Stefan şvayq bir qadinin həyatindan iYİRMİ DÖrd saat



Yüklə 389,35 Kb.
səhifə13/16
tarix25.06.2018
ölçüsü389,35 Kb.
#51909
1   ...   8   9   10   11   12   13   14   15   16

müddət ayrılmaq istəmir. Lakin o, bu xaçı da əlli franka verir ki, axşam qumarda 

həyat yox, ölüm uğrunda gedən şiddətli mübarizədən axırıncı dəfə həzz alsın... 

O, bunların hamısını mənə məftunedici bir gümrahlıqla və şövqlə danışdı, mən onu 

həyəcanla, maraqla, aludə bir diqqətlə dinlədim. Mənim heç ağlıma gəlmirdi ki, 

qarşımda əyləşmiş bu adam, əslində, oğrudur. Dünən mənə, yəni kübar 

cəmiyyətinin şərtlərinə ciddi əməl edən və ləyaqətli keçmişi olan bir qadına 

desəydilər ki, sən oğlun yerində, özü də mirvari sırğalar oğurlamış bir oğlanla 

dostcasına söhbət edəcəksən, mən həmin şəxsi, yəqin ki, sərsəm hesab edərdim. 

Lakin mən oğlanın söhbətində heç nə hiss etmədim. O elə təbii, elə inandırıcı 

danışırdı ki, sanki, heç cinayətkarlıqdan deyil, hansısa bir xəstəliyin, bir 

qızdırmanın əlamətlərindən danışırdı. Bundan başqa, keçən gecə o gözlənilməz, 

sarsıdıcı iztirabları ki mən çəkmişdim, mənim yerimə kim olsaydı, ona «bu 

mümkün deyildir» sözləri çox mənasız bir şey kimi görünərdi. Mən qayğısız 

keçirdiyim o qırx ilə nisbətən bu on saatlıq həyatımdan daha çox şey öyrəndim. 

Lakin bu ilahi insanda məni başqa bir şey qorxuya salırdı. Bu, onun gözlərindəki 

alov parıltısına bənzər bir işıq idi. Bu işıq qumar ehtirasından danışanda elektrik 

cərəyanı kimi üzünün bütün əzələlərini lərzəyə salırdı. Yalnız, olub keçmiş 

hadisələr haqqındakı təəssüratı danışarkən qəlbində oyanan yeni hissləri onu 

sarsıdırdı və üzündə son dərəcə aydın bir şəkildə təzahür etdirirdi. Sövq-təbii 

olaraq, onun əlləri, yaraşıqlı nazik biləkləri olan əsəbi əlləri yenidən, eynən yaşıl 

oyun masası üstündə olduğu kimi, qovan və qovulan vəhşi heyvansayağı bir hal 

aldı. O danışanda isə mən gördüm ki, onlar birdən-birə biləkdən titrəməyə 

başladılar, qıvrıldılar, qıc olmuş kimi yığıldılar, sonra isə yenidən açıldılar və 

təzədən bir-birinə dolaşdılar. O, qiymətli sırğaları oğurladığını etiraf edəndə isə

mən qeyri-iradi olaraq diksindim, o əllər ildırım sürəti ilə sıçrayıb nəyisə 

qamarlayırmış kimi, oğrulara məxsus bir cəldliklə hərəkət etdi. Mən gördüm ki, 

əyani bir şəkildə gördüm ki, o barmaqlar qiymətli şeyə tərəf necə atılmış, ovcunun 

içi o sırğaları necə udmuşdu. Təsviredilməz bir vahimə içində mən başa düşdüm 

ki, hərisliyi bu adamı son damla qanına kimi zəhərləmişdir. 

Bu cavan, təmiz qəlbli, təbiətən tərki-dünya adamın hekayətində məni dəhşətə 

gətirən yalnız bir cəhət idi. Taleyin mənə ürcah elədiyi bu adamı bir dost kimi dilə 

tutmağı özümə borc bildim ki, bu saat Monte-Karlodan çıxıb getməsin və mən 

onun ailəsinə qayıtmasını təşkil edim, çünki sırğaların yoxa çıxmasının üstü açılsa, 



o, hələ tamamilə itirilməmiş mənliyini də həmişəlik itirə bilərdi. Mən ona söz 

verdim ki, səfər xərcini və sırğaları almaq üçün ona pul verərəm, lakin bu şərtlə ki, 

o, elə bu gün çıxıb buradan getsin və öz namusuna and içsin ki, bir daha əlinə kart 

almayacaq və ümumiyyətlə, heç vaxt qumar oynamayacaq. 

Heç unuda bilmirəm ki, bu yad, bu məhv olmuş adam necə bir mütiliklə, getdikcə 

daha çox sezilən aydın, ehtiraslı bir minnətdarlıqla məni dinləyirdi. Mən ona 

kömək edəcəyimi söyləyəndə, o, elə bil, mənim sözlərimi göydə udurdu; birdən o, 

əllərini masanın üstündən irəli uzadıb, müqəddəs bir and içirmiş kimi, əllərimi 

qarmaladı. Onun aydın, ümumiyyətlə, bir az dalğın gözlərində yaş göründü. 

Həyəcandan və sevincdən bütün bədəni əsirdi. Gör bir neçənci dəfədir ki, mən 

onun qəribə mənalı hərəkətlərini sizə təsvir etmək istəyirəm. Onun bu anlarda 

baxışlarını sözlə ifadə edə bilmirəm. O baxışlarda insan üzündə nadir hallarda 

müşahidə edilən müstəqil bir vəcd, müstəsna bir valehedicilik vardı. Bu parlaq 

cizgiləri, yuxudan ayılarkən insanın gözləri qarşısında canlanan, tədriclə əriyib 

yoxa çıxan bir məlaikənin sifəti ilə müqayisə etmək olardı. 

Niyə gizlədim, mən bu nəzərlərə tab gətirmədim. Başqası sənə minnətdar olanda 

sevinməyə bilmirsən, lakin minnətdarlığı hər dəfə belə səmimi şəkildə hər adamda 

görmürsən, bu cür həssaslıq adamın qəlbini kövrəldir, mənim üçün isə, səbirli, ayıq 

bir qadın üçün isə, belə səmimiyyət tamamilə yeni bir şey, əvəzsiz bir həzz idi. Bir 

də, təkcə bu biçarə oğlan həyata qayıtmamışdı, dünənki leysandan sonra bütün 

təbiət oyanıb canlanmışdı. Biz restorandan çıxanda tamam sakitləşmiş dəniz 

gözqamaşdırıcı halda parıldayır, üfüq uzaqda, ağ qağayıların süzdüyü yerdə mavi 

səma ilə birləşirdi. Axı siz Riverin mənzərəsinə yaxşı bələdsiniz. O, həmişə 

gözəldir, lakin şəkillər kimi bayağıdır. O, sabit parlaq rəngarəngliyi ilə gözləriniz 

önündə mürgüləyir; başqalarının gözləri önündə açılan bu yuxulu, tənbəl gözəllik 

cah-calallı Şərq hərəmxanalarına bənzəyir. Lakin elə günlər olur ki, – əlbəttə, belə 

günlərə çox nadir hallarda təsadüf olunur, – bu gözəllik oyanıb qalxır, qaynayıb 

üzə çıxır, sanki, özunün coşqun, əlvan rənglərilə sizi öz qoynuna haraylayır, 

tükənməz əlvan çiçəklərinə sizi qərq etmək istəyir. Adamın bütün hiss və duyğuları 

bu mənalı gözəllikdə cuşa gəlir. Dünənki tufanlı gecənin o qəzəbli hərc-

mərcliyindən sonra bax belə bir gözəl, coşqun gün əmələ gəlmişdi: yağışın 

təmizlədiyi küçələr par-par parıldayırdı, səma firuzə rənginə çalır, şehli otlar 

üzərində əlvan güllər topası günəş şüaları altında, elə bil, bərq vururdu. Dağlar da, 

sanki, işıqlanmış, bir qədər yaxınlaşmışdılar, sanki, cilalanıb pardaxlanmış 




şəhərciyə tamaşa etmək üçün onun ətrafına toplanmışdılar. Təbiət, elə bil, 

gümrahlıqla insana gəl-gəl deyir, ürək isə istər-istəməz bu çağırışa əsir düşürdü. 

Mən: «Minik tutub, bir corniche  boyu gəzək» – təklifiylə ona müraciət etdim. 

O, sevinclə razılıq verdi: yəqin ki, cavan oğlan bura gələndən ilk dəfə idi ki, 

buranın təbiətini müşahidə edirdi. Bu vaxta qədər qumarxananın boğucu ağır tər iyi 

verən salonundan, eybəcər bir şəklə düşmüş qumar azarkeşlərinin həris 

sifətlərindən, o səs-küylü, dumanlı insan dənizindən başqa nə görmüşdü, axı. İndi 

isə bizim qarşımızda günəş işığına qərq olmuş dəniz sahilləri açılır, sehrlənmiş 

nəzərlərimiz aydın üfüqlərdə əriyib, yox olurdu. Biz faytona əyləşib (o zaman hələ 

avtomobil yox idi), gözəl mənzərəli yolla saysız-hesabsız villaların yanından ötüb 

keçirdik, hər şey anbaan dəyişilir, hər dəfə bir şeyin qarşısından, yaşıl sarmaşıqlar 

içində itmiş hər villanın önündən keçəndə qəlbimdə gizli arzu baş qaldırırdı; 

burada dünyadan uzaq, sakit, rahat bir həyat sürmək olar! 

Görəsən, mənim həyatımda bu dəqiqələrimdən də xoşbəxt anlarım olubmu? 

Bilmirəm, mənimlə yanaşı, dünən ölüm məngənəsində boğulan, bu gün isə günəş 

şüalarının şəfəq seli altında məst olmuş cavan bir oğlan əyləşmişdi, elə bil, illər 

onun üstündən elə-belə ötüb keçmişdi. O, sanki, körpə bir uşağa dönmüşdü, gözəl, 

şux təbəssümlü və mənalı nəzərləri olan bir uşağa! Məni onun həssaslığı daha çox 

heyran edirdi: qarşımıza bərk yoxuş çıxanda, atlar çətinlik çəkir, o isə çevik bir 

hərəkətlə sıçrayıb düşürdü ki, faytona təkan versin. Mən hərdən yola yaxın bitmiş 

bir gülü göstərən kimi o, cəld yerə atılıb, onu dərirdi. Dünənki yağışdan karıxıb 

yola çıxmış və ağır-ağır yolu keçən balaca bir köstəbəyi götürüb ehmalca qıraqdakı 

yaşıl otların içinə qoyurdu ki, yoldan ötən arabalar onu əzməsin. O, arabir də 

gülməli və şən hadisələr danışırdı; mən bilirdim ki, bu gülüşlər, bir növ, onun 

xilası üçün çox zəruridir. Axı onu elə bir fərəh hissi bürümüşdü ki, o ya oxumalı, 

ya atılıb-düşməli, ya da sərsəm hərəkətlər etməli idi. Biz kiçik bir dağ kəndinə 

çatanda o, ehtiramla şlyapasını çıxardı. Mən təəccüb etdim: axı bu yad adam ona 

yad olan adamlar içərisində kimi salamlayırdı? Mənim sualımdan sonra öz 

hərəkətinə haqq qazandırmış kimi, yüngülcə qızarıb izah etdi ki, biz kilsənin 

yanından keçdik, onlarda – Polşada, bütün katolik ölkələrində olduğu kimi, adama 

ta uşaqlıqdan hər bir kilsə və allah evi önündə şlyapanı çıxarmağı öyrədirlər. Dinə 

olan bu ehtiram mənə təsir etdi. Mən onun söylədiyi xaçı xatırlayıb soruşdum ki, o, 

dinə inanırmı? O, bir qədər tutulub ciddi şəkildə cavab verdi ki, bu etimada həmişə 

layiq olmaq istəyərdi, gözlənilmədən ağlıma bir fikir gəldi. 




Yüklə 389,35 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə