reallaşdırılması üzrə hərəkətlərin müəyyən edilməsi və vəzifələrin bölüşdürülməsi və s. Onun üçün
peşəkarlıq və sabitlik xasdır: qayda üzrə, iştirakçılar bir deyil, bir sıra cinayətlərin törədilməsi
məqsədilə birləşirlər. Son zamanlar respublikamızın iqtisadi və təsərrüfat həyatında baş verən
cinayətlərin çox hissəsinin məhz mütəşəkkil dəstə tərəfindən törədilməsinə daha çox təsadüf edilir.
Buna görə də qüvvədə olan cinayət qanunvericiliyində o, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə
tutulmuşdur.
İştirakçılığın yuxarıda göstərilən formaları içərisində bəlkə də ən təhlükəlisi cinayətkar birlik
hesab olunur. Cinayətkar birlik, yaxud cinayətkar təşkilat dedikdə, ağır və ya xüsusilə ağır
cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil cinayətkar qrupun yaradılması və ya eyni
məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi başa düşülür. Cinayətkar
birliyin sabitliyi və mütəşəkkilliyi, bu birliyin üzvləri arasında uzun müddətli və yaxud daimi
əlaqələrin mövcudluğunu, həmçinin cinayətə hazırlıq və cinayətin törədilməsinin spesifik
metodlarını əks etdirir. Cinayətkar birliyin yaradılmasına narkobiznes, terrorçuluq və s. bu kimi
cinayətlərdə xüsusilə daha çox rast gəlinir. Cinayətkar birliyin təşkil edilməsi və onda iştirak,
cinayət məsuliyyətinə səbəb olur və qanunvericilik tərəfindən ciddi surətdə cəzalandırılır.
Cinayət Məcəlləsinin 32-ci maddəsində cinayətdə iştirakın xarakterindən asılı olaraq
iştirakçılığın - icraçı, təşkilatçı, təhrikçi və köməkçi kimi növləri fərqləndirilir.
Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə
iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də Cinayət Qanunu ilə nəzərdə tutulmuş hallarda cinayət
məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.
Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş,
eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara
rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.
Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə
sövq edən şəxs təhrikçi sayılır.
Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün
alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət
törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə
edilmiş alətləri gizlətməyi, belə alətləri almağı və yaxud satmağı qabaqcadan vəd etmiş şəxs
köməkçi sayılır.
Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki
iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir.
7. Cəzanın anlayışı və məqsədi
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsində cəzanın anlayışı
verilmişdir. Həmin maddəyə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət - hüquqi
xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs
barəsində Cinayət Qanunu ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq
və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
Cəza, digər dövlət məcburiyyəti tədbirlərindən (inzibati, mülki-hüquqi) aşağıdakı mühüm
əlamətləri ilə fərqlənir:
1) Cəza, yalnız cinayət qanunu ilə müəyyən olunur.
2) Cəza, cinayət qanununa uyğun olaraq yalnız məhkəmənin ittiham hökmünə əsasən tətbiq
olunur.
3) Digər inzibati, intizam, mülki - hüquqi sanksiyalar ayrıca hakimiyyət, idarəetmə orqanları
və yaxud vəzifəli şəxsin adından tətbiq edildiyi halda, cəza yalnız dövlət adından
məhkəmə tərəfindən tətbiq olunur. Bu, cəzaya ictimai xarakter verir.
4) Cəza törədilən cinayətə görə tənbehdir.
5) Cəza məhkumluq yaradır; digər dövlət məcburiyyəti tədbirləri belə nəticələr əmələ
gətirmir.
6) Cəza, törədilən cinayətin hüquqi nəticəsidir.
Öz məzmununa görə cəza çox sərt olmaqla, təqsirli şəxsin hüquqlarının iri miqyasda
məhdudlaşdırılmasında ifadə olunur. Onun mahiyyəti cinayət törətmiş şəxslərin mənəvi, siyasi,
fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz qoymaqla, onları tənbeh etməkdən ibarətdir.
Tənbehsiz cəza öz mənasını itirmiş olardı və cinayətkarlıqla mübarizədə məcbur etmə vasitəsi hesab
olunmazdı.
Cəzanın məqsədi Cinayət Məcəlləsinin 41.2.- ci maddəsinə müvafiq olaraq, cəza sosial
ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni
cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir.
Cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu əməyə düzgün münasibət,
qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək
məqsədi daşıyır. Cəza insan ləyaqətini alçaltma və yaxud fiziki əzab vermə məqsədi daşımır.
Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə anlayışları ilə sıx əlaqədə, olmaqla,
cinayətkarın şüurunda neqativ əhəmiyyətli oriyentasiyanı (səmti) dəyişmək və onu hüququn
tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərini əks etdirir.
Cinayət hüquq nəzəriyyəsində cəzanın xüsusi və ümumi xəbərdarlıq məqsədi fərqləndirilir.
Xüsusi xəbərdarlıq cinayətkara göstərilən elə təsir vasitəsidir ki, onun nəticəsində cinayətkar
gələcəkdə yeni cinayətlər törətmir.
Ümumi xəbərdarlıq - ictimai cəhətdən möhkəm olmayan (qeyri-sabit olan) şəxsləri
cinayətkar əməllərdən saxlamaq məqsədi ilə göstərilən cəza təsiridir.
8. Cəzanın sistemi və növləri
Cəzanın sistemi - cinayət törədilməsində təqsirli sayılan şəxslərə tətbiq olunan, məhkəmələr
üçün məcburi olan, ağırlığından asılı olaraq qanunla müəyyən edilən qaydada düzülmüş cəza
növlərinin qəti siyahısıdır.
Cinayət Məcəlləsinin 42 - cinayət maddəsinə əsasən cəzanın növləri aşağıdakılardır:
1. cərimə
2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;
3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə;
4. ictimai işlər;
5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə;
6. islah işləri;
7. hərbi xidmət üzrə məhdudlaşdırma;
8. əmlak müsadirəsi;
9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma;
10. Azadlığın məhdudlaşdırılması;
11. İntizam xarakterli hərbi hissədə saxlama;
12. Müəyyən müddətə azadlıqdan məhrum etmə;
13. Ömürlük azadlıqdan məhrum etmə.
Cinayət qanunvericiliyində nəzərdə tutulan bütün bu cəza növləri üç qrupa bölünür: əsas
cəzalar; əlavə cəzalar; əsas və əlavə cəza - cəzalar.
Yalnız əsas cəza kimi tətbiq edilən cəzalara - ictimai işlər, islah işləri, hərbi xidmət üzrə
məhdudlaşdırma; intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən
müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə kimi cəza növləri aiddir.
Bunlar, müstəqil tətbiq edilən, hər hansı bir cəza növünə qoşula bilməyən cəzalardır.
Müstəqil tətbiq edilə bilməyən, yalnız əsas cəzalara qoşulan cəzalar əlavə cəzalar hesab
olunur. Cəzanın məqsədinin təmin edilməsində köməkçi xarakter daşıyan bu cəza növlərinə - xüsusi
və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, nəqliyyat vasitələrini
Dostları ilə paylaş: |