Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

onların imdadına çatmış silahın üstünə cumacaqlar – giley-güzara başlayacaq, göz yaşlarına əl atacaq, 

pis ovqatı bəhanə gətirəcəklər – lakin etinasızlıq və rişxəndlə    toqquşaraq ümidsizliyə qapılacaqlar. Bir 

çox uğursuz talelərin səbəbi – düzgün olmayan tərbiyədir.   

Hər bir evdə, hər bir ailədə bütün üzvlər bilməlidir ki, onları sevirlər, doğmaları onlardan ötrü çox şeyə 

getməyə hazırdırlar, lakin hər cür səbrin, dözümün bir hədd-hüdudu var və əgər onlar bütün əndazələri 

aşaraq həmin sərhədi keçsələr, onda qoy özlərindən küssünlər. Başqa cür hərəkət eləmək – onların 

özləri üçün öldürücü olan qüsurlara imkan vermək, pis işə göz yummaq    deməkdir, bundan başqa, həm 

də özünü dözülməsi uzun müddət mümkün olmayan bir vəziyyətə salmaqdır. Qumarbazın, yaxud 

bədxərcin borclarını ödəməklə xeyirxah adam yalnız var-yoxdan çıxa bilər, amma xilas etməyə 

çalışdığı israfçılara əsla kömək edə bilməz. Sevmədən və yalnız yazığı gəldiyi, acıdığı üçün evlənən 

adam həm özünü, həm də ömür-gün yoldaşını bədbəxtliyə məhkum edir. «Mənim qardaşlarım, sərt 

olacağıq» – Nitsşe deyir. Filosofa kiçik bir düzəliş edək: «Mənim qardaşlarım, sərt olmağı bacaraq»; 

ifadə o qədər də gözəl səslənməsə də, əvəzində daha insani olacaq.   

Mənim insanlar haqqında dediklərim, aydındır ki, millətlərə də aiddir. Millətlər ailəsində ifrat dərəcədə 

xeyirxah xalqlar yaşayır. Beynəlxalq siyasətdə «ailə siyasətində» olduğu kimi məşhur bir deyim var: 

«Hər şeyi anlamaq – deməli, hər şeyi bağışlamaq deməkdir». Bu, təhlükəli şeydir. Bəşəriyyəti 

müharibə ilə təhdid edən hərəkəti cavabsız qoymaq və bu davranışa dözmək heç də sülhə xidmət etmək 

demək deyil. Burada da dəqiq müəyyənləş di ril miş sərhədlər olmalıdır. Xalqlar da ayrıca fərdlər kimi 

bəzən öz tələblərində bütün əndazələri aşaraq həddən artıq uzağa gedirlər və müqavimət görməyincə, 

zərbə almayınca nəyəsə qəsd edirlər. Nə qədər ki təsir əks-təsirə bərabərdir, qüvvələr sistemi tarazlığa 

gətirib çıxarır. Əks-təsir olmadıqda tarazlıq mümkün deyil.   

İndi artıq sizi nə gözlədiyini bilirsiniz, xanım. Mən sizə qarşı çox mülayim və mərhəmətliyəm. Lazım 

gəlsə, zərurət yaransa, sərt olmağı da bacararam. Yalnız mənim təsəvvürümdə mövcud olan müdrik və 

müəmmalı yad qadın kimi qalmaqda bundan sonra da davam edin. Əlvida.   

 

KLEOPATRANIN BURNU   



 

«Əgər Kleopatranın burnu qısa olsaydı, bütün dünya başqa cür olardı». Biz öz şəxsi həyatımızı, yaxud 

ölkəmizin tarixini öyrənərkən Paskalın bu ifadəsinə çox tez-tez «tamah» salırıq. Ən dəhşətli nəticələrə 

gətirib çıxaran hadisələr o qədər əhəmiyyətsiz, onların çulğaşması isə o qədər qəribə olmuşdu ki, biz 

qədərin qeyri-ardıcıllığına sadəlövhcəsinə təəccüb edirik.   

Əgər Arletta Staviskaya daş-qaşı az sevsəydi, onda Üçüncü respublikanın tarixi başqa cür alınardı. 

Əgər Bonapart üçün topları    Vandemyerə vaxtında çatdıran əsgərlər yolda onca dəqiqəliyə 

geciksəydilər – məsələn, deyək ki, boğazlarını yaşlamaq üçün – indi bizim kitablarımızda nə 

Austerlitsin, nə də Vaqramın adları xatırlanmazdı. Vilson öz vaxtında Parisə hansısa respublikaçı 

senatoru göndərsəydi, Amerika əlli il, hələ bəlkə də, ömürlük Avropanın siyasi həyatına cəlb olunardı.   

Keçmiş haqqında düşüncələr bu cür gümanlarla, fərziyyələrlə müşayiət olunur. «Əgər builki məktəb 

tətilini Sen-Tropezdə keçirməyi ağlıma gətirməsəydim, məni bədbəxt eləmiş qadınla da heç vaxt 

rastlaşmazdım». Bu mühakimənin düzgünlüyünü heç nə sübut eləmir. Əhəmiyyətsiz və qabaqcadan 

bilinməyən təsadüflər, heç şübhəsiz ki, hadisələrin adi axarını hər an dəyişir. Lakin bu axara yalnız 

qeyri-adi təsadüflərin bütöv bir zənciri tam ziddiyyətli    xarakter verə bilər.   

Deyək ki, ağlınıza Sen-Tropez gəlməzdi, Sen-Rafael gələrdi və siz orada eyni uğurla başqa bir qadınla 

rastlaşardınız, həmin qadın da eynən əvvəlki qadın kimi və həmin səbəblərə görə sizin xoşunuza 

gələrdi, çünki özünüz də bilmədən siz o vaxt könül iztirabları axtarırdınız. Əlbəttə, belədə sizin 

həyatınızın bu və ya digər məqamının tamamilə başqa cür alınması mümkün idi, amma onun ümumi 

konturları, təxminən, elə bu cür də qalacaqdı.   

Lord Danseni bu mövzuda son dərəcə maraqlı bir pyes yazıb. Tamaşanın ilk pərdəsində bizim 

qarşımızda qatara gecikmiş bir adam dayanır: o, perronun çıxışına yaxınlaşdığı dəqiqədə qatar yola 

düşür. Bu gecikmənin nəticəsində onun sonrakı bütün həyatı uğursuz alınır və personaj tamaşa boyu 



təkrar-təkrar söyləməkdən yorulmur: «İşə bax, bircə saniyə tez gəlsəydim…» Və günlərin bir günü 

hansısa şərqli bir tacir ona sehrli kristal almağı təklif edir – bu daşı əldə edən kəs onun köməyi ilə öz 

keçmiş həyatının arzu etdiyi hər hansı bir hadisəsini dəyişə bilər. Pyesin qəhrəmanı, aydındır ki, həmin 

perronda, amma bir saniyə tez peyda olmağı arzu edir. Sehrli daş arzunu yerinə yetirir və bu dəfə kişi 

perrona vaxtında yetişib öz qatarına əyləşir və onun həyatı təzədən başlanır. Lakin personajın həyatında 

zahirən hər şeyin başqa cür getdiyi görünsə də, əslində, qəhrəmanın uğursuzluğa düçar olması heç də 

birinci dəfəkindən az olmur, ona görə ki, uğursuzluğun əsas səbəbləri    şəraitdə yox, onun öz 

xarakterindədir.   

Eyni şeyi biz xalqların tarixində də müşahidə edirik. Onlar taleyin hazırladığı, onlar üçün müəyyən 

edilmiş qismətdən qaça bilməzlər. Hərgah artilleriyaçılar yolda yubansaydılar, Vandemyerə gəlməkdə 

geciksəydilər, bir müddətə Bonapartın taleyi dəyişərdi, Fransanın tarixi isə, onsuz da, dəyişməz 

qalacaqdı – ən azı, əsas cizgiləri həminki kimi qalacaqdı. Başqa bir Bonapart peyda olardı. Hər nəsildə 

müəyyən sayda qəhrəmanlar və xadimlər mövcuddur. Amma sülh şəraitində, dinc dövrlərdə belələri iş 

başında olmurlar. 1895-ci ilin bonapartları öz ömürlərini hansısa əyalət qarnizonunda kvartirmeysterlər, 

yaxud batalyonun intendantları kimi başa vurardılar. Kleopatranın burnu qısa olsaydı, Romanın tarixi 

yenə öz axarıyla gedərdi – möhtəşəmliyi tənəzzül əvəz edərdi.   

Sizin isə, xanım, burnunuz uzun olsaydı, mən indi yenə də yad qadına öz məktublarımı yazardım. 

Amma o yad qadın başqası olardı. Əlvida.   

 

XRONOFAQLAR   



 

Xronofaq – yəni vaxtyeyən. Bu söz, səhv etmirəmsə, Monterlan tərəfindən uydurulub və insan cinsinin 

təhlükəli çoxnövlüyü anlamındadır.   

Xronofaq – hər şeydən əvvəl, heç bir işi olmayan adamdır və bu adam vaxtını nəyə sərf etməyi, necə 

öldürməyi bilmədiyindən öz asudə vaxtını, daha dəqiqi, vaxtının boşluğunu sizin vaxtınızı yeməklə 

doldurur. Bu canlının, bu həşəratın sırtıqlığı    son dərəcə ağlasığmazdır. Xronofaq tanımadığı 

müəlliflərə məktub yazaraq onlardan təcili cavab tələb edir; bu zaman o dərəcədə həyasızlığa əl atır ki, 

hətta məktuba poçt markası da əlavə edir və bununla da tərbiyəli, qanacaqlı adresatı çaşqınlığa məruz 

qoyur; o, lazımsız görüş əldə etməyə qabaqcadan nail olur və hərgah bədbəxtlikdən həmin adam onu 

qəbul etməyə razılıq verirsə, onda ev sahibinin zəhləsini tökərək onu o dərəcədə bezdirir və o vaxtacan 

təngə gətirir ki, axırda zavallı əsəbiləşib təbdən çıxaraq bütün ədəb-ərkan qaydalarını bir kənara atmağa 

məcbur qalır. O, öz həyatını sizə danışıb sizdən də öz həyatınız barədə soruşacaq. Yaxşıdır ki, bütün 

başqa şeylərdən əlavə, xronofaq hələ gündəlik tutmur, yoxsa sonradan ora qeyd edərdi ki, guya, siz 

dəyişmisiniz və artıq həminki adam deyilsiniz; sizin əvvəlki həvəslə danışmaq qabiliyyətiniz harasa 

yox olub, deyəsən, siz artıq tükənmisiniz və sizinlə danışmaq az maraqlıdır – bir sözlə, siz onun 

ümidlərini doğrultmamısınız və xronofaq siz sarıdan bərk peşmandır. Sizin bu susqunluğunuzun 

narazılığınızdan əmələ gəldiyinə inanmayan gələcək bioqraflar isə öz qeydlərində sizi aciz qoca kimi 

təqdim etməyi yaddan çıxartmayacaqlar.   

Vaxtınızın bir hissəsini kəsib onun ağzına atmaqla xronofaqı doyurmağa əsla ümid bəsləməyin. O 

acgözdür. Birgə yemək yeyən adamlardan hansınınsa ehtiyatsızlıq edib cücənin qanadını atdığı köpək 

təzə yem dalınca mütləq onu yemləyən əlin üstünə necə qayıdırsa və pəncəsini irəli uzadaraq yalvarış 

dolu sümsük baxışlarla gözünü həmin adamın üzünə necə zilləyib durursa, qarşısındakının mülayim 

xasiyyətli, yumşaq xarakterli, ürəyiyuxa adam olduğunu aşkar edən xronofaq da öz tapıntısından eynən 

o cür insafsızcasına sui-istifadə edəcək. Sizin təmkininiz onda yeni həvəs oyadacaq – sizin yanınıza 

yenidən qayıtmaq, sizə yenidən yazmaq, zəhlənizi hər vasitə ilə tökmək həvəsi.   

– Mənim işim başımdan aşır, – siz inamsızlıqla deyirsiniz.   

– Doğrudanmı? – xronofaq soruşacaq. – Necə də maraqlıdır. Siz nə üzərində işləyirsiniz ki?   

– Roman üzərində.   

– Roman üzərində? Amma mənim həyatım – xalis romandır...   



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə