ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

– Hildeqarda Şmidt. 
– Çoxdan yanınızdadır? 
– On beş ildir. 
– Etibarlı qadındır? 
– Tam mənasıyla. Ailəsi ərimin Almaniyadakı fermalarından birində işləyirdi. 
– Güman edirəm, Amerikada olmusunuz, madam? 
Mövzunun belə birdən-birə dəyişdirilməsi yaşlı qadının qaşlarını qaldırmasına 
səbəb oldu.  
– Çox... 
– Armstronq adında bir ailəni tanıyırdınızmı? Fəlakətə uğramış bir ailə... 
Yaşlı qadın həyəcanlı bir səslə:  
– Dostlarımdan söz edirsiniz, müsyö, – dedi. 
– Demək, polkovnik Armstronqu yaxşı tanıyırdınız? 
– Bir az tanıyırdım. Ancaq arvadı Sonya Armstronqun adını mən qoymuşdum. 
Çünki Sonyanın anası aktrisa Linda Arden mənim rəfiqəm idi. Linda Arden böyük 
bir dahiydi. Dünyanın ən böyük faciə aktrisalarındandı. Ledi Maqbet, ya da Maqda 
rolunu onun kimi oynaya bilən başqa heç kimsə yox idi. Mən yalnız onun sənətinin 
heyranı deyil, eyni zamanda da, yaxın rəfiqəsi idim. 
– Öldümü? 
– Xeyr, xeyr. Həyatdadır. Ancaq dünyadan əlini-ətəyini çəkib. Sağlamlığı yerində 
deyil və demək olar, yataqdan qalxmır. 
– Linda Ardenin daha bir qızı vardı, sanıram? 
– Bəli. Sonya Armstronqdan çox kiçikdi. 
– Sağdırmı? 
– Əlbəttə. 


– İndi haradadır? 
Yaşlı qadın sınayıcı baxışlarla Puaroya baxdı.  
– Sizdən bu sualların səbəbini soruşmaq istəyirəm. Bunların indiki hadisəylə, yəni 
bu qatarda işlənən cinayətlə nə əlaqəsi var? 
– Öldürülən Retçett, xanım Armstronqun uşağının qaçırılmasına və öldürülməsinə 
səbəb olan adamdır. 
– İşə bir bax! – Knyaginya Draqomirova yerində dikəldi, qaşları çatıldı. – Əgər 
elədirsə, o zaman bu cinayəti alqışlamaq lazımdır, məncə. Tərəfsiz davranmadığım 
üçün məni bağışlayın. 
– Bu münasibətiniz çox normaldır, madam. İndi cavab vermədiyiniz suala 
qayıdaq... Linda Ardenin kiçik qızı, xanım Sonya Armstronqun bacısı indi 
haradadır? 
– Açığını söyləyim, müsyö, bilmirəm. Gənc nəsildən olan adamlarla bütün 
əlaqələrim kəsilib. Səhv etmirəmsə, bir ingilislə evləndi və Britaniyaya getdi. 
Ancaq bu saat o adamın adını xatırlaya bilmirəm.  
Bir an duruxdu, sonra:  
– Məndən soruşmaq istədiyiniz başqa bir şey varmı? – dedi. 
– Təkcə bir şey daha var, madam. Bu, bir az şəxsi sualdır. Xalatınızın rəngi 
necədir? 
Knyaginya qaşlarını xəfifcə qaldırdı.  
– Bu sualı soruşmanızın səbəbi boş bir maraqdan qaynaqlanmır, hər halda. Xalatım 
tünd- göy rəngdə, atlaz parçadandır. 
– Başqa bir sözümüz yoxdur, madam. Suallarıma həvəslə cavab verdiyiniz üçün 
çox təşəkkür edirəm. 
Knyaginya üzüklərlə bəzənmiş əliylə yüngülcə bir sağollaşma hərəkəti etdi. Ayağa 
qalxarkən o biriləri də yerlərindən durdular. Lakin qadın getməyə tələsmədi.  
– Bağışlayın, müsyö, adınızı soruşa bilərəmmi? Üzünüz mənə tanış gəlir. 


– Adım Erkül Puarodur, madam. 
Knyaginya bir an səsini çıxarmadı.  
– Erkül Puaro, – deyə təkrarladı. – Hə, indi xatırladım. Talenin işidir bu, – dedi və 
qapıya yaxınlaşdı. Özünü çox şax tutmuşdu, buna baxmayaraq, çətinliklə 
addımladığı hiss olunurdu. 
– Əsl zadəgan xanımıdır, – müsyö Buk dedi. – Onun haqqında nə düşünürsünüz, 
dostum? 
Erkül Puaro, sadəcə, başını yellədi.  
– Tale, – deyə təkrar etdi. – Maraqlıdır, bununla nə demək istəyirdi? 
 
VII fəsil 
Qraf və qrafinya Andreni 
 
Knyaginyadan sonra qraf və qrafinya Andrenini çağırdılar. Ancaq gənc qraf vaqon-
restorana təkbaşına gəldi. Həqiqətən, çox yaraşıqlı bir kişi olduğu yaxın məsafədən 
daha aydın görünürdü. Boyu, ən aşağısı, bir səksən olardı – enlikürək, incəbelli, 
uzunboylu idi. Çox yaxşı dərzinin əlindən çıxdığı bilinən kostyum geyinmişdi. 
Bığının forması və çıxıq almacıq sümükləri olmasa, ingilis olduğunu güman edə 
bilərdiniz. 
– Bəli, cənablar, – dedi. – Sizin üçün nə edə bilərəm? 
– Olanları bilirsiniz, müsyö, – deyə cavab verdi Puaro. – Vəziyyətlə bağlı olaraq 
sərnişinlərdən bəzi şeyləri soruşmaq məcburiyyətindəyik. 
Qraf açıqürəkliliklə:  
– Əlbəttə, əlbəttə, – dedi. – Sizi başa düşürəm. Ancaq qorxuram, mənim də, 
arvadımın da sizə bu məsələdə bir o qədər də yardımı toxunmasın. İkimiz də 
yuxuda olmuşuq və heç bir şey eşitməmişik. 
– Ölən adamın kim olduğunu bilirsinizmi, müsyö? 


– Eşitdiyimə görə, o yekəpər amerikalı öldürülüb. Üzü heç də xoşagələn deyildi. 
Yemək vaxtı bu masada otururdu. – Başıyla Retçett və Hektor Makkuinin 
masasına işarə etdi. 
– Bəli, elədir, müsyö. Ancaq mən adını bilib-bilmədiyinizi soruşmaq istəmişdim. 
Qrafın üzündə Puaronun suallarına heyrət edirmiş kimi bir ifadə vardı.  
– Adını öyrənmək istəyirsinizsə, hər halda, pasportunda yazılıdır. 
– Pasportunda familiyası Retçett yazılıb, – dedi Puaro. – Ancaq bu, onun əsl 
familiyası deyil, müsyö. Onun əsl familiyası Kassetti idi, Amerikada uşaq qaçırma 
hadisələrində adı hallanan bir adam.  
Danışarkən diqqətlə qrafı süzürdü. Ancaq bu sözləri gənc adama heç təsir etmədi. 
Sadəcə, gözlərini xəfifcə açdı. 
– İşə bax! – dedi qraf. – Bu, cinayətə aydınlıq gətirir. Çox qəribə bir yerdir 
Amerika. 
– Siz Amerikada olmusunuzmu, cənab qraf? 
– Bir il Vaşinqtonda yaşamışam. 
– Bəlkə, Armstronq ailəsiylə də tanışlığınız olub? 
– Armstronq... Armstronq... Nəsə yadıma gəlmir. O qədər çox insanla tanış olursan 
ki. – Gülümsəyərək çiyinlərini çəkdi. – Lakin mövzudan yayınmayaq. Sizə yardım 
üçün başqa nə gələ bilər əlimdən? 
– Söyləyin, qraf, yatmaq üçün nə zaman uzandınız?  
Puaro xəlvətcə plana baxdı. Qrafla qrafinya birləşdirilmiş 12 və 13 nömrəli 
kupelərdə qalırdılar. 
– Yeməkdə olan zaman kupelərdən birindəki yatağı düzəltdirmişdik. Qayıdanbaş 
bir müddət o biri kupedə oturduq…  
– Bu kupe neçənci... 
– On üçüncü nömrə. Biz piket oynadıq. Saat on birdə arvadım yatmağa getdi. 
Bələdçi mənim də yatağımı düzəltdi. Mən də uzanıb səhərə qədər yatdım. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə