ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

Bələdçi çamadanlarını yerinə qoydu. Yandakı kupeyə keçdilər. Polkovnik Arbetnot 
bir küncdə oturub trubka çəkir və bir jurnala baxırdı. 
Puaro məqsədlərini açıqlayanda polkovnik heç etiraz etmədi. Kupedə böyük iki 
dəri çamadan vardı.  
– Digər əşyalarımı gəmiylə yolladım, – deyə bildirdi. 
Arbetnotun əşyaları əksər hərbçilərdə olduğu kimi, səliqəli yerləşdirilmişdi, buna 
görə də çamadanların aranması bir-iki dəqiqə sürdü. Puaro əşyaların arasındakı bir 
paketdə trubka təmizləmək üçün fırçanı gördü. 
– Həmişə belə fırçalardan istifadə edirsiniz? 
– Çox zaman. Əlbəttə, əgər tapa bilsəm. 
– Başa düşdüm! – Puaro başını yellədi. Bu trubka fırçaları ölünün kupesində yerdə 
tapdığının eynisi idi. 
Koridora çıxdıqları zaman doktor Konstantin bu haqda Puaronun nə düşündüyünü 
soruşdu. 
– Hər halda, – Puaro mızıldandı, – buna inanmağım gəlmir. Polkovnikin bu 
cinayəti törədəcək bir xarakterdə olmadığını etiraf etməliyik. 
Arbetnotun yanındakı kupenin qapısı bağlı idi. Burada knyaginya Draqomirova 
qalırdı. Onlar qapını döydülər və içəridən qadının səsi eşidildi: 
– Buyurun. 
Müsyö Buk vasitəçilik rolunu öz boynuna götürdü. Çox nəzakətli bir şəkildə 
gəlişlərinin məqsədini açıqladı. 
Knyaginya onu sakitcə dinlədi: qurbağayabənzər balaca üzündə heç bir ifadə yox 
idi.  
– Əgər bunu lazım bilirsinizsə, cənablar, – sakit səslə dedi, – o zaman nə sözüm 
ola bilər? Açarlar mənim qulluqçumdadır. Bu işdə sizə yardım etsin. 
– Açarlar hər zaman qulluqçunuzda olur, madam? – Puaro soruşdu. 
– Əlbəttə, müsyö. 


– Bəs əgər sərhəddə gömrükçülər çamadanlarınızdan birini açmanızı tələb etsələr? 
Yaşlı qadın çiyinlərini çəkdi: 
– Çətin ki, belə bir şey olsun. Ancaq lazım olsa, bələdçi qulluqçunu çağırar. 
– Demək, ona tam olaraq güvənirsiniz, madam? 
O, sakit bir tövrlə:  
– Bunu daha öncə də söylədim, – deyə cavab verdi. – Güvənmədiyim kimsələri 
yanımda saxlamaram.  
– Elədir, – Puaro fikirli halda dedi, – indiki zamanda sədaqət və bağlılıq çətin 
tapılan şeylərdir. Buna görə də şux bir qulluqçu, məsələn, parisli bir gözəli 
saxlamaqdansa kifir bir qulluqçu saxlamaq daha yaxşıdır, təki sədaqətli olsun. 
Knyaginya tünd rəngli, nüfuzedici gözlərini qaldırıb ona baxdı. 
– Nəyə işarə vurursunuz, müsyö Puaro? 
– Mən, madam? Heç nəyə. 
– Yox axı. Siz hesab edirsiniz, mənim tualetimlə eleqant bir fransalı xanım məşğul 
olmalıdır, – dedi, – elə deyilmi? 
– Bu, əlbəttə, daha təbii görünərdi, madam. 
Knyaginya başını buladı: 
– Şmidt mənə sədaqətlidir. – Axırıncı sözü xüsusi vurğu ilə söylədi. – Sədaqəti isə 
pulla satın almaq olmaz. 
Qulluqçu açarları gətirib gəldi. Knyaginya alman dilində ona çamadanları açmasını 
və əşyalara baxmaqda onlara kömək etməsini söylədi. Özü koridora çıxaraq 
pəncərədən qarı seyr etməyə başladı. Puaro da çamadanları arama işini Buka 
tapşıraraq yaşlı qadının yanına getdi. 
Knyaginya istehzalı bir gülümsəməylə onu süzdü.  
– Hə, müsyö, çamadanlarımda nələr olduğunu görmək istəmirsinizmi? 


Puaro başını buladı.  
– Madam, sadəcə, bir formallıqdır bu. 
– Buna əminsinizmi? 
– Sizinlə bağlı olaraq, hə. 
– Ancaq mən Sonya Armstronqu tanıyırdım və çox sevirdim. Buna nə deyirsiniz? 
Kassetti kimi alçaq bir adamı öldürərək əllərimi bulaşdırmayacağımımı 
düşünürsünüz? Bəlkə də, siz haqlısınız.  
Bir-iki dəqiqə susdu. Sonra dedi: 
– Siz bilirsiniz, mənim ixtiyarımda olsaydı, bu adamla necə rəftar edərdim? Öz 
nökərlərimə əmr edərdim: “Onu ölənə qədər döyün və zibilliyə atın!” Mənim 
cavan vaxtımda belə edərdilər, müsyö. 
Puaro heç bir söz demədi. 
– Heç bir şey söyləyə bilmirsiniz, müsyö Puaro. Maraqlıdır, görəsən, bu saat nə 
keçir fikrinizdən? – gözlənilməz bir qızğınlıqla söylədi knyaginya. 
Belçikalı onun gözlərinin içinə baxdı:  
– Məncə, sizin gücünüz qollarınızda deyil, madam, iradənizdədir. 
Knyaginya qara ipək paltarına bürüdüyü incə qollarına və üzüklərlə bəzənmiş 
caynağa bənzəyən sarı, quru əllərinə baxdı.  
– Doğrudur... Əllərimdə heç gücüm yoxdur. Buna sevinməliyəmmi, yoxsa 
kədərlənməliyəm, bax bunu bilmirəm. – Sərt şəkildə dönərək kupeyə girdi, burada 
xidmətçisi həşirlə onun çamadanlarını rahlayırdı. 
Müsyö Bukun üzrxahlıq kəlmələrini knyaginya yarıda kəsdi: 
– Üzr istəməyə ehtiyac yoxdur, müsyö, – dedi. – Cinayət baş verib. Bütün bu 
tədbirlər də öz növbəsində görülməlidir. Vəssalam. 
– Çox nəzakətlisiniz, madam. 
Hər ikisi mehribanlıqla bir -birilərinə gülümsünərək yüngülcə təzim etdilər. 


Knyaginyanın kupesinin yanındakı iki qapının ikisi də bağlıydı. Buk duruxaraq 
başını qaşıdı.  
– Bax burada məsələ bir az qəlizdir. Bu yolçuların diplomatik pasportları var. 
Onların çamadanları axtarıla bilməz. 
– Bəli, gömrükdə axtarıla bilməz. Ancaq cinayət başqadır. 
– Bilirəm... Ancaq yenə də mən, beynəlxalq münasibətlər baxımından bir çətinliyin 
yaranmasını istəmirəm. 
– Narahat olmayın, dostum. Qrafla qrafinya ağıllı insanlardır, vəziyyəti başa 
düşərlər. Bəyəm görmədiniz, knyaginya Draqomirova necə nəzakətli davrandı?  
– O, əsl aristokratdır. Bu iki insan eyni mənsəbdən olsalar da, qraf o qədər də 
mənim ürəyimə yatmadı. Siz onun arvadını dindirəndə mısmırığını sallamışdı. İndi 
axtarış apardığımızı görsə, lap özündən çıxacaq. Gəlin, bunlardan yan keçək. 
Onsuz da, onların bu hadisədə əli olmadığı şübhəsizdir. Boş yerə başımıza iş 
açmayaq. 
– Sizinlə razılaşa bilmərəm, – Puaro dedi. – Mən inanıram, qraf Andreni ağılla 
davranacaq. Hər halda, gəlin bir yoxlayaq.  
Sonra Bukun cavabını gözləmədən 13 nömrəli kupenin qapısını bərkdən döydü. 
İçəridən bir nəfər:  
– Girin! – dedi. 
Qraf qapının yanındakı küncdə oturub qəzet oxuyurdu. Qrafinya isə pəncərənin 
önündəki kresloda oturmuşdu. Başının altında bir yastıq vardı. Sanki, yatmışdı. 
 
– Bağışlayın, qraf, – Puaro sözə başladı. – Sizi narahat etdiyimiz üçün üzr 
istəyirik, lakin bu, yerinə yetirilməsi zəruri olan bir formallıqdır. Müsyö Buk sizin 
diplomat olduğunuzu söylədi, siz toxunulmazlıq hüququnuzdan istifadə edə 
bilərsiniz. 
 
 
Qraf bir dəqiqə düşündü. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə