ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

– Üzr istəyirəm. Biz detektivlərin çatışmazlığıdır bu. Hərəkətlərin həmişə bir-birini 
tutmasını gözləyirik. Emosional dəyişikliklərə diqqət verə bilmirik. 
Mari Debenham səsini çıxarmadı. 
– Polkovnik Arbetnotu yaxşı tanıyırsınız, madmazel?  
Puaroya mövzunun bu şəkildə dəyişdirməsi qızı rahatlandırmış kimi göründü.  
– Onunla ilk dəfə bu yolçuluqda qarşılaşdım. 
– Görəsən o, Retçetti tanıyırdımı?  
Miss Debenham qəti bir şəkildə başını yellədi. 
– Tanış olmadıqlarından əminəm. 
– Ancaq Retçettin kupesində yerdə bir trubka təmizləyicisi tapdıq və qatarda 
polkovnik Arbetnotdan başqa trubka çəkən yoxdur.  
Puaro diqqətlə qızı süzürdü. Ancaq Mari Debenham nə özünü itirdi, nə də 
təlaşlandı. 
– Boş şeydir. Gülünc bir sözdür bu. Polkovnik Arbetnot cinayətə qarışacaq bir 
insan deyil. Özü də belə melodramatik bir cinayətə heç qarışmaz. 
Puaro özü də, təqribən, belə fikirdəydi, buna görə də az qaldı qızla razılaşsın. 
Ancaq ağzından bu sözlər çıxdı: 
– Sizə, polkovniki yaxşı tanımadığınızı xatırlatmalıyam, madmazel. 
Qız çiyinlərini çəkdi:  
– Bu tip insanları çox yaxşı tanıyıram. 
Puaro xüsusi nəzakətlə:  
– Mənə o sözlərin mənasını söyləməyəcəksinizmi həqiqətən? – deyə soruşdu. – 
“Hər şey geridə qaldığı zaman...” 
Mari Debenham soyuq bir tövrlə cavab verdi:  
– Sizə söyləyəcək başqa bir sözüm yoxdur. 


Erkül Puaro:  
– 
Eybi yoxdur, – dedi. – Onsuz da, özüm öyrənəcəyəm.  
Qızla sağollaşaraq kupedən çıxdı. 
Buk:  
– Sizin gördüyünüz bu iş ağıllı bir iş idimi, dostum? – deyə gileyləndi. – Qız xeyli 
diqqətli davranacaq artıq. Polkovnik də onun kimi. 
– Dostum, əgər dovşan tutmaq istəyirsinizsə, yuvasına bir safsar soxmalısınız. 
Əgər dovşan içəridədirsə, mütləq bayıra qaçar. Mən də eyni şeyi etdim. 
Hildeqarda Şmidtin kupesinə girdilər. Alman qadın qapının önündə dayanmışdı, 
onları ehtiramla və tamamilə sakit qarşıladı. Puaro yatağın üstünə qoyulmuş kiçik 
çamadanı tez-tələsik gözdən keçirdi. Sonra da bələdçiyə rəfdəki digər böyük 
çamadanı endirməsini işarə etdi.  
– Açar sizdədir? – qadından soruşdu. 
Hildeqarda Şmidt:  
– Çamadan kilidli deyil, müsyö, – deyə cavab verdi. 
Puaro çamadanın qayışlarını açaraq qapağı qaldırdı.  
– Aha, – deyərək Buka döndü. – Nə dediyimi xatırlayırsınızmı? Buraya bir baxın! 
Ən üstdə qatlanmış bir uniforma qoyulmuşdu. Bir bələdçi uniforması. 
Sakittəbiətli alman qadının halı birdən-birə dəyişməyə başladı.  
– Aa! – deyib qışqırdı. – Bu, mənim deyil! İstanbuldan ayrılandan bəri o çamadana 
heç baxmamışam. Mənə inanın, mən sizi aldatmıram!  
Yalvarış dolu baxışlarını onların üzündə gəzdirdi. 
Puaro şəfqətlə onun qolundan tutaraq sakitləşdirməyə çalışdı.  
– Xahiş edirəm, narahat olmayın. Sizə inanıram. Təlaşlanmayın. Sizin yaxşı 
yeməklər bişirdiyinizdən nə qədər əminəmsə, o uniformanı çamadanda 


gizlətmədiyinizdən də o qədər əminəm. Elə deyilmi... Siz yaxşı yeməklər 
bişirirsiniz?  
Çaşıb qalmış qadın özünü saxlaya bilməyib güldü.  
– Bəli, həqiqətən, bütün xanımlarım elə söyləyərdi. Mən... – Duruxdu. Ağzı bir 
qarış açıq qalmışdı. 
Üzündə yenə qorxu dolu bir ifadə vardı. 
Puaro:  
– Sakit olun, sakit olun, – dedi. – Hər şey qaydasındadır. Sizə hadisənin necə 
olduğunu başa salacağam. Bələdçi uniformasında gördüyünüz o adam ölünün 
kupesindən çıxanda sizinlə toqquşub. Bunu gözləmədiyinə görə özünü itirib bir az. 
Çünki kimsəylə qarşılaşmayacağını güman edibmiş. Sonra bəs nə etsin?.. 
Uniformanı başından etməli idi. Artıq bu paltar onun üçün bir təhlükəydi.  
Onu diqqətlə dinləyən Buka və doktor Konstantinə baxdı.  
– Çünki qatar qara dirənmişdi, qatilin bütün planları alt-üst olub. Uniformanı 
harada gizlədəcəkdi? Bütün kupelər doluydu. Ancaq açıq bir qapının önündən 
keçib. Bu kupe boş olub. “Bu, hər halda, qarşılaşdığım qadınındır”, – deyə 
düşünüb. İçəri girərək uniformanı çıxarıb və rəfdəki çamadanın içinə soxub, onu 
tezliklə tapmayacaqlarını ürəyindən keçirib.  
– Sonra bəs nə olub? 
– Bu haqda hələ düşünmək lazımdır. – Puaro mənalı tərzdə dostunun üzünə baxdı. 
Uniformanı qaldırdı. Aşağıdan üçüncü düyməsi qopmuşdu. Puaro əlini pencəyin 
cibinə saldı, oradan bir dəmiryolçu açarı çıxardı: bütün qapıları açmağa yarayan 
əsas açar.  
– Bu da qatilin qapalı qapılardan necə keçdiyinin izahı, – müsyö Buk dedi. – Siz 
boş yerə xanım Habbardın üstünə düşmüşdünüz ki, qapısı açıq idi, yoxsa yox: bu 
adam, onsuz da, qapıdan keçəcəkdi. Bir də ki əgər bu adam bələdçi uniforması tapa 
bilibsə, dəmiryolçu açarını da tapa bilərdi.  


– Həqiqətən, elədir. – Puaro dedi. – Biz gərək bunu çoxdan başa düşəydik. 
Yadınızdadır, Mişel nə dedi: xanım Habbardın çağırışına gələndə onun qapısı bağlı 
idi.  
– Elədir, müsyö, – bələdçi dedi, – buna görə də mən fikirləşdim, yəqin, qadını qara 
basıb. 
– Ancaq indi hər şey aydınlaşmağa başlayır, – müsyö Buk davam etdi. – Qatil, 
bəlkə də, ara qapını bağlamaq istəyib, ancaq görünür, missis Habbard yerində 
tərpənib, bu da onu qorxuya salıb. 
– Belə çıxır ki, – Puaro dedi, – biz indi o qırmızı kimononu tapmalıyıq. 
– Doğrudur. Lakin axırıncı iki kupedə kişi yolçular var. 
– Nə olursa olsun, onların əşyalarını da axtarmalıyıq. 
– Sözsüz! Söylədiklərinizi unutmuş deyiləm. 
Hektor Makkuin əşyalarının aranmasına həvəslə razı oldu.  
– Axır ki, mənə də gəlib çatdınız, – gülümsəməyə çalışdı. – Çünki bu qatarda ən 
çox məndən şübhələndiyinizi bilirəm. Üstəlik, bir də Retçettin bütün sərvətini 
mənə bağışladığını göstərən bir vəsiyyətnamə tapsanız, hər şey lap əla olacaq.  
Bukun ona şübhəylə baxdığını görərək təlaşla əlavə etdi.  
– Zarafat eləyirəm. O, mənə bir sent belə qoymayıb. Mən Retçettin işinə 
yarayırdım. Dil baxımından və başqa işlərdə. İngiliscədən başqa bir dildə danışa 
bilməyən, özü də amerikalı ləhcəylə danışan bir adam hər addımda fırıldaqçıların 
qurbanı olar. Mən özüm də poliqlot deyiləm, ancaq bir az fransızca, almanca və 
italyanca bilirəm.  
Makkuin hər zaman olduğundan daha yüksək səslə danışırdı. Razılıq verməsinə 
baxmayaraq, əşyalarının aranması onu narahat edirmiş kimi bir halı vardı. 
Puaro işini bitirmişdi.  
– Heç bir şey yoxdur, – dedi. – Sizin xeyrinizə olan bir vəsiyyətnamə belə 
tapmadıq. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə