Xəbər bülleteni №18


Diplomatik korpusda dəyişikliklərə sərəncam verildi



Yüklə 0,63 Mb.
səhifə13/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

Diplomatik korpusda dəyişikliklərə sərəncam verildi


24.12.2015

prezident - ferman
Prezident İlham Əliyev diplomatik korpusla bağlı sərəncamlar imzalayıb. Transparency.az xəbər verir ki, Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Küveytdə fövqəladə və səlahiyyətli səfiri, Daşqın Məzi oğlu Şikarov Pakistanda fövqəladə və səlahiyyətli səfiri, Emil Zülfüqar oğlu Kərimov Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Şahin Şakir oğlu Abdullayev isə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən çıxarılıb.

Geri çağırılan daha bir diplomat Azərbaycan Respublikasının İtaliya Respublikasında və eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi Vaqif İsmayıl oğlu Sadıqovdur.

Başqa sərəncamlarla Həsən Sultan oğlu Zeynalov Türkmənistanda, Rəşad Eynəddin oğlu Məmmədov Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni rektor


24.12.2015

idman akademiyasi 1Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına yeni rektor təyin edilib. Prezident İlham Əliyevin 23 dekabr sərəncamı ilə bu post Fuad Hacı oğlu Hacıyevə həvalə olunub. O, Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışırdı.

Bədən Tərbiyəsi və İdman Akademiyasının əvvəlki rektoru Ağacan Abiyev Milli Məclisin deputatı seçildiyinə görə prezident İlham Əliyevin 24 noyabr sərəncamı ilə vəzifəsindən azad edilib.


Neft bir az bahalaşdı, manat isə ucuzlaşdı


24.12.2015

neftDünya birjalarında neft bahalaşıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,31 dollar bahalaşaraq 37,74 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,25 dollar artaraq 37,70 dollar olub. “AzəriLayt” markalı neftin bir barreli isə 0,54 dollar bahalaşaraq 37,47 dollar təşkil edib. Xəbəri AZƏRTAC yayıb.

Azərbaycan manatının ucuzlaşması isə davam edir. Transparency.az bildirir ki, dekabrın 24-də Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5528 manata satılır (Məzənnə cədvəli).

Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. İlk gün rəsmi kurs 1 dollara qarşı 1,5500 manat olub. Dekabrın 22-də, Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5511 manata, dekabrın 23-də 1,5523 manata idi.

2015-ci ilin yanvar ayına kimi 1 dollara orta hesabla 0,7844 manat düşürdü. Fevral ayında, ilk devalvasiyaya qədər manatın dollara nisbətdə orta məzənnəsi 0,8605 manat həcmində qərarlaşmış, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik səviyyəsində müəyyən edilmişdi.


Gürcüstan hökuməti istefaya gedib


24.12.2015

qaibashvili 2
Gürcüstan hökuməti tam tərkibdə istefaya gedib. Novator.az xəbər verir ki, bu, dekabrın 23-də İrakli Qaribaşvilinin baş nazir kürsüsünü tərk etməsi ilə bağlıdır.

Qaribaşvili televiziya ilə xalqa müraciətində istefasının səbəblərini açıqlamayıb. O deyib ki, nazir və ya baş nazir postu tutmaq onun üçün heç vaxt məqsəd olmayıb: “Mən hər vaxt xalqıma və dövlətimə qulluq etməyə hazıram. Vəzifəmi tərk edirəm, ancaq vətənin əsgəri olaraq qalıram”.

Gürcüstan Konstitusiyasına görə, baş nazirin istefası hökumətin tam tərkibdə istefasına gətirir. Dekabrın 23-də prezident Georgi Margvelaşvili hökumətin istefasını qəbul edib, yeni hökumət formalaşana qədər səlahiyyətlərin icrasını həmin tərkibə verib.

33 yaşlı Qaribaşvili baş nazir postunu 2013-cü il noyabrın 20-dən tuturdu. O, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının təmsilçisidir. Partiya yeni baş nazirin adını yaxın günlərdə açıqlayacağını bəyan edib.


Müxalif siyasətçi: “Dövrün çağırışları hakimiyyətin bölüşdürülməsini tələb edir”


24.12.2015

penah huseyn 1Müxalif Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat” qəzetinə müsahibəsində manatın devalvasiyasının ölkə iqtisadiyyatına təsirindən və çıxış yollarından danışıb. O deyib ki, hakimiyyət özünün səbəb olduğu böhranın nəticələrini xalqın hesabına həll etmək istəyir: “Problemi belə şəkildə həll etməyə cəhdin müvəqqəti effekti ola bilər, lakin aydın məsələdir ki, bu yolla prosesin qarşısını almaq yalnız bir neçə ay, ya il möhlət verər. Doğrudur ki, manatın devalvasiyasının xaricdə gedən proseslərlə bağlılığı var. Lakin bu hadisənin kökü daha dərində, daxildə, hakimiyyətin qüsurlu siyasətindədir. İqtisadi və sosial böhranın siyasi böhrana keçməsi isə zaman məsələsidir və bir qayda olaraq labüddür”.

Müxalif siyasətçi indiki böhran şəraitində spontan aksiyaları istisna etmədiyini vurğulayıb: “Müəyyən həyəcanlar var, xüsusən ticarət sferalarında. Bu da təbiidir. Çünki əhalinin çox fəal hissəsi oralarda cəmləşib. Hələ manatın ucuzlaşması olana qədər onların bir çoxu son həddə fəaliyyət göstərirdi. Və indi bu sahədə iş yerlərinin 60-70 faizinin bağlanacağı gözlənir. Ona görə də bu baxımdan mən ən yaxın dövrdə spontan aksiyaların olacağını istisna etmirəm. Bunun siyasi şüarlarla, yaxud ilkin dövrdə siyasi təşkilatlardan yönləndirilməsi və yaxud ortalığa qoyulmasına heç bir ehtiyac qalmır.

Məmurların mühüm bir hissəsi paket sistemi ilə yaşayırdı. Bu paketlərin də kəsildiyi və ya yanvar ayından kəsiləcəyi bildirilir. Hələ mən ixtisarları, məcburi iki-üç aylıq öz hesabına məzuniyyətləri və sairi demirəm. Beləliklə, məmurlar içərisində də ciddi həyəcan olacaq. O vaxt, əlbəttə ki, siyasi müxalifət də hərəkətə gələcək. Bu da gözlənəndir. Yaxud həmin aksiyalar özləri siyasiləşəcək”.

Pənah Hüseyn qeyd edib ki, manatın qiymətdən düşməsi istehlak və o cümlədən gündəlik tələbat mallarının 90 faizi xaricdən gətirilən bir ölkədə bahalaşma və bahalığın ardınca daxili bazarın daralması, kiçilməsi deməkdir: “Bunun da nəticəsi getdikcə artan işsizlikdir. İşsizlik öz növbəsində daxili bazarı daha da daraldır və kiçildir. Bu, ictimai fəlakət silsiləsidir. Və bu silsilə uçuruma qədər davam edir… Bu fəlakət silsiləsini kəsən hadisələr ortaya qoyulmalıdır.

Bu çətinliklərdən daha tez və az zərərlə qurtarmaq üçün antiböhran proqramı qəbul olunmalı və həyata keçirilməlidir. Bunu əksəriyyət, o cümlədən iqtidarda da qəbul edirlər. Lakin çoxları, xüsusilə iqtidardakılar bu proqramı yalnız iqtisadi və sosial tərkibdə görürlər. Azərbaycan kimi cəmiyyətlərdə isə bu proqramın siyasi tərkib hissəsinin də olması zəruridir. Mənim fikrimcə, paradoksal görünsə də, siyasi tərkib axırıncı səslənsə də, antiböhran tədbirləri istiqamətində ilk addımlar məhz siyasi addımlar, siyasi dəyişikliklər, siyasi islahatlar olmalıdır. Siyasi və iqtisadi hakimiyyət biri-birindən ayrılmalıdır. Bizneslə məşğul olan oliqarx məmurlar siyasi vəzifələrdən uzaqlaşdırılmalıdır. Başdan-ayağa korrupsiyaya uğramış bu oliqarxlar vəzifələrdə qaldıqca böhrandan çıxmaq mümkün deyil. Kimlər cinayətə yol verməyibsə, dövlətin, xalqın cibinə girməyibsə, oğurluq etməyibsə, o məmurları öz obyektləri ilə baş-başa buraxmaq lazımdır. Onların məmur olmalarından yaranan imtiyazlarını əllərindən almaq, məhrum etmək lazımdır.

Siyasi sahədə islahatlardan biri indiki Nazirlər Kabinetinin buraxılması və ya radikal şəkildə yenidən qurulmasıdır. Hazırda çalışan, texnokrat, təcrübəli məmurlardan söhbət getmir, amma artıq xeyli dərəcədə korrupsiyalaşmış və bu yaranmış vəziyyət üçün məsuliyyət daşıyan şəxslər mütləq istefaya göndərilməlidir. Həqiqətən səlahiyyətli bir baş nazir hökumətə gətirilməlidir.

İkincisi, əgər biz istəyiriksə ki, bu böhranın sosial fəsadları az olsun, addımlar atmalıyıq. Mərkəzi Bank rəhbərinin çıxışından anlaşılır ki, qapıları daha sıx bağlamaq təklif edilir. Düzdür, o bunu lüks mallar idxalına şamil etdi, dedi ki, rüsumları artırmaq lazımdır. Əsaslandırması odur ki, guya bu, daxili, yerli məhsullara şərait yaradacaq. Yerli məhsul-filan yoxdur. Qapıları bağlamaq, rüsumları artırmaq yox, əksinə, qapıları tam açmaq lazımdır. Əslində indiki Gömrük Komitəsinə və digər analoji funksiyalı təsisatlara gərək belə yoxdur, bu qədər şişirdilmiş bir qurumu saxlamağa da ehtiyac qalmayacaq. Bir broker MMC-də, deyilənə görə, beş min işçi çalışır, monopoliya deyilən məsələnin canı bu MMC-dədir. Bunların hamısını göndərmək lazımdır gedib bazarda alver etsinlər, təbii ki, onların arxasında duran şəxslər də daxil olmaqla. Yaxın dövrdə, yanvar ayından başlayaraq bu qeyd etdiyimiz addımlar atılmasa, çox ciddi bir böhrana keçilməsi təhlükəsi aktuallaşacaq”.

AXP sədrinin fikrincə, dövrün çağırışları proseslər üçün məsuliyyətin bölüşdürülməsini və bu da hakimiyyətin bölüşdürülməsini tələb edir: “Bu olmasa, vəziyyətdən normal çıxış yolu mümkün deyil. Bu, nə yolla baş verə bilər? Növbədənkənar seçkilərdən danışırlar. Mən sözün doğrusu, belə bir situasiyada normal bir seçkini mümkün hesab etmirəm. Ona görə daha çox siyasi razılaşmaları, kompromisləri, razılıqları nəzərdə tuturam. Strateji olaraq, əlbəttə ki, müəyyən bir mərhələ azad və demokratik seçkilərdən başlanacaq. Lakin buna qədər bir keçid dövrünün olacağı mümkün alternativlərdən biridir və ən optimal yoldur.

Bu məsələnin də artıq dialoq kimi devalvasiyaya uğramış anlayışlarla da qarışdırmaq lazım deyil. Mənə elə gəlir ki, ölkənin birinci vəzifəlisi və dövlətin taleyi üçün əsas məsuliyyət daşıyan şəxs olaraq İlham Əliyev, nəhayət ki, siyasi müxalifət liderlərini ayrı-seçkilik etmədən bir araya toplamalıdır və bu istiqamətdə onları dinləməlidir”.

Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindən, Xalq Cəbhəsinin qurucularındandır. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-93) dövlət katibi və baş nazir postlarını tutub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə