A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə158/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   154   155   156   157   158   159   160   161   ...   171

 557 

–Gedək. 


Binanın giriş qapısına tərəf addımladı. Tələbə onun ardınca 

düşdü. Binanın içinə girdilər. Qarı liftin düyməsini basdı. Lift, 

görünür, çox uzaqlardan, daha doğrusu, çox hündürlərdən 

enirdi və çox ağır-ağır gəlirdi. 

Nəhayət gəlib çıxdı, dayandı, qapıları taybatay açıldı. Onlar 

kabinəyə daxil oldular. Kabinə  tələbəyə qeyri-adi göründü. 

Nəyə görə? Qarı 20-ci mərtəbənin düyməsini basdı. Lift aramla 

yuxarı  dırmanmağa başladı, haradasa yolun ortasında tələbə 

yenidən bu kabinədəki qəribəliyi duydu, amma bu qəribəliyin 

məhz nədən ibarət olduğunu yenə də təyin edə bilmədi. O, qarı 

haqqında düşünməyə başladı  və öz-özünə fikirləşdi: görəsən, 

bu arvad ömründə heç bir dəfə gülümsünüb? Bu nə boş sözdür. 

Əlbəttə ki, gülümsünüb. İndi isə, aydın məsələdir, dərd-qəm 

basıb onu, zarafat deyil, dağ boyda oğlunu itirib, belə itkidən 

sonra nə gülüş-filan? Amma iş ondadır ki, qarının sifət cizgiləri 

onun ümumən gülüşə qabil olmasına  şübhə oyadırdı. Heç bir 

vaxtda, heç bir şəraitdə, heç bir vəchlə belə sifətin 

təbəssümünü təsəvvür eləmək olmurdu! Bir an, bircə an 

tələbəyə elə  gəldi ki, o kabinənin qəribəliyinin məhz nədən 

ibarət olduğunu tapıb və həmin andaca bu ixtira şüurdan silinib 

getdi; bu barədə  ətraflı düşünməyə macal tapmadı: lift bərk 

silkələnərək dayandı, qapısı açıldı  və onlar çıxdılar, 20-ci 

mərtəbədə idilər. 

Pilləkən meydançasında yeganə bir qapı vardı və bu qapıda 

mənzilin nömrəsi yazılmışdı. Bir də lövhəciyin şüşəsi qalmışdı, 

amma şüşənin altındakı lövhə bomboş idi — familiyasız, adsız. 

Qapı möhkəm dəmirdən idi və çox təzə görünürdü. Qarı, 

qapıya yanaşdı, zəngi basdı. "Arvadın başı xarabdı, — deyə 

tələbə düşündu. —Yəqin oğlunun dərdindən başına hava gəlib. 

Yoxsa boş mənzilə zəng niyə çalır? Ya bəlkə mənzil boş deyil, 

orada kimsə var?" 

Qarı, sanki onun fikirlərini oxuyubmuş kimi. — Həmişə 

mənzilə girməzdin qabaq zəngi basın, — dedi, — əgər mənzilə 

downloaded from KitabYurdu.org




 558 

qaz dolubsa zəngin qığılcımından mənzil partlaya bilər. 

–Bəs... 

Yenə də onun deyilməmiş sözlərinə cavab olaraq qarı: 

–Özün partlamaqdansa mənzil partlasa yaxşıdır, — dedi və 

açarla qapını açıb içəri girdi. —Gəlin. 

Bu yeni evlərdəki  ən adi mənzillərdən biri idi və qarının 

otağından fərqli olaraq çox səliqə-sahmanlıydı. Hər bir 

rahatlığı da vardı: tərtəmiz mətbəx, dümağ kafelli hamam. 

Otağın özü də çox təmiz, geniş, işıqlı idi. Olduğundan da geniş 

görünürdü;  əvvəla  şey-şüy az idi — taxt, stol, kitab şkafı, iki 

stul, vəssalam. İkincisi də dənizə açılan iri bir pəncərəsi vardı. 

Pəncərədən bir axar-baxarlı mənzərə açılırdı —iki göz istəyirdi 

tamaşasına. Tələbə kitab şkafının  şüşəsi, dəhlizdəki güzgü və 

divardakı saatı örtüklənmiş görəndə  təəccüblənmədi. 

Divarlarda çoxlu fotoşəkil vardı. Bu həmin o qarının 

otağındakı adamların  şəkilləri idimi? Ya yox? Tələbə bunu 

dəqiq müəyyənləşdirə bilməzdi. Görünür, oradakı  şəkilləri 

xeyli vaxt seyr etmişdisə  də  əməlli-başlı hafizəsində saxlaya 

bilməmişdi. Amma bir şeyi bilirdi ki, bu şəkillər daha 

cavandırlar,  əks olunmuş adamların sinlərinə görə deyil, 

onların çəkilmə vaxtlarına görə  təzə idilər, adamlar da yaxın 

vaxtların dəbləriylə geyinmişdilər. Bütün bu şəkillər də hamısı 

eyni biçimdə, eyni boyda idilər və burada da yalnız bircə şəkil 

— ortadan asılmış gənc, güləşsifətli oğlanın əksi o birilərindən 

iri idi. Oğlan köynəkdə idi, köynəyinin yaxası açıq idi. Bu 

həmin o oğlan idimi, qarının evindəki  şəkil və bu foto eyni 

adamın təsviri idimi? Qarının vəfat etmiş (vəfat etmişmi?) oğlu 

(oğlumu?) və bu şəkildəki  şəxs eyni adam idimi? Bir yandan 

eyni adam idi — çatmaqaş, oxşar sifət cizgiləri, o biri yandan 

— yox. Qarının evindəki şəkil daha sinli adamın şəkliydi. Bığı 

vardı. Həm də bu iki şəkildəki ifadələr bam-başqa idi. 

Orada gərgin, özünü qısmış, hətta elə bil nədənsə qorxmuş, 

nigaran bir adamın sifəti. Burada isə yalnız ifadə yox, xasiyyət 

də sanki başqa idi —açıqürəkli, deyən-gülən, mehriban, 

downloaded from KitabYurdu.org




 559 

yapışıqlı bir şəxs... Bəlkə  də bu eyni bir adamın müxtəlif 

yaşlarda, müxtəlif  şəraitlərdə, müxtəlif ovqatlarda çəkilmiş 

fotoları idi. 

Qarının səsi tələbəni fikirlərindən ayırdı: 

–Necədir, bəyənirsiniz otağı? 

O dərhal: 

–Əlbəttə, —dedi və fikrən elandakı  məlumatları burda 

gördükləri ilə müqayisə etdi. Hər  şey elanda təsvir 

olunduğundan da üstün idi —otağa söz ola bilməz, rahatlıqları 

da —əla. Lift, telefon... Telefon demişkən hanı telefon? 

Tələbə: 


–Bəs telefon? — deyə xəbər aldı.  

Qarı stolun altından stulu çəkdi, stulun üstündə telefon 

cihazı vardı, amma məftili kəsilmişdi.  

Qarı:  


–O, telefonu təhvil vermişdi, — dedi. — Axı indi onun 

telefon nəyinə lazımdır? Amma cihaz bizimdir, əgər sizə 

telefon vacibdirsə, dalınca düşün, nömrəni sizə qaytarsınlar. 

Tələbə: "Telefon nəyimə  gərəkdir, — deyə düşündü. – 

Onsuz, da bu şəhərdə bir tanışım–dostum yoxdur. 

–Yox, — dedi. — Telefonsuz da keçinərəm. Elanda 

göstərilmişdi, mən də onun üçün soruşdum. Hə, bəs eyvan? 

Qarı quru bir tərzdə: 

–Eyvan yoxdur, — dedi və sağ divara tərəf çevrildi. Tələbə 

onun baxışını izlədi və yalnız indi sağ divardakı qapıya diqqət 

elədi. Qapı iki kobud taxta parçasıyla mismarlanmışdı. Tələbə 

qapıya tərəf bir addım atdı, daha doğrusu, yarım addım atmaq 

istədi, amma qarı çevik bir hərəkətlə onun qabağını  kəsdi. 

Qətiyyətlə: 

–Yox, — dedi, — əgər siz bu mənzili kirayə götürürsünüzsə 

ikicə şərtim var. Hökmən bu şərtlərə əməl etməlisiniz. Birincisi 

heç vaxt bu qapıya yaxınlaşmayın. Ona dəyməyin, açmağa 

cəhd etməyin. İkincisi də hamamda işığı gecələr yanılı qoyun. 

O işıq dənizdən görünür.  

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə