Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə203/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   199   200   201   202   203   204   205   206   ...   219

 664 

oldu. Eləcə  də yaponlar. Rusiya hələ ki, bunu dərk etməyib. 

Bizsə heç dərk etməmişik.  

*** 

Əbülfəz Elçibəy hakimiyyəti bitdi. Mənim bu namuslu və 

bədbəxt idealistə  səmimi surətdə yazığım gəlir. Bu anlayışın 

yaxşı mənasında Don Kixot idi (bir az bicliyi olsa da). Zahirən 

də Don Kixota oxşayırdı, xüsusilə  də, Turqut Ozal – Sanço 

Pansoyla yan-yanaşı qoşa duranda.  

Hər halda, yazıq ona. Amma dövlət başçısı yazıqlıq 

duyğuları oyatmamalıdır. Hörmət, ehtiram, heyranlıq, ya da 

qəzəb, qorxu, nifrət, – hansı duyğu oyadır-oyatsın, bircə gərək 

xalqın yazığı  gəlməsin ona. Yazığın gəldiyi adam sənə  də, 

ölkəyə də rəhbərlik edə bilməz.  

Amma nə  əkərsən, onu biçərsən. Heydər  Əliyev həqiqətən 

zərgər dəqiqliyiylə  işlədi. Televizorla siyasi oyunlara, ictimai 

rəyin hazırlanmasına, taktikasına baxıb heyran qalırdım. Son 

nöqtəni də bir mollayla keçirilən tədbirdə qoydu (bunu da 

televiziyayla gördüm). Molla kürsüyə  çıxıb: "Şəhidlərirn 

ruhuna fatihə oxuyacam" – dedi.  

–Oxu, – dedi Heydər Əliyev.  

Amma fatihə  əvəzinə molla Mutəllibovun dövründən 

danışmağa başladı, siyasi tövsiyyələr vermək istədi. Görünür, 

Əliyevi Mütəllibovla dəyişik salmışdı. Davam etdi: "Əbülfəz 

ona görə  yıxıldı ki, Allahsız idi" – dedi. (Əbülfəz yazıq 

Allahsız imiş? Burda – Türkiyədə onu hətta "köy imamı"- kənd 

mollası adlandırırdılar). "Birinci yerə İslamı qoymasanız, sizin 

də aqibətiniz elə olacaq" – dedi molla Heydər Əliyevə. Əliyev 

kəskin şəkildə onun sözünü kəsdi: – "Sən fatihəni oxu" – dedi. 

Molla yenə siyasi mövzularda moizələrini davam etdirmək 

istəyəndə H.Əliyev elə  bərkdən öskürdü ki, mollanın sözü 

boğazında qaldı və dərhal fatihə oxumağa başladı. Azəbaycan 

tragikomediyasının növbəti səhnəsi belə bitdi. 



*** 

Hər xalqla müəyyən bir heyvanın obrazını əlaqələndirirlər – 




 665 

rus ayısı, ingilis şiri, fransız (qall) xoruzu, ispan öküzü. 

Almanlar donuzu sevir, hindlilər inəyə sitayiş edir, ərəbi 

dəvəsiz təsəvvür etmək çətindir. Çinlilər ilanı, türklər boz 

qurdu totemləşdirir. Sovet vaxtında Darvin təliminə görə bizi 

inandırırdılar ki, meymundan törəmişik.  İndi isə deyirlər ki, 

Boz qurddan əmələ gəlmişik.  

*** 

Keçmiş qayıdır – elə  həmin mədhiyyələr dinmədən, 

məmnunluqla qəbul edilir.  

 

2 sentyabr, 1993  



 

*** 

Onun yalnız bicə güclü düşməni var – özü.  



*** 

Keçmiş SSRİ-dəki stalinistlərlə xaricdəki stalinistlərin fərqi 

ondadır ki, birincilər alçaq, ikincilər axmaqdırlar. Birincilər hər 

şeyi bil-bilə riyakarlıqla bütün bildiklərinə göz yumurlar, 

ikincilər isə heç nə bilmirlər, ya bilmək istəmirlər. Milyonlarla 

məhv edilmişlər, güllələnmişlər, sürgünlərə göndərilmiş, 

məhbəslərə atılmışlar, ölüm düşərgələri – QULAQ… 

Birincilər: "nə olsun, yuksək məqsəd yolunda bu qurbanlar 

labüddür" – deyir. İkincilər: "Bizim bundan xəbərimiz 

yoxdursa, deməli, bunlar olmayıb" – fikrindədirlər.  



*** 

Moskvada – senzura tətbiq olunur. Demokratik Qərb 

riyakarlıqla bundan narazıdır. Yaxşı, mən də senzuranın 

əleyhinəyəm, amma axı  məhz mətbuatın özbaşınalığı bu 

atmosferi yaratdı, gərginləşdirdi və bütün bunlar Parlamenti 

topa tutmaqla nəticələndi. Qərb də bunu (yəni topa tutmanı) 

anlaşıqlı qarşıladı. Qəribədir. Qanlı  nəticəni anlamaq, qəbul 

etmək, amma ona gətirən səbəbləri, hadisələrin gedişatnı başa 

düşməmək. Rusiyada da, bütün keçmiş SSRİ  məkanında da 

nüvə potensialından daha təhlükəli olan hamının hamıya 




 666 

qarşılıqlı nifrətidir. Bax bu partlaya bilər, daha doğrusu, artıq 

partlayır. Partlayışı hazırlayan isə  məsuliyyətsiz, təhrikçi və 

təxribatçı  mətbuatdır. Odur ki, mətbuata təzyiqlər haqqında 

təəssüflər riyakarlıqdan başqa bir şey deyil. Ümumiyyətlə, mən 

get-gedə daha çox dərk edirəm ki, Qərbin demokratiyaya 

aludəçiliyi daha çox demokratiyanın zahiri, dekorativ 

atributlarına aiddir. Sxolastik demokratik düşüncə doqmatik 

totalitarizmdən, ehkamçı kommunist fikir tərzindən az 

fərqlənir.  Əlbəttə, fikir, əqidə azadlığına hörmətlə yanaşmaq 

lazımdır, amma əgər bu faşizmdirsə, yalnız kimsə  həmin 

əqidəyə tapınır deyə onu məqbul saymaq olarmı?  

Demokratiyanın və söz azadlığının süyər yeri də elə budur. 

Mücərrəd şəkilə yozulan söz azadlığı naminə azadlığı o şəxslər 

də qazanır ki, əslində elə bu azadlığın düşmənidirlər. 

Demokratiyanın bu anadangəlmə Axilles dabanından istifadə 

edərək əksəriyyət demokratik quruluşun özünə qarşı çıxa bilər. 

Çoxluq demokratiya istəmirsə, demokratiyanı zorla qəbul 

etdirmək – demokratiyadırmı?  

Bu çıxmazdan çıxış varmı? Məncə, yoxdur. Ancaq intuisiya 

ilə bu balansın dərk olunmasına ümid bəsləmək olar – yəni 

diktator-demokratın, həqiqətən də, demokratik dəyərlərə sadiq 

olduğuna və onlara namusla xidmət etməsinə ümid etmək… 

Müəyyən dərəcədə Kamal Atatürk bunun örnəyidir. 

Demokratiyanın diktaturası, ya demokratik diktatura… Yeltsin 

necə, buna örnək ola bilərmi? Yəni ağlı və iradəsi çatacaqmı ki, 

bu dəyərləri ilk növbədə özünün ətrafındakılardan qoruya 

bilsin – axı  ətrafında Qraçov kimi acgözlər, Qdlyan kimi 

fırıldaqçılar, Staravoytova kimi siniklər var ki, hamısı təpədən-

dırnağa satılmış adamlardır. Onlar üçün demokratiya yalnız bir 

oyun kartıdır. O biri tərəfdən də general Lebed kimi mağara 

adamlarının fikrincə, Rusiyanın imperiya amalı heç də 

demokratiyaya zidd deyil. Belələrinin zehnində demokratiya 

patrisilər üçündür (Lebedi patrisi sifətində təsəvvür etmək çətin 

olsa da). Və bütün başqa xalqların müqəddəratını bir xalq həll 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə