ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

– Bəli, müsyö. 
– Amerika vətəndaşlığını qəbul etmisiniz, görürəm.  
İtaliyalı güldü.  
– Bəli, müsyö. İş üçün belə daha əlverişlidir.  
–“Ford” maşınlarının satış agentisiniz, eləmi?  
– Hə. Bildiyiniz kimi...  
Və bunun ardınca geniş bir nitq başladı, danışıb qurtaranda artıq orada oturanlar 
Foskarellinin bütün iş metodlarından, getdiyi səfərlərdən, qazandığı pullardan, 
Amerika və bir çox Avropa ölkələri haqqında düşüncələrindən xəbər tutdular. 
İtaliyalıdan söz almaqdan ötrü əziyyət çəkməyə ehtiyac yox idi, sözün özü dağ seli 
kimi aşıb tökülürdü. Sonra mənalı bir hərəkətlə sözlərinə son verərək dəsmalı ilə 
alnını sildi. Mehriban ifadəli, uşaqsayağı üzündən məmnunluq yağırdı.  
– Gördüyünüz kimi, mən böyük işlər fırladıram. Hər şeyi müasir tələblərə görə 
nizamlamışam. Ticarətin damarını hər adam mənim kimi tuta bilməz. 
– Demək, son on ildə tez-tez Amerikada olmusunuz? 
– Bəli, müsyö. Bugünkü kimi yadımdadır, gəmiyə necə oturduğumu, dünyanın 
üçdə-birini qət edərək Amerikaya yollandığımı xatırlayıram. Mənim anam və 
bacım… 
Puaro xatirələr axınının qarşısını aldı: 
– Amerikada olduğunuz zamanlarda mərhumla qarşılaşdınızmı heç? 
– Heç vaxt. Ancaq onun kimi tipləri yaxşı tanıyıram. Hə, çox yaxşı tanıyıram. – 
İtaliyalı mənalı tərzdə barmaqlarıyla çırtma çaldı. – Ciddi davranışlı, çox yaxşı 
geyinmiş, zahiri görkəmi ilə hörmət oyadan bir adam. Ancaq bunlar hamısı 
göstəriş üçündür. Mən öz təcrübəmə əsaslanaraq deyə bilərəm, öldürülən adam özü 
cinayətkar olub. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, ancaq bu belədir. 
– Siz səhv etməmisiniz, – Puaro quru səslə dedi. – Retçett adı altında gizlənən 
adamın əsl familiyası Kassetti olub, məşhur uşaq oğrusu. 


– Bəs mən sizə nə deyirdim? Bizim işimiz elədir ki, gərək ilk baxışdan kiminlə iş 
görəcəyini biləsən. Bunsuz mümkün ola bilməz. Təkcə Amerikada ticarət 
qaydalarına əməl olunur. 
– Siz Armstronq hadisəsini xatırlayırsınızmı? 
– Çox da xatırlamıram. Ancaq adı mənə tanış gəlir. Uşaq çox balaca idi, deyəsən. 
Kiçik bir qız idi. Elə deyilmi? 
– Bəli. Faciavi bir hadisə idi.  
İtaliyalı oradakılardan fərqli olaraq bu fikirdə deyildi.  
– Siz nə danışırsınız, belə hadisələr indi hər addımda baş verir, – filosofcasına 
söylədi. – Böyük sivilizasiyanın mərkəzi olan Amerika kimi bir ölkədə… 
Puaro onun sözünü yarıda kəsdi: 
– Amerikada Armstronq ailəsindən kimsələrlə tanışlığınız var idimi? 
– Xeyr, mən bilən, yox idi. Bu sualınıza cavab vermək çətindir. Sizə bəzi rəqəmləri 
misal çəkə bilərəm. Təkcə keçənilki satışım... 
– Müsyö, rica edirəm, mövzudan kənara çıxmayın. 
İtalyalı üzr istəyirmiş kimi əllərini açdı:  
– Bağışlayın, min dəfə üzr istəyirəm! 
– İndi isə mənə dünən gecə yeməkdən sonra nə iş gördüyünüzü, mümkün qədər 
dəqiqliklə danışın. 
– Baş üstə... Restoranda mümkün olduğu qədər uzun müddət oturdum. Çünki bura 
daha əyləncəlidir. Mənimlə eyni masada oturan amerikalı bəylə danışdım. O da 
yazı makinası lentlərinin ticarəti ilə məşğul olur. Sonra kupemə getdim. Boş idi. 
Mənimlə eyni kupedə qalan Con Bul, o şərəfsiz ingilis nökər ağasının yanında idi. 
Sonra çıxıb gəldi. Həmişə olduğu kimi qaşqabaqlı idi yenə. Mənimlə danışmadı. 
Sözlərimə də ya “bəli” – deyə cavab verdi, ya da “xeyr”. Bu ingilislər qaranlıq bir 
millətdir, heç ürəyəyatan deyillər. O da bir küncdə özünü dartıb oturdu, elə bil, mil 
udmuşdu, kitab oxuyurdu. Sonra bələdçi gəlib yataqları düzəltdi. 


Puaro:  
– Dörd və beş nömrəli yataqları, – dedi. 
– Tamamilə doğrudur, ən axırıncı kupe. Mən üst yataqda yatıram. Yerimə çıxdım. 
Siqaret çəkərək kitab oxudum. O bicbala ingilisin də dişi ağrıyırdı, deyəsən. 
Yataqda uzanıb inildəyirdi. Axırda yuxuya getmişəm, xəbərim olmayıb. Hər dəfə 
oyananda ingilisin inildədiyini eşidirdim. 
– Masterman gecə kupedən çıxdımı heç? 
– Ağlım kəsmir. Elə bir şey olsaydı, hiss edərdim. Qapı açılan kimi içəri 
koridordan işıq düşür. İnsan bu zaman sərhədə çatdığını və gömrükçülərin içəri 
girdiklərini sanaraq o saat oyanır. 
– Masterman heç öz ağasından bir şey danışdımı? Onun qarasınca söyürdümü heç? 
– İngilis heç danışmırdı, dedim axı. Qaraqabaq adamdır. Danışmır, elə bil, ağzına 
su alıb. 
– Siz nə çəkirsiniz: trubka, siqaret, siqar? 
– Ancaq siqaret.  
İtalyan, Puaronun uzatdığı qutudan bir siqaret götürdü. 
Müsyö Buk soruşdu.  
– Siz Çikaqoda olmusunuzmu heç ?  
– Hə, olmuşam! Gözəl şəhərdir. Ancaq mən Nyu-Yorku, Vaşinqtonu, Detroytu 
daha yaxşı tanıyıram. Siz heç Amerikaya getdinizmi? Getmədinizmi? Amma oranı 
görməlisiniz. Mən... 
Puaro, Antonio Foskarelliyə doğru bir kağız uzatdı.  
– Buraya ünvanınızı yazın, bir də imzanızı atın. 
İtalyan ədalı hərəkətlərlə ünvanını yazdı və quyruqlu bir imza atdı. Sonra ayağa 
qalxdı. Yenə üzündə ətrafdakılara yoluxan bir təbəssüm vardı.  


– Elə bu qədər? Artıq mənə ehtiyacınız yoxdurmu? İşiniz avand olsun, bəylər. Bu 
qardan canımız qurtulsa... Milana çatmalıyam, işim var. – Üzüntüylə başını buladı. 
– Yoxsa, bir iş var, əlimdən çıxar, – dedi və salondan çıxdı. 
Puaro dostuna baxdı. 
Buk: 
– Uzun zamandan bəri Amerikada yaşayıb, – dedi. – Özü də italyandır. İtalyanlar 
bıçaq işlətməyi çox sevirlər. Üstəlik də, çox yalançıdırlar! Mənim italyanlardan 
heç xoşum gəlmir! 
Puaro gülümsədi:  
– Ola bilər. Bəlkə də, haqlısınız, dostum. Ancaq onun əleyhinə əlimizdə bircə dənə 
də olsun, dəlil yoxdur. Bunu sizə xatırlatmaq məcburiyyətindəyəm. 
– Bəs sizin psixologiyanız harada qaldı? İtalyanlar adam bıçaqlamırlarmı? 
Puaro:  
– Bıçaqlayırlar, – dedi. – Xüsusən də dava-dalaşın ən şiddətli anında. Ancaq bu... 
bu, tamamən başqa bir cinayətdir. Mənə bu cinayət olduqca diqqətlə 
planlaşdırılmış kimi gəlir. Ondan sonra da ustalıqla səhnəyə qoyulub. Uzaq hədəfi 
olan cinayətdir... Necə başa salım, bilmirəm. Latın millətinə xas olan bir cinayət 
deyil. Mən bu hadisədə soyuqqanlı, yaradıcı, yaxşı işləyən, diqqətli bir beynin 
izlərini görürəm, anqlosaks tipinə daha uyğun gəlir bu cinayət.  
Son iki pasportu götürdü:  
– İndi miss Meri Debenhamla söhbət etməliyik. 
 
XI fəsil 
Miss Debenham 
 
Mari Debenham vaqon-restorana girdiyi zaman Puaronun daha öncə onun 
haqqında əldə etdiyi təsəvvürləri daha da möhkəmlətdi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə