ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

Bu sözlər Puaronun halını dəyişdirmədi.  
– Doktor Konstantinlə birlikdə müşahidə etdiyimiz bəzi qəribəlikləri indilik 
keçirəm, – təmkinlə sözünə davam etdi. – Vaxtı çatanda onlara qayıdacağam. 
Məncə, digər önəmli bir fakt cinayətin saatıdır.  
– Yenə də bizə məlum olan çox az sayda şeylərdən biri, – deyərək müsyö Buk 
onun sözünü kəsdi. – Cinayət bu gün ikiyə on beş dəqiqə işləmiş baş verib. Hər kəs 
bunun belə olduğunu deyir.  
– Heç də elə deyil. Siz olanları şişirdirsiniz. Düzdür, orası da var ki, əlimizdə bu 
fikri təsdiqləyən çoxlu faktlar var.  
– Heç olmasa, bunu etiraf etdiyinizə görə çox sevindim. 
Puaro təmkinlə davam etdi, sanki, heç sözünü kəsməmişdilər: 
– Bu baxımdan üç ehtimalla qarşı-qarşıyayıq. Birincisi: sizin də söylədiyiniz kimi, 
cinayət ikiyə on beş dəqiqə işləmiş işləndi. Bunu əzilən saat, xanım Habbardın 
sözləri və alman xidmətçi Hildeqarda Şmidtin danışdıqları təsdiqləyir. Bundan 
başqa, doktor Konstantin də bu fikirdə olduğunu mənə söyləyib. İkinci ehtimal: 
cinayət daha gec işləndi və saatın əqrəbləri, bizi çaşdırmaq üçün, qəsdən geri 
çəkildi. Üçüncü ehtimal: cinayət daha öncə işləndi və saatın vaxtı yenə eyni 
səbəblə dəyişdirildi. Belə ki, əgər biz mümkünlüyü daha artıq olan, bir çox şahid 
ifadələriylə öz təsdiqini tapan birinci ehtimalı qəbul etsək, o zaman bununla 
əlaqədar ortaya çıxan bəzi faktları da qəbul etməli olacağıq. Misal üçün, əgər 
cinayət ikiyə on beş dəqiqə işləmiş baş verdisə, o zaman qatil qatarı tərk edə 
bilməz – deməkdir bu. Elə isə, sual yaranır: qatil haradadır? Və kimdir? 
Başlanğıc üçün gəlin dindirmələr zamanı öyrəndiklərimizi diqqətlə araşdıraq. 
Balacaboylu, qarasaçlı, cırsəsli adamın varlığını ilk dəfə Hardmandan öyrəndik. 
Hardman Retçettin öz düşmənini ona belə təsvir etdiyini və həmin adamdan 
qorumağı ona tapşırdığını söyləyir. Ancaq onun sözlərini təsdiq edəcək heç bir 
dəlil yoxdur, buna görə də Hardmanın sözlərinə inanmalıyıq. İndi gəlin ikinci bir 
suala cavab tapaq: Hardman, həqiqətən, Nyu-Yorkdakı bir detektiv agentliyinin 
xəfiyyəsidirmi?  


Mənim üçün hadisənin ən maraqlı cəhəti, əlimizdə polis idarəsi tərəfindən təmin 
edilən sənədlərin olmamasıdır. Bu insanların verdiyi ifadələri yoxlamaq imkanımız 
yoxdur. Biz yalnız özümüzün çıxardığımız nəticələrə əsaslana bilərik. Bax bu 
üzdən hadisə mənim üçün çox maraqlıdır. Heç bir gizlədiləsi iş yoxdur. Yalnız 
beynimizi işlətməliyik. İndi öz-özümdən soruşuram: “Biz Hardmanın öz kimliyi ilə 
bağlı söylədiklərinə inana bilərikmi?” Və cavab verirəm:  “Bəli, Hardmanın özü 
haqqında dediklərinə inana bilərik”. 
– Siz öz intuisiyanıza əsaslanırsınız? – doktor Konstantin soruşdu, – yoxsa, 
amerikalılar demiş, havadan nəm çəkmisiniz?  
– Heç də elə deyil. Mən mümkün olan hər şeyi araşdırıram. Hardman saxta 
pasportla səyahət edir, demək, bütün hallarda şübhələr ona yönəlir. Polislər gəldiyi 
zaman ilk növbədə Hardmanı həbs edəcək və onun ifadələrini yoxlamaq üçün Nyu-
Yorka xəbər göndərəcək. O biri sərnişinlərin şəxsiyyətini yoxlamaq çox çətin 
olacaq, buna çox da baş qoşmayacaqlar, çünki onlardan şübhələnməyə heç bir 
səbəb yoxdur. Ancaq Hardmanla bağlı məsələ bir az başqa cürdür. O ya özünün 
dediyi adamdır, ya da deyil. Buna görə mən dedim, onun söylədiklərinə inanıram. 
– Yəni, onu şübhəlilər siyahısından silirik, eləmı?  
– Yox, elə deyil. Siz məni başa düşmədiniz. Hər hansı bir amerikalı detektiv özəl 
səbəblər üzündən Retçetti öldürmək istəyə bilər, bunu mən bilə bilmərəm. Xeyr, 
mən, sadəcə, Hardmanın özü haqqında məlumatı qəbul edə biləcəyimi söyləmək 
istəyirəm. Retçett onu detektiv kimi tuta bilərdi, tam qətiyyətlə söyləmək olmasa 
da, böyük ehtimalla bu, elə belə də olub. Əgər biz Hardmanın ifadəsini doğru 
qəbul ediriksə, o zaman biz bunu təsdiq edəcək başqa məqamları axtarmalıyıq. 
Bunu təsdiq edəcək nə var? Ağlınıza gəlməyəcək bir adamın, Hildeqarda Şmidtin 
sözləri. Qadının gördüyü bələdçinin əlamətləri Hardmanın danışdıqları ilə düz üst-
üstə düşür. Yaxşı, bu iki hekayənin ikisini də birdən təsdiq edəcək bir şey varmı? 
Bəli, var. Xanım Habbardın kupesində tapdığı düymə. Eyni şəkildə təsdiqedici 
başqa sözlər də var, amma bəlkə, siz bunlara fikir verməmisiniz.  
– Nəymiş onlar? 
– Həm polkovnik Arbetnot, həm də Hektor Makkuin kupenin önündən bələdçinin 
keçdiyini söylədilər. Buna əhəmiyyət verməmişlər, əlbəttə. Halbuki, Pyer Mişelin 


sözlərindən onun heç bir zaman Hektor Makkuinlə polkovnik Arbetnotun olduğu 
kupenin önündən keçmədiyini bilirik. O halda, yataqlı vaqon bələdçisi uniforması 
geyinmiş, balacaboy, qarasaçlı, qadın səsli adam hekayəsi birbaşa olaraq, ya da 
dolayı şəkildə dörd şahid tərəfindən təsdiqlənmiş olur. 
– Və daha bir kiçik detal, – doktor Konstantin dedi. – Əgər Hildeqarda Şmidt 
doğru söyləyirsə, o zaman əsl bələdçi nə üçün missis Habbardın çağırışına 
gedərkən onu gördüyünü heç dilə gətirmir? 
– Bu, mənim fikrimcə, tam şəkildə izah oluna bilər. O, missis Habbardın çağırışına 
gedərkən qulluqçu öz xanımının yanında olub. Qulluqçu öz yerinə qayıdanda isə 
bələdçi missis Habbardın kupesində olub. 
Bukun səbri tükənməyə başlayırdı.  
– Elədir, dostum. Düzü, mən sizin müşahidə qabiliyyətinizə və metodik əsaslarla 
məqsədə doğru necə addım-addım yaxınlaşmanıza heyran qalıram, ancaq cəsarət 
edib söyləmək istəyirəm ki, əsas olan məsələyə heç toxunmursunuz. Biz hamımız 
belə bir adamın olduğu fikrini qəbul edirik. Bəs bu adam necə oldu? Əsas məsələ 
bax budur. 
Puaro incik halda başını buladı.  
– Yanılırsınız. Arabanı atın qabağına bağlayırsınız. Mən öz-özümə “bu adam 
haraya getdi?” – deyə soruşmazdan öncə, “əslində, belə bir adam varmı?” – deyə 
soruşuram. Bilirsiniz niyə? Çünki bu adam mövcud olmasaydı, sadəcə olaraq, onu 
uydursaydılar, yaratsaydılar, ortadan qeyb olması elə bu qədər asan olardı. Ona 
görə də mən əvvəlcə bu adamın ətdən-sümükdən bir insan olduğunu öyrənməyə 
çalışıram. 
– Artıq siz belə bir adamın olduğunu təsbit etmisiniz, söyləyin, axı haradadır o?  
– Bu sualın iki cavabı var, dostum. Ya qatarda ağlımıza belə gətirə bilmədiyimiz 
bir yerdə gizlənib. Ya da onun iki sifəti var. Yəni həmin adam həm cənab Retçettin 
qorxduğu adamdır, həm də Retçettin onu tanıya bilməyəcəyi qədər ustalıqla 
maskalanmış bir yolçudur. 
Bukun gözləri parladı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə