ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

VIII fəsil 
Polkovnik Arbetnot 
 
Puaro başını silkələyərək daldığı dərin düşüncələrdən oyandı. Baxışları müsyö 
Bukun maraq dolu baxışlarıyla qarşılaşınca gözlərində bic bir parıltı göründü.  
– Ah, əziz dostum, gördüyün kimi, mən də artıq snob1 olmağa başlayıram. Ona 
görə də ikinci dərəcələrdən öncə birincidəkilərlə danışmağın daha lazımlı olduğunu 
düşünürəm. İndi yaraşıqlı polkovniklə söhbət edəcəyik. 
Bir neçə sualdan sonra polkovnikin fransızca çox zəif danışdığı ortaya çıxdı, buna 
görə də Puaro ingiliscəyə keçdi. Arbetnotun adını, familiyasını, yaşını, ünvanını və 
hərbi rütbəsini dəqiqləşdirdikdən sonra:  
– Hindistandakı işinizdən məzuniyyətə çıxıb evə qayıdırsınız, deyəsən, ya da 
fransızca ifadə etsək “en permission”a2 çıxmısınız? – dedi. 
Polkovnik Arbetnot murdar fransızcada nəyin necə adlandığına əhəmiyyət 
verməyib, ingilislərə xas olan qısaca bir cavab verdi:  
– Hə. 
– Ancaq Şərq xəttində hərəkət edən hərbi gəmiyə minməmisiniz! 
– Elədir. 
– Nəyə görə? 
– Şəxsi bir səbəbə görə qatarla getməyə üstünlük verdim.  
Arbetnotun zahiri görkəmində, sanki: “Hə, aldın cavabını, boşboğaz hərif”, – 
deyərcəsinə bir ifadə vardı, bu tövrlə qarşısındakı adamın hər şeyə burnunu 
soxmasından narazı olduğunu göstərirdi. 
– Hindistandan birbaşamı gəldiniz? 
Polkovnik:  


– Bir gecə Uredə və üç gün Bağdadda qaldım, orada qulluq edən köhnə bir 
dostumun yanında, – deyə cavab verdi. 
– Siz üç gün Bağdadda qalmısınız. Bildiyimə görə, o gənc ingilis qız – miss 
Debenhm da Bağdaddan gəlirmiş. Onunla orada tanış olmamısınız ki? 
– Xeyr, orada tanış olmamışam. Miss Debenhamı ilk dəfə qatarda, Kərkükdən 
Nissibinə gedərkən gördüm. 
Puaro həmsöhbətinə doğru əyildi və bilərəkdən xaricilərə xas olan bir ləhcəylə 
yavaşca ondan soruşdu. 
– Müsyö, sizdən bir xahişim olacaq. Siz və miss Debenham qatarda yeganə 
ingilissiniz. Ona görə də ikinizdən də bir-biriniz haqqında fikirlərinizi soruşmaq 
məcburiyyətindəyəm. 
Polkovnik Arbetnot soyuqqanlılıqla:  
– Son dərəcə qaydalara zidd bir xahişdir bu, – dedi. 
– Heç də zidd deyil. Çünki bu cinayəti bir qadın işləmiş ola bilər. Ölənin 
bədənində on iki bıçaq yarası var. Hətta qatar rəisi də bu cinayətin bir qadın 
tərəfindən işləndiyini söylədi. Buna görə də mənim birinci növbədə vəzifəm nədən 
ibarətdir? İstanbul – Kale vaqonundakı bütün qadın yolçular haqqında hər şeyi 
öyrənmək. Ancaq ingilis qadınları haqda qərar vermək o qədər də asan məsələ 
deyil. İngilislər içlərinə qapalı insanlardır. Sizdən ədalət naminə rica edirəm. 
Müsyö, miss Debenham necə insandır? Onun haqqında nə bilirsiniz? 
Arbetnot həyəcanla:  
– Miss Debenham alicənab bir xanımdır, – deyərək cavab verdi. 
Puaro çox məmnunmuş kimi bir ifadəylə dedi:  
– Hm! Yəni onun cinayətlə bir əlaqəsi ola biləcəyini sanmırsınız? 
Arbetnot:  
– Bunu düşünməniz belə gülüncdür, – dedi. – Ölən adam bir əcnəbidir. Miss 
Debenham onun indiyə qədər heç üzünü də görməyib. 


– O, bu haqda sizə danışıb? 
– Hə. Onunla qarşılaşdığımız zaman çirkin görkəminə diqqət yetirdi və bu 
təəssüratını mənimlə bölüşdü. Əgər bu cinayət bir qadının işidirsə, miss 
Debenhamın bununla heç bir əlaqəsi ola bilməz. Bundan əmin ola bilərsiniz. Əgər 
sizin söylədikləriniz də, sadəcə, bir ehtimaldırsa və heç bir əsasa, bir dəlilə 
söykənmirsə. 
Puaro gülümsədi:  
– Görünür, bu, sizi çox narahat edir. 
Arbetnot onu nifrət dolu baxışlarla süzdü:  
– Bununla nə demək istədiyinizi başa düşmədim. 
Baxışları Puaronu utandırmış kimiydi. Belçikalı gözlərini ondan qaçıraraq 
önündəki kağızları qarışdırmağa başladı.  
– Bütün bunlar mövzudan kənar şeylərdir. İndi əsl hadisələrə gələk. Cinayətin 
dünən gecə ikiyə on beş dəqiqə işləmiş baş verdiyini hesab edirik. Formallıq 
xatirinə qatarda hər kəsdən o saatda nə iş gördüyünü soruşmaq 
məcburiyyətindəyik. 
– Əlbəttə. Səhv etmirəmsə, saat ikiyə on beş dəqiqə işləmiş o gənc amerikalıyla 
danışırdım. Bu ölən adamın katibiylə. 
– Aha! Sizmi onun kupesindəydiniz, yoxsa o sizin? 
– Mən onun kupesindəydim. 
– O gənc adamın familiyası Makkuindir, elə deyilmi? 
– Bəli.  
– Siz onunla dostsunuz, yoxsa tanışsınız? 
– Onu ilk dəfə bu səfər zamanı görmüşəm. Dünən təsadüfən danışmağa başladıq. 
Sonra ikimizin də maraqlandığımız mövzularda söhbətlər açıldı. Mənim, əslində, 
amerikalılardan çox da xoşum gəlməz, onlarla çox çətinliklə dil tapıram... 


Makkuinin “zəhlətökən ingilislər” haqqındakı sözlərini xatırlayan Puaro bığ altdan 
güldü. 
– Ancaq bu gənc oğlan xoşuma gəldi. Düzdür, Hindistandakı işləri yoluna qoymaq 
haqqında mənasız fikirləri var, bu, amerikalıların ümumi xəstəliyidir, çünki həm 
idealist, həm də sentimentaldırlar. Hindistan haqqında danışdıqlarım onu çox 
maraqlandırdı, axı mən Hindistanda ömrümün otuz ilini keçirmişəm. Mənə isə 
onun Amerikadakı iqtisadi böhran haqqında danışdıqları maraqlı gəldi. Sonra da 
biz beynəlxalq vəziyyət haqqında uzun-uzun danışdıq. Saata baxıb, ikiyə on beş 
dəqiqə qaldığını görüncə məəttəl qaldım. 
– Söhbətiniz o zamanmı sona çatdı? 
– Bəli. 
– Ondan sonra nə etdiniz? 
– Öz kupemə gedərək yatdım. 
– Yatağınız düzəldilmişdimi? 
– Bəli. 
– Sizin kupeniz, bax bu, on beşinci nömrə, restoran tərəfdən ikinci kupedir, elə 
deyilmi? 
– Hə. 
– Siz kupenizə gedəndə bələdçi haradaydı? 
– Ən sonda, öz yerində oturmuşdu. Hətta mən kupemə gedərkən Makkuin onu 
çağırdı. 
– Nəyə görə? 
– Hər halda, yatağını düzəltmək üçün. Yatağı hələ də hazırlanmamışdı. 
– İndi, polkovnik Arbetnot, yaxşıca düşünmənizi istəyirəm. Siz cənab Makkuinlə 
danışdığınız zaman koridordan bir adam keçdimi? 
– Hər halda, kimlərsə keçdi. Ancaq mən onlara diqqət etmədim. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə