Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə80/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   76   77   78   79   80   81   82   83   ...   92

243
isə fikirli, pərişan idin,
Qayğıyla doluydu gözlərin yenə.
Görəsən,  dünyada  hansı  məhəbbət  ana  məhəbbətini  əvəz  edə  bilər? 
Balasına bəslənən sonsuz sevgisi ölənədək tükənməyən ana, daima baladan 
nigaran ana, haqq dünyasına qovuşandan sonra da yuxulardan getməyən 
ana! Elə Tapdıq Əlizamanoğlu da bu məqamı nəzmə çəkib, şerin diliylə 
oxucusuna çatdırıb:
Danışıb-dinmirsən, bir söz de, barı,
Nəfəsin ağlatsın qoy ayrılığı.
Danış ki, səsinin hərarətilə
Ərisin qəlbimin qoy həsrət dağı.
Bu dünya elə dünyadır ki, yalnız insana son məqamda ötənlərin xiffəti, 
itirdiklərinin acısı, yaşadıqlarının acılı-şirinli işartıları qalır. 
Ruhu şad olmuş həmkarımın şeirləri bir-birindən duyğulu, bir-birindən 
tutarlıdır,  əgər  oxucu  bu  topluyla  tanış  olsa,  mənim  nə  dərəcədə  haqlı 
olduğuma şahidlik edəcək. Şairin “Gərək” şerində olduğu kimi:
Dünyada hər zaman arif yaşayıb,
Mətləbi bir sözdən anasan gərək.
Özgə işığında yol getmək olmaz,
Özün çıraq olub yanasan gərək.
Və yaxud:
Xoşbəxtdir, ey könül, sevib yaşayan,
Nadandır sevdiyi yardan söz soran.
Sevdiyi gözəlin baxışlarından,
Onun ürək sözün duyasan gərək.
İndiki məqamda bir çox insanlarımızın arasında öz kökünə yadlaşma, 
özgələşmə gedir. Öz kökünü, soyunu lağa qoyub, tənə edənlərin sayı alaq 
otu  təki  günbəgün  qol-budaq  atır.  Necə  deyərlər,  bağa  qınından  çıxdı, 
qınını bəyənmədi. Elə şair də bu iztirabın acısından yana misralar içində 
köz-köz alışıb yanıb, xalqına xor baxanlara meydan oxuyub. 


244
“Danışsan danılacaqsan” şerində olduğu kimi:
Öz xalqına bağlı olan bir ürək,
Üstünə su calansa da alışar.
Bir ağac ki, öz kökündən ayrıla,
Külək onu tez aşırar, tez yıxar.
Şairin  “Gəncliyim”  şeri  hər  bir  insanın  könül  çeşməsini  çalxalayan, 
dü nəninə  qaytaran,  yorulmaq  bilməyən  cavanlığın  şirin  xatirələri  ilə 
qovuşduran isti, məhrəmanə pıçıltılardır... 
Görəsən, özündən başqa şairlərin ürək yanğılarını başa düşən bir kəs 
varmı ətrafda, İlahi?..
Həyat sanki sirli nağıl, tapmaca,
Oğul gərək bu hikmətdən baş aça.
Yaxınlaşan əlli dinir astaca,
Dönməz daha, daha dönməz gəncliyim.
 
Onun “Kənd yolları”, “Səslə” şeirlərində də həmin yanğı, həmin şirinlik, 
doğmalıq duyulmaqdadır. Bir çoxlarının allahsızlıq, imansızlıq duyğuları 
şaqqanaq çəkib güldüyü halda, başqalarının inancına həqarətlə baxıldığı 
zamanda Tapdıq Əlizamanoğlunun “Ey hikmət sahibi” şeri haray çəkir:
Ey hikmət sahibi, kömək ol mənə,
Səni vəsf etməyə söz tapa bilim.
Ey qüdrət sahibi, kömək ol mənə,
Dodaq titrəməsin, əsməsin əlim.
Sən yazan talehə, bəxtə min şükür,
Zaman qəddi əyir, zaman bel bükür.
Tək sənsən gümanım, köməyim mənim.
Şükür taleyimə, şükür, min şükür!
Şair yenə də yaşadığı ömrə şükürlü olub, oxucunu ruh düşkünlüyündən 
uzaq  olmağa  səsləyib.  Etiraf  edim  ki,  ruhu  haqqına  qovuşmuş  şair 
həmkarımın heç bir şerinin üstündən ötəri keçə bilmirəm, çünki onun hər 
misrasından bir hərarət, bir həyat həqiqəti, bir canıyananlıq boylanır. Hiss 


245
edirsən  ki,  rəhmətlik  heç  bir  sözü  misra  xətrinə  yazmayıb.  O,  “Köçəri 
quşlar”  şerində  yuvasını  tərk  edib  uçub  getmiş  quşların  yenidən  köhnə 
yuvalarına  qayıtmasını  təsvir  edir,  sonra  isə  sevgisinə  dönük  çıxmış 
vəfasızla köçəri quşları müqayisə edir:
Sən də köçəri quştək qəlbimdə yuva salıb
Yad ürəyə köçmüsən.
Bil ki, sən nə vaxtsa peşiman olub
Geriyə – yuvana dönmək istəsən,
Bu yuva dondurar səni oduyla.
Bu yuva rədd edər, yox edər səni,
Dolar buz qəlbinə dünyanın qəmi.
Odur ki, qayıtma, qayıtma…
Qayıtma geri!..
“Qayıtma  geri”  deyən  şairin  ruhu  yəqin  ki,  şeirlərinin  havasıyla 
duyğulandığım  bir  məqamda  bir  şam  işığıtək  öz  hərarətini  misralarının 
ətrafında  şölələndirir.  Odur  ki,  şeirlərini  birər-birər  oxumaq  sevdasına 
düşmüşəm.  Oxuduqca  sanki  bugünlərlə  səsləşir,  baxmayaraq  ki,  şeirlər 
1980-ci illərə, başqa tarixə, imperiya əsarətində yaşadığımız illərə təsadüf 
edir, amma şeirlərin ab-havasıyla tanış olanda heç bir pafos, tərif şairin 
yaratdıqlarında duyulmur. Ona görə də istedad sahibinin tabe olduğu qüvvə 
onun  təkcə  ilhamı  olmalıdır.  Necə  ki,  Tapdıq  Əlizamanoğlunda  olduğu 
kimi…  Təbii  şair,  yazıçı  zaman  burulğanlarına  sinə  gərib  bacardıqca, 
fürsət düşdükcə öz azad hisslərini heç bir qadağaya tabe etməməlidir milli 
dəyərləri ayaqlar altına salmamaq şərtiylə…
Şairin “Son sözüm” şeri qəlbi dönük çıxmış dildara hicran ağısıdır:
Son sözüm nə oldu – min bir bəhanə,
Özün-öz səhvini bilərsən bir gün.
Sındırıb bir qəlbi – gedirsən – apar,
Bu qəlbə səcdəyə gələrsən bir gün.
Bizi öz qoynunda bəsləyən, ağrılı-acılı günlərimizə şahidlik edən başı 
bəlalı,  sinəsində  topları,  tüfəngləri  susmayan  dünyaya  nə  qədər  nəzmlə, 


246
nəsrlə  sözlər  deyilmiş,  kitablar  yazılmış,  tarixlər  cilalanmışdı.  Şairin 
“Dünyadır” şeri elə bu məqama köklənib:
Hər bir işi müəmmalı, düyünlü,
Avand işi nəhs eləyən dünyadır.
İşi olmaz qanmayanla heç zaman,
Qananlarla bəhs eləyən dünyadır.
Yolumuzu dağa, daşa tuş edib,
Qəlbimizdən qara qanlar keçirib,
Duzlu suyu bal yerinə içirib,
Sonra gendən baxıb gülən dünyadır.
Minləri,  milyonları  yola  salan,  şahları,  sultanları  taxtından  düşürən, 
öz varıyla gözləri özünə cəlb edən, ürəkləri fəth edən dünya sonda insanı 
ayaqdan, dildən salır, bəzən şahı gədaya möhtac edir, insanın yığdıqlarını 
birər-birər,  astaca-ustaca  əlindən  alır,  onu  yorğan-döşək  möhtacı  edir, 
əlini əsdirir, dizini titrədir. Təkcə bir dəfə baharı olan insanın tufanlı qışını 
qapıdan içəri salır. Şair demiş:
Könül, tez alışıb, tez də odlanma,
Hər yanar ocaqdan sən gəl od alma,
Şirin-şirin yalanına aldanma,
Üzə gülüb gəl-gəl deyən dünyadır.
Vətən  qeyrətli  söz  adamlarımızın  istər  nəzmində,  istərsə  nəsrində 
Vətən ayrılığı bir qırmızı xətt kimi keçir. Paramparça Azərbaycanın ağrı-
acıları  hansı  söz  adamının  ruhunu  dilə  gətirməyib?  Bu  yaranın  acısını 
ədəbiyyatımız tariximizlə yanaşı çəkib və çəkir… Şairin “Uzanaydım Araz 
üstə” şeri bu qəbildəndir:
Uzanaydım Araz üstə,
Sinəm üstdən keçəydilər.
Deyirlər su aydınlıqdır,
Bu su məni dərdə salıb,
Bu nə zülm, bu nə sitəm,
Məni məndən çay ayırıb...


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə