Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə18/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   14   15   16   17   18   19   20   21   ...   167

 57 

yerdən də uzaqlaşdırdı. Qamışlıqdan, atlı batıb çıxammaz palçıqdan, 

meşədən keçdilər, iti axan göy sulardan keçdilər. Yağışa düşdulər, 

qara düşdülər. Ağappaq bir diyara gəlib çıxdılar. Dörd bir tərəf buz

qar, qar. Nə bir insan səsi, nə bir insan nəfəsi. At da yorulmuşdu. 

Dədə Qorqud da. Dədə Qorqud ayğırından endi, sağa baxdı, sola 

baxdı, birdən bir səs eşitdi. Ağappaq qarlı-buzlu çölün bir yerindən 

qaraltı görünürdü. Hənirti gəlirdi. Altdan-üstdən bərk geyinmiş qara 

xəz kürklü, sinli kişi baltayla buz qırırdı. 

Dədə Qorqud ona yanaşdı. Kişi çönub Dədəyə baxdı. — Az qalıb, 

Dədə, — dedi, — bilirsən ki, kişilər üçün qəbir çuxuru dizəcən 

olmalıdır. Dizinə çatmağa nə qalıb ki... 

Dədə Qorqud lap qorxdu. — Gözlər həmin gözlər idi, buz altında 

qazılan qəbir də lap dərinləşmişdi, dizəcən olmasına nə qalmışdı ki? 

Dədə ayğırına mindi, atı mahmızladı. 

At da yorğun idi, atlı da. 

Çapdılar, yortdular, bu iqlimdən də uzaqlaşıb qaçdılar. Bəyaz 

çöllər bitib tükəndi, yaşıl düzəngahlar bitdi tükəndi, sarı bir səhra 

başlandı. 

Qumlar, qumlar, narın qumlar, sarı qumlar. 

Bu bir səhradır, nə sonu var, nə  kənarı. Dədənin dili-dodağı 

qurumuşdu. Təpəl qaşqa ayğırın ağzı köpüklənmişdi. Qum 

təpəciklərində at büdrədi, sürüşdü. Dədə Qorqudu yerə çaldı. Dədə 

Qorqud nəfəsini dərdi, yavaş-yavaş yeridi, təpəciyin başına çıxdı, 

gördü ki, təpəciyin o biri tərəfi qazılı  qəbirdir. Qəbri qazıb 

qurtarhaqurtarda olan adam yarımçılpaq bir qoca idi. Başını qaldırıb 

Dədə Qorquda baxdı. Yaşı ötmüş, saçı tökülmüş, amma gözlər elə 

həmin o gözlər idi. 

Dədə Qorqud quş kimi atının belinə qondu, yortdu. Yayda-qışda 

qarı, buzu əriməz Qazılıq dağının yüksəyindən enişinə düşdülər, bir 

də gördü ki, gəlib haman o yerə çıxıb. Həmin o fısdıq meşəsi, həmin 

o daş qoyunlar, həmin məzarlıq. 

Həmin oğlan — yox, nə oğlan, oğlan hanı, o indi bükülüb yumaq 

olmuş bir qocadır — qəbri qazıb qurtarmışdır. Dizəcən qəbrin içində 

idi. Dədə Qorqudu görüb, qəbirdən çıxdı. — Hə, Dədə, — dedi, — 

gəlib çıxmısan? Gördün ki, əcəldən  qaçmaq olmaz? Gor da hazırdır. 

Di gəl gir!  

Qəbir qazan qoca meşənin içinə girib, ağacların arasında qeyb 

oldu. Dədə Qorqud atdan düşmüşdü, daha ölümdən qaçmağa heyi 



 58 

qalmamışdı. Dədə  qəbrinin yanındakı  təpəciyin üstündə  əyləşdi. 

Fısdıqlıqdan fışıldayıb ala ilan çıxdı, qıvrıla-qıvrıla Dədəyə  tərəf 

süründü, Dədə onu gördü, amma heç qımıldamadı, tərpənmədi. 

Dinməz-söyləməz oturub gözlədi. Ölü quşlar torpağa səpələnmişdi. 

Otlar, çiçəklər yanıb solmuşdu. Budaqlar yarpaqsız, yalın qalmışdı. 

Elə bil bütün dünya ölümə  təslim olmuşdu. Dövran əcəl dövranı, 

meydan əzrayıl meydanıydı.  

Dədə Qorqud dərdli-dərdli o yan-bu yana baxdı, başını tutub 

hərəkətsiz dayanmış  təpəl qaşqa ayğırına baxdı. Ayağa durdu, 

qopuzu köynəyindən çıxardı, sinəsinə basdı, bir müddət çalmadı. 

Ötüb keçənlər gözünün qabağından keçdi. İgidlər, döyüşlər, daş 

heykəllər, sonra da qalaq-qalaq qayalar, yönsüz-yöndəmsiz daş 

yığımları.  İlan sürünüb Dədə Qorquda lap yaxınlaşmışdı, bu an 

olmasa o biri an çalacaqdı. Birdən Dədə Qorqud barmaqlarını 

qopuzun simlərinə çəkdi, telləri dilləndirdi, çalğısının sədaları altında 

sözünü dedi: 

—Hanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər? 

Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı! 

Gəlimli-gedimli dünya, son ucu ölümlü  dünya!  

Qoca Qorqud ölür oldun, onu bil! Karvan getdi, sən gecikdin, onu 

bil? Əl-aqibət uzun yaşın ucu ölüm, axırı ayrılıqdır. 

Dədə Qorqud qopuz çalırdı. Onu vurmaq istəyən ala ilan birdən 

dayandı, qopuzun sədaları altında qıvrılıb geri çəkildi, sürünüb getdi. 

Dədə Qorqud qopuz çalırdı. Yerdən bir dəstə quş  pırlayıb 

budaqlara qondu, çivildəşdilər. Dədə Qorqud qopuz çalırdı. Ağaclar 

çiçək açır, yalın budaqlar yarpaqlanır, yamaclarda otlar, çiçəklər baş 

qaldırırdı, qurumuş çeşmələrin gözü soyuq-soyuq sularla dolurdu. 

Məzar kənarında təpəciyin torpağı da axıb qəbri doldururdu. Dədə 

Qorqud qopuz çalırdı — həyat yenidən oyanırdı. Dədə Qorqud özü 

öz məzarını da, ölümü də unutmuşdu.  

O indi qopuzun tellərindən doğan gözəl bir dünyada yaşayırdı, 

ötüb keçənlərin, igidlərin, çomərdlərin dünyasında. Dədə Qorqud 

çalır və qopuzun sədaları altında igidlərin başlarına gələnlərdən söz 

söyləyirdi, görək nə söyləyirdi?  

—Bir gün xanlar xanı Bayandır xan yerindən ertə durmuşdu. 

Buyruq vermişdi ki, Uca dağın başında tonqal qalasınlar.  

Uca dağın zirvəsində bir tonqal alovlanır. Uzaq-uzaq dağların 

başında da bir-birinin ardınca tonqallar alışır.  



 59 

—Oğuz elinin adəti vardı. Oğuz igidlərini, xatunlarını  şənliyə, 

toya çağıranda uca dağın başında bir tonqal qalanardı. Başqa 

dağlardan bu alovu görüb orda da tonqal qalayardılar, bütün el-oba 

bilərdi, geyinib, bəzənib  şənliyə  gələrdilər.  İki tonqal qalayanda 

bilərdilər ki, elin başında qəza var, təhlükə var, düşmən basqını 

gözlənir, onda da igidlər yaraqlanıb, yasaqlanıb yığılardı. 

Yamyaşıl bir düzəngahda al-əlvan çadırlar, alaçıqlar, köşklər, 

çətirlər qurulmuşdu. Yaşıl çəmənliyə  rəngarəng ipək xalçalar 

döşənmişdi. Dörd nəfər girdə, hamar çaylaq daşlarıyla Qobustandakı 

"Qaval daşı" döyəcləyir, ahəngdar sədalar ucalırdı. Başqa bir tərəfdə 

gumbur-gumbur nağaralar döyülür, borular calınır, zurnanın səsi ərşə 

bülənd olurdu. Yeddi yerdə çatılmış ocaqların tüstüsü göylərə uçub 

gedirdi. Yetmiş yeddi yerdə sərin sulu, al şərablı ala-bəzək bardaqlar 

qoyulub, gün işığında bərq vuran mis qablar, qazanlar düzülmüşdü. 

Qənarələrdən şaqqa-şaqqa ətlər asılmışdı. 

Bayandır xan Şami günlüyünü yer üzünə tikdirmişdi, ala çadırını 

göy üzünə aşırtmışdı, min yerdə ipək xalçalar döşətmişdi. Təpə kimi 

qoç qırdırmışdı, kol kimi şərab gətirtmişdi.  İldə bir kərə Bayandır 

xan şənlik edib Oğuz igidlərini qonağlardı. 

İgidlər bir-bir gəlib atdan düşdülər, sivri uclu, böyük bir çadırın 

ağzına gəlib, taxta əyləşmiş Bayandır xana salam verdilər. Bayandır 

xanın yanında onun vəziri, at ağızlı Alp Aruz dayanmışdı. Alp Aruz 

da başqa Oğuz bahadırları kimi azmandır, iridir. Doxsan dəridən 

kürk topuğuna çatmaz, doxsan dəridən papaq qulağını örtməz. Alp 

Aruz gələn qonağları müxtəlif çadırlara ötürürdü. 

Çadırlar üç rəngdədir: ağ, qırmızı, qara. Oğuz igidlərindən Bəybura 

və Bəybecan məclisə qoşa gəldilər. Atlarından duşdulər. Bayandır xana 

salam verdilər. Aruz qabaqlarına çıxdı. 

—Bəybecan bura keç, — dedi, Bəybecanı ağ çadıra ötürdü. 

Bəybura da ağ çadıra keçmək istəyəndə Aruz onun yolunu kəsdi. 

—Bəybura, — dedi — sənin yerin qara çadırdadır. 

Qara çadıra keçə doşənmişdi. 

Burada hər şey zilqara idi. — Süfrə də, qab-qacaq da, xidmətçilər 

də qara libasda idilər. (Ağ çadırda hər şey ağ, qızılı çadırda hər şey 

qızılı olan kimi). 

Bəybura tutuldu:  

—Məni niyə bura gətirdin? — dedi. 

Aruz dedi: — Bayandır xandan buyruq belədir.  



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə