Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

Bax buna görə elə yad qadın olaraq da qalın, querida. Əlvida.   

 

VERİLƏNİ QƏBUL ETMƏK   



Birinci məktub   

 

Qadın danışır: «Kişi xarakteri qadın xarakterindən o qədər fərqlidir ki, ən adi kişi belə təcrübəsiz 



qadına başqa planetdən gəlmiş əcaib məxluq kimi görsənir. Hər bir qadın üçün sevdiyi kişi çətin həll 

olunan qəliz misal kimidir. Fərasətli, ya da heç olmasa, azacıq mühakimə qabiliyyətinə malik olan 

qadın veriləni hesaba almaqla bu çətin misalın öhdəsindən gəlməyə çalışır. O, özünə deyir: «Kişi necə 

varsa, elədir, olduğu kimidir və o, mənə bu cür də maraqlıdır, amma əgər mən onu həm də sevirəmsə, 

onda hər necəsə ona uyğunlaşmaq və öyrəşmək lazımdır». Tələbkar və qızğın qadın bu başlanğıc 

məlumatları, başqa cür desək, ərinin, yaxud məşuqunun fiziki və mənəvi simasının cizgilərini olduğu 

kimi qəbul etməkdən imtina edir; sadəlövhcəsinə elə düşünür ki, kişini dəyişdirməyə müyəssər olacaq.   

«O, təbiətən bu cürdür, anadangəlmə belədir» – bax bunu biryolluq və həmişəlik dərk etmək əvəzinə 

həmin hökmlü xanım belə düşünür: «Görəsən, mən bu kişini necə dəyişim ki, o, məni xoşbəxt eləsin?» 

Kişini sevdiyinə əmin olan bu qadın istəyir ki, kişi səhvsiz-nöqsansız olsun, onun kitabda oxuduğu 

qəhrəman kişi idealına tam uyğun gəlsin, xəyalındakı kişi obrazına oxşasın. Qadın onu danlayır, 

bezdirir, zara-zinhara gətirir; hər hansı başqa birisindən təbəssümlə qəbul edəcəyi hər bir sözü, danışıq 

və rəftarı ona daim irad tutur.   

Bunları anlamayan kişiyə qadın belə cavab verir ki, onun tərəfindən bu davranış onun hisslərinin aşkar 

gücünü göstərir; hərgah o, həqiqətən, başqalarına dözürsə, bu, əslində, onun həmin adamlara 

mərhəmətindən deyil, etinasızlığından irəli gəlir. Qadına bir kişiyə sadiq qalmaq düşüncəsi təbii 

görünür; o istəyir ki, kişi ən azından onun zövqünə uyğun gəlsin. Son nəticədə qadın, özünün fikrincə, 

kişini elə kişinin öz rifahı üçün tərbiyə edir və bu işə başlayandan, sanki, kişi artıq çox şeydə yaxşı 

tərəfə dəyişib… Bütün bunlar belədir, amma bədbəxtlikdən, adamlar bir qayda olaraq heç də «yaxşı 

tərəfə dəyişmək» istəmirlər, həm də insan xarakterlərini gildən büst yapan kimi yapmaq olmaz.   

Kişi – hətta yeniyetmə oğlan da – nəslin, ailənin, tərbiyənin təsiri altında formalaşıb; onun artıq 

müəyyən təcrübəsi var. Kişinin fiziki siması formalaşıb; vərdişləri oturuşub; zövqü müəyyənləşib. 

Əlbəttə, əgər bu işi ehtiyatla, xüsusi ehtiyatkarlıq və yumşaqlıqla, heykəltəraş barmaqları altında 

bərkiyən gili su ilə yumşaltdığı kimi ona təriflər, komplimentlər söyləməklə görsən, dərhal olmasa da, 

tədricən kişinin zəif yerlərini düzəltmək mümkündür. Lakin birbaşa və əsəbi, tündməzac tənqid kişini 

qorunmağa, müdafiə olunmağa məcbur edir. Etibarlı sığınacaq yeri olmağa xidmət etməli olan sevgi 

təhdid və cəzaların tikanlığına çevrilir. Əgər kişi çox bərk vurulubsa, əvvəlcə o, hər cür məcburiyyətlə 

barışır və daha yaxşı olmağa, daha yaxşı görünməyə cəhd göstərir; lakin sonra onun həqiqi naturası 

üstün gələcək və kişi onu sındıran, alçaldan şeyi lənətləməyə başlayacaq; sevgi zəifləyəcək və sönüb 

gedəcək; ola bilsin, kişi hətta onun ən qiymətli xəzinəsini – özünə əvvəlki inamını oğurlamış şeyə 

bütün varlığıyla nifrət edəcək. Beləcə, son dərəcə tələbkar, iradcıl qadınların günahı ucbatından ərlə 

arvad arasında gizli hiddət yaranır…»   

Bu yerdə mən qadının sözünü kəsirəm:   

– Sizə elə gəlmirmi ki, qadınlara qarşı çox amansızsınız? Siz yalnız onların sapmalarından danışırsınız. 

Doğrudanmı, siz elə düşünürsünüz ki, kişi başlanğıc məlumatları həvəslə qəbul edir və sevdiyi qadında 

hörmətəlayiq yetkinliyin olduğunu etiraf edir?   

– Əziz dost, – qadın mənə cavab verir, – əgər dünyada kişinin nə xudbin, nə tənbəl, nə koranə, nə də 

vasvası olmamasını tələb edən ağılsız, mühakiməsiz qadınlar hələ də mövcuddursa, onda razılaşaq ki, 

onların işi Allaha qalıb.   

Əlvida.   

 

VERİLƏNİ QƏBUL ETMƏK   



İkinci məktub   


   

«İnsanları olduqları kimi qəbul etmək kifayət deyil; onların o cür olmasını arzu etmək lazımdır – bax 

əsl məhəbbətin mahiyyəti budur». Bu deyim Alenə məxsusdur; o, bizə son dərəcə ibrətamiz dərs verir. 

Dünyada bir xeyli dinc və kədərli qadınlar mövcuddur. Onlar ərlərini və uşaqlarını «necə varsa», o cür 

də qəbul edirlər, amma bu vaxt onların qarasına şikayətlənməkdən də qalmırlar. «Bəxtim gətirmir 

mənim, – belə qadınlar, adətən, deyirlər, – mən    indikindən çox şey əldə edə biləcək daha uğurlu, 

yaxud daha ağıllı adama ərə gedə bilərdim. Mənim uşaqlarım daha qabiliyyətli və daha mehriban ola 

bilərdilər. Mən bilirəm ki, onları dəyişdirmək mənim ixtiyarımda deyil, mənim buna gücüm çatmaz; 

taleyin mənə bəxş etdiyini olduğu kimi qəbul edirəm, amma əri mənimkindən daha çox şey əldə edən 

və uşaqları imtahanları daha uğurla verən öz rəfiqəmlə görüşəndə yüngülcə həsəd və təəssüf hissi 

keçirirəm və bu, tamamilə təbiidir».   

Yox, xanım, bu, qətiyyən təbii deyil. Hər halda, əgər siz öz yaxınlarınızı, öz doğmalarınızı sevirsinizsə, 

onda bu əsla təbii hal deyil. Çünki bizimçün həqiqətən qiymətli olan adamda bizə hər şey qiymətlidir – 

hətta onun nöqsanları da. Həmin nöqsanlarsız o adam özü olmazdı və deməli, sizi ona bağlayan 

keyfiyyətlərə də malik olmazdı. Sizin uşaqlarınız başqalarının uşaqları qədər yaxşı oxumur? Ola bilər, 

lakin bəyəm onlar başqa uşaqlar qədər əziz, onlar qədər canlı deyillər? Sizin ərinizin kifayət qədər 

nüfuzu yoxdur, eləmi? Əvəzində o elə yaxşı, elə cazibədardır ki. Axı sifətlə, zahiri görünüşlə baş 

verənlər xasiyyətlə də baş verir. Ürəkdən, həqiqi məhəbbətlə sevəndə sevdiyin varlığın üzündə nə 

eybəcərlik görürsən, nə də qırış. Mən bilirəm ki, mənə əziz olan, qiymətli olan bir adam incəsənətdən 

çox da yaxşı baş çıxartmır və əgər onun yanında bu mövzuda söhbət açsan, ağlına gələn xeyli 

cəfəngiyat danışacaq. Amma bundan mənə nə! Mən əsla onun əvəzinə xəcalət çəkmirəm: onun digər 

xeyli gözəl xüsusiyyətləri də var. Axı insan – nəsə bütöv bir şeydir və mən onda heç nəyi dəyişdirmək 

istəmirəm. Əks təqdirdə bu artıq mənim ərim, yaxud mənim övladım olmayacaq.   

Əsl, həqiqi sevgi hər şeyi gözəlləşdirir. Sizin əriniz hansısa sözü hədsiz dərəcədə çox işlədir? Qoy 

başqaları üçün bu, gülünc görsənsin, siz isə artıq buna alışmısınız və bu daha sizin qulağınızı deşmir. 

Ərinizin siyasətə həvəsi güclüdür, eləmi? Əvvəlcə bu, sizi əyləndirir, sonra isə siz onun fikirlərini 

bölüşməyə başlayırsınız. «Bəs əgər ərimin qüsurları mənim ona olan sevgimi öldürürsə, onda necə?» – 

siz soruşa bilərsiniz. Hə, ola bilsin, siz onu kifayət qədər sevmirsiniz, yaxud sizin buna səbriniz çatmır. 

Hər bir kəslə yaşamağa öyrəşməzdən öncə, hətta lap övladlarınız böyüyərkən onlarla yaşamağa 

alışmazdan qabaq da müəyyən vaxt keçməlidir. Mən nəyi demək istəyirəm: adamlara yanaşmağın iki 

fərqli üsulu mövcuddur. Birinci üsul insanlara tənqidi gözlə baxmaqdan ibarət olan üsuldur – 

mümkündür ki, bu, ədalətli, lakin sərt üsuldur; bu, laqeyd adamların yanaşmasıdır. İkinci üsul isə 

zəriflik və yumor hissindən hörülmüş üsuldur; bu zaman bütün nöqsan və qüsurları görmək, amma 

onlara təbəssümlə baxmaq olar – sən onları çox mülayim tərzdə, xətrə dəyməyən zarafatla düzəldirsən. 

Bu, sevən adamların yanaşmasıdır.   

Və sübut haradadır ki, hərgah sizin yaxın, doğma bildiyiniz adamlar başqa cür olsaydılar, onda siz daha 

xoşbəxt olacaqdınız? Bəyəm şöhrətpərəst ər sizin həyatınızı daha xoş edərdi? Kim bilir? Vacib postlar, 

mühüm vəzifələr həm də böyük xoşagəlməzliklər və ağır məsuliyyətlə bağlıdır. Onları itirməklə risk 

edirsən, iflas isə həmişə çox ağrılı şeydir. Amma lap hər şey uğurlu olsa da, bəyəm sevincin, 

xoşbəxtliyin mənbəyi bundadır? İnsan güc-bəla ilə bir şeyə nail olan kimi dərhal ikincinin arxasınca 

qaçır. Ümumiyyətlə isə heç kəs mədəsinin tutumundan artıq yemək iqtidarında deyil. Həm də dostluq

sadiqlik, bir-birinə bağlılıq sadə mühitdə, iddiasız şəraitdə daha asanlıqla çiçəklənir, nəinki hakimiyyət 

səhrasında. Sizin yeganə bədbəxtliyiniz ondan ibarətdir ki, siz özünüzü bədbəxt sayırsınız və 

əlinizdə-ovcunuzda olandan ləzzət almaq, məmnuniyyət duymaq əvəzinə sizdə olmayanı arzulayırsınız. 

Özünüz özünüzə deyin: «Mənim ərim utancaqdır, amma o, mənə əzizdir; mənim övladlarım o qədər də 

istedadlı deyillər, əvəzində onlar çox yaxşı və xeyirxah uşaqlardır».   

Onda siz özünüzü xoşbəxt hesab edəcəksiniz. Çünki xoşbəxtlik məhz ondan ibarətdir ki, sevdiklərində 

heç bir dəyişiklik arzulamayasan. Bax mən də sizi olduğunuz kimi, necə varsınızsa, o cür də qəbul 

edirəm – yad və dərkolunmaz qadın kimi. Əlvida.   



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə