ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

Qara, zərif kostyum və boz rəngli köynək geyinmişdi. Qara dalğalı saçları 
daranmış, səliqə-sahmanlı idi. Əhvali-ruhiyyəsi və davranışı da sakit və rahat idi. 
Puaroyla Bukun qarşısında oturaraq sualedici baxışlarla onlara baxdı. 
Puaro:  
– Adınız Mari Hermiona Debenham, elə deyilmi? – dedi.  
– Bəli. 
– Siz ingilissiniz? 
– Hə. 
– Lütfən, daimi ünvanınızı buraya yazarsınızmı, madmazel?  
Miss Debenham onun istəyini yerinə yetirdi. Yazısı oxunaqlı və səliqəli idi. 
– İndi, madmazel, gecəki hadisə haqqında bizə nələr danışa bilərsiniz? 
– Qorxuram, sizə danışacaq bir sözüm olmasın. Çünki uzanmışdım, dərhal yatıb 
yuxuya getmişəm. 
– Qatarda bir cinayət işlənməsi sizi məyus edirmi?  
Bunun gözlənilməz bir sual olduğu məlum idi. Gənc qızın ala gözləri bir az 
iriləşdi.  
 
– Nə demək istədiyinizi başa düşmədim. 
– Sizə bəsit bir sual verdim, madmazel. İstəyirsiniz, təkrar edim. Qatarda bir 
cinayət işlənməsi sizi məyus edirmi? 
– Hadisəyə bu yöndən baxmadım. Xeyr, o qədər də məyus olduğumu deyə 
bilmərəm. 
– Yəni bu cinayət sizin üçün ola biləcək bir şeydir, eləmi?  
Mari Debenham sakit-sakit: 
– Əlbəttə, xoş bir şey deyil, – dedi. 


– Siz tipik bir anqlosakssınız, madmazel. Hisslərə qapılmırsınız. 
Qız xəfifcə güldü:  
– Hissiyyatlı olduğumu isbat etməkdən ötrü isterik böhranlar keçirməyə ehtiyac 
görmürəm, ona qalsa, hər gün xeyli insan ölür.  
– Bəli, ölür. Ancaq cinayət daha nadir hallarda olur.  
– Hə, əlbəttə.  
– Cənab Retçettlə tanışlığınız vardımı? 
– Onu ilk dəfə dünən burada, səhər yeməyində gördüm. 
– Sizə necə təsir bağışladı? 
– Ona çox da fikir vermədim. 
– Sizdə pis bir insan təəssüratı oyatmadımı? 
Qız çiyinlərini çəkdi.  
– Bu haqda heç düşünmədim.  
Puaro onu diqqətlə süzdü:  
– Mənim dindirmə metodumu bəyənmədiyiniz hiss olunur. – Gözlərində bic bir 
parıltı yaranmışdı. – Yəqin, fikirləşirsiniz, bir ingilis olsaydı, istintaqı başqa cür 
aparardı, lazımsız şeyləri kənara atardı, yalnız faktlar üzərində dayanardı, bir sözlə, 
metodik əsaslarda və nizamlı bir şəkildə edərdi bu işi. Ancaq mənim, madmazel, 
öz qəribəliklərim var. Hər şeydən əvvəl, mən şahidi gözdən keçirirəm, onun 
xarakterini müəyyən edirəm və buna uyğun olaraq suallar verirəm. Bir neçə dəqiqə 
əvvəl mən bir cənabı sorğu-sual edirdim, cürbəcür məsələlər haqqında öz 
düşüncələrini danışmaqdan ötrü az qalırdı yaxasını cırsın. Ancaq mən buna imkan 
vermədim, ancaq “hə”, “yox” deyə cavab verməsini tələb etdim. Onun arxasınca 
siz gəldiniz. Mən sizin səliqəli, nizamlı olduğunuzu, söhbətdən yayınmayacağınızı, 
suallara qısa və mahiyyətinə görə cavab verəcəyinizi dərhal anladım. Bizim 
qəlbimizə ziddiyyətlər hakim olduğuna görə mən sizə başqa suallar verirəm. 
Soruşuram, siz nə hiss edirsiniz, nə fikirləşirsiniz? Bu metod sizin xoşunuza 
gəlirmi?   


– Kəskin danışdığıma görə bağışlayın, ancaq mənə bunlar vaxt itirmək kimi gəlir. 
Tutaq ki, cənab Retçettin üzünü bəyənib-bəyənməməyimi öyrəndiniz, bunun qatili 
tapmanıza nə köməyi ola bilər? 
– Retçettin əslində kim olduğunu bilirsinizmi, madmazel? 
Mari Debenham başıyla təsdiq etdi:  
– Bəli, xanım Habbard qabağına çıxana bu haqda danışır. 
– Armstronq hadisəsi haqqında nə düşünürsünüz? 
– Amansız bir cinayətdir. 
Puaro düşüncəli-düşüncəli ona baxdı:  
– Siz, miss Debenham, mən biləni, Bağdaddan gəlirsiniz? 
– Hə. 
– Londona gedirsiniz? 
– Hə. 
– Bağdadda nə işiniz vardı? 
– İkiuşaqlı bir ailədə mürəbbiyəlik edirdim. 
– Məzuniyyətinizi tamamladıqdan sonra təzədən oraya qayıdacaqsınız? 
– Dəqiq bilmirəm. 
– Nəyə görə? 
– Bağdad çox uzaqdır. Londonda yaşamaq istərdim, orada bir iş tapmağa 
çalışacağam. 
– Anlayıram. Mən sizin evlənəcəyinizi sanırdım. 
Miss Debenham cavab vermədi. Başını qaldıraraq diqqətlə Puaroya baxdı. “Çox 
həyasızsınız”, – deyəcəkdi, sanki. 
– Sizinlə eyni kupedə qalan xanım haqqında fikriniz nədir? Miss Olson haqqında? 


– Mehriban, sadə bir insandır. 
– Xalatı nə rəngdədir? 
Mari Debenham heyrətlə baxdı.  
– Qəhvəyimtil. Yundan. 
– Hm. Cəsarət edib yada salmaq istəyirəm və məni üzlülükdə qınamayacağınıza 
ümidvaram, sizin xalatınız açıq-bənövşəyi rəngdədir, məncə, buna Hələbdən 
İstanbula gələrkən yolda fikir vermişdim. 
– Bəli, elədir, yanılmamısınız. 
– Sizin başqa xalatınız varmı, madmazel? Məsələn, qırmızı kimono? 
– Xeyr, o, mənim deyil. 
Puaro irəliyə doğru əyildi. İndi siçana hücum edən pişiyə bənzəyirdi: 
– Bəs kimin ola bilər? 
Qız diksinərək stuldan geri çəkildi.  
– Bilmirəm. Nə demək istəyirsiniz? 
– “Mənim qırmızı kimonom yoxdur” demədiniz. “O, mənim deyil” deyə cavab 
verdiniz. Bundan da kimononun başqa birinə aid olduğu nəticəsi çıxır.  
Qız başıyla təsdiq etdi. 
– Qatardakı başqa birinindir bu kimono?  
– Bəli.  
– Kimin? 
– Bilmirəm. Bu səhər saat beşdə oyandım. Qatar uzun müddətdən bəri dayanmış 
kimi gəldi mənə. Qapını açaraq koridora baxdım. Bir stansiyada olduğumuzu 
fikirləşdim. Qırmızı kimonolu bir nəfərin koridorun başına doğru getdiyini 
gördüm. 
– Kim olduğunu bilirsinizmi? Saçları sarı idimi? Yoxsa qara? Ya da qıvrım? 


– Deyə bilmərəm. Başında ləçək vardı. Başının arxasını gördüm.  
– Bədən quruluşu necəydi? 
– Arıq, uzunboyluydu, deyəsən. Ancaq bu da dəqiq deyil. Kimononun üzərində 
əjdaha naxışı vardı. 
– Bəli, doğrudur.  
Puaro bir müddət düşündü. Öz-özünə: “Başa düşmürəm, heç nəyi başa düşmürəm
– deyirdi. – Heç nə bir-biriylə düz gəlmir”. Sonra başını qaldırdı:  
– Sizi daha artıq saxlamaq istəmirəm, madmazel. 
– Eləmi?  
Qız çaşıb qalmışdı, buna baxmayaraq, o dəqiqə ayağa qalxdı. Ancaq sonra qapıda 
duruxaraq geri döndü.  
– O isveçli qadın... Miss Olson... bir az narahatdır. Ona cənab Retçetti ən son onun 
gördüyünü söyləmisiniz sanıram. Buna görə də ondan şübhələndiyinizi düşünür. 
Ona söyləyə bilərəmmi, narahat olmasın? Elə bir adamdır ki, milçəyə belə qıymaz.   
Miss Debenhamın dodaqlarında bir təbəssüm işardı. 
– Miss Olson xanım Habbarddan aspirin istəməyə nə zaman getdi? 
– On birin yarısından bir az sonra. 
– Nə qədər qaldı? 
– Beş dəqiqəyə qədər. 
– Gecə təkrar kupedən çıxdımı? 
– Xeyr. 
Puaro doktora tərəf döndü.  
– Retçett on birin yarısı radələrində öldürülmüş ola bilərmi? 
Konstantin başını buladı:  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə