Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə61/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   57   58   59   60   61   62   63   64   ...   245

187

– Hə, görək bu axşam kim daha uzağa tullanacaq? Heyif ki, 

axşama hələ çox var. 

Onun  yadına  uşaqlıq  illəri  düşdü.  Həmin  gün  atası  mütləq 

Əlvənd  bazarından,  İran,  türk,  rus  tacirlərindən  aldığı  gözəl 

hədiyyələri övladlarına paylardı. Hamı təzə geyinərdi. Anası da, 

bacısı  Şirin  də  ən  gözəl  və  zərif  geyimlərini  bu  bayram  günü 

geyərdilər.  Evdə,  həyət-bacada,  biçənəkdə  çalışanlar,  kasıblar, 

imkansızlar da həmin gün unudulmazdı. Səlim bəy o gün erkəndən 

hamının payını, qismətini göndərərdi. 

Həsən  bəy  milli  adət-ənənələri,  milli  bayramların  mənasını 

dərindən düşünərək fikirləşirdi ki, bu qədər qədim və möhtəşəm 

adət-ənənələri olan bir xalqın hər kəndində nə zamansa məktəbi 

olacaq,  gün  gəlib  çatacaq,  xalqın  neçə-neçə  istedadlı  oğulları 

yetişəcək, işıqlı gələcək quracaqlar.

Həsən  bəy  fikirləşirdi  ki,  atadan  qalma  nəyə  malikdirsə, 

gələcəkdə yeni tipli məktəbin açılmasına yönəltsin, xalqın imkanlı 

adamlarını səfərbər edərək məktəb işini genişləndirsin.

Anası  yanında  olanda  Həsən  bəy  hələ  də  özünü  uşaqlıq 

illərindəki kimi qayğısız hiss edirdi. “Anam, anam, gözəl anam,” – 

deyərək, onun saçlarından öpürdü:

– Ana, məni uşaqlıqda necə oxşayırdın? 

– Yadında  qalıb,  anan  qurban?  “Həsənim,  ay  Həsənim,  söz 

deməmiş küsənim!” 

– Ana, hərdən uşaqlığım, nənəmin məni əmi uşaqlarımla səhv 

salması, babamın da buna acığı tutması yadıma düşür. Babam nə nəmə 

deyirdi, sən Həsəni o birilərlə necə səhv salırsan? Yay da çardaqda 

miçətkən altından ulduzları necə seyr edirdik?! Sə fə rəliylə özümüzə 

göydəki ən parlaq ulduzları seçərdik, hərdən ul duz üstə dalaşardıq. 

Bütün bunlar hərdən yadıma düşəndə, heç nəyə baxmadan hər şeyi 

atıb kəndimizə dönmək istəyirəm. Bəlkə də, iradəm olmasa, hər şeyi 

yarımçıq qoyub gələrdim. Ana, bu gün bayramı sizinlə birgə keçirib, 

inşallah, sabah Qubaya yola düşəcəm.

Niyə belə tez, ay bala?

–  Tez  deyil,  əslində,  yeni  iş  yerimdə  olmalıydım,  bayrama 

görə qaldım. 




188

Mənzər xanım məyus olsa da: 

– Neynək, ay oğul, yolun açıq olsun! Amma tez-tez gəl, yoxsa 

ürəyim yanında qalacaq, – dedi. 

– Oldu, anacan.

Axşam düşürdü, tonqallara od vurulduqca elə bil bütün Zərdab 

işıq selində üzürdü. “Qapı pusdu”lar, “sübh sulaşma”ları, “papaq 

atdı”lar  başlamışdı.  Həsən  bəy  bu  axşam  doğmalarının  arasında 

çox xoşbəxt görünürdü…

Bu zaman qapıya şal atıldı. Mehralı bəy şala bir cüt ipək corab 

və arxalıq qoydu. 

– Hər qapıya şal atana belə böyük hədiyyələrmi qoyursunuz? 

– Həsən maraqla qardaşından soruşdu.

–  Yox,  hamıya  yox!  Bu,  bizim  Qasımın  oğlu  Habiliydi, 

şalından  tanıdım.  Qonşumuzun  qızı  Saranı  sevir.  Qoy  yarını 

görməyə gedəndə yaxşı geyinib-keçinsin, – Səfərəli cavab verdi.

– Hə, … belə de, – Həsən bəy gülümsündü.

Sara deyilən qonşu, anasının ona bəyəndirmək istədiyi qızın 

olduğunu biləndə Həsən ürəyində: “Allah xoşbəxt eləsin!” – dedi.

Bütün  evlərdən  bir-birinə  bayram  payı  göndərilirdi.  Hamı 

hal-əhvallaşmaq  üçün,  heç  olmasa,  bir-iki  alma  ilə  bir-birinin 

bayramını təbrik etməyə gəlirdi. 

Həsən  bəy  Şamaxıda,  gimnaziyada  oxuduğu  illərdən  sonra 

ilk dəfəydi, axır çərşənbəni evlərində keçirirdi. Onun yol tədarükü 

əvvəlcədən görülmüşdü. Bağlamalar, çantalar qapı önündə hazır 

idi. 



189

1868-ci il, mart ayı, Quba

Həsən  bəy  yola  erkən  çıxdı.  Anası,  qardaşları,  gəlinlər  və 

uşaqlarla  görüşüb  ayrılan  Həsən  bəyin  faytonunu  Səfərəli  bəy 

Göyçay yoluna qədər atla müşayiət etdi:

– Qubada atamın yaxın dostu Muxtar bəy var, dünən sifariş 

edib  sənə  mənzil  də  tutmuşuq,  heç  bir  problemin  olmayacaq. 

Qubalılar  zəhmətkeş,  qonaqpərvər  insanlardır,  məncə,  səni  də 

özlərindən biri kimi qəbul edəcəklər.

Səfərəli  bəy  cibindən  kağız  parçasını  çıxararaq  Həsən  bəyə 

uzatdı: 


– Bu, Muxtar bəyin sənə kirayələdiyi evin ünvanıdır. Bəylər 

yaşayan məhəllədə sakit, xudmani evdir. 

–  Bu  evin  dalınca  kimi  göndərmişdin?  Görürəm,  onu  sənə 

hərtərəfli təsvir ediblər.

– Nazlı bibinin gəlini Qubalı qızıdır, onun qohumları vasitəsilə 

Muxtar  bəydən  kömək  etməyi  xahiş  etdim.  Xidmətçi  Yaqubu 

göndərmişdik, getdi bu işləri qaydaya salıb qayıtdı. 

– Sağ ol, qardaş. Körpə uşaq kimi mənim qayğıma qalırsınız. 

Bunları özüm də edərdim, bu qədər zəhmət çəkməyinizə ehtiyac yox 

idi. Amma yenə də sağ olun, məni əməlli-başlı duyğulandırdınız.

Göyçayın girişində qardaşlar görüşüb ayrılanda:

–  Qurban  olum,  qardaş,  özünü  qoru,  –  Səfərəli  bəy  sözünə 

davam elədi: – Boş yerə əsəbiləşmə. Sən hirslənəndə həmişə qız-

dırman qalxır. Anam belə məqamlarda səhərə qədər yatmır, elə bil 

onun  ürəyinə damır.  Özünü  qoru,  qardaş!  Hər  şey  yaxşı  olacaq. 

Allah köməyin olsun!

– Sizin də! Anamdan muğayat olun, yaman qocalıb. 

Fayton tozlu yollarda gözdən itincə Səfərəli bəy geri döndü. 

Qəhərlənsə də, özünü ələ alıb atını yüyürək Zərdaba doğru sürdü. 

Axşam düşən vaxtı Həsən bəy Qubaya çatdı. Muxtar bəyin 

seçdiyi  mənzilin  ünvanını  soraqlaşıb  tapdı.  İlk  dəfə  idi  Qubada 

olurdu. Bura ona Moskvaətrafı yaşayış məntəqələrini xatırladırdı. 

Nəmişliyin,  rütubətin  sıx  olmasını  elə  ilk  dəqiqədən  hiss  etdi. 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə