Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

tapılan iş bir yüksək vəzifəli məmurun bağ evində

eşik ağası olmaq imiş. Demək, onlara ayrılan iki

otaqda yaşamaqla vəzifələri evin və həyətin bütün

işlərini görmək idi. Bağ evi şəhərdən aralı böyük

qəsəbələrin birində yerləşirdi. 

Bağın yiyəsi əksər sahibkarlar kimi sərt və

tələbkar idi. Onun üçün başlıca şərt bağını etibar

etdiyi adamın işgüzarlığı ilə yanaşı, xain və yalançı

olmamasıydı. Qohumu bilirdi ki, Şəmilin özündən

çox ailəsi işgüzardı və bu ailədə yalançılıq, xainlik

yoxdur. Ona görə də vəzifəli dostuna yaxşı qulluq

üçün münasib ailəni tapdığını söyləmiş və onun

razılığını almışdı.

Şəmilin razılaşmaqdan qeyri çarəsi qalmamışdı.

Nə olsun ki, gəlib bir vəzifəli ağanın bağ evinin hər

işini görməklə yaşayacaqdılar, amma bütün kənd

görəcəkdi ki, Şəmil ailəsi ilə şəhər ətrafına köçür.

Çoxları həsədini çəkib paxıllıqdan yanacaqdı. Tükəzə

və uşaqlarına elə bu gərək deyildimi?!

Tükəzin uçmağa qanadı çatmırdı, nəhayət, bu

“xaraba qamış” kənddən canları qurtaracaqdı. Axır

ki, o da arvadlar kimi bəzənib-düzənib istədiyi vaxt

dükana-bazara çıxacaqdı, gününü yollarda, tıxaclarda

keçirəcəkdi...

Bağ yiyəsi Şəmillə görüşüb ona köçmək üçün

iki həftə vaxt verdi: “Get, iki həftə ərzində vacib

işlərini gör. Sonra da yığış gəl.”

İki həftə Şəmilə artıqlaması ilə bəs edirdi. Nəyi

vardı axı, bir həftəyə inəyini, qoyununu, arılarını

dəyər-dəyməzinə satdı, vəssalam. Şəhərə mebel,

soyuducu daşımayacaqdı ha? (Heç fərli nəyisə də

yox idi aparmağa.) Onsuz da bağ evində hər şey

vardı, özü də bahalısından. Əyinlərinə paltar

götürəcəkdilər, bir də yorğan-döşəklərini. Hə, bir

də uşaqlar şəhərdəki məktəbdə təhsillərini davam

etdirmək üçün məktəbdən arayış alınmalı idi.

Şəmilgilin köçü balaca yük maşınına sığışardı

ki, çox olmazdı. Onu da bir həftə əvvəldən sifariş

etmişdilər. 

Şəmilin köçməyə hazırlaşması xəbəri kənddə

adi qarşılanmamışdı. Şəhər üçün əldən gedənlər

həsəd aparmışdı, kimisi qınayırdı, kimisi də “neynəsin,

evdən çıxardırlar, yazıq dolana bilmədi kənddə”

deyib haqq qazandırırdı. Ona həmişə lağ edən

yaşıdlarından biri isə belə demişdi: “Əgər Şəmil də

kənddə qalmırsa, demək, kəndin sonu çatıb.”

Tükəzin və uşaqlarının həyəcanla, səbirsizliklə

gözlədikləri on dörd  günün on üçü ötdü. Sonuncu

gün qonşuları və yaxınları ilə bir-bir görüşüb

sağollaşdılar. Tükəz üç gün əvvəldən hər bir hazırlığı

görmüşdü. Məktəbdən uşaqlar üçün arayış da almışdı.

Təkcə aparacaqları əşyaların yola düşən gün səhər

tezdən gələcək balaca yük maşınına yüklənməsi

qalmışdı...



* * *

Arvadının və uşaqlarının əhvalları yüksək olsa

da, Şəmilin əhvalı özündə deyildi. Ömür boyu

yaşadığı kəndi həmişəlik atıb gedəcəyi ona heç

cürə çatmırdı, elə bil bu pis yuxudan ayılmağa

çalışırdı, ayıla bilmirdi. Bəs nə etsin? Şəhərə getmək

istəmirdi, kənddə qalıb işsiz, evsiz də yaşamaq

olmurdu. Bir yandan da Tükəz...

Axşam tərəfi pencəyini geyinib, papirosunu

götürüb boş qalmış küçələrdən birinə çıxdı. Çoxdandı

kədərini kimsəyə göstərməmək üçün küçəyə çıxmırdı.

Amma daha bir də bu küçələrə ayaq basmayacaqdı.

Bu gecə onun kənddə sakin kimi yaşayacağı son

gecəsi olacaqdı. Odur ki, yatana qədər vaxtını

küçədə keçirməyi, hər qarışı əziz olan bu küçədən

doyumluğunu almağı üçün divarın dibi ilə yanaşı

düzülmüş iri sal daşlardan birində oturdu.

Papirosunu yandırıb xəyallara daldı. Uşaqlığından

bəri yaşadığı illəri xatırladı. Dünyasını dəyişmiş

atası, anası, itirdiyi əzizləri yadına düşdü. “Heyf o

günlərdən,” - düşündü. Keçmişləri düşündükcə ürəyi

sıxıldı, sinəsinə çökmüş ağırlıq ona sanki hər şeyin

bitməsindən, yaxşı heç nə olmayacağından xəbər

verirdi. Nə qədər papiros çəksə də, içindəki ağırlıqdan

yayına bilmirdi.

Aylıq ədəbiyyat dərgisi



Hava qaranlıqlaşana yaxın günlərlə susan cib

telefonuna qəfildən zəng gəldi.

- Şəmil, salam, mənəm, - şəhərdəki qohumu idi

zəng vuran.

- Salam, eşidirəm...

- Sən köçməyə hazırlaşmısan, eləmi?

- Bəli, sabah köçüb gəlirəm.

- Yox, hələ köçmə.

- Niyə?

- Bilirsən, o iş alınmadı. Kişini korrupsiyaya



görə vəzifəsindən çıxarıblar, ola bilsin, həbs etsinlər.

Ona görə də həmin bağ evini də yaxın günlərdə

satmalı olacaq.

- Bəs indi mən neyniyim? Mən həyətimdə nəyin

var idi, satmışam, inəyi, qoyunları...

- Ay kişinin oğlu, camaat canının hayındadı,

sən də inəkdən, qoyundan danışırsan. Gözlə, bir

müddət gözlə, görək nə olur...

Şəmil danışmaq, narazılığını bildirmək istəsə

də, donub qalmışdı. Heysiz vəziyyətdə telefonu

qapayıb cibinə atdı. 

Sinəsini göynədən ağrı ilə fikirləşdi: indi Tükəzə,

uşaqlara necə xəbər versin ki, köçmək alınmır,

köçməyə yerləri yoxdur. Deməyəcəkdi... Bəs

neyləməli? İstər kənddə, istər şəhərdə onun üçün

nə iş var, nə də ev. İlahi, o, nə qədər bədbəxt adam

imiş!..

Lap desəydi, Tükəz onu anlayacaqdımı? Yenə



başlayacaqdı ki, “dünyada səndən aciz, fərsiz adam

yoxdur, adını kişi qoymusan, əlindən heç bir iş

gəlmir, heç nəyə yaramırsan, öl də, nöş yaşayırsan?”

“Düz deyirdi Tükəz, o niyə yaşayır? Məgər bu

yaşamaqdı?..”

Gecə düşənədək daşın üstündə oturub

fikirləşməkdən Şəmilin başı şişmişdi. Tükəz uşaqları

bir neçə dəfə arxasınca göndərsə də, yerindən

tərpənməmişdi. 

- Ata, ana deyir səhər tez duracayıq, yola

çıxacağıq, gəlsin yatsın, bəsdi küçədə oturdu. 

- Gedin siz yatın, bir az da oturub gələcəyəm.

Gecə yarısından xeyli keçmiş yaşadığı sarsıntıdan

halsızlaşmış Şəmil evə qayıtdı. Tükəz də, uşaqlar

da yatmış, şirin yuxudaydılar. Ev boyu yorğan-

döşəkdən savayı hər şey səliqə ilə bağlanıb

qablaşdırılmışdı. Çox güman ki, Tükəzin kənddə

sağollaşmadığı adam qalmamışdı.

“Yox, aldığı xəbər haqqında Tükəzə nə olur-

olsun, heç nə deməyəcəkdi,” - o, ürəyindəki qərarını

təkrar təsdiqlədi...

* * *

Sifariş edilən balaca yük maşını deyilən vaxtda

- səhər tezdən darvazanın ağzını kəsdirmişdi. Tükəz

hamıdan əvvəl yuxudan ayılmış, sonra da yan-

yörəsində yatan uşaqları oyanmağa səsləmişdi:

- Durun, ay uşaqlar, durmaq vaxtıdır. Durun,

geyinin, əl üzünüzü yuyun, hazırlaşın.

O, təəccüblə otağa göz gəzdirdi:

- Boy, bə Şəmil hanı? Mən bu gecə onu yatan

görmədim, deyəsən, heç gözünə yuxu getməyib.

Görən neynir həyətdə?

Tükəz eyvandan həyətə göz gəzdirdi, Şəmil gö -

rünmürdü. Pilləkənlərdən enib darvazaya sarı getdi,

küçəyə boylandı. Köçü aparmağa gəlmiş balaca yük

maşınının sürücüsü kabinədə sakitcə oturub onları

gözləyirdi. “Sübh tezdən Şəmil hara getmiş olar?” -

təlaşlandı, dönüb diqqətlə yenə evə tərəf baxdı:

- Ay Şəmil, huy... Hardasan? Maşın gəlib, küçədə

bizi gözləyir...

Tükəz özündən asılı olmayaraq dəqiqələr

keçdikcə həyəcanlanmağa, əsəbiləşməyə başladı.

Otaqları, eyvanı bir də nəzərdən keçirdi, zirzəmiyə,

həyətdəki damaltıya baxdı. “Bəs hardadır bu? İynə

deyil ki, itsin?” - söyləndi. Uşaqlara səsləndi:

- Ay uşaqlar, durun gedin gəzin, axtarın, görün

başıbatmış atanız hara çıxıb, hara yox olub? Maşın

səhərdən gəlib bizi gözləyir..

- Ana, biz də axtaraq? - qızları da soruşdular.

- Hə, gedin siz də axtarın...

Tək qalan Tükəz yanını həyətdəki köhnə kötüyün

üstünə qoyub nəfəsini dərdi, yenə xeyli düşündü.

Birdən daxilində bir hiss ona bayaqdan bəri tövləyə

baxmadığını xatırlatdı. “Yəni tövlədə olar? Boş

tövlədə nə azarı qalmış olar?” - fikirləşdi.

Tükəz çox da böyük olmayan, kiçik tövlənin

qapısını açmışdı ki, gözləri alatoranlıq gətirdi, çox

baxa bilmədi:

- Şə - mil!.. - Tükəz tükürpədici səslə qıyya

çəkib gördüyü mənzərənin ağırlığından bayılıb

tövlənin qapısı qarşısında yerə sərildi.

Qapının bir addımlığında tövlənin damına dayaq

duran dəmir trubadan asılmış Şəmilin cəsədi havada

hərəkətsiz sallanmışdı. Asılmaq üçün ayağının altına

qoymuş olduğu arı pətəyinin qutusu isə zərblə

itələndiyindən az aralıda diyirlənib qalmışdı. 

O, məhkəmənin qərarına əməl edərək səhər

açılana yaxın səssizcə onun olmayan evdən “köç”

etmişdi... Və özünə şəhəri yox, könüllü əbədiyyəti

seçmişdi... 

Aylıq ədəbiyyat dərgisi

64

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə