– İmkansızdır.
– Rəfiqənizə ondan şübhə etmədiyimizi söyləyə bilərsiniz, madmazel.
– Təşəkkür edirəm.
Qız birdən-birə güldü. Özünə qarşı hüsn-rəğbət doğuran nadir bir gülümsəmə idi
bu.
– Bilirsinizmi, elə bil, balaca bir quzudur. Həyəcan keçirir və mələməyə başlayır.
Miss Debenham dönərək vaqondan çıxdı.
XII fəsil
Alman xidmətçi
Buk qəribə bir tərzdə dostuna baxırdı:
– Sizi başa düşə bilmirəm, dostum. Nəyə nail olmaq istəyirsiniz?
– Mən çat yeri axtarırdım, dostum.
– Çat yeri?
– Hə, bu gənc xanımın büründüyü soyuqqanlılıq zirehində bir çat yeri. Onun
soyuqqanlılığını laxlatmaq istəyirdim. Bunu bacara bildimmi? Bilmirəm. Ancaq
bir şeyi dəqiq bilirəm: mənim belə bir metoddan istifadə edəcəyimi o gözləmirdi.
– Siz ondan şübhələnirsiniz? – müsyö Buk qayğılı halda soruşdu. – Axı nəyə görə?
Gənc və gözəl bir qızın belə bir cinayətə qarışacağı inandırıcı deyil.
Konstantin:
– Mən də sizinlə eyni fikirdəyəm, – dedi. – Soyuqqanlıdır, hissiyyatsızdır, ancaq
onu incidən bir kişinin üstünə bıçaqla atılmaz, sadəcə, onu məhkəməyə verər.
Puaro ah çəkdi.
– Hər ikinizin beyninə dolub ki, guya, bu cinayət bir anlıq bir əsəb üzündən işlənib,
əvvəlcədən hazırlanmış bir qəsd deyil. Məncə, bu fikirdən daşınmalısınız. Miss
Debenhamdan şübhələnməyə gəlincə, bunun iki səbəbi var. Birincisi, Konya
stansiyasında eşitdiyim bir söhbətdir, bu barədə mən hələ sizə danışmamışam. –
Puaro eşitdiyi maraqlı söhbəti onlara danışmağa başladı.
Puaro söhbətini tamamlayınca Buk:
– Çox maraqlıdır... – dedi. – Lakin bu söhbəti hələ aydınlaşdırmaq lazımdır. Əgər
doğrudan da, siz dediyiniz mənaya gəlirsə, deməli, bu qızın və o zəhlətökən
ingilisin cinayətdə əli var.
– Ancaq bu heç bir faktla təsdiqlənmir, – Puaro dedi.¬ – Əgər onlar cinayətdə
iştirak etsəydilər, bilirsinizmi, bu, nə demək olardı? O demək olardı ki, onlar bir-
birilərinin günahsız olduqlarını göstərən şeylər söyləməlidirlər. Elə deyilmi?
Ancaq biz bunu görmürük. Miss Debenhamın günahsız olduğuna dair alibini
isveçli qadın verir, halbuki bu günə qədər heç üzünü də görməyib, polkovnikin
alibisini isə ölənin katibi Makkuin verir. Yox, sizin qərarınız belə mürəkkəb bir
tapmaca üçün həddən artıq bəsitdir.
– Siz, ondan şübhələnmək üçün daha bir səbəbin olduğunu söylədiniz, – müsyö
Buk yada saldı.
Puaro gülümsündü:
– İkinci səbəbə gəlincə... Bu da yenə psixoloji bir məsələdir. Öz-özümdən : “Miss
Debenham bu cinayəti planlamış ola bilərmi”, – deyə soruşurdum. Çünki mən bu
cinayətin arxasında soyuqqanlı, yaradıcı təfəkkürü olan bir insanın olduğunu
düşünürdüm. Bundan əminəm. Miss Debenham məndə bu təəssüratı oyadır.
Buk başını buladı:
– Məncə, yanılırsınız, dostum. Bu gənc ingilis qızın qatil olduğunu heç cür
təsəvvür etmirəm.
Puaro sonuncu pasportu götürdü.
– Nə etmək olar... Gəlin indi də siyahıda son ada keçək. Qulluqçu Hildeqarda
Şmidt.
Qarsonun çağırdığı Hildeqarda tezliklə vaqon-restorana daxil oldu, ehtiramla
qapının ağzında dayandı. Puaro əlinin işarəsiylə onu qarşısındakı stulda oturtdu.
Əllərini dizlərinin üstündə qovuşduraraq səssizcə gözlədi. Son dərəcə fleqmatik
təbiətli olduğu hiss olunurdu və özünə qarşı həddən artıq hörmət oyadan bir qadın
idi, ancaq ola bilər, o qədər də ağıllı deyildi.
Miss Debenhamdan fərqli olaraq, Hildeqarda Şmidtlə Puaro tamam başqa cür
davranırdı. Başdan-ayağa mehribanlıq və xeyirxahlıq mücəssəməsi idi. Görünür,
Puaro qadının özünü rahat hiss etməsini istəyirdi. Nəzakətlə xahiş edərək ona adını
və ünvanını yazdırdı. Sonra da suallarına başladı. Almanca danışırdı.
– Dünən gecə olanlar haqqında məlumat almaq istəyirik. Biz bilirik ki, siz
cinayətin özü haqqında bizə bir şey söyləyə bilməzsiniz, ancaq ola bilsin, sizin
əhəmiyyət vermədiyiniz, lakin bizim üçün yararlı ola biləcək bir şey görmüsünüz
və ya eşitmisiniz. Başa düşürsünüzmü?
Yox, qadın, deyəsən, heç nə başa düşmədi. Geniş, mehriban üzündə donuq və sakit
bir ifadəylə:
– Mən heç nə bilmirəm, müsyö, – dedi.
– Yaxşı. Onda gəlin belə bir faktı götürək: dünən gecə knyaginyanın sizin dalınızca
adam göndərib çağırdığını xatırlayırsınızmı?
– Əlbəttə, xatırlayıram.
– Nə zaman oldu bu? Yadınızdadırmı?
– Xatırlamıram, müsyö. Bələdçi gəlib xəbər verdiyi zaman yatmışdım.
– Başa düşürəm. Gecə vaxtı knyaginyanın sizi çağırması normal bir hal idi?
– Bəli, cənab. Gecələr xanıma tez-tez lazım oluram. O çox pis yatır.
– Çox yaxşı. Demək, sizə xəbər verən kimi o saat qalxdınız. Xalat geyindiniz?
– Xeyr, müsyö. Necə lazımdırsa, o cür geyindim. Xalatla xanım həzrətlərinin
yanına getməyə cəsarət edə bilmərəm.
– Halbuki xalatınız da çox gözəldir, qırmızı rəngdə – elə deyilmi?
Qadın heyrətlə ona baxdı.
– Cənab, mənim tünd-mavi flanel xalatım var.
– Eləmi? Siz davam edin. Mən zarafat etdim. Knyaginyanın yanına getdiniz. Orada
nə etdiniz?
– Xanımı masaj etdim, müsyö. Sonra yüksək səslə kitab oxudum. Yüksək səslə
mən çox da yaxşı oxumuram, ancaq bu, xanımın xoşuna gəlir, bunun daha yaxşı
olduğunu söyləyir, çünki belədə tez yuxuya gedir. Xanım mürgüləməyə başlayanda
artıq mənim gedə biləcəyimi söylədi, mən də kitabı örtdüm və öz kupemə
qayıtdım.
– Saat neçə idi, xatırlayırsınızmı?
– Xeyr, müsyö.
– Söyləyin, xanım knyaginyanın yanında nə qədər qaldınız?
– Yarım saata qədər, cənab.
– Yaxşı, davam edin.
– Əvvəlcə mən xanıma öz kupemdən bir dənə böyük yun şal gətirdim, vaqonu
qızdırsalar da, həddən artıq soyuq idi. Onu şalla bürüdüm, mənə : “Gecəniz xeyrə
qalsın”, – dedi. Stəkanına mineral su tökdüm. İşığı söndürdüm və çıxdım.
– Sonra?
– Başqa danışılacaq bir şey yoxdur, cənab. Mən kupemə qayıtdım və uzanıb
yatdım.
– Koridorda kimsəylə qarşılaşmadınızmı?
– Xeyr, cənab.
– Üzərində əjdaha naxışları olan qırmızı kimono geyinmiş bir qadına rast
gəldinizmi heç?
Hildeqarda Şmidtin mehriban gözləri bərələ qaldı:
– Xeyr, cənab! Koridorda bələdçidən başqa kimsə yox idi. Hamı çoxdan yatmışdı.
Dostları ilə paylaş: |