Xəbər bülleteni №18


Azərbaycan və Rusiya müdafiə nazirlərinin qapalı görüşü keçirilib



Yüklə 0,63 Mb.
səhifə12/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

Azərbaycan və Rusiya müdafiə nazirlərinin qapalı görüşü keçirilib


23.12.2015

mn rusiya
Moskva səfərində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 23-də rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu ilə görüşüb. Görüşdə regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, nazirlər hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planını imzalayıblar.

APA-nın məlumatına görə, görüş MDB Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində baş tutub. Zakir Həsənovla keçirilən görüşün yalnız protokol hissəsi mətbuata açıq olub. Görüş daha sonra bağlı qapılar arxasında davam etdirilib.

Sergey Şoyqunun Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşündə isə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi texniki yardım məsələsi müzakirə olunub.


Saziş: Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemi birləşdirilir


23.12.2015

hhm- 1Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu ilə Seyran Ohanyan dekabrın 23-ü Moskvada Qafqaz bölgəsində hava hücumundan müdafiə birləşmiş sisteminin yaradılması haqqında saziş imzalayıblar. Ermənistanla hava hücumundan birgə müdafiə sisteminin yaradılması haqda sazişin imzalanmasına Rusiya prezidenti Vladimir Putin noyabrın 11-də sərəncam vermişdi.

MDB ölkələrinin 1995-ci il fevralın 10-u Almatıda imzaladığı müqavilə hava hücumundan müdafiə birləşmiş sisteminin yaradılmasını nəzərdə tutur. Hazırda sistemə 8 ölkə daxildir: Rusiya, Ermənistan, Belarus, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan.

Novator.az bildirir ki, indiyədək Rusiya ilə Belarusun hava hücumundan müdafiə sistemləri birləşdirilib, hazırda Moskva Qırğızıstan və Tacikistanla sistemin yaradılması üzərində iş aparır, Qazaxıstanla isə 2013-cü ildə müvafiq saziş imzalanıb.

Hava hücumundan müdafiə birləşmiş sisteminə 19 aviasiya hərbi hissəsi, 47 zenit-raket qoşunları hərbi hissəsi, 19 radiotexnika qoşunları hərbi hissəsi, 3 radioelektron mübarizə batalyonu daxildir.


Gürcü çaxırı neftdən güclü çıxdı


23.12.2015

rovshen_agayevBu il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğradı. Bəlli olduğu kimi, buna əsas səbəb dünya bazarında neftin ucuzlaşmasıdır. Transparency.az -ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkədə yaydığı şərhində bir daha Azərbaycan iqtisadiyyatının neftdən asılı vəziyyətdə saxlanmasını tənqid edib, bildirib ki, vaxtında ölkə iqtisadiyyatı şaxələndirilsəydi, milli valyuta belə asanlıqla dəyərdən düşməzdi. Ekspert vurğulayıb ki, iqtisadiyyat və valyuta gəlirləri şaxələndiriləndə, ölkəyə valyuta daha çox sahədən gələndə kənar şoklardan, inflyasiyadan sığortalanmaq mümkün olur, milli pul daha sabit qalır: “Eyni zamanda valyuta kütləsinin ölkəyə böyük həcmdə axması təkcə əmtəə və xidmət ixracının həcmindən asılı deyil. Əgər milli iqtisadiyyat xarici investorlar üçün cəlbedicidirsə, onda investor sərmayələrinin valyuta formasında ölkəyə daimi axını milli valyutanın sabitliyini təmin edən əsas mənbələrdən birinə çevriləcək”.

Rövşən Ağayev misal kimi Gürcüstanı göstərib. Qeyd edib ki, gürcü larisi son 5 ildə 40%, Azərbaycan manatı isə 1 ildə 100% dəyərdən düşüb: “Hər iki ölkənin tədiyyə balansının məlumatlarını izləyəndə manat və larinin məzənnəsinə təsir edən başlıca faktorları aydın görmək olur. Məsələn, 2010-2014-cü illərdə və 2015-ci ilin birinci yarısında Gürcüstanın tədiyyə balansının ümumi saldosunda kəsir çox böyük olmayıb. Nəticədə Gürcüstanın həm valyuta ehtiyatlarının əriməsi, həm də larinin kəskin dəyərdən düşməsi üçün zəmin yaranmayıb. Gürcüstanda ən böyük kəsir 2011-ci ildə olub: 572 milyon dollar. Sonrakı illərdə vəziyyət dəyişib. 2013-cü ildə saldo müsbət olub, yəni ölkəyə gələn valyuta kütləsi gedən kütləni üstələyib. 2012 və 2014-cü illərdə təxminən 35 milyon dollarlıq, 2015-ci ilin ilk 6 ayında 20 milyon dollarlıq mənfi saldo yaranıb.

Azərbaycanda isə 2010-2014-cü illərdə tədiyyə balansının illik ümumu müsbət saldosu 4-5 milyard dollardan az olmayıb. 2015-ci ilin birinci yarısında tədiyyə balansında 6 milyard dollardan çox mənfi saldo yaranıb.

Azərbaycanla Gürcüstanın valyuta axınları arasında əsas fərq xidmətlər balansında və maliyyə hesabında özünü göstərir. 6 ayda Gürcüstanın xidmətlər balansında 335 milyon dollar müsbət saldo, Azərbaycanda isə 2,4 milyard dollar mənfi saldo yaranıb. Həmin 6 ayda xarici investisiyaların və kreditlərin ölkəyə daha sürətlə axması nəticəsində Gürcüstanın maliyyə hesabında 700 milyon dollardan artıq müsbət saldo yaranıb. Amma Azərbaycana kapital və investisiya formasında daxil olan vəsaitin eyni kanalla ölkədən daha çox çıxması nəticəsində bizdə 6,5 milyard mənfi saldo yaranıb.

Manat və lari: başqa valyutalar qarşısında birini yalnız neft himayə edirdi. Neft qiymətdən düşən kimi manatı da dəyərdən saldı. O birini isə turizm, mineral sular, metallurgiya məhsulları, gürcü çaxırı himayə edib və hələ də edir. Son 5 ilin nəticəsinə görə, larinin himayədarları daha etibarlı və güclü çıxıb”.

Prezident: “Heç kimin xüsusi imtiyazı yoxdur, ola da bilməz”


24.12.2015

ilham eliyev 1
Dekabrın 23-ü Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub. Prezident İlham Əliyev tədbirdəki çıxışında sosial-iqtisadi məsələlərə də toxunub. O qeyd edib ki, bölgədə və dünyada iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişafda olub: “2015-ci ildə iqtisadi inkişafa nail olmaq böyük məsələdir. Çünki 2015-ci ildə siyasi böhran, bölgədə yaşanan hərbi böhran, maliyyə böhranı dərinləşib. Çalışırdıq ki, iqtisadi dayanıqlığı maksimum dərəcədə təmin edək. Ancaq bildiyiniz kimi, neftin qiyməti bir il ərzində üç dəfə aşağı düşüb. Bizim gəlirlərimiz kəskin şəkildə azalıb. Büdcə gəlirləri azalıb. Təbii ki, büdcə xərcləri də azalıb. Ona görə biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik. Əfsus ki, dünyada gedən proseslər gələn il də nikbinlik üçün əsas vermir. Ona görə bu böhranın davam edəcəyi istisna olunmur.

Neft gəlirlərimizin aşağı düşməsi milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neft qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, bunun qarşısını maksimum dərəcədə alaq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. Əlli dollar səviyyəsində sabitləşəndə bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb. Amerika Birləşmiş Ştatlarında dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii-iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb. Templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir.

Ancaq buna baxmayaraq çalışacağıq ki, bu vəziyyətin fəsadlarını minimum səviyyəyə endirək. Neftin ucuzlaşması, eyni zamanda əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının kəskin şəkildə ucuzlaşması və digər amillər bu qərarın qəbulunu qaçılmaz etdi.

İndi hökumət qarşısında əsas vəzifə qoyulub ki, makroiqtisadi sabitlik təmin edilsin, inflyasiya normal səviyyədə olsun. Bu ilin yekunlarına görə, inflyasiya 4 faizdən azdır. Gələn il də biz çalışmalıyıq ki, bunu ən aşağı səviyyədə saxlayaq. Son illərdə biz yerli istehsala böyük əhəmiyyət vermişik, həm dövlət, həm özəl sektora vəsait ayırmışıq. Ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Buna görə də Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri sabit qalmalıdır. Tikinti materialları da həmçinin.

Son illər ərzində biz güclü tikinti sənayesi yaratmışıq və özümüzü əsas tikinti materialları ilə təmin edirik. Tikinti sektorunda da heç bir bahalaşmaya yol vermək olmaz. Azərbaycan özünü yanacaqla təmin edir. Bizdə yanacağın qiyməti dünya qiymətindən üç dəfə aşağıdır. Əgər benzinin, dizel yanacağının qiymətinə baxsanız görərsiniz ki, Qərb ölkələrindən üç dəfə aşağıdır. Ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət gedə bilməz. Şəhər nəqliyyatı tarifləri — metro, avtobus tarifləri bizdə çox aşağı səviyyədədir.

Yəni maksimum dərəcədə çalışacağıq ki, bu qaçılmaz qərarın mənfi təsirlərini azaldaq, ilk növbədə islahatların dərinləşməsi hesabına. İnzibati tədbirlər görülür və görüləcək. Süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın. Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar.

Əlbəttə, iqtisadi amillər, islahatlarla bağlı amillər də mühüm rol oynayacaq. Müvafiq sərəncamlar imzalanıb ki, biznes mühitini daha da yaxşılaşdıraq, lazımsız yoxlamaları aradan götürək. Lisenziyalarla bağlı çox ciddi qərarlar qəbul edilib. Ümumiyyətlə, iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaq. Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət — bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaq. Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcək. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır”.

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı neftin qiymətindən asılı olmayan iqtisadi sistem və idarəetmə sistemi yaratmağı vacib saydığını vurğulayıb: “Əgər biz asılı olsaq, hər zaman bax, bu xoşagəlməz vəziyyətlə üzləşə bilərik. Hansısa siyasi maraqlar üzündən neftin qiyməti düşür, qalxır, Azərbaycan isə əziyyət çəkir. Nə üçün? Biz güclü iqtisadiyyat qururuq. Bu gün iqtisadi sahədə apardığımız siyasət doğrudan da dünya miqyasında təqdirlə qarşılanır. Bütün aparıcı beynəlxalq maliyyə qurumları — Dünya Bankı, Avropa Bankı, Beynəlxalq Valyuta Fondu bunu qeyd edirlər və iqtisadi sahədə apardığımız siyasəti dəstəkləyirlər.

Manatın məzənnəsinin dəyişdirilməsinə mötəbər beynəlxalq maliyyə qurumlarından belə reaksiya gəlir ki, Azərbaycan hökuməti bunu çoxdan etməli idi. Biz də bununla razıyıq. Çoxdan etməli idik, amma etmək istəmirdik. Etmək istəmirdik, çünki bilirdik ki, bunun mənfi fəsadları olacaq. Maksimum çalışırdıq ki, bunu etməyək. Bir daha demək istəyirəm ki, əgər neftin qiyməti 50 dollar səviyyəsində qalsaydı, sabitləşsəydi, biz bunu etməyəcəkdik. Ancaq biz real dünyada yaşayırıq. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və dünyada, bölgədə yaşanan hadisələr, böhranlar bizə də təsir edir”.

İlham Əliyev deyib ki, 2016-cı ildə dünyada nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir: “Əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda siyasi və iqtisadi proseslər müsbət istiqamətdə getsin. Azərbaycan bölgənin sabit ölkəsi kimi öz yolu ilə getsin, bizim qarşımızda duran iqtisadi məsələlər öz həllini tapsın. Mən buna şübhə etmirəm. Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır. Ancaq bir daha demək istəyirəm ki, biz bu amili kənara qoymalıyıq. İqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar — bax, budur bizim yolumuz. Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyik və gedəcəyik”.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə