

–  Ətrafında  dəqiqə  başı  mərmi  partlaya-partlaya  yerüstü 

hədəfləri ayırd eləmək çətindən çətindir.

Təyyarəni izləyən pilotlar o qədər də nigarançılıq keçirmirdilər.

–  Zenit  topundan  təyyarəni  vurmaq  ehtimalı  cüzidir.  Daha 

qorxulusu  alman  yunkerlərinin  havada  görünməsidir.  Onlar 

bizimkilərdən  həm  sürətli,  həm  çevikdir.  Əlbəttə  ki,  asanlıqla 

təyyarəmizi haqlayıb vura bilərlər.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə