Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə205/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   201   202   203   204   205   206   207   208   ...   219

 670 

Müasirliyi çox gözəl duyur, amma tarixilik hissi o qədər 

sərrast deyil.  

*** 

O, konformistdir, həmişə necə lazımdırsa, o cür danışır və 

hərəkət edir, nəticədə  hər  şeyə malikdir. Mən ayrı cür 

yaşayıram və heç nəyim yoxdur. Bəs nədən mən onu yox, o 

məni qısqanır?  

Gör nə günə qalmışıq ki, təmiz yaşadığımız üçün bəraət 

istəyirik. Gör nə zamanda yaşayırıq ki, alçaq ola bilmədiyin 

üçün sənə  ağız büzürlər. Xeyirxahlarım belə: "Güclü olmaq 

lazımdır" – deyirlər. Onların aləmində güclü olmaq – zirək 

olmaq, məkrli olmaq, sifətini hər gün dəyişməkdir. Vicdan 

sklerozu ilə yaşamaqdır.  İstəmirəm, bu cür güclü olmaq 

istəmirəm, zəifəm, qoy zəif qalım.  



*** 

Rusların xarici siyasətini heç cür anlaya bilmirəm (Elə daxili 

siyasətlərini də). Bir yandan NATO-nun Şərqə doğru 

irəliləməsinin  əleyhinədirlər. O biri tərəfdən Belorusiyayla 

birləşib NATO-ya daha yaxın olmağa cəhd edirlər. Axı Polşa 

mütləq NATO-nun üzvü olacaq. Müstəqil Ukrayna və 

Belorusiyanı neytral bufer ölkələri kimi saxlamaqdansa Rusiya 

onları da həzm-rabedən keçirib NATO-yla həmsərhəd olmaq 

istəyir.  

*** 

1993-cü il yanvarın 28-də "Yol" qəzetində gənc Azərbaycan 

şairi yazır ki, Azərbaycan adlı yer olmamalıdır və bu söz 

unudulmalıdır. Hər yan böyük Turanın içində  əriməlidir. Elə 

düşünür ki, Böyük məmləkətsiz böyük ədəbiyyat yarana 

bilməz. Mirzə  Cəlil demiş, "Ax yazıq vətən, ax biçarə  vətən! 

Sənin yer üzündən silinməyini bir yandan Zori Balayan istəyir, 

bir yandan da Turan xülyasına qapılmış öz övladın".  

 

29 yanvar, 1993 

*** 



 671 

Romiklə Yusif gəlmişdilər. Gecə  ağlıma gəlmiş fikirləri 

onlarla bölüşdüm. Yazıq Azərbaycan – bir vaxtlar onu millət 

anlayışını  qəbul etməyən  İslam ümmətçiliyində  əridib itirmək 

istəyirdilər. Sonra rus imperiya düşüncəsinə xidmət edən sover 

beynəlmiləlçiliyi adıyla assimilə etməyə çalışdılar.  İndi də 

türkçülük içində yox etmək istəyirlər. Niyə görə yakut, ya 

xakas (onlara hörmət bəsləsəm də) mədəniyyət, mentalitet, 

adət-ənənə, psixoloji cəhətdən mənə talışdan, ləzgidən, tatdan 

və kürddən daha yaxın olmalıdır? Azərbaycan xalqı, heç 

şübhəsiz, türk mənşəli xalqdır, amma bizi məhz Azərbaycan 

türkü kimi formalaşdıran cəhət tarixi ömrümüzdə başqa etnik 

elementlərlə qaynayıb qarışmağımızdır. Bu, qarşılıqlı 

zənginləşməyə  səbəb olub. Tam saf, təmiz irqlər, millətlər 

yoxdur. Məsələ yalnız bir millətin etnogenezində başqa 

ünsürlərin iştirak dərəcəsində, iştirak ölçüsündədir. "Xalçanın 

hikməti" adlı essemdə yazmışdım ki, Azərbaycan xalqı türk 

atanın və yerli ananın övladıdır. Bu düstur türk düyasının dostu 

və  dərin bilicisi, böyük türkoloq Lev Qumilyovun da xoşuna 

gəldi. Leninqradda rəhmətlik Aydın Məmmədovun vasitəsiylə 

bu böyük alimlə tanış oldum. Evlərinə getdik. Kommunal 

mənzildə yaşayırdı. Mənə bağışladığı kitabının üstündə: 

"Aslandan Anara" yazmışdı. (Axı adı Levdir). Amma atası 

Nikolay Qumilyovun kitabına avtoqraf qoymağa razı olmadı. 

Aydınla mənə baxıb – "tarixinizi ayrı yerə aparmayın, elə 

sizin sifətlərinizə baxmaq kifayətdir ki, Selcuqların xələfləri 

olduğunuz aydın görünsün". Mənim "türk ata, yerli ana" fikrim 

haqqında onun rəyini soruşduqda "tamamilə doğrudur" – dedi.  

Sonralar bu düstur nə şəkildəsə Türkiyədə də qəbul olundu. 

İstanbulda "Ata yurddan Ana Yurda" adlı  dərgi çıxmağa 

başladı. O vaxt, sovet dövründə  mən Türk atamız məsələsini 

"Qobustan" toplusunda, Dədə Qorqudla bağlı  işlərimdə  və 

"Dədə Qorqud dünyası" essemdə daha çox qabartmağa 

çalışırdım. Amma indi elə bir dövr gəlib ki, yerli ana 

elementləri haqqında da danışmaq lazım gəlir. Birtərəfli 



 672 

yanaşma əvvəllərdə olduğu kimi indi də Azərbaycan türklərini 

tarixi yetimə çevirə bilər.  

 

29 yanvar, 1993 



 

*** 

Gecə  ağlıma bir fikir də  gəldi: Mirzə  Cəlilin "Anamın 

kitabı" pyesi məşhur üçlüyə – "türkləşmək, islamlaşmaq, 

müasirləşmək" düsturuna qarşı yönəlmiş əsər deyilmi?  



*** 

Moskva və Leninqrad demokratlarının zəif damarı odur ki, 

səmimi  şəkildə totalitarizm əleyhdarları olsalar belə, hələ  də 

totalitar düşüncənin əsiridirlər. Bu onda görünür ki, Qorbaçova 

müxtəlif iradlar tutarkən yeni bir büt yaradırlar, mənfi işarəli 

bir büt. Yəni hər  şeyi onun fərdi keyfiyyətləriylə, 

qərarsızlığıyla, səbatsızlığıyla, güzəştə meylli olmasıyla 

bağlayırlar və cəmiyyətin bütün qlobal, total problemlərinin bir 

nəfərdən, onun şəxsiyyətinin mənfi cəhətlərindən asılı 

olduğunu iddia edir, yəni yeni kult uydururlar. Unudurlar ki, 

Qorbaçov siyasətçi kimi müəyyən  şərtlər çərçivəsində, bir-

birinə qarşı duran qüvvələrin kontekstində, oturuşmuş dövlət-

inzibati, partiya-siyasi mexanizmlər sistemində  fəaliyyət 

göstərir. Bir fərdin səlahiyyətləri nə  qədər geniş olur-olsun, 

məsələ  tək bir adamdan asılı ola bilməz. Bu yalnız Stalin 

dövründə, Stalin şəxsiyyətinə görə mümkün olan şeydir.  İndi 

isə söhbət real vaxt kəsiyində bir şəxsin – nə  qədər yüksək 

vəzifə tutur- tutsun, obyektiv hərəkət etmək imkanlarından 

gedir. Sol radikallar tələb edir ki, mühafizəkarlara qarşı  qəti 

addımlar atılsın, amma bu addımlar necə olmadır - zorakı, 

inzibati, cəzalandırıcı? Axı  cəmiyyətin bir kəsiminin baxışları 

bizə  nə  qədər mürtəce, mühafizəkar, mağara təfəkkürü kimi 

görünsə də, bu, cəmiyyətin müəyyən kəsiminin baxışlarıdır. Bu 

kəsimin təfəkkürünü dəyişmək çətindir, ondan da çətin onları 

başqa cür düşünməyə  məcbur etməkdir. Onda nə qalır?  



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə