Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması



Yüklə 143,99 Kb.
səhifə23/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   19   20   21   22   23   24   25   26   ...   33
Movzu-12-Turkiyə

Türkiyə 1945-2018-ci illərdə
Türkiyə II Dünya müharibəsi illərində
İkinci dünya müharibəsi ərəfəsində Türkiyə böyük iqtisadi gərginlik və artan siyasi böhran durumunda idi. Rəsmən bəyan olunmuş dövlət kapitalizmi siyasəti, beşillik inkişaf planları təcrübədə C.Bayarın başçılıq etdiyi hökumət tərəfindən ziddiyyətlərlə və qeyri-ardıcıl surətdə gerçəkləşdirilirdi. İşgüzar bankla bağlı olan baş nazirin və onu əhatə edən şəxslərin dövlət kapitalizmi tədbirlərindən daim maksimum dərəcədə faydalanmaq cəhdləri etatizm siyasətinə ciddi zərər vurur, müəssisələrin nəzərdə tutulan tikintisi planlarının tez-tez pozulmasına səbəb olur, yeni siyasətin gerçəkləşdirilməsi istiqamətində dövlət xərclərinin artmasına gətirib çıxarır, ölkənin sənayeləşdirilməsi və tərəqqisinin həqiqi tərəfdarlarının narazılığını doğururdu.
İqtisadi siyasət sahəsində mövcud olan qeyri-ardıcıllıq, neqativ hallar İkinci dünya müharibəsi ərəfəsində Türkiyədə siyasi durumun gərginləşməsinə gətirib çıxarmışdı. M.K.Atatürkün vəfatından sonra Türkiyə Cümhuriyyətinin yeni prezidenti olmuş İsmət İnönü hələ 1939-cu ilin martında keçiriləcək parlament seçkilərinədək baş nazir C.Bayarı vəzifəsindən istefa verməyə məcbur etdi, həmin vəzifəyə dövlət kapitalizmi tədbirlərinin gücləndirilməsi tərəfdarı olan Refik Saydamı təyin etdi. Beynəlxalq vəziyyətin tədricən gərginləşməsi daha sonra isə yeni dünya müharibəsinin başlanması, Türkiyə sərhədləri yaxınlığında hərbi əməliyyatların genişlənməsi ölkə iqtisadiyyatının güclü şəkildə hərbiləşdirilməsini, ictimai həyatın bütün sahələrinin müharibə şəraitinə uyğunlaşdırılmasını zəruri etdi. Türkiyə rəhbərliyi İkinci dünya müharibəsində bəyan etdiyi neytrallıq siyasətinə sadiq qalsa da, potensial təhlükədən sığortalanmaq xəttini yeridirdi. Bu dövrdə Türkiyədə hərbiləşdirmə siyasətini iki əsas mərhələyə ayırmaq mümkündür. Birinci mərhələ baş nazir R.Saydamın siyasi fəaliyyəti ilə bağlıdır. R.Saydam dövlət kapitalizmi üsulları ilə ölkədə ümumi və dərin hərbiləşdirməni gerçəkləşdirməyə, Türkiyəni müxtəlif hərbi planların yerinə yetirilməsinə hazır olan, nizamlı hərbi-bürokratik sistemə malik hərbi düşərgəyə çevirməyə can atırdı. Ölkənin hərbiləşdirilməsi siyasətinin ikinci mərhələsi Şükrü Saracoğlunun fəaliyyəti (1942-ci ilin iyulundan) ilə bağlıdır. O, hesab edirdi ki, «azad bazar» və «azad bazar təbiəti», yəni xüsusi kapitalın maneəsiz fəaliyyəti «avtomatik», ani surətdə iqtisadiyyatda nizam, qayda yaradacaq, Türkiyənin mümkün olan hərbi aksiyalarının həyata keçirilməsi üçün əlverişli şəraiti təmin edəcək.
Türkiyə iqtisadiyyatının hərbi zəminə keçirilməsi bütün istehsal sahələrini əhatə edirdi. Qısa zaman ərzində ölkədə təqribən 500 min nəfəri (Türkiyə əhalisinin təqribən 8 %) özündə ehtiva edən ordu yaradıldı. Orduda xidmət edən əsgərlər adi istehsal əməyindən tamamilə uzaqlaşdırılmışdılar. 1940-cı ilin mayından etibarən Türkiyədə icbari hərbi mükəlləfiyyət tətbiq olundu, orduda xidmət müddəti artırıldı. Məhz 1940-cı ilin mayında TBMM hərbi vəziyyət haqqında qanun qəbul etdi. Bu qanuna görə, hərbi vəziyyət elan olunan yerlərdə bütün mülki hakimiyyət hərbçilərin və polisin ixtiyarına keçirdi. Ölkənin hərbi rəhbərliyi fövqəladə səlahiyyətlər qazandı. 1940-cı ilin 25 noyabrında Türkiyə hökuməti bu qanuna uyğun olaraq İstanbul, Ədirnə, Qırxlareli, Tekirdağ, Çanaqqala və Kocaeli vilayətlərində fövqəladə vəziyyət rejimini tətbiq etdi. Labüd və zəruri olan fövqəladə vəziyyət rejimi İkinci dünya müharibəsi illərində qüvvədə qaldı. Hərbi məqsədlərə yönəldilən maliyyə vəsaitinin ümumi həcmi əvvəlki zamanla müqayisəolunmayacaq dərəcədə artdı. Əgər 1938-1939-cu maliyyə ilində birbaşa hərbi xərclər büdcənin məxaric qisminin 30%-ni təşkil edirdisə, 1940-1941-ci maliyyə ilində bu rəqəm artıq 42,3 %, 1941-1942-ci maliyyə ilində 53,1 %, 1942-1943-cü maliyyə ilində 55,1 %, 1943-1944-cü maliyyə ilində 58,2 % olmuşdur. Ümumiyyətlə, 1939-1945-ci illər ərzində Türkiyənin birbaşa hərbi xərcləri böyük məbləğlə – 2431,9 milyon lirə ilə ifadə olunurdu. Fövqəladə xərclər də buna əlavə olunarsa, həmin məbləğ 4104,9 milyon lirə təşkil edirdi. Bundan başqa müharibə illərində Türkiyə hərbi sahəni inkişaf etdirmək məqsədilə İngiltərə, ABŞ və Almaniyadan təqribən 1 milyard lirə maliyyə vəsaiti almışdı. Beləliklə, müharibə illəri ərzində Türkiyənin hərbi xərcləri 1938-ci il üçün bütün milli gəlirin məbləğini 3 dəfədən də artıq üstələmişdi.
İkinci dünya müharibəsində neytral mövqe tutmuş Türkiyənin iqtisadiyyatında sarsıntılar yaşandı, ölkənin xarici ticarət əlaqələrində, maddi və əmək ehtiyatlarının artıq qərarlaşmış bölgüsündə böyük əngəllər meydana çıxdı. İstehsalın nəzərə çarpan artımına baxmayaraq müharibənin başlanğıcına doğru Türkiyə sənayesi əvvəllər olduğu kimi ən mühüm məhsul növlərinə olan milli tələbatların yalnız bir hissəsini ödəyə bilirdi: yuna olan tələbat 26 %, pambığa olan tələbat 58 %, kağıza olan tələbat 32 %, sementə olan tələbat 70 % ödənilirdi. Beləliklə, aydın olur ki, Türkiyə o zaman idxaldan xeyli dərəcədə asılı idi. Müharibə ərəfəsində Türkiyə sənayesində istehlak olunmuş bütün xammalın 20-25 %-i xarici ölkələrdən gətirilirdi. Xammal idxalının demək olar ki, tam kəsilməsi Türkiyə sənayesinin ağır vəziyyətə düşməsi ilə nəticələndi. Nəticədə müharibə illərində ölkədə ilkin tələbat mallarının topdansatış qiymətləri 5-6 dəfə və daha çox artdı. Təbiidir ki, əmtəələrin pərakəndə satış qiymətləri topdansatış qiymətlərindən qat-qat artıq idi. Sənaye malları qiymətlərinin müqayisəolunmaz dərəcədə artması, bu malların artan qıtlığı Türkiyə hökumətini bütün vasitələrlə milli sənayenin artımını təmin etməyə yönəltdi. Hökumət yerli istiehsalın artımına, milli kapitalın yüksəlişinə və onun xarici kapitalla rəqabət qabiliyyətinin artmasına diqqətini artırdı. Hökumətin tədbirləri və xüsusi sahibkarlığın artımı müharibənin sonuna doğru sənaye məhsulları istehsalının nəzərəçarpacaq dərəcədə artmasını təmin etdi.
İkinci dünya müharibəsi illərində Türkiyənin kənd təsərrüfatı ağır sınaqlar qarşısında qaldı. Daha fəal kişi əhalisinin orduya səfərbər olunması ölkə sakinləri arasında istehlakçıların payını artırdı. Həmin dövrün Türkiyə mətbuatında qeyd olunduğu kimi, orduda xidmət edən əsgərlər kənd təsərrüfatı ilə məşğul olduqları zaman istehlak etdiklərindən daha artıq məhsul istehlak etməyə başlamışdılar. Türkiyə kəndlərində kişi əhalisinin kəskin surətdə azalması, hərbi ehtiyaclar üçün zəruri olan hökumət vergilərinin xeyli artması, kənd təsərrüfatı üçün zəruri olan maşınların, ehtiyat hissələrinin, yanacağın kəndlərə axınının azalması, kənd təsərrüfatı məhsullarının mübadiləsi və ixracının qərarlaşmış qaydalarının pozulması nəticəsində əkinçilikdə istehsalın ciddi tənəzzülü prosesi başlandı. Müharibə illərində taxıl istehsalı 45 % azalmışdı. Ərzaq qıtlığı 1942-ci ildə hökuməti ərzaq kartoçkalarını tətbiq etməyə vadar etdi. Lakin fövqəladə tədbirlər də vəziyyətin yaxşılaşdırılmasına təsir edə bilmədi. Ərzaq məhsullarının qiymətləri 10 dəfə və daha artıq dəfə artdı.
1940-cı ilin 24 yanvarında TBMM «Milli müdafiə haqqında Qanun» qəbul etdi. Qanun 76 maddədən ibarət idi və 6 hissəyə bölünürdü. «Milli müdafiə Qanunu»nun birinci hissəsində Türkiyə hökumətinə – Nazirlər Şurasına verilən hüquqlardan bəhs olunur. Bu qanuna əsasən fövqəladə vəziyyətə aşağıdakılar daxil idi: 1) qismən və yaxud ümumi səfərbərlik; 2) ölkənin İikinci dünya müharibəsinə qoşulmaq ehtimalı; 3) Türkiyə Cümhuriyyətinə yaxın olan xarici dövlətlər arasında müharibə vəziyyəti. «Milli müdafiə Qanun»unun 2-cü hissəsi (4-6-cü maddələr) həmin qanun əsasında yaradılan müəssisələrə aiddir. Bu hissədə Əlaqələndirmə Komitəsinin yaradılması məsələsi irəli sürülürdü. 1940-cı ilin fevralında yaradılan Əlaqələndirmə Komitəsi ölkənin müdafiə işini yaxşılaşdırmaq məqsədilə müxtəlif nazirliklərin işini əlaqələndirməli və istiqamətləndirməli idi. Bu komitənin tərkibinə baş nazir, müdafiə, maliyyə, ticarət, əkinçilik və nəqliyyat nazirləri daxil idilər. Bu qanunun 3-cü hissəsində hərbi dövrdə hökumətə verilən daha mühüm və fövqəladə hüquqlardan bəhs olunur. Bu hissədəki maddələrə əsasən hökumətə sənayenin, kənd təsərrüfatının, nəqliyyatın üzərində nəzarət yaratmaq vəkaləti verilirdi. Qanuna əsasən Türkiyə hökumətinə ölkənin bütün iqtisadi həyatının nizamlanması üzrə fövqəladə səlahiyyətlər verilirdi. Sənayenin, kənd təsərrüfatının, maliyyə sisteminin, daxili və xarici ticarətin fəaliyyətinə hökumət nəzarət edir, bu fəaliyyəti nizamlayırdı. 1840-cı ilin sonlarına doğru «Milli müdafiə haqqında Qanun»un bir çox maddələri dəyişdirildi, maddələrin müəyyən qisminə əlavələr olundu. 1940-cı ilin mayında hökumət bu Qanuna əsaslanaraq orduya çağrılmamış hərbi mükəlləffiyyətli şəxslərin, qadınların icbari iş üçün kəndlərə göndərilməsi haqqında qərar verdi. 1942-ci ilin iyulundan hökumət taxılın dövlət tərəfindən alınmasının daha sərt qaydalarını tətbiq etməyə başladı. Yeni qaydalara əsasən satışın həcmi taxıl məhsullarının ümumi yığımının 25-50 %-ni təşkil etməli idi. Müharibə illərində Türkiyə kəndlərində dövlət sahibkarlığının əhatə dairəsi xeyli genişləndi. Kənddəki sahibkarların maşınlarla və digər zəruri avadanlıqla təchiz olunması üçün 1943-cü ilin 23 yanvarında kənd təsərrüfatı alətlərinin, avadanlığın idxalı üzrə Cəmiyyət yaradıldı. 1944-cü ilin iyulunda bu qurum kənd təsərryfatının mexanikləş­dirilməsi Cəmiyyətinə çevrildi. (Cəmiyyət 50 milyon lirə sərmayəyə malik idi.)
Türkiyə hökuməti ölkədə ticarətin müharibə dövrü tələblərinə uyğun şəkildə tərəqqisinə yardım etməyə çalışırdı. Hökumətin 1940-cı il 3 aprel qərarına əsasən köhnə idxal-ixrac ittifaqları yenidən təşkil olundu və bir neçə yeni birlik yaradıldı. Tacirlərin (habelə şirkətlərin) bu cür ittifaqlarda birləşməsi məcburi idi. Ticarət birlikləri hökumətdən böyük maliyyə yardımı alırdılar. «Tarış», «Fiskobirlik», «Üzüm tarım kooperativləri birliyi» həmin birliklər arasında xüsusilə fərqlənirdilər. Müharibə illəri ərzində Türkiyədə 36 idxal-ixrac birliyi fəaliyyət göstərirdi. Həmin birliklər əsasən ölkənin ticarət-sənaye mərkəzləri olan İstanbul, İzmir, Mersin, Qars şəhərlərində qərarlaşmışdılar. 1943-cü ilin yanvarında hökumət «Ticarət-sənaye palatalarının yenidən təşkil olunması haqqında qanun» qəbul etdi. Bu qanuna əsasən idxal-ixrac birlikləri ticarət-sənaye palatalarının rəhbərliyi altında fəaliyyət göstərməyə başladılar.
Türkiyə sənayesi mürəkkəb və ziddiyyətli inkişaf dövrünü yaşayırdı. Sement çatışmazlığı ucbatından xeyli mülki obyektin (məktəb, xəstəxana, yaşayış binaları) tikintisi dayandırılmışdı. Ölkədə hərbi-strateji yolların çəkilişi işi isə nəzərəçarpacaq dərəcədə genişlənmişdi. 1939-1945-ci illərdə ölkədə 1650 kilometr uzunluğunda yeni yollar salınmış, 1400 kilometr uzunluğunda köhnə şosse yolları təmir olunmuş, Ərzincan-Ərzurum, Diyarbəkir-Sirt, Zonquldak-Çorlu dəmiryol xətləri çəkilmişdi. Türkiyədə bir sıra hava limanları (əsapsən ölkənin şərq bölgələrində), dəniz limanları tikilmişdi. Kişi əhalisinin orduya səfərbər olunması sənayenin inkişafına mənfi təsirini göstərirdi. Hökumət sahibkarlara təcili yardım göstərirdi: «Milli müdafiə haqqında Qanun»un təcrübədə gerçəkləşməsi üçün yaradılmış xüsusi komissiya müharibə illərində 600-dən artıq qərar qəbul etdi. Komissiyanın ilk qərarlarına əsasən iş günü hər yerdə 3 saat uzadıldı (11 saylı qərara uyğun olaraq). Komissiyanın 15 saylı qərarı ilə bütün hərbi zavodlarda istirahət günü ləğv edildi. Hökumətin və komissiyanın fövqəladə səciyyəli qərarları sayəsində müəssisələrdə iş vaxtı xeyli uzadıldı, əməyin intensivliyi artdı, qadın və uşaq əməyinin tətbiqinin miqyası genişləndi.
Müharibə illərində Türkiyədə bir sıra sənaye müəssisələri tikilərək istifadəyə verildi. İstifadəyə verilmiş müəssisələr əsasən hərbi məqsədlərə xidmət edirdi. Həmin sənaye obyektlərinin yaradılmasında aparıcı rol dövlətə məxsus idi. Alman mütəxəssislərinin yardımı ilə vaxtilə ingilislərin inşa etdiyi Qarabük metallurgiya kombinatında kükürd turşusu, superfosfat və boyalar istehsalı üzrə zavodlar və sexlər tikildi. Sivasda sement zavodunun tikintisi başa çatdırıldı (bu müəssisə ildə 90 min ton sement istehsal etmək iqtidarında idi). İstanbulda bir neçə kimya müəssisəsi, İzmitdə kağız fabriki istifadəyə verildi. Sumerbankın Kayseridə, Nazillidə və Bursada fəaliyyət göstərən toxuculuq müəssisələri genişləndirildi. Hökumət faydalı qazıntıların, xüsusilə daş kömürün, qonur kömürün, xrom filizinin, misin çıxarılması işinin genişləndirilməsinə ciddi diqqət yetirirdi. Müharibə illərində Türkiyə hökuməti ölkədə fəaliyyət göstərən xarici müəssisələrin (əsasən dəmiryol konsessiyalarının) alınması işini davam etdirirdi. Müharibə şəraitində Türkiyədə fəaliyyət göstərən xarici müəssisələrin beynəlxalq iqtisadi aləmdə əlaqələri xeyli dərəcədə pozulmuş və yaxud tamamilə kəsilmişdi. Bu cür mürəkkəb şəraitdə əcnəbi müəssisə sahibləri istehsal obyektlərini satmağa razılıq verirdilər. Zeytunburnunda və Qartalda fəaliyyət göstərən Fransa-Belçika kapitalının iştirak etdiyi cəmiyyətlərə məxsus olan sement zavodları 1940-1945-ci illərdə Türkiyə dövləti tərəfindən alındı. Zeytunburnundakı sement zavodunun milliləşdirilməsi üçün bəhanə 1943-cü ildə 1 milyon lirə məbləğində verginin ödənilməməsi və «məhsulun satışına dövlət nəzarəti haqqında qaydaların pozulması» olmuşdu. Dövlətin birbaşa müdaxiləsi, onun ölkə sənayesinə nəzarətinin genişlənməsi, sənayeyə ciddi maliyyə yardımı, habelə əlverişli konyunktura sayəsində Türkiyədə sənaye istehsalı müharibə illərində nəzərəçarpacaq dərəcədə artdı. Lakin sənaye istehsalı əsasən hərbi tələbatlarla bağlı olaraq və daha çox dövlət bölməsində genişlənmişdi. Milli gəlirdə sənayenin payı 12,5%-dən 19,5%-dək artmsışdı. Müharibə illərində Türkiyədə 148 yeni səhmdar şirkəti və nizamnamə kapitalı 47 milyon lirə olan 209 cəmiyyət yaranmışdı. Bu, ölkədə iri kapitalın güclənməsinin göstəricisi idi. Müasir dövrdə Türkiyənin iqtisadi həyatında aparıcı mövqe tutan sahibkarların, onların varislərinin əksəriyyətinin yüksəliş məqamı məhz İkinci dünya müharibəsi dövründən başlamışdı (Hacı Ömər Sabançı, Nicat Eczaçıbaşı, Durmuş Yaşar belə sahibkarlara misal ola bilər).
1942-ci ilin iyulunda baş nazir olmuş Ş.Saracoğlu hökumətin iqtisadi siyasətinin iki başlıca prinsipini açıq şəkildə bəyan etdi: Özəl bazarın tam azadlığı və müharibədə iştirak edən dövlətlərə satılan əmtəələrin qiymətlərinin maksimal dərəcədə yüksək səviyyədə saxlanması. Müharibə illərində Türkiyə rəhbərliyi xarici ticarətin inkişaf etdirilməsinə xüsusi diqqət yetirirdi. Əgər 1938-ci ildə Türkiyənin xarici ticarət balansında idxal ixracı üstələyirdisə, 1939-cu ildə ixrac idxalı 7 % üstələyirdi. Ölkənin xarici ticarət balansında ixracın üstün mövqeyi 1940-cı ildə 60, 1941-ci ildə 64, 1942-ci ildə 11, 1943-cü ildə 27, 1944-cü ildə 41, 1945-ci ildə 74 faizlə ifadə olunurdu. Türkiyə rəhbərliyi inkişaf etmiş, iri Qərb dövlətlərinin hərbi və maliyyə yardımından da ölkənin mənafeyinə faydalanmağa çalışırdı. 1941-ci ilin sonunda ABŞ hökuməti lend-liz haqqında qanunun fəaliyyətini Türkiyəyə də şamil etdi. Öz növbəsində 1942-ci ildə Almaniya silah və hərbi materialların alınması üçün Türkiyəyə 100 milyon marka məbləğində kredit verdi. 1943-cü ildə İngiltərə Türkiyəyə 20 milyon funt sterlinq dəyərində olan silah təqdim etdi. Ele həmin il də Almaniya hərbi ləvazimatın, nəqliyyat vasitələrinin, sənaye maşınlarının alınması üçün Türkiyəyə 100 milyon marka məbləğində yeni kredit verdi.
1942-ci ilin 11 noyabrında TBMM «Əmlak vergisi haqqında Qanun» qəbul etdi. O zaman baş nazir olmuş Ş.Saracoğlunun qeyd etdiyi kimi, bu Qanunun qısa müddət ərzində fəaliyyti sayəsində Türkiyənin Mərkəzi Bankında qızıl ehtiyatı 35 ton artmışdı. Müharibə illəri ərzində Türkiyə xarici dövlətlərə olan bəzi köhnə borclarını da ödəmək imkanı qazandı. Belə ki, 1943-cü ildə Osmanlı hakimiyyəti dövründən qalmış son borclar da xarici dövlətlərə qaytarıldı. Lakin dövlət borcları bütünlükdə azalmadı. Rəsmi məlumatlara görə, 1938-ci ildə dövlət borcları 543 milyon lirə idisə, 1945-ci ildə bu rəqəm 1542 milyon lirəyə çatmışdı. Habelə bu zaman ərzində xarici dövlət bocları 187,5 milyon lirədən 350 milyon lirəyədək artmışdı. Lakin nəzərə almaq lazımdır ki, dövlət borclarının artımında Türkiyə lirəsinin bütün müharibə dövründə müşahidə olunan inflyasiyası (qiymətdən düşməsi) da öz əksini tapmışdı.
Türkiyə hökuməti ölkənin təhlükəsizliyinin başlıca təminatçısı olan ordunun hər vasitə ilə gücləndirilməsi qayğısına qalırdı. İkinci dünya müharibəsi illərində Türkiyə ordusunda xidmət edən əsgər və zabitlərin ümumi sayı 900 min nəfərə çatdırılmışdı. Ümumiyyətlə, müharibə dövründə Türkiyə rəhbərliyi zamanın gerçəkliklərinə uyğun olan, millətin mənafeyinə, dövlət ərazisinin bütövlüyünə xidmət edən xarici və daxili siyasət yeritmişdir. Müharibə illərində bir-birinə əks cəbhədə olmuş dövlətlərin (ABŞ-ın, İngiltərənin, Almaniyanın) Türkiyə ilə hərbi-siyasi, iqtisadi yaxınlaşmaya meyl etmələri onun beynəlxalq aləmdə real güc kimi qəbul edildiyinin göstəricisi idi. Türkiyə rəhbərliyinin bu müsbət meyllərdən faydalanmaq cəhdləri də anlaşılandır. Sovet tarixşünaslığında İkinci dünya müharibəsi illərində Türkiyənin daxili və xarici siyasəti qeyri-obyektiv, qərəzli mövqelərdən «araşdırılmış», tarix problemlərinə artıq 20-ci əsrin sonlarına doğru aktual olmayan marksizm-leninizm müddəaları əsasında yanaşılmışdır. Sovet tarixçiləri müharibədə Türkiyənin neytral mövqe tutmasını «SSRİ-yə qarşı düşmənçilik» kimi qiymətləndirmiş, Türkiyənin daxili siyasət məsələlərindən bəhs edərkən daha çox «zəhmətkeşlərin amansızcasına istismar olunması» müddəasını qabartmağa çalışmışlar. Onlar İkinci dünya müharibəsi illərində SSRİ əhalisinin bir qisminin sovet rəhbərliyi tərəfindən dövlət səviyyəsində terrora məruz qalması, hətta bəzi xalqların öz vətənlərindən «strateji» bəhanələrlə sürgün olunması faktlarını «unudaraq» həmin tarixi dövrdə Türkiyədə «Milli azlıqların hüquqlarının pozulması»ndan, «qeyri-müsəlman əhalisinin sıxışdırılması»ndan bəhs etmişlər. Bircə faktı xatırlamaq kifayətdir ki, İkinci dünya müharibəsi illərində 20 milyondan artıq sovet vətəndaşı sərt sovet rejiminin repressiyalarının qurbanı olmuşdur. 1939-1945-ci illər Türkiyəsinin tarixində isə bu cür faktlar yoxdur.
20-ci yüzilliyin birinci yarısında Türkiyə iki dəfə böyük sınaq qarşısında qalmışdır. Birinci dünya müharibəsindən sonra Türkiyənin siyasi varlığı üçün böyük təhlükə yaranarkən türk milləti M.K.Atatürkün rəhbərliyi altında ölkənin ərazi bütövlüyünü, siyasi müstəqilliyini qoruyub saxlaya bilmiş, ölkədə cümhuriyyət (respublika) quruluşunu bərqərar etmişdi. 1939-1945-ci illər də Türkiyə üçün mühüm sınaq məqamı idi. Müharibədə neytral mövqe tutmuş Türkiyə rəhbərliyi ölkənin maddi və mənəvi sərvətlərinin kütləvi surətdə dağılması təhlükəsini uzaqgörən daxili və xarici siyasət sayəsində aradan qaldırdı. Müasir beynəlxalq aləmdə Türkiyə Cümhuriyyətinin ləyaqətli, görkəmli mövqeyinin əsasları, zəmini məhz 20-ci yüzilliyin birinci yarısında qoyulmuşdur.
İkinci dünya müharibəsinin ən maraqlı hadisələrin­dən biri müharibə edən dövlətlərin əhatəsində, hərbi əməliyyatlar teatrının demək olar ki, mərkəzində olan Türkiyənin müharibənin sonunadək döyüş əməliyyatlarında iştirak etməməsidir. Bu müharibənin ağırlığını öz üzərinə götürmüş qonşu Sovet İttifaqının narazılığına səbəb olmuş və bu narazılıq sonralar sovet tarixçilərinin monoqrafiyalarında öz əksini tapmışdır.
İkinci dünya müharibəsi ərəfəsində – 1938-ci ildə M.K.Atatürk vəfat etdi və İ.İnönü prezident seçildi. O.Türkiyənin təhlükəsizliyini təmin etmək məqsədilə M.K.Atatürkün bitərəflik siyasətini öz fəaliyyətində əsas götürdü.
İkinci dünya müharibəsi başlayandan bir ay sonra Türkiyə İngiltərə və Fransa ilə tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzaladı və Fransanın Almaniya tərəfindən işğal olunmasına qədər o, İngiltərə-Fransa mövqeyində durdu. Bu dövlətlərin müharibəyə qədər SSRİ ilə də danışıqlar apardığını bilən Türkiyə 1939-cu ilin sentyabrında Sovet İttifaqı ilə qarşılıqlı yardım müqaviləsi bağlamağa səy göstərdi. Məhz bu məqsədlə Türkiyə xarici işlər naziri Ş.Saracoğlu Moskvaya göndərildi. Ümumiyyətlə, Ş.Saracoğlunun Moskva səfəri Türkiyə-Rusiya münasibətlərinin tədqiqatçıları tərəfindən birmənalı qarşılanmır. Məsələ burasındadır ki, sovet tarixşünaslığı Ş.Saracoğlunun Moskva danışıqlarını Türkiyənin «diplomatik oyun»u kimi qələmə verir, onun təklif etdiyi məzmunda müqavilənin imzalanacağı təqdirdə SSRİ-nin dolayı yolla bağlı olduğu qarşı tərəflər (İngiltərə və Fransa) tərəfindən heç bir təəhhüd götürülmədən istənilən anda Almaniyaya qarşı müharibəyə cəlb olunması təhlükəsi kimi qiymətləndirir. Türkiyə tarixçiləri isə əks mövqedən çıxış edərək Ş.Saracoğlunun Moskvaya İngiltərə-Fransa-Türkiyə-SSRİ ittifaqını yaratmaq təklifi ilə getdiyini, Sovet diplomatiyasının isə ona Qara dəniz və Boğazlara dair yeni məzmunlu müqavilə imzalatmaq istəyi ilə təzyiq göstərdiyini bildirirlər. Sovet tarixçilərinin əksəriyyətinin tədqiqatlarında Ş.Saracoğlunun hələ Ankaraya çatmamış İngiltərə-Fransa-Türkiyə müqaviləsinin imzalandığı göstərilməklə, onun Moskva danışıqlarını diplomatik manevr kimi təqdim etmə cəhdləri vardır. Lakin ittihamlar qarşılıqlıdır. Belə ki, hələ 1939-cu ilin yazında SSRİ rəhbərləri əsil diplomatik oyunlara girərək İngiltərə və Fransa ilə danışıqlar aparmaqla bərabər, Türkiyəyə də xarici işlər komissarının müavini Potyomkini faşizmə qarşı ümumi cəbhə çərçivəsində qarşılıqlı yardım haqqında türk-sovet müqaviləsi imzalamaq təklifi ilə göndərmişdilər. Əslində müqavilə Türkiyəni Sovet Rusiyasının Almaniya tərəfindən təcavüzə məruz qalacağı təqdirdə onu SSRİ tərəfindən müharibəyə cəlb etmək məqsədi güdürdü. SSRİ-nin eyni zamanda İngiltərə və Fransa ilə danışıqlar apardığını və Potyomkinin gəlişinin pərdəarxası oyunlar olduğunu anlayan Türkiyə diplomatiyası onun bu təklifini cavabsız qoymaq məcburiyyətində qalmışdı. Təsadüfi deyildi ki, Moskvanın təklif etdiyi müqavilə Boğazlar rayonunda Türkiyənin mənafelərini məhdudlaşdırdığına görə, Ş.Saracoğlu belə məzmunlu müqavilə imzalamaqdan imtina etmiş və Sovet İttifaqından getmişdi. Sovet tarixşünaslığı həmin məsələnin üzərindən ya sükutla keçir, ya da onu yumşaq şəkildə verməyə cəhd edir. Belə ki, bəzi tarixçilər Ş.Saracoğluya təzyiqlər göstərildiyini inkar etmir, lakin bunu «Sovet hökumətinin Qara dəniz və boğazlar rayonuna aid Türkiyə hökumətinə qarşılıqlı yardım müqaviləsi bağlamaq təklifi ilə müraciət etməsi kimi təqdim edirlər». Lakin yəqindir ki, bunun arxasında Türkiyə diplomatiyasının 30-cu illərdə böyük zəhmətlə əldə etdiyi Montrö konvensiyasının qərarlarına görə, boğazlar rayonunda Türkiyənin əldə etdiyi suverenliyi məhdudlaşdırmaq cəhdləri dururdu. Müharibənin sonuna yaxın SSRİ-nin dəfələrlə boğazlar məsələsini qaldırması onun müharibənin əvvəllərində Türkiyəyə qarşı qeyri-səmimi mövqedə olmasını göstərirdi.
Beləliklə, İkinci dünya müharibəsinin başlanması Türkiyənin xarici siyasəti qarşısında ciddi problemlər yaratmışdı. Rəhbərlik bütün diplomatik bacarığını ona yönəltdi ki, ölkə dağıdıcı müharibə burulğanına cəlb olunmasın. Müharibənin başlanmasından az sonra – 1939-cu il oktyabrın 19-da Türkiyə Cümhuriyyəti İngiltərə və Fransa ilə müqavilə imzalayaraq (tarixi ədəbiyyatda bunu bəzən «müttəfiqlik müqaviləsi» də adlandırılar) ingilis-fransız blokuna qoşuldu. Türkiyənin bu bloka qoşulması onun bu ölkələrin 30-cu illərdə Türkiyəyə münasibətdə yeritdiyi güzəşt siyasətinə cavab idi. Belə ki, Montrö müahidəsinin imzalanması Türkiyənin İtalyanın Aralıq dənizi rayonunda cilovlanmasına yönəlmiş «centlimen sazişlər»inə imza atmasına İngiltərənin cavabı olmaqla yanaşı, gələcək müharibədə Türkiyənin müttəfiqliyinin təmin edilməsinə yönəlmişdi. Fransa isə analoji siyasəti ilə Hatay probleminin həllində Türkiyəyə böyük güzəşt edərək 1939-cu il iyulun 23-də Parisdə Fransa-Türkiyə bəyannaməsinin elan olunmasına nail olmuşdu. Aralıq dənizi rayonunda qarşılıqlı yardımı nəzərdə tutan bu bəyannaməni gələcək İngiltərə-Fransa-Türkiyə ittifaqının rüşeymi kimi nəzərdən keçirmək olar.
Lakin Türkiyə heç də Almaniyaya qarşı müharibəyə qoşulmaq niyyətində deyildi. Çünki Türkiyə tezliklə Müttəfiqlərin qeyri-sabit siyasət yeritdiklərini, ardıcıl olmadıqlarını gördü. Məhz buna görə də, Türkiyə Fransanın məğlubiyyətindən sonra İngiltərə-Türkiyə müqaviləsinə sadiq qaldığını bildirdisə də, Yunanıstanın Almaniyanın təcavüzünə məruz qaldığı zaman İngiltərənin qəti tələblərinə baxmayaraq Almaniyaya qarşı müharibəyə qoşulmadı. İngiltərə-Fransa-Türkiyə hərbi ittifaq müqaviləsində deyilirdi ki, «əgər Yunanıstan və Rumıniya müharibəyə cəlb olunsa, İngiltərə və Fransa bu dövlətlərə verdikləri vədləri yerinə yetirərək onlara yardım etsə, Türkiyə də Yunanıstana və Rumıniyaya köməklik etməli idi». E.Karala görə, Türkiyə Balkan paktı üzvlərindən hər hansı birinin yalnız region ölkələri (digər Balkan dövlətləri nəzərdə tutulur) tərəfindən təcavüzə məruz qalacağı təqdirdə yardım göstəriləcəyi haqqında maddəyə istinad edərək Almaniyaya qarşı müharibədən çəkinmişdi. F.Armaoğlu isə Türkiyənin müttəfiqlər tərəfindən müharibəyə qoşulmamasının səbəbini o zamanlar Almaniya ilə yaxınlaşmış Sovet İttifaqının ona qarşı çıxış etməsi təhlükəsində axtarır. Daha sonra o yazır ki, İ.İnönü o zaman müttəfiq dövlətlər tərəfindən vəd edilən silah və ərzağın verilmədiyini bəhanə edərək müharibəyə qoşulmadı. Daha sonra Türkiyə Müttəfiqlərini ardıcıl məğlubəyyətə uğradıqlarını gördükdən sonra öz mövqeyində kəskin dəyişiklik edərək Almaniya ilə yaxınlaşmaq xətti götürmüşdü. Əslində Türkiyəni buna vadar edən səbəb Almaniyanın Balkan ölkələrini zəbt edərək Türkiyə ilə həmsərhəd olması idi. Bu hal İngiltərəni də bərk narahat etmişdi. 1941-ci il yanvarın 31-də İngiltərənin baş naziri U.Çörçill İ.İnönüyə göndərdiyi xəbərdə Türkiyənin müharibəyə qoşulacağı təqdirdə onun tərəfindən hər cür yardım vəd edilirdi. Bu xəbər Almaniya diplomatiyasının da hərəkətə gətirmişdi. A.Hitler Almaniyanın Türkiyədəki səfiri fon Papen vasitəsilə 1941-ci il martın 4-də İ.İnönüyə məktub göndərərək bildirmişdi ki, Almaniya Türkiyənin ərazi bütövlüyünə hörmətlə yanaşacaqdır. Az sonra A.Hitler iki ölkə arasında hücum etməmək paktı imzalamağı təklif etmişdi. Bunu məşhur türk diplomatı Y.Q. Qaraosmanoğlu belə xatırlayır: «Alman ordusu Yunanıstana daxil olduqdan sonra fon Papen bizə gələndə A.Hitlerin məktubunu gətirdi, amma gedəndə Türkiyə və Almaniya arasında Hücum etməmək haqqında müqavilə bağlamaq üçün razılıq alıb apardı. Bununla mən fon Papenin bizi tələyə saldığını demək istəmirəm. Bizim bu hərəkətimizi qoy tarix qiymətləndirsin». Belə məqamda real təhlükə qarşısında Türkiyə Almaniyanı özünə qarşı qaldırmamaq üçün 1941-ci il iyunun 18-də onunla müqavilə imzaladı. Bu, siyasi reallıqdan irəli gələn bir addım idi. Müqavilənin imzalanması ərəfəsində Almaniyada ictimai rəyin Türkiyəyə qarşı necə «od püskürdüyünü» də Y.Q. Qaraosmanoğlu xatirələrində geniş təsvir edir. Müqavilənin 1-ci maddəsinə görə, Türkiyə Cümhuriyyəti və Almaniya imperiyası hər iki tərəfin ərazi bütövlüyünə və toxunulmazlığına hörmət etməyi və bir-birinə qarşı birbaşa və dolayı yolla yönəlmiş hərəkətlərdən çəkinməyi öz öhdələrinə götürürdülər. Sovet tarixçiləri Almaniyanın Sovet İttifaqına qarşı müharibəyə başlamasında bu müqavilənin böyük rol oynadığını, hətta Türkiyənin bitərəflik elan etməsinə baxmayaraq sovetlərə qarşı müharibə etməyə hazırlaşdığını iddia edirlər. İddialarını əsaslandırmaq üçün onlar müqavilə imzalandıqdan sonra fon Papen və Ş.Saracoğlunun birgə bəyanatına, Türkiyənin Sovet İttifaqı ilə sərhəddində müəyyən miqdar qoşun topladığına və Montrö qərarlarına xilaf çıxaraq alman gəmilərinin boğazlardan sərbəst keçməsi faktlarına istinad edirlər.
Əvvəla qeyd olunmalıdır ki, bu məsələdə itthamlar qarşılıqlıdır. Türkiyə tarixçiləri, ümumiyyətlə, xarici ölkə tarixçiləri İkinci dünya müharibəsinin başlanmasını Sovetlərin Almaniya ilə hücum etməmək haqqında müqaviləsi ilə əlaqələndirirlər. Həqiqətən «ərazi bütövlüyünə və toxunulmazlığına hörmət» üzərində tərtib olunmuş Almaniya-Türkiyə müqaviləsindən fərqli olaraq 1939-cu ilin avqustunda imzalanmış Almaniya-Sovet müqaviləsi əsil sövdələşmə idi. Belə ki, sovet oxucusuna hücum etməmək paktı kimi təqdim edilən həmin müqavilə, əslində Şərqi Avropada nüfuz dairələrinin müəyyən olunması məsələlərini rəsmiləşdirdi. Son illərdə aparılmış tədqiqatlada artıq rus tarixçiləri də müqaviləyə əlavə edilmiş gizli protokolun mətnini verərək orada verilmiş bəndlərin hər iki tərəfdən təcavüz xarakterində olduğunu inkar etmirlər. Yuxarıda sadalanan ittihamlara gəldikdə, demək yerinə düşərdi ki, tarixi faktlar fon Papen-Saracoğlu bəyanatının mövcudluğunu şübhə altına almır. Həmin bəyanatda «hər iki ölkə mətbuat məlumatlarının və habelə radio verilişlərinin Almaniya-Türkiyə münasibətlərini xarakterizə edən dostluq və qarşılıqlı inam ruhunda olmasının» arzu olunması öz əksini tapmışdı. Bu, sözsüz ki, iki ölkə arasında o zaman üçün qərarlaşmış siyasi şəraitdən irəli gəlirdi. Türkiyə tarixçiləri hətta inkar etmirlər ki, müqavilə imzalanandan sonra ölkə daxilində faşistpərəst ünsürlər canlanaraq vaxtilə Rusiyanın işğal etdiyi türk torpaqları olan Krım, Qafqaz və hətta Orta Asiyanın Türkiyəyə birləşdirilməsi haqda təbliğat aparırdılar. Almaniyanın hərbi gəmilərinin boğazlardan keçməsi Montrö konvensiyasına zidd olsa da, onu imzalamış olan dövlətlərin mənəvi dəstəyindən belə məhrum olan Türkiyə Silahlı Qüvvələri üçün Alman hərb maşınının qarşısını almaq qeyri-mümkün idi. Buna edilən cəhd Almaniya ilə müharibəyə başlamaq kimi ağır nəticələrə gətirib çıxara bilərdi. Bu isə «bitərəfliyini» elan edən Türkiyənin xarici siyasətinə zidd idi. Sovet İttifaqı ilə sərhəddə qoşun toplanılması isə təhlükəsizlik məsələləri ilə bağlı idi. Hələ 1939-cu ildə İranla Sovet Rusiyası arasında 1921-ci il fevralın 28-də imzalanmış müqaviləyə və İngiltərə ilə razılığa əsaslanan Sovet rəhbərliyi İranın şimal hissəsinə – Cənubi Azərbaycan torpaqlarına avqustun sonunda qoşun yeritmişdi. Belə bir aqibətin Türkiyəni də təhdid etdiyini yaxşı başa düşən Türkiyə rəhbərləri öz təhlükəsizliyini təmin etmək üçün Türkiyə-Rusiya sərhəddinə müəyyən miqdar qoşun toplamağa məcbur idi. Türkiyə Sovet ordusunun Cənubi Azərbaycanda olmasına özü üçün təhlükə kimi baxırdı. Ümumiyyətlə, bu dövrdə SSRİ Türkiyəni avantüraya cəlb etmək cəhdi də göstərdi. Türkiyədə təxribat törətmək və onu Almaniya ilə toqquşdurmaq cəhdləri göstərən sovet diplomat-casusları 1942-ci ilin fevralında fon Papenə qarşı sui-qəsd törətməkdə ifşa olundular.
Almaniyanın cəbhədəki uğursuzluqları Türkiyəni öz mövqeyini dəyişməyə vadar etdi. 1943-cü ildə A.Hitlerin siyasətinin xoş gələcəyi olmadığını başa düşən prezident İ.İnönü və baş nazir Ş.Saracoğlu Sovetlərin güclənməsinin də Türkiyəyə yaxşı bir şey gətirməyəcəyini bildiklərindən ABŞ və Böyük Britaniyaya meyl etdilər. Türkiyənin ABŞ və Böyük Britaniya ilə yaxınlaşmaq meyli müttəfiq ölkələrin Təbrizdəki diplomatik nümayəndəliklərinin münasibətlərində də hiss edilirdi. Sovet İttifaqı ənənəvi olaraq Türkiyəni müttəfiqlərin gözündə Almaniyanın tərəfdarı kimi təqdim etməyə çalışırdı. Bunun üçün Sovet rəhbərliyi hətta yanlış informasiyanın yayılmasından belə çəkinmirdi. Sovetlər ABŞ və Britaniya xüsusi xidmət orqanlarına belə bir məlumat ötürmüşdülər ki, guya müharibədən sonra Türkiyə Güney Azərbaycanı özünə birləşdirmək istəyir. Halbuki, sovet xüsusi xidmət orqanlarının əlində məlumat var idi ki, Almaniya vaxtilə Türkiyənin ondan aldığı döyüş təyyarələrinə ehtiyat hissələri satmaqdan imtina etmişdir. Türkiyənin müttəfiq dövlətlərə meyli onunla nəticələndi ki, onlar Türkiyəni Almaniyaya qarşı müharibəyə cəlb etməyə cəhd göstərməyə başladılar. Bu məsələ ilk dəfə müttəfiqlərin 1943-cü il yanvarın 14-25-də Kasablankada keçirdikləri toplantıda müzakirə olundu və Türkiyə ilə bu barədə əlaqə yaratmaq qərara alındı.
Hələ 1942-ci ilin sentyabrında ABŞ prezidentinin şəxsi nümayəndəsi Uilki Ankarada danışıqlar aparmışdı. Əsasən, U.Çörçill Türkiyəni Almaniyaya qarşı müharibəyə cəlb etməyə çalışırdı. Onun məqsədi Türkiyənin ərazisindən istifadə etməklə Sovet təhlükəsini qabaqlamaq üçün Balkanları nüfuz dairəsinə salmaqdan ibarət idi. Məhz buna görə də, U.Çörçill 1943-cü il yanvarın 30-da Adanaya gələrək İ.İnönü ilə görüşmüşdü. Türk Ordusunun müharibəyə hazır olmadığını görən U.Çörçill müttəfiqlərdən yardım vəd edərk , Türkiyənin tezliklə müharibəyə qoşulmasının zəruri olduğunu bildirmişdi. Vəziyyətin dəyişdiyini görən Sovet rəhbərləri də qərb cəbhəsində üzərlərinə düşən ağırlığı azaltmaq və bununla da Türkiyəni zəiflətmək məqsədilə onun müharibəyə qoşulmasını israrla tələb etməyə başladılar. Bu barədə 1943-cü il oktyabrın 19-30-da Moskvada ABŞ, SSRİ və İngiltərə xarici işlər nazirlərinin toplantısında müzakirələr aparılmışdı. Bu məsələ müttəfiqlərin Tehran konfransında da geniş müzakirə olundu. 1943-cü il dekabrın 4-6-da Qahirədə F.Ruzvelt, U.Çörçill və İ.İnönünün, müttəfiq dövlətlərin xarici işlər nazirlərinin iştirakı ilə konfrans oldu. Amma burada İ.İnönü müttəfiqlərin təzyiqinə cavab olaraq müharibəyə girməyi Türkiyənin siyasətində prinsip kimi qəbul etsə də, lazımi silah və ərzağın göndərilməsini şərt kimi irəli sürdü. 1944-cü il yanvar-fevral aylarında Türkiyənin ehtiyaclarını müəyyən etmək məqsədilə Türkiyə və İngiltərə hərbi vəzifəlilərinin görüşləri keçirilməsinə baxmayaraq Türkiyə bu dəfə də müxtəlif bəhanələrlə hərbi əməliyyatlara başlamadı.
1944-cü il aprelin 12-də İngiltərə və ABŞ hökumətləri nota ilə Türkiyədən tələb etdilər ki, Almaniyaya strateji xammal göndərilməsini dayandırsın. Bundan 10 gün sonra aprelin 21-də Türkiyə hökuməti Almaniyaya xrom göndərilməsini dayandırdı ki, bu da Türkiyə ilə müttəfiqlər arasında yaranmış nisbi soyuq münasibətlərərə bir qədər yumşaqlıq gətirdi. Avqustun 2-də isə Türkiyə Almaniya ilə diplomatik münasibətləri kəsdi. Bu dövrdən etibarən Türkiyə yenidən ABŞ, İngiltərə və Fransaya tərəf meyl etməyə başladı. 1945-ci il fevralın 23-də Türkiyə antifaşist blokun təzyiqi ilə Almaniya və Yaponiyaya müharibə elan etsə də, fəal hərbi əməliyyatlara qoşulmamış, formal müharibə taktikası yeritmişdi.
Almaniya və Yaponiyaya müharibə elan olunması Türkiyənin antifaşist blokuna qoşulması ilə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatının təsisatçılarından birinə çevrilməsinə imkan yaratdı. Müharibə dövrü Türkiyənin yeritdiyi bitərəflik siyasəti rus tarixçiləri tərəfindən bu günədək hücumlara məruz qalır. Qəribədir ki, Türkiyə tarixçilərinin əksəriyyəti bu siyasətin hətta «bitərəflik» xarakteri daşımadığını etiraf edirlər. F.Sönməzoğlunun göstərdiyi kimi, «Türkiyə strateji bitərəflik siyasətindən faydalanmaqla bərabər, yeri gəldikdə ittifaqlara qoşulmaq strategiyasından da imtina etməmiş və əsas məqsədi hərbi əməliyyatlara girməmək siyasətinə tabe etmişdi.
Türkiyənin dövrün reallığı ilə səslənən yeritdiyi siyasi xətt Potsdam konfravnsında SSRİ-nin boğazlara dair yeni konvensiya imzalamasına yönəldilmiş cəhdlərinin uğursuzluğunu şərtləndirdi. Məhz bu siyasətin nəticəsi idi ki, müharibədən böyük hərbi potensial ilə çıxmış SSRİ-nin Potsdamdan sonra da bu məsələni dəfələrlə qaldırmasına və hətta bu barədə 1946-cı il avqustun 7-də və sentyabrın 24-də Türkiyə hökumətinə nota göndərməsinə baxmayaraq Türkiyə boğazlara dair Montrö konvensiyasına yenidən baxılmasına qəti şəkildə öz etirazını bildirmiş və məsələnin təkrar qaldırılmasına yol verməmişdi.
Türkiyə Cümhuriyyətinin yeritdiyi bitərəflik xətti ölkəni təkrarən dünya müharibəsi meydanına çevrilməkdən xilas etdi, cümhuriyyət maddi və mənəvi potensialı, iqtisadi və insan ehtiyatları, mədəni nailiyyətləri dünyanı yeni nüfuz dairələrinə bölmək uğrunda mübarizə aparan fövqəl dövlətlərin cahangir ordularının tapdağına çevrilmədi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə