Mehmandarov tədbir və sərəncamları bəyəndiyini
söyləyib, öz məntəqəsinə
qayıtdı. Bu əməliyyata görə mən, köhnə orduda qəhrəmanlıq ordeni olan Georgi
Pobedonessov ordeninə təqdim edildim”.
Jurnalın həmin səhifəsində həmyerlimiz Səməd bəy Mehmandarovun da
şəkli verilib. Haqqında isə belə bir məlumat yazılıb:
“Yeddinci Şərqi-Sibir artilleriya briqadasının general-mayoru Səməd bəy
Sadıq bəy oğlu Mehmandarov Port-Artur müdafiəsindəki qəhrəmanlığına görə
dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunub”.
“Niva”nın yetmiş birinci
səhifəsində gözəl, zərif naxışlarla işlənmiş bir
buynuz şəkli də verilib. Port-Artur döyüşlərinin komandanı general Anatoli
Mixayloviç Stesselə Zaqatala şəhər cəmiyyəti tərəfindən hədiyyə olunan bu
buynuz gümüşlə işlənib. Şəklin altında oxuyuruq: “Zaqatala şəhər sakinlərindən
general-adyutant A.M.Stesselə dağ keçisi buynuzunu hədiyyə edirik”.
“Niva” jurnalı təkcə birillik nömrələrində Azərbaycan xalqının müharibəyə
könüllü ianə toplarması haqqında və Qafqaz süvari briqadasının
tərkibində vuruşan
oğullarımızın qəhrəmanlığı barədə az da olsa məlumatlar verir. Onu da xatırladaq
ki, Port-Arturda Ə.Şıxlinski və S.Mehmandarovdan başqa da yapon samuraylarına
qarşı döyüşən həmyerlilərimiz olmuşdur. General-mayor Əsəd bəy Talışxanov,
Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov,qvardiya polkovniki Kərim bəy
Novruzov, polkovnik Davud bəy Yadıgarov, Gəray bəy Vəkilov, poruçik Ağababa
Sadıqov və hələ adını bilmədiyimiz onlarca başqaları.
Dövrdən, quruluşdan asılı olmayaraq oğullar həmişə Vətənin əsgərləridirlər.
Vətən nə vaxt təhlükə qarşısında olarsa, igidlər bir səslə silaha sarılmağa hazırdılar.
Iyirminci əsr tarixə “nəfəsindən” barıt püskürəndə eloğullarımız da bir səslə ayağa
qalxıb Vətənin müdafiəsinə gediblər.
Ötən on doqquzuncu əsrin ortalarında
Qarabağ igidlərinin, Şirvan alayının,
Kəngərli döyüşçülərinin, Qazax süvari dəstələrinin yadellilərə qarşı qeyri-adi
qəhrəmanlıqlarının şahidi olan xalqımızın böyük mütəfəkkir oğlu M.F.Axundov
fəxrlə deyirdi: “doğmamış Qafqazda analar qorxaq”.
Hələ bir xeyli əvvəl (1828-ci ildə) məşhur rus tarixçisi, general Platon
Zubov “Gürcüstan və Qafqaz haqqında altı məktub” əsərində yazırdı:
“Müsəlman süvari alayları haqqında mühakimə yürütmək üçün onları
döyüşdə görmək lazımdır: bunlar şimşəyi xatırladır, bunlar qəzəblənmiş allahın
birdən-birə düşmənlər içərisində düşərək ölüm və dəhşət saçan oduna bənzəyirdi.
Müsəlman alaylarının gözlərim önündə törətdikləri igidlik xariqələrini hələ də
heyrətlə yad edirəm... Onlar silahdan çox böyük bir məharətlə istifadə edərək,
qorxmaz və cəsur süvari kimi döyüşürdülər”.
Əgər oxucu Aleksandr Stepanovun “Port-Artur”, ya da Trofim Borisovun
“Port-arturçular” romanlarını mütaliə edərsə,
onda görər ki, 1904-cü il dekabrın on
altısında komandan A.Stessel qalanı yaponlara danışıqsız təslim etmək istəyəndə
polkovnik S.Mehmandarov və onun zabit heyeti qəti etiraz edərək necə
əsəbiləşmişdilər. Səməd bəy Mehmandarov və onun zabit heyəti inad edirdilər ki,
qalanı son nəfəsə qədər müdafiə etmək lazımdır. Heç kəs biabırçı vəziyyətdə
rusiyaya qayıtmaq istəmirdi.
- Kapitan, sizin kimi zabitlərə orduda qulluq etmək yaramaz, - Mehmandarov
onun üstünə qışqırdı. - Siz bizim adımızı korlayırsınız,
- deyib yumruğunu havada
oynatdı.
- Əlahəzrət, xahiş edirəm, məni təhqirlərdən qoruyasınız, - kapitan Vamezon
hirsindən pörtmüş halda Stesselə müraciət etdi.
- Hər şeydən qabaq sakit olmaq lazımdır, cənablar! Polkovnik Mehmandarov,
sizi qayda-qanuna riayət etməyə dəvət edirəm.
Qızğın mübahisələr başlandı, zabitlər iki hissəyə bölündülər: bir neçəsi
kapitan Vamenzonu, qalanları isə polkovnik Mehmandarovu müdafiə edirdilər”
(A.Stepanov, “Port-Artur”. səh. 777-778).
1904-cü il yanvarın 26-da Rus-yapon müharibəsi
başlananda polkovnik
Hüseyn xan Naxçıvanski əksəriyyəti qafqazlılardan təşkil olunmuş ikinci Dağıstan
süvari alayına komandanlıq edirdi. Hüseyn xanın alayı 1905-ci il yanvarın 14-də
Lan-Lun-Qou kəndi uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi ala
bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma keçərək
sürətli zərbə ilə yaponları kənddən vurub çıxartmışlar. Bu güclü döyüş səhnəsi
məşhur rəssam Mazurovskinin yağlı boya ilə işlədiyi rəsmdə əbədiləşmişdir.
Əsərdə alay döyüşçülərinin qızğın həmləsi və süvari polkovniki Hüseyn xan
Naxçıvanskinin obrazı ustalıqla işlənmişdir.
Məşhur rus jurnalist A.Kvitka Port-Arturda müharibə başlananda könüllü
cəbhəyə getmiş və döyüşlərdə jurnalist-zabit kimi iştirak etmişdir.
Müharibə gedə-
gedə “Zabaykalye kazak zabitinin gündəliyi” adlı maraqlı bir əsər yazmışdır. 1908-
ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi həmin kitabda igid eloğlumuz polkovnik
Hüseyn xan Naxçıvanski haqqında da maraqlı səhifələr var.
Səhifə 181-də: “Axşam üstü Bensixuda süvari - qvardiyaçı Hüseyn xan
Naxçıvanskinin təşkil etdiyi ikinci Dağıstan alayı gözlənilir. Alay qafqazlılardan
və süvari qvardiyasında xidmət edən seçmə zabitlərdən təşkil olunmuşdu.
...Avanqard tağımının ardınca yüzlərlə adam polk komandiri, onların da
ardınca uca bir ağacın zirvəsində polkovnik Xan Naxçıvanskiyə məxsus qızılı
aypara nişanlı dalğalanan dəstə göründü. Alay cərgələnmiş tağımlarla kalon boyu
uzanırdı. Biz isə Xanın zabitlərindəki atlara həsədlə baxırdıq. Mən axşam saat onda
Hüseyn xanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım.
Səhifə 245-də: “Dağıstanlıların komandiri Hüseyn xan Naxçıvanski,
podpolkovnik Byuntiq və knyaz Tumakov heyətimə daxil olanda səhər saat on bir
olardı. Onlar mənimlə nahar etməyə qaldılar... Hüseyn xanın əsgər
və komandirləri
döyüşlərdə hamıdan seçilirdi. Onları bir şeydə qınamaq olardı, o da həddindən
artıq cəsur olmalarında.,.”
Səhifə 361-də: “Polkovnik Xan Naxçıvanskinin Qafqaz-kazak briqadasının
cəsurları üç yapon nəqliyyatını məhv etmişlər...”
İgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarşı
apardığı döyüş məharətinə görə “Müqəddəs Georgi” və dördüncü dərəcəli, bantlı,
üstü yazılı qızıl silahla “Müqəddəs Vladimir” və “İgidliyə görə” ordenlərilə təltif
olunmuşdur.