47
Bağırov məni dinləyib qışqırdı: “Səsini kəs. Partiyadan qovaram səni. Gərək səni həbs
etdirəydim”. Sonra isə bir qədər yumşalaraq əlavə etdi: “Yaxşı, get. Dövlət nəzarət nazirliyində
işləyəcəksən”. (Bağırovun qəbuluna gələrkən mən heç bir yerdə işləmirdim).
Bundan sonra mən Dövlət nəzarət nazirliyində sıravi nəzarətçi kimi işləməyə başladım.
Bağırovla söhbətdən bir neçə gün sonra yeznəm doktor Cavadovu, anam Xavər Rəşidzadəni və
bacım Firuzəni həbs etdilər.
Lakin ailəmə divan tutmaq bununla bitmədi.
1948-ci ilin 6 avqustunda Azərbaycan KP MK-nın şöbə müdiri Martirosov məni MK-ya
çağırıb, partiya biletimi aldı və bildirdi ki, bu barədə MK-nın bürosunun qiyabi qərarı var.
Sonra məni partkollegiyanın katibi Novruzov yanına çağırdı, təklif etdi ki, ərizə yazım,
günahlarımı boynuma alaraq Bağırovdan rəhm diləyib, aman istəyim. Mən bu rədd edib,
Moskvaya getdim. Partiyadan çıxarılmağım barədə şikayət etdim. Mən “Balçuq”
mehmanxanasında yerləşmişdim. Bir neçə gün keçəndən sonra Həmzət Şabanbəyov
mehmanxanaya, yanıma gəldi və arvadımdan məktub gətirdi. Şabanbəyov bildirdi ki, bacım
Qəmər Əlizadənin xahişilə gəlib. O məndən uzaqlaşmır, məni qonaq edirdi. Şabanbəyov məndən
Cavadov (yəni öz yeznəm) və o biri qohumlarımın işi barədə ərizə yazmaqda ona köməklik
göstərməyi xahiş etdi, ancaq mən imtina etdim. Ertəsi gün o, yanıma sağ əli sarıqlı halda gəldi və
bildirdi ki, qolu sərpib, xahiş edirəm ərizənin qaralamasına yazasan. Mən yenə də ərizə
yazmaqdan boyun qaçırdım. O, işimin gedişi ilə, Moskvada kimə müraciət etməyimlə
maraqlanırdı. Mənim şikayətim baxılmaq üçün Bakıya göndərildi. Bağırov şikayətimin onun
özü, T.Quliyev, Qəzənfər Məmmədov barədə çox kəskin tonda yazıldığını görüb, mənim işimi
yenidən büro iclasına qoydu.
Bundan sonra mən 15 ay heç bir yerə işə girə bilmədim. Yalnız 1949-cu ilin fevralında
Bağırovun mənə yazığı gəldi və kommunal təsərrüfat nazirliyinin evlər idarəsində inspektor
işləməyə icazə verdi. Mənim işim həyətlərin, ayaqyolların təmizliyinə nəzarət etmək idi.
Repressiyalar daha sonralar da davam edirdi. Qızım Lomonosov adına Moskva
universitetinə əla qiymətlərlə imtahan versə də, onun namizədliyi keçmədi və o, universitetə
daxil olmadı.
Şahid - Salayev Lətif Səməd oğlu
Mən Siyasi idarə - “NKVD” orqanlarında 1930-cu ildən 1950-ci ilədək işləmişəm. 1944-
cü ildən 1949-cu ilədək Yevlaxda DTN rayon şöbəsinin müdiri olmuşam.
1947-ci ilin iyun-iyul aylarında Yevlağın 14 km-liyində icarəsində Demokratik İran
Azərbaycanının rəhbəri doktor Pişəvəri olan maşın qəzaya uğramışdı. Qəza barədə mənə
məlumat çatan kimi gecə ikən hadisə yerinə yollandım. 28 aprel adına sovxozun ərazisindəki
yolda əzilmiş “Qudzon” markalı avtomobili tapdım. Maşın körpünün çəpərinə dirənmişdi.
Maşının içindəkilər: Pişəvəri, Qulam Yəhya və Nuru Quliyev yaralı halda rayon xəstəxanasına
çatdırılmışdı. Hadisə yerində təkcə sürücü Karnik Melixyan qalmışdı. O, sərnişinlərinin
sənədlərini əlində tutub durmuşdu. Axtarış zamanı ondan 10.000 manat pul və “Valter”
tapançası çıxdı. Mən hadisə yerinin şəklini çəkdim, akt tərtib etdim və Yevlağa qayıdıb, dərhal
rayon xəstəxanasına getdim. Pişəvərinin huşu özündə idi. Onun ayağı və bir qabırğası sınmış,
digər qabırğaları əzilmiş, başı yaralanmışdır. Quliyevin də huşu özündə idi (O vaxtlar Quliyev
DTN-də Yemelyanovun yanında katibliyin rəisi vəzifəsində işləyirdi). General Qulam Yəhya
yüngül yaralanmışdı, ancaq üzü zədələndiyindən danışa bilmirdi.
Mən Pişəvəriyə müraciət edərək avtomobil qəzasının baş verdiyi şəraitdən danışmasını
xahiş etdim. Pişəvəri mənə danışdı ki, o həmin vaxtlarda Kirovabadneftkəşfiyyatın rəisi olan
Nəzər Heydərovun evində imiş. Orada yeyib-içib, istirahət edirmişlər. Təqribən gecə saat 4-də
Quliyev, Pişəvəriyə onunla Nuxaya getməyi təklif edir. Bildirir ki, Nuxa onun doğma torpağıdır,
orada anadan olub, böyüyüb. Orada istirahət edib, növbəti günü keçirərlər. Axırda Pişəvəri bir
neçə dəfə “Xəyanət” sözünü təkrar etdi və bildirdi ki, “Mən on bir il İranda təkadamlıq
48
kamerada qaldım, Rza şah və Qəvam-əs-Səltənə məni məhv edə bilmədi. Indi isə nəhayət, onlar
öz niyyətlərinə çatdılar”.
Mən Pişəvəridən soruşdum ki, o niyə belə danışır, o ki, öz maşınında, öz sürücüsü ilə
yola çıxıb. Pişəvəri mənə cavab verdi ki, “Maşın da, sürücü də mənim yox, general Qulam
Yəhyanın idi”.
Pişəvəri öz şübhələrini də mənə bildirdi ki, o, adətən heç vaxt sürücünün yanında
oturmur, bu dəfə isə nədənsə onu sürücünün yanında əyləşdirmişdilər.
Söhbət əsnasında Pişəvəri özünü pis hiss etdiyini bildirdi, kömək istədi. Mən dərhal
Bakıya, Yemelyanova zəng vurub, baş vermiş qəza və Pişəvərinin səhhəti barədə məlumat
verdim.
Bundan təqribən 5-6 saat sonra təyyarə gəldi. Nazir müavini Kərimov, səhiyyə nazirinin
müavini Səlim Səmədov, professor Zülfüqar Məmmədov, mayor Sarıcalinski və tibb bacıları
həmin təyyarə ilə gəlmişdilər.
Məşhur həkim-cərrah professor Məmmədov, Pişəvəri üzərində şəxsən özü cərrahi
əməliyyat apardı.
Mənim çağırışımla Gəncədən həkim-cərrah Qasım xan Talışınski və Dağlıq Qarabağdan
cərrah Əsriyan da gəlmişdi.
Mənimlə söhbət zamanı Quliyev bildirdi ki, onlar Nuxaya gedib, orada istirahət etmək
istəyirmişlər. Sürücü Melixyan dedi ki, gecə yol getdiklərindən sükan arxasında mürgüləyib, bu
da qəzaya səbəb olub. Lakin sükan ikiyə bölünmüşdü. Buradan da aydın olur ki, Melixyan sinəsi
əzilməsin deyə sükandan var gücü ilə yapışıbmış. Bunu isə o yatmış vəziyyətdə yox, qabaqcadan
təhlükə hiss edib, özünü qorumaq üçün edə bilərdi.
Mən belə hesab edirəm ki, həmin qəza təsadüf olmayıb, Pişəvərini qətlə yetirmək
məqsədilə təşkil olunmuşdu. Mən aşağıdakı faktlara əsasən bu qərara gəlirəm:
1)
Pişəvərini Nuxaya gecə aparmaq bir zərurət yox idi. Maşını saatda 90 km surətlə
qovmaq da vacib deyildi.
2)
Pişəvərini öz maşınında yox, general Qulam Yəhyanın maşınında aparıblar. Sürücü
də onun öz sürücüsü yox, generalın sürücüsü imiş.
Pişəvərinin ölümündən sonra DTN Şamxor rayon şöbəsinin müdiri Sarkisov Ruben
Mirzəyeviç mənə çatdırdı ki, bu qəza baş verməmişdən ona məlum olub ki, sürücü Melixyan
İrandakı daşnakların liderinin oğluymuş, onun arvadı polyak qızı Qalla isə İrandakı Britaniya
səfirliyində çalışırmışam. Bununla əlaqədar Sarkisov Melixyan əleyhinə işə başlayır. Bunun
üçün həmin iş qoyulmuş qayda üzrə rəsmiləşdirilir, Azərbaycan DTN-nə kartoçka göndərir və
oradan cavab alır. Yəni Melixyanın adına Azərbaycan DTN “A” şöbəsində kartoçka açılıbmış.
Naxçıvan Muxtar Respublikası DT naziri polkovnik Fərəcov qəzadan sonra mənə danışdı
ki, hələ qəza baş verməmişdən xeyli əvvəl o, Azərbaycan DT naziri Yemelyanova teleqramla
məlumat verib ki, Melixyanın xarici kəşfiyyatın agenti olması müəyyənləşdirilib (Fərəcovun
xarici agentura barədə məlumatı vardı).
Azərbaycan DTN-nə və onun naziri Yemelyanova hələ qəzadan çox-çox qabaq bəlli olan
bütün bu məlumatlara baxmayaraq, sürücü Melixyan general Yəhyanın maşınını sürməkdə
davam edirdi. Ona hətta Pişəvərini də gəzdirməyi etibar etmişdilər, daha doğrusu, tapşırmışdılar.
Xarakterikdir ki, axırda Pişəvərinin həlak olmasının təfərrüatından xəbərdar olan bütün
şəxslər Bağırov və Yemelyanov tərəfindən repressiya ya məruz qaldılar. Sarkisov DTN
orqanlarından qovuldu, indi hamam müdiri işləyir. Mən DTN orqanlarından qovuldum, hazırda
avtoməktəbin direktoruyam, Fərəcov Naxçıvanda nazir idi, şöbə müdiri vəzifəsinə endirildi.
Əksinə, katibliyin rəisi Nuru Quliyevi qəzadan sonra nazir müavini qoydular.
O vaxtkı daxili işlər naziri Teymur Yaqubovun da hərəkətləri şübhə doğurur. O nədənsə
həmin vaxt Kirovabadda idi, dərhal Yevlağa gəldi. Ancaq nədənsə xəstəxanaya gedib, Pişəvəriyə
baş çəkməyi lazım bilmədi. Görünür ki, o bu görüşdən qorxurmuş. O, Pişəvəri üzərində aparılan
cərrahi əməliyyatın nəticəsini gözləmədən çıxıb getdi. Həm də nədənsə mənə və DİN rayon