2
Tərtibçi: Ruhiyyə Məmmədli
Redaktor və
buraxılışa məsul: Şəhla Qəmbərova
“Saz-Söz sərvətimizin keşiyində” Aşıq Hüseyn Şəmkirlinin 205
“
Haqq aşığı - Aşıq Hüseyn Şəmkirli”, Aşıq Ələsgərin 195 illik
yubileyi münasibəti ilə “Ələsgərəm, hər elmidən halıyam...”adlı
respublika uşaq kitabxanaları üçün hazırlanmış metodiki vəsait /
tərt. ed. R. Məmmədli; red. və burax. məsul Ş.Qəmbərova;
F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.- 33 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası 2016
3
Tərtibçidən
Azərbaycanda kökü neçə min illərə söykənən mənəvi bir
qaynaq vardır. Ozan sənəti, aşıq sənəti, saz sənəti!
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin
tarixinə daha bir parlaq səhifə yazılmışdır. YUNESKO-nun Qeyri
maddi-mədəni irsin qorunması üzrə Azərbaycanın aşıq sənəti
YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil
edilmişdir. Bu əlamətdar hadisə aşıq sənətinin Azərbaycan mədəni
irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq
səviyyədə bir daha təsdiqləyir. Biz çox şadıq ki, bundan sonra
aşıq sənətimiz həm də YUNESKO tərəfindən qorunacaqdır.
Saz-söz dünyasında elə nadir və nəhəng simalar vardır ki,
onları mənsub olduqları sənət sahəsinin simvolu hesab etmək olar.
Bu aşıqlar Azərbaycanın aşıq sənətinin bütün dönəmlər üçün
sənət pasportu olmaq haqqının əsas daşıyıcılarıdır. Bu gün
yubileyini qeyd etdiyimiz Aşıq Hüseyn Şəmkirli, Aşıq Ələsgər
belə yüksək xüsusiyyətlərə malik olan aşıqlarımızdandır. Du
dəyərli aşıqlarımız eyni dövrdə yaşamış, bir-biri ilə çox gözəl
münasibətdə olmuşlar. F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının Elmi metodika şöbəsi olaraq biz də, aşıq sənətinin
kitabxanalarımızda təbliği üçün bu dəyərli sənətkarlarımız
haqqında yazılmış “Saz-Söz sərvətimizin keşiyində” adlı vəsaiti
işləməyi özümüzə borc bildik. Vəsaitin I hissəsi “Haqq aşığı -
Aşıq Hüseyn Şəmkirli” adlanır. I hissə Aşıq Hüseyn Şəmkirlinin
həyat və yaradıcılığından bəhs edir. Vəsaitin II hissəsi isə
“Ələsgərəm, hər elmidən halıyam...” adlanır və Aşıq Ələsgərin
həyat və yaradıcılığından bəhs edir.
4
Haqq aşığı - Aşıq Hüseyn Şəmkirli
Aşıq poeziyası və aşıq sənəti Azərbaycan xalqının bədii
təfəkkürünün parlaq və zəngin bir sahəsidir. Həmişə xalqla
qırılmaz əlaqədə olan aşıq yaradıcılığı həyatın və zəmanənin
tələblərinə uyğun inkişaf edərək müxtəlif mərhələlərdən keçmiş,
parlayıb çiçəklənmiş, kamil ustalar yetirmişdir. Aşıq sənətinin
yüksəlişi ustad aşıqların və qüdrətli xalq dastanlarının yaranması
ilə bağlı olmuş, xalqımızın bədii fikir tarixinin yeni mərhələsi
kimi qeyd olunmuşdur. Bu dəyərli keyfiyyətlərə malik olan
aşıqlarımızdan biri də Aşıq Hüseyn Şəmkirlidir. Tanınmış
aşıqlardan olan, bu il 205 illik yubileyini qeyd etdiyimiz Aşıq
Hüseyn Şəmkirli aşıq sənətinin klassiklərindən hesab olunur.
Onun yaradıcılığında vətənpərvərlik, el-obaya, torpağa olan
bağlılıq öz əksini tapıb. Xalq sevgisindən, gözəllikdən ilham
alan aşıq öz sənətini müasir aşıqlarımıza miras qoyub getmişdir.
Aşıq Hüseyn Şəmkirli 1811-ci ildə Şəmkir rayonunun
Qapanlı kəndində anadan olmuşdur. Aşıq Hüseyn Şəmkirli cavan
vaxtlarında Qapanlı kəndindən Qaracəmirli kəndinə köçmüş,
ömrünün axırına qədər burada yaşamışdır. Aşıq Hüseyn gənc
yaşlarından şeir yazmağa başlamış, dövründən, zəmanəsindən
şikayətçi olmuş, bu mövzuda şeirlər qoşmuşdur. “Dilqəmi” saz
havasını Aşıq Hüseyn Şəmkirli Yəhya bəyin nakam taleyi ilə bağlı
yaratmışdır. “Yəhya bəy və Dostu xanım” adlı dastan bu gün də
aşıqların dilində söylənməkdədir. Aşıq Hüseyn Şəmkirli
Azərbaycan, ərəb və fars dilində mükəmməl təhsil almışdır.
Deyilənə görə Aşıq Hüseyn 10 ilə yaxın Şərq ölkələrini gəzib.
Aşıq “Zarıncı”, “Zeynalabdini”, “Sarayı”, “Şəmkir gözəlləməsi”,
“Hüseyni”, “Dilqəmi” kimi gözəl saz havaları, 1000 qatara yaxın
şeir söyləyib və 3 dastan yaradıb.
Atası Qurban kişi oğlunu Alabaşlı kəndində yaşayan
məşhur dəmirçi Kəblə Bağırın yanına gətirərək ona şəyird
verir. Kəblə Bağır adi dəmirçi deyildi, mükəmməl mədrəsə