A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə30/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   26   27   28   29   30   31   32   33   ...   61
id55880

 
 
 
 
 
 
ƏLYAZMA KİTABLARIN BƏDİİ TƏRTİBATI
Orta əsrlərdə, Yaxın Şərqin digər ölkələrində olduğu kimi Azərbaycanda 
da mədəniyyətin inkişafı, dünyəvi ədəbiyyata və incəsənətə maraq əlyazma 
kitablarına bədii tərtibat verilməsi və illüstrə edilməsi ehtiyacını doğurmuşdu. Bu 
dövrdə Quran və başqa dini kitablarla yanaşı, məşhur alimlərin, şair və yazıçıların 
təbiət, tarix, habelə ədəbi bədii əsərləri də köçürülürdü. Orta əsrlərdə üzü köçürülən 
Quran "nəsx", yaxud "reyhan", nadir hallarda "riqə" xətləri ilə yazılıb, yalnız 
naxışlarla bəzədilirdisə, dünyəvi məzmunlu əsərlər "nəsx" xətti ilə köçürülür, çox 
zaman süjetli miniatürlərlə illüstrə olunur, ornamentlərlə bəzədilirdi. 
Yazıların üslubu, miniatürlərin xarakteri və əlyazma kitablarının ümumi 
tərtibatı Azərbaycanda bu sənətin daim inkişafda olduğunu göstərir. Yüksək 
vəzifəli şəxslər üçün tərtib edilmiş təmtəraqlı əlyazma nümunələri ilə yanaşı, adi 
həvəskar oxucular, yaxud elm və ədəbiyyat xadimləri üçün nəzərdə tutulmuş sadə 
nüsxələr də yaradılırdı. Lakin əlyazma kitablarının bədii tərtibinə ən çox tələbat 
feodal cəmiyyətinin yuxarı təbəqəsi - padşahlar, şahzadələr, əyanlar arasında 
olmuşdur. Mahir rəssam, xəttat və cildsazlar tərəfindən uzun müddətə başa çatdırılan 
bu qiymətli manuskriptlərin əsas sifarişçisi və sahibi də elə onlar idi.
Kollektiv yaradıcılığın məhsulu olan əlyazma kitablarının meydana 
gəlməsində əsas vəzifə əsərin həm də redaktorluq işini yerinə yetirən xəttatların 


94 
üzərinə düşürdü. Xəttat nəinki təkcə mətnin səhifədə yerləşdirilməsini, habelə 
rəssamın çəkəcəyi illüstrativ şəklin süjetini də müəyyənləşdirirdi. Xəttat ədəbi əsəri
köçürərkən miniatür üçün ağ yerlər buraxır, illüstrə olunacaq hekayənin bu və ya 
digər parçasını buraya köçürmürdü. Miniatürçü rəssam isə öz növbəsində 
illüstrasiyada çərçivəyə alınmış düzbucaqlar şəklində bir neçə boş sahə buraxırdı 
ki, xəttat mətni yazarkən süjetlə əlaqədar buraxdığı parçaları bu boş yerlərə 
köçürsün. Belə üsul miniatürlərdə əks etdirilən ədəbi süjet təsvirinin anlaşıqlığını 
artırır, onu tamamlayırdı. 
Miniatür üçün ayrılan sahənin seçilməsində yəqin ki, bu və ya digər süjet 
üçün müvafiq kompozisiya müəyyənləşdirən miniatürçü rəssam da iştirak edirdi. 
Lakin buna baxmayaraq, xəttat bir qayda olaraq, illüstrəçi rəssamı məhdud çərçivədə 
saxlayır, onu həmin sahə daxilində yaradıcılıq işi aparmağa məcbur edirdi. Məhdud 
çərçivəyə salınmış rəssam müvafiq süjeti canlandırmaq üçün xəttatın buraxdığı ağ 
sahə daxilində elə düşünülmüş kompozisiya qurmalı idi ki, verilmiş sahəyə 
yerləşdirmək şərtilə, ədəbi mətndə nəql olunan epizodu rəsm dilində təsvir edə 
bilsin. Belə bir məcburi prinsip əlbəttə, rəssamdan böyük məharət tələb edirdi. Orta əsr 
rəssamları öz istedadları sahəsində çox vaxt buna nail olur, vəziyyətdən ustalıqla 
çıxırdılar. Onlar bəzən bu işdə hətta son imkana əl atıb, səhifənin geniş 


95 
kənarlarından da istifadə edirdilər. Çox zaman rəssam illüstrə edəcəyi ədəbi 
mətndən yayınaraq öz kompozisiyasına əlavə surətlər, yaxud da bütöv səhnələr 
gətirirdi. Bununla o, illüstrə etdiyi süjeti daha da genişləndirir, zənginləşdirir,
müvafiq həyat hadisələri ilə bağlayırdı. 
Əlyazmanın tərtibat işlərində nəqqaş da iştirak edir. O, səhifələrdəki 
mətni çərçivəyə alır, başlıqları, sərlövhə və sonluqları bəzəyir, bəzən də əlyazma 
səhifələrinin geniş kənarlarında rəsmlər çəkirdi. 
Dövrümüzədək mühafizə olunmuş əlyazma kitablarının ilkin nüsxələri, XIII 
əsrin ortaları və XIV əsrin əvvəllərinə aiddir. 
Bu zaman monqol hakimlərinin paytaxtında əlyazma kitablarını köçürmək 
və tərtib etmək üçün emalatxanalar yaradılmışdı. Elmi-bədii mərkəz olan həmin 
emalatxanalarda yerli alimlərlə yanaşı, memarlar və rəssamlar, həmçinin monqol 
hakimlərinin başqa ölkələrdən buraya cəlb etdikləri digər sənətkarlar da işləyib 
yaradırdılar. Elxanilərin Xoyda, Marağa, Təbriz və Soltaniyyədəki saray 
emalatxanalarında, ağır vəziyyətdə işləyən incəsənət ustaları və sənətkarlarla 
yanaşı xəttat və rəssamlar da gözəl tərtib olunmuş dini, elmi və bədii əlyazma 
kitabları yaradırdılar. XIV əsrin əvvəllərində illüstrasiyalı əlyazmaların yaradılması 
ilə əsasən Təbrizin yaxınlığında, Rəşidiyyə adlanan universitet şəhərciyində məşğul 
olurdular. Çox da böyük olmayan bu elmi şəhərcikdə Qazan xanın tarixçisi və vəziri 
Fəzlullah Rəşidəddin tərəfindən təsis olunmuş universitet və kitabxanada müxtəlif 
məzmunlu 60 min kitab var idi. Rəşidəddinin kitabxanası nəzdində işləyən bədii 
emalatxanada müxtəlif ölkə və şəhərlərdən dəvət olunmuş xəttat və rəssamlar da 
işləyirdilər. Onlar tarixçilərin yazdığı və Rəşidəddinin redaktoru və müəlliflərindən 
biri olduğu salnamə toplusu "Cami-ət təvarix"in üzünü köçürür, ona illüstrasiyalar 
çəkirdilər. Rəşidəddinin göstərişi ilə "Cami-ət təvarix"in çoxlu əlyazma nüsxəsi 
hazırlanır və o zamankı İrana və digər müsəlman ölkələrinə göndərilirdi. Sultan 
Əbusəidin vaxtında, 1318-ci ildə Rəşidəddin edam edildikdən sonra onun yaratdığı 
Rubi Rəşidi (Rəşidiyyə) şəhərciyi dağıdılmış, kitabxana isə qarət edilmişdir. 
Saray ustaları tərəfindən Xoyda, Marağa və Təbrizdə köçürülən 
əlyazmalarının ilk nümunələrindən olan "Vərqa və Gülşa" (XIII əsrin əvvəli), İbn 


96 
Bəhtuşinin "Mənafi əl-heyvan" (1297-1299) və Rəşidəddinin "Cami-ət təvarix" (1307-
1314) əsərlərinin tərtibatında və yazı tərzində XII-XIII əsrlərdə ərəb ölkələrində, 
xüsusən Bağdadda hazırlanmış əlyazmaları ilə müəyyən yaxınlıq və ümumilik vardır. 
Azərbaycanda bədii əlyazma sənətinin bu erkən inkişaf dövründə xəttat və 
digər incəsənət ustalarının yaradıcılıq fəaliyyəti çox geniş idi. Onların çoxu şair, 
xəttat və rəssam olmuş, çoxlu tələbələr yetişdirmiş, əlyazma kitabları və memarlıq 
abidələrində yazdıqları dekorativ kitabələr kimi misilsiz sənət nümunələri qoyub 
getmişlər. Belə məşhur ustalardan biri, Təbrizdə doğulmuş Mübarək şah 
Zərrinqələm idi. Bu məşhur xəttat o zaman işlədilən altı klassik xətt növünün mahir 
ustası olmuşdur. 1358-1374-cü illərdə hökmdarlıq etmiş Sultan Üveys Cəlayir 
tərəfindən Nəcəfdə tikdirilmiş binanın kitabələrini Zərrinqələm yazmışdır. Bu bədii 
xətt ustasının çox istedadlı və məhsuldar şagirdi olan Abdullah Seyrəfi Təbrizi 
(1350-ci ildə vəfat etmişdir) bir çox Təbriz binalarının daxili və xaricini bəzəyən 
dekorativ yazıların müəllifidir. 
XIV əsrin əvvəllərində yaşayıb-yaratmış ustad xəttatlardan biri də Abdullah 
ibn Əhməd ibn Fəzlullah Marağidir. 1338-ci il tarixli nadir Quran nüsxəsi onun 
yaradıcılığının məhsuludur. 
O zaman yüksək bədii keyfiyyətdə hazırlanan əlyazmaların, xüsusən dini 
əsərlərin bəzəyi dekorativ sənətlər sahəsində əl qabiliyyəti olan xəttatların özləri 
tərəfindən yerinə yetirilirdi. Əlyazma kitabların bədii tərtibatında bədii cild ustalarının 
da mühüm rolu olmuşdur. Məsələn, Təbrizdə yaradılmış 1334-cü il tarixli bir 
əlyazma cildinin müəllifi Məhəmməd Əlinin bu sənətin inkişafına böyük təsiri 
olmuşdur. 
İlk dövrlərdə dünyəvi məzmunlu əlyazma kitabların dekorativ bəzəyi çox 
da zəngin olmurdu. Lakin bu əlyazmalarından onların səhifələrini süsləyən 
miniatür-illüstrasiyalar eyni zamanda, bəzək elementi rolunu oynayırdı. Bu 
dövrdəki əlyazmaların, demək olar ki, bütün səhifələrində bir kiçik miniatür 
yerləşdirilirdi. 
Orta əsrlərdə elmi-tarixi və ədəbi-bədii əlyazmalarından başqa çoxlu dini 
məzmunlu əlyazma kitabları da yaradılırdı. Bunlardan Quran nüsxələrini və Quranın 
30 cüzünə müvafiq olaraq düzəldilmiş cüzləri göstərmək olar. 
XIV əsrin birinci rübünə aid dini kitablardan 1322-ci ildə Şirvanda 
yazılmış "Musabexx us-sanna" adlı əsəri xüsusilə qeyd etmək lazımdır. 300 
səhifədən ibarət olan həmin nüsxə xəttat Məhəmməd ben Şüca ben Məhəmməd əl-
Katib əş-Şirvani tərəfindən "nəsx" xətti ilə köçürülmüş, çox güman ki, tərtibatı da 
onun özünə aiddir. Əlyazmanın başlanğıcında zəngin ornament bəzəkli qoşa 
səhifədən ibarət frontispis vardır ki, onun aşağı və yuxarı kartuşlarında müəllifin və 
əsərin adı yerləşdirilmişdir. Ayrı-ayrı fəsillərin iri xətlə yazılmış sərlövhəsi qara, 
qırmızı və yaşıl rəngli tuşla ifa edilmişdir. Kolofon ayrıca vərəqədə qırmızı və qara 
"rüqə" xətti ilə yazılmışdır. Zərifliyi və tərtibat bitkinliyinə görə bu əlyazması XIV 
əsr Azərbaycan kitab tərtibatı sənətinin nadir nümunələrindən hesab edilir. 
XIII əsrdə və XIV əsrin birinci yarısında yaradılmış dünyəvi məzmunlu 


97 
əlyazmaların dekorativ tərtibatının xarakterinə gəlincə, qeyd etməliyik ki, onlar 
əvvəlcə çox sadə tərtib olunur, yazıları isə orta səviyyəli olurdu. Lakin bu 
əlyazmaları ifa tərzinə görə müxtəlif olan çoxlu miniatürlərlə illüstrə edilirdi. Bu dövr 
əlyazmalarının bir çoxunda müxtəlif mövzuları, poetik süjet və ya həyat hadisələrini 
əks etdirən miniatürdən ibarət frontispis vardır. Frontispisdən sonra başlığı kiçik 
ornament kompozisiyası ilə bəzənmiş birinci səhifə yerləşir. Poetik əsərlərin səhifələri 
şaquli istiqamət üzrə dörd, yaxud altı sütuna bölünür. Sütunlar qara, qırmızı və göy 
rəngli xətlərlə cızılmış çərçivəyə alınır. 
Bu dövrə aid elmi-tarixi və ədəbi-bədii əsərlərin miniatürlərlə bəzənmiş 
əlyazma nüsxələrindən Əlaəddin Cöveyinin "Monqolların tarixi" (1290-cı il), İbn 
Bəhtaşinin "Mənafi əl-heyvan" (1297-1299), Rəşidəddinin "Cami-ət təvarix" 
(1307-1314-cü illər və 1318-ci il), Firdovsi "Şahnamə"sinin 1340-1350-ci il tarixli 
nüsxəsi ("Demot şahnaməsi") kimi nadir əsərlərini xüsusilə qeyd etmək lazımdır. 
Göstərilən nüsxələrdən təkcə Nyu-Yorkda Morqanın kolleksiyasına 
məxsus olan "Mənafi əl-heyvan" əlyazmasında onun sifarişçisi Şəmsəddin ben 
Ziyəddin Züşəkinin ekslibrisi vardır. Həmin ekslibrislə sifarişçinin adı "tövqi" xətti 
ilə yazılmışdır. Xonçanın ayrı-
ayrı 
hissələri 
arasındakı 
boşluqlar əyri xətli ornament 
motivləri ilə doldurulmuşdur. 
Əsərin mətni dörd sütunda 
"nəsx" xətti ilə yazılmış, 
üslubuna 
görə 
müxtəlif 
xarakterli 
miniatürlərlə 
bəzədilmişdir. Bu əsərin təkcə 
bölmə başlıqları iri "kufi" 
xətti 
ilə 
yazılmışdır. 
Miniatürlərin tuşla qrafik 
üsulda işlənməsi, mətnin iri 
"nəsx" 
xətti 
və 
bölmə 
sərlövhələrinin iri kufi xətti ilə 
ahəngdarlıq təşkil edir. Bu 
miniatürlərin 
əlyazmanın 
səhifələrində 
müxtəlif 
üsullarda yerləşdirilməsi bir 
qədər sonra işlənmiş "Cami-ət 
təvarix"in London və İstanbul 
nüsxələrindəki 
miniatür 
formalarına əsasən uyğun 
gəlir. Təsvir vasitələrinin 
bəsitliyi, rəsmin sərtliyi, qalın qara tuş cizgilərlə icra edilməsi, Azərbaycanda 
yaradılan ilk əlyazmaların bir qədər kobud dekorativ üslubda tərtib olunduğunu 


98 
xarakterizə edir. 
Bədii tərtibatına görə diqqəti cəlb edən əlyazmalarından olan 1333-cü il 
tarixli "Şahnamə"də "nəsx" xəttilə dörd sütunda yazılmış bölmələrin sərlövhəsi 
"rüqə" xəttilə işlənmişdir. 
Qeyd etmək lazımdır ki, tərtib olunan əsərlərin formasını, yaxud iri 
bölmələr arasındakı səhifələrini bəzəyən miniatürlü frontispisli əlyazmalara hələ ilk 
dövrlərdə təsadüf olunur. Məsələn, yuxarıda adı çəkilən 1333-cü il "Şahnamə"sində, 
poemanın əvvəlində (müqəddimədən sonra) iki vərəqdən ibarət frontispis verilir. 
Buradakı miniatürlər kompozisiya və mövzusu etibarilə müstəqil xarakter daşıyır, 
poemanın məzmunu ilə əlaqədar olmayır. Onlardan biri ov səhnəsini, digəri isə 
padşahın saray məclisini təsvir edir. Bu əlyazması üçün səciyyəvi olan cəhətlərdən 
biri də budur ki, onun axırında əsərin məzmunu ilə əlaqəsi olmayan daha bir 
miniatür vardır ki, bu da əlyazmasının dekorativ-bəzək elementlərini yekunlaşdırır. 
Əlyazmanın sonunda, onun kolofonunun altında yerləşdirilən bu miniatür Firdovsinin 
öz poemasını Sultan Mahmud Qəznəviyə təqdim etməsi səhnəsini təsvir edir. 
XIV əsrin birinci yarısında Azərbaycanda cildsazlıq sənətinin ən yaxşı 
nümunəsinə misal olaraq İstanbulun Evqaf muzeyində saxlanan (2485 № -li) 1334-cü 
il tarixli əlyazmasının cildini göstərmək olar. Bu orijinal cild, usta Məhəmməd Əli 
tərəfindən Təbrizdə hazırlanmışdır. Qırmızımtıl-qəhvəyi rəngli dəridən düzəldilmiş 
cildin sol qapağının iç tərəfində ustanın adı qızılla yazılmışdır. 
XV əsrdə Azərbaycanın iqtisadi, ictimai və siyasi həyatında baş verən 
yüksəliş xalqın mədəniyyəti, ədəbiyyatı və incəsənətinə müsbət təsir göstərir, 
dövrün qabaqcıl ideyalarını əks etdirən elmi və bədii əsərlərin yaranmasma səbəb 
olurdu. 
Şimali Azərbaycanda Şirvanşahların Şamaxı və Bakı saraylarında, cənubda 
isə Ağqoyunlu və Qaraqoyunluların Təbriz sarayında toplanmış dövrün görkəmli alim 
və şairləri, sənətkarları Yaxın və Orta Şərqdə böyük şöhrət qazanmış elmi, fəlsəfi və 
bədii əsərlərini yaradırdılar. Qaraqoyunlu Cahan şahın sarayı Azərbaycan 
mədəniyyətinin mərkəzinə çevrilmişdi. Sarayda təşkil edilən ədəbi məclislərdə şairlər, 
o cümlədən "Həqiqi" təxəllüsü ilə Azərbaycan və fars dillərində şeirlər yazan 
Cahan şah özü də iştirak edirdi. 
Bu dövrdə Azərbaycanda müxtəlif elm sahələri inkişaf edirdi. Dövrün 
görkəmli alimlərindən olan Seyid Yəhyə Bakuvi, Əbdürrəşid İbn Saleh Bakuvi, 
Təbrizli Seyid Əhməd Lələvi və başqaları Azərbaycanda fəlsəfi fikrin, tarix, 
coğrafiya və başqa elm sahələrinin inkişafında xüsusilə böyük rol oynamışlar. 
Bu dövrdə Azərbaycanda klassik bədii irsi öyrənməyə meyil artır. Klassik 
Şərq poeziyasının tədqiqi, şərhi və s. ədəbiyyat məsələlərinə həsr olunmuş elmi-
nəzəri əsərlər yazılır, bədii tərcümə işlərinə daha çox əhəmiyyət verilirdi. XV əsrdən 
başlayaraq, Azərbaycan ədəbiyyatı əsasən milli dildə inkişaf etməyə başlayır. 
Azərbaycan dili ədəbi-bədii dil kimi sürətlə inkişaf edib zənginləşir. 
XIII-XIV əsrlərdə Azərbaycan ədəbiyyatında təriqət görüşləri əsas yer 
tuturdusa, XV əsrdən etibarən məhəbbət lirikası və fəlsəfi fikir daha mühüm sayılırdı. 


99 
Sənətkarlıq ənənələrini davam etdirən hürufi şairlər öz əsərlərində Şərqdə hökm sürən 
feodal zülmünə, teymurilərin qəsbkarlıq siyasətinə qarşı çıxır, ədalət və insanpərvərlik 
ideyalarını təbliğ etməklə mövcud nöqsanları əxlaqi-mənəvi təkamül vasitəsilə islah 
etməyə, aradan qaldırmağa çalışırdılar. Bu baxımdan vəhdəti-vücud dünyagörüşünə 
malik olan Şah Qasim Ənvarin fəlsəfi-didaktik əsərləri xüsusilə qeyd edilməlidir. 
Yaxın Şərq ölkələrində dərin hörmət və şöhrət qazanmış bu üsyankar şairin Əlişir 
Nəvainin yaradıcılığına faydalı təsiri olmuşdur. 
Doğrudur, XV əsr Azərbaycan ədəbiyyatı bir az əvvəl və bir qədər sonra 
olduğu kimi, Nəsimi və Füzuli səviyyəsinə qalxan dahi mütəfəkkir-şair yetişdirmədi. 
Lakin bu dövrdə yaranmış ədəbiyyatın, xüsusən doğma ana dilində yazan Hamidi, 
Kişvəri, Xətayi kimi şairlərin yaradıcılığının Azərbaycan ədəbi-bədii dilinin və milli 
ədəbiyyatının inkişafında faydalı rolu olmuşdur. 
XV əsrdə Azərbaycan incəsənəti inkişaf edir, memarlıq, təsviri və dekorativ 
sənətlər, musiqi mədəniyyəti və bədii yaradıcılığın başqa sahələrində yalnız 
Azərbaycanda deyil, ümumiyyətlə, Yaxın və Orta Şərqdə böyük şöhrət qazanmış 
ustad sənətkarlar fəaliyyət göstərir. Onların Təbriz, Şamaxı, Bakı və s. Azərbaycan 
şəhərlərində, həmçinin qonşu Şərq ölkələrində yaratdıqları monumental memarlıq 
abidələri, təsviri və dekorativ sənət əsərləri Şərqdə bədii yaradıcılığının nadir 
nümunələri olub öz dövründə və daha sonralar, bu sənətlərin inkişafında mühüm rol 
oynamışlar. 
XV əsrdə Azərbaycanda musiqi mədəniyyəti və musiqişünaslıq elmi yüksək 
dərəcədə inkişaf etmişdi. Bu sahədə əldə edilən bütün nailiyyətləri öz yaradıcılığında 
cəmləşdirən görkəmli Azərbaycan musiqişünası Əbdülqadir Marağainin klassik Şərq 
musiqisinin nəzəri əsasları haqqında yazdığı dəyərli elmi əsərləri bu gün belə öz 
əhəmiyyətini itirməmişdir. 
XV əsrdə Azərbaycanın mədəni inkişafını, ədəbiyyat və incəsənətinin 
yüksəlişini səciyyələndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, bu dövrdə 
saraylarda yaranmış rəsmi sənətlə bərabər xalq yaradıcılığı - folklor, aşıq şeri və 
musiqisi, xalq sənəti də sürətlə inkişaf edirdi. Belə bir şəraitdə, mövcud ictimai-
siyasi və mədəni yüksəlişlə əlaqədar olaraq Azərbaycanda təsviri sənət, xüsusən 
kitab tərtibatı və miniatür boyakarlığı öz inkişafını davam etdirirdi. 
Təəssüflə qeyd etmək lazımdır ki, XV əsr Azərbaycan incəsənəti tarixinin 
ən zəif öyrənilmiş dövrüdür. Bir tərəfdən həqiqətən Azərbaycana və bu əsrə aid faktik 
materialın son dərəcə azlığı, digər tərəfdən Azərbaycan sənətkarları tərəfindən 
yaradılmış bir sıra əsərlərin ədəbiyyatda "Türkmən məktəbi" və "Herat məktəbi"nə 
aid edilməsi ölkədə belə bir səhv fikir dolaşmasına səbəb olmuşdu ki, guya XIV 
əsrdə yüksək inkişaf etmiş Təbriz məktəbi XV əsrdə süqut edir, XVI əsrdə 
Səfəvilər dövründə isə yenidən fəaliyyətə başlayır. Buna görə də Azərbaycanda 
miniatür sənətinin ardıcıl inkişafı inkar edilir, birinci və ikinci Təbriz məktəbi deyə 
iki müstəqil, bir-biri ilə məntiqi əlaqəsi olmayan iki məktəbə bölünürdü. 
Hələ XX əsrin əvvəllərində alman alimi F.Şults Şərq miniatür sənətinin 
sonrakı tədqiqatçılarından fərqli olaraq XV əsrdə Təbriz miniatür sənətində, 


100 
Səfəvilər dövründə inkişaf zirvəsinə çatmış üslubun formalaşdığını qeyd etmiş- 
dir. O zaman faktik materialın daha az bəlli olmasına baxmayaraq, Şults Təbriz 
miniatür məktəbinə yüksək qiymət vermiş və onu Herat, Buxara və başqa sənət 
mərkəzlərinin inkişafına qüvvətli təsir göstərmiş "Ana məktəb adlandırmışdır". 
XV əsr Azərbaycan sənətinə aid sonrakı tapıntılar, tarixi faktlar və bədii 
əsərlər F.Şultsun uzaqgörənliklə, böyük alim hissiyyatı ilə çıxardığı nəticənin 
tamamilə obyektiv və əsaslı olduğunu sübut etdi. 
Həmişə olduğu kimi, bu dövrdə də bir sıra Azərbaycan sənətkarları, alim, 
şair və rəssamları başqa ölkələrə köçüb getmişdilər. Onlardan bəziləri ölkədəki 
vəziyyətlə əlaqədar olaraq öz vətənlərini tərk etməyə məcbur olmuş, bir qismi 
işğalçılar tərəfindən zorla aparılmış, başqaları isə qonşu feodal saraylarına dəvət 
edilmişdilər. 
Məlum olduğu kimi, Azərbaycan sənətkarları köçüb getdikləri yerlərdə 
böyük şöhrət qazanmış, o ölkənin incəsənətinin inkişafında mühüm rol oynamışlar. 
Qeyd etmək lazımdır ki, başqa yerlərdə şahnaməçilik "əcəm" adlandırılan 
Azərbaycan şairlərinə tapşırıldığı kimi saray kitabxanalarındakı məsul vəzifələr də, 
xüsusi əhəmiyyət kəsb edən nadir sənət əsərlərinin hazırlanması da Azərbaycan 
xəttatları və rəssamlarına tapşırılırdı. 
XV əsrin ən görkəmli ustad xəttatlarından sayılan Mövlana Cəfər Təbrizi 
uzun müddət Baysonqurun saray kitabxanasının rəisi olmuş, sarayda çalışan 40 
xəttatın yazı işlərinə rəhbərlik etmiş, bir sıra nadir əlyazma kitablar, o cümlədən 
məşhur "Baysonqur şahnaməsi"ni yazmış, bir neçə mahir xəttat yetişdirmişdir. 
Baysonqurun sarayında bir sıra tanınmış sənətkarlar, o cümlədən dövrün 
görkəmli rəssamı Xəlil Mirzənin işləməsinə baxmayaraq, şah üçün xüsusi cüng 
hazırlamaq lazım olduqda Təbrizdən ustalar dəvət etmişdilər. 
"Həzrət Baysonqur Mirzə Təbrizdən Ustad Seyyidi Əhməd nəqqaşı, Xacə 
Əli Müsəvviri və cildsaz Qəvaməddin Təbrizini gətirdib buyurdu ki, onlar Sultan 
Əhməd Bağdadlının hamı tərəfindən bəyənilmiş cüngü üslubunda, həmin ölçüdə
sətirlərin sayı və illüstrasiyaların yerlərini olduğu kimi saxlamaqla bir cüng tərtib 
etsinlər. Onun yazılması həzrətin göstərişi ilə Fəridəddin Cəfərə, cildin 
hazırlanması isə cild üzərində qabarıq təsvirlərin ixtiraçısı, ustad Qəvaməddinə 
tapşırıldı. Cüngün illüstrə edilməsi və bəzədilməsini Əmir Xəlil öz öhdəsinə 
götürdü. O öz dövrünün "misilsiz sənətkarı, boyakarlıq üsuluna görə nadir ustadı idi". 
Lakin həmin cüng tamamlanmamış Baysonqur Mirzə vəfat edir. Onu əvəz edən oğlu 
Əlaəddövlə Mirzə cüngü başa çatdırmaq fikrinə düşür. Əvvəlki sənətkarları 
kitabxanasına toplayıb onlara hər cür mərhəmət göstərir və Qiyasəddin Pir Əhməd 
Zərqubun dalınca Təbrizə qasid gondərir. "O vaxt ki, Xacə əmrə mütabiq olaraq öz 
qədəmi ilə kitabxananı şöhrətləndirdi, öz mahir qələmi ilə cüngü bəzədi və ona bir 
neçə şəkil çəkdi və onları adamı cuşa gətirən heyrətamiz rənglərlə rənglədi və onu 
(cüngü) ürəyinin qanı və göz yaşları ilə yuyub təmizlədi, onda Əmir Xəlil ədalət 
gözü ilə o cənnət bağını gəzdi... və boyakarlıq sənətindən birdəfəlik əl çəkmək 
qərarına gəldi". 


101 
Dust Məhəmmədin bu məlumatı XV əsrin əvvəllərində Təbriz məktəbinin 
yüksək inkişafını, Azərbaycan rəssamlarının mahir sənətkar kimi Şərqdə şöhrət 
qazandıqlarını və qonşu ölkələrdə kitab tərtibatı sənətinin inkişafında faydalı rol 
oynadığını göstərir. 
Dust Məhəmmədin qeyd etdiyi Təbriz rəssamlarının Heratdakı sonrakı 
fəaliyyətləri bu fikri bir daha təsdiqləyir. Məsələn, İ.Şukin və B.Qrey belə hesab edirlər 
ki, Şahruxun 1419-1422-ci illərdə Çinə göndərdiyi səfirliyin nümayəndəsi kimi qeyd 
edilən rəssam Qiyasəddin və Dust Məhəmmədin adını çəkdiyi təbrizli Qiyasəddin 
Pir Əhməd eyni adamdır. 
Pir Seyid Təbrizi, Şərqin Rəfaeli adlandırılan və yaradıcılığı Herat 
məktəbinin ən yüksək zirvəsini təşkil edən Kəmaləddin Behzadın müəllimi 
olmuşdur. Xacə Əli Müsəvvir Baysonqurun vəfatından sonra da Heratda işləmiş, 
Nizaminin 1445-1446-cı illərdə yazılıb tamamlanmış bir "Xəmsə" nüsxəsinə 
illüstrasiyalar çəkmişdir. Hazırda İstanbulda Topqapı sarayı muzeyində saxlanan 
bu əlyazmanı bəzəyən 13 miniatürdən 11 —i kitab hazırlanan dövrdə, qalan ikisi isə 
sonralar türk rəssamları tərəfindən çəkilmişdir. Zəngin və zərif tərtibatına, 
miniatürlərin bədii xüsusiyyətlərinə görə İvan Şukin bu əlyazmanı Şahrux dövrü 
kitab sənətinin ən gözəl nümunələrindən biri kimi yüksək qiymətləndirir. 
Adları çəkilən sənətkarlardan əlavə bu dövrdə Heratda nəstəliq xəttinin 
ustadları Əzhər Təbrizi, Mahmud Xəyyam və Məhəmməd Xəyyam Təbrizi, Zərqub 
İbrahim Təbrizi, dekorativ sənət ustaları Kəmaləddin Məsud Şirvani, Şəmsəddin 
Bərdal, Ziya Təbrizi, İsmayıl Təbrizi və s. fəaliyyət göstərirdilər. 
Təbriz miniatür məktəbinin yaranması, formalaşması və ilkin inkişafı 
müxtəlif səmtlərdən gələn təsirlərlə yerli bədii ənənələrin çarpazlaşması, qaynayıb-
qarışması prosesində baş vermişdir. Bu təsirlərdən biri monqollarla Təbrizə gəlmiş 
uyğur rəssamlarının gətirdiyi Şərqi Türküstan sənətinin ikincisi isə Bağdad məktəbi 
vasitəsilə gələn ərəbbeynəlnəhr boyakarlığı ənənələrinin təsiri idi. 
Qeyd etmək lazımdır ki, xüsusi ədəbiyyatda Şərqdən gələn bədii təsirin 
Çin sənəti təsiri adlandırılması ənənə şəklini almışdır. Əvvəla, göstərmək lazımdır 
ki, Avropa ədəbiyyatında işlənən "Çin" sözünü konkret ölkə mənasında deyil, 
"səmt", "tərəf” mənasında başa düşmək lazımdır. Bəllidir ki, Şərq ədəbiyyatında 
işlədilən "Firəng" mövhumu da fransız mənasında deyil, həmişə ümumi şəkildə 
"Qərb", "Avropa" mənasında işlədilmişdir. Digər tərəfdən, Uyğurstanın da Çin dövləti 
ərazisinə daxil olması XX əsr avropalı şərqşünaslar arasında bu səhv fikrin geniş 
yayılmasına səbəb olmuşdur. 
Lakin bir sıra Avropa alimləri, o cümlədən E.Dits, E.Kühnel və b. haqlı 
olaraq bu sənətkarların milli mənsubiyyətinə görə çinli deyil, uyğur olduqlarını 
göstərirlər. Bu fikrin həqiqət olduğunu tarixi sənədlər də təsdiq edir. Rəşidəddinin 
"Vəqfnamə"sində Təbrizdə saray emalatxanasında çalışan bu rəssam və 
sənətkarların adları çəkilir (Dumlun Buqa (nəqqaş), Tok Timur, Ayas, Altun Buqa, 
Taqay Timur və s.). Göstərilən 20 addan heç birinin çinli adı olmaması, Şərqdən 
gətirdilmiş bu şəxslərin türk-uyğur mənşəli ustalar olduğunu sübut edir. 


102 
Uyğurlarda incəsənətin yüksək inkişaf etdiyini, uyğur sənətkarlarının Yaxın 
və Orta Şərqdə Böyük şöhrət qazandıqlarını isbat edən faktlar çoxdur. Le Kokun 
Turfandan tapdığı rəsmlər və bunlara əsasən uyğur rəssamlarını dünyanın ən 
görkəmli portretçilərindən hesab etməsi, Maninin sonralar əfsanəyə çevrilmiş 
yaradıcılığı, uyğur ustalarının Çində, Hindistanda, Orta Asiya və İranda məbədlər 
tikməsi və onları divar rəsmləri ilə bəzəməsi kimi bir sıra faktlar IX-XI əsrlərdə 
uyğur sənətinin geniş təsir dairəsinə malik olan qüvvətli bir məktəb olduğunu isbat 
edir. 
Beləliklə, uyğur rəssamları Orta Şərqdə, İranda və Azərbaycanda təsviri 
sənətin inkişafında, Çin-uyğur sənəti ənənələrinin yayılmasında mühüm rol 
oynamışlar. Təbriz məktəbinin erkən çağlarında yaranmış miniatür sənətinin Çin-
uyğur sənəti təsirini əks etdirməsi də məhz bu dövrdə Marağa və Təbrizdə fəaliyyət 
göstərmiş uyğur rəssamlarının yaradıcılığı ilə əlaqədardır. Şərqdə kitab sənətinin ilk 
nümunələrindən olan "Vərqa və 
Gülşa", "Mənafi əl-heyvan" və 
"Cami ət-təvarix"in müxtəlif 
rəssamlar tərəfindən çəkilmiş 
illüstrasiyaların da hələ bədii 
forma birliyi, üslub eyniliyi 
yoxdur. 
"Vərqa 
və 
Gülşa" 
məhəbbət 
dastanına 
Xoylu 
rəssam 
Əbdül 
Mömin 
Məhəmməd oğlunun çəkdiyi 71 
miniatürdə frizvari kompozisiya 
sadə 
və 
lakonikliyi, 
insan 
surətlərinin və fonda verilmiş 
heyvan, quş və bitki təsvirlərinin, 
ornament 
motivlərinin stilizə 
edilməsi ilə seçilir. Miniatürlərin 
əksəriyyətində 
Vərqa 
və 
Gülşanın 
faciəli 
məhəbbət 
dastanının ayrı-ayrı epizodları, 
qəhrəmanların 
başına 
gələn 
hadisələr, onların iztirabı əks 
etdirilir. Bunlardan "Vərqanın 
düşmənlə təkbətək vuruşu", 
"Vərqanın 
əsir 
düşməsi", 
"Vərqa ilə Gülşanın bağda son görüşü", "Gülşanın bayılması" kimi əsərlər həm 
məzmunu, həm də bədii formasına görə daha çox diqqəti cəlb edir. 
İki və üç fiqurlu, sadə kompozisiyalı başqa əsərlərdən fərqli olaraq "Vərqanın 
əsir düşməsi" çoxfiqurlu və nəqli xarakter daşıyan kompozisiyaya malikdir. Miniatürdə 


103 
kişi paltarı geyinmiş Gülşanın əsir düşmüş Vərqanı azad etmək üçün düşmənlərlə 
vuruşması təsvir edilir. "Gülşa üzündən örpəyi açan kimi döyüş meydanı şəfəqə qərq 
oldu" beytini illüstrə edən bu miniatür kompozisiyanın simmetrikliyi və tərəflərin 
müvazinəti, fiqurların sakitliyi, rənglərin çox və əlvanlığı ilə başqalarından fərqlənir. 
Ümumi üslubu, boyakarlıq üsulunda işlənməsi və bir sıra başqa 
xüsusiyyətlərinə, o cümlədən qızılı rəngdən geniş istifadə edilməsi və insan 
təsvirlərinin nimbada verilməsinə görə "Vərqa və Gülşa"nın miniatürləri 
Mesopotamiya (Beynəlnəhr) məktəbinin üslubuna daha çox yaxındır. Lakin insanların 
tipajı, etnik xüsusiyyətləri, atların, çadırların, ornament motivlərinin və başqa 
ünsürlərinin təsvirində həmin miniatürlərin Şərqdən - Orta Asiya və Türküstandan 
gələn təsirdən də azad olmadığı görünür. 
Təbriz miniatür məktəbinin erkən çağlarında bu məktəbin lokal bədii 
üslubunun yaranıb təşəkkül tapması prosesində meydana çıxan əlyazmalarının demək 
olar ki, bütün illüstrasiyalarında özünü göstərən həmən xüsusiyyət "Mənafı əl-
heyvan" və "Cami ət-təvarix" nüsxələrini bəzəyən miniatürlər üçün daha da 
səciyyəvidir. 
"Mənafi əl-heyvan" əlyazmasına çəkilmiş 94 miniatürdən bir qismi 
Beynəlnəhr Bağdad məktəbi üslubunun, bir hissəsi Şərqi Türküstandan gələn Çin-
uyğur sənəti üslubunun təsirini əks etdirir. 
Bəzi miniatürlər isə hər iki üslubun - boyakarlıq və qrafik üsulun 
qarışığından əmələ gəlmişdir. 
Mesopotamiya (Beynəlnəhr) məktəbi üslubunda işlənmiş əsərlərə misal 
olaraq "Adəm və Həvva", "Habil və Qabil" adlı iki fiqurlu kompozisiyaları, filləri, ayı 
balalarını, şirləri, antilop, bəbir və s. heyvanları təsvir edən miniatürləri göstərmək 
olar. 
"Adəm və Həvva", "Habilin Qabili öldürməsi" islam Şərqi sənətində nadir 
rast gəlinən çılpaq və yarımçılpaq insan təsvirlərinin dəyərli nümunələri kimi 
böyük bədii əhəmiyyət kəsb edir. Hər iki əsərdə fiqurlar böyük miqyasda, düzgün 
proporsiyada, realistik tərzdə təsvir edilib ki, bu da naməlum rəssamın bu sahədə 
mövcud olan inkişaf etmiş ənənələrə əsaslandığını və özünün də mahir sənətkar 
olduğunu sübut edir. 
Qazan xanın və onun vəziri, görkəmli alim və dövlət xadimi Rəşidəddinin 
vaxtında Təbrizdə kitab sənəti yüksək inkişaf etmişdi. Təbrizin Şənbi-Qazan adlanan 
hissəsində yerləşən "Beytül kütüb" (kitab evi) və "Beytül qanun" (qanun evi) 
adlanan iki dövlət kitabxanasından əlavə, Rəşidiyyədə Rəşidəddinin öz kitabxanası 
vardı. 
Rəşidəddinin kitabxanasında və onun nəzdində olan bədii emalatxanada 
Şərqin müxtəlif ölkələrindən dəvət edilmiş katib xəttatlar, rəssamlar, miniatür sazlar 
və s. kitab ustaları fəaliyyət göstərirdi. Onlar Rəşidəddinin "Cami ət-təvarix" 
əsərinin əlyazma nüsxələrini hazırlayır, miniatürlərlə bəzəyir və müxtəlif Şərq 
ölkələrinə yayırdılar. Rəşidəddin öz emalatxanasında yazılmış və illüstrə edilmiş 
"Cami ət-təvarix" və başqa əsərlərin kənar xəttat və rəssamlar tərəfindən üzünün 


104 
köçürülməsinə də icazə vermişdi. 
Rəşidəddinin sağlığında hazırlanıb Şərq ölkələrinə göndərilən "Cami ət-
təvarix" əsərinin əlyazma nüsxələrindən üçü bədii cəhətdən xüsusi əhəmiyyətə 
malikdir. 
Bunlardan 
ikisi 
ədəbiyyatda 
geniş 
əksini 
tapmış 1307-1314-cü il tarixli 
nüsxələridir ki, Edinburq 
Universitetinin 
kitabxanasında və Londonda 
Kral Asiya Cəmiyyətində 
saxlanır, üçüncüsü isə ilk 
dəfə Ağa oğlu tərəfindən 
tədqiq olunan 1318-ci il 
tarixli İstanbul nüsxəsidir. 
"Cami 
ət-təvarix" 
əlyazmalarının 
müxtəlif 
rəssamlar tərəfindən çəkilmiş 
illüstrasiyaları 
Azərbaycan 
miniatür sənətinin inkişafında 
xüsusi mərhələ təşkil edir. Bu 
miniatürlərdə 
Çin-uyğur 
sənətinin 
ənənələri 
kor-
koranə 
təkrarlanmır. 
Rəssamlar gəlmə əsərləri 
köçürmək, 
yaxud 
təqlid 
etmək yolu ilə deyil, onları 
dəyişdirmək, səthi dekorativ 
formaya 
uyğunlaşdırmaqla 
Çin-uyğur 
sənəti 
ənənələrindən faydalanmağa, 
öyrənməyə başlayırlar. 
1318-ci 
ildə 
Rəşidəddin, Olcaytu xanı 
zəhərləyib 
öldürməkdə 
təqsirləndirilərək edam edilir. 
Onun Rubi Rəşididə yaratdığı 
kitabxana və emalatxanası 
dağıdılır. Bu isə Təbrizdə kitab sənətinin inkişafında müəyyən durğunluğun
fasilənin başlanmasına səbəb olur. 
Təbrizdə əlyazma kitabların və miniatür sənətinin yeni inkişaf dövrü 
təxminən 10 ildən sonra, 1328-ci ildə Rəşidəddinin oğlu Qiyasəddinin Əbu Səidin 
vəziri təyin olunduqdan sonra başlanır. Ölkələrin iqtisadi-siyasi və mədəni həyatında 


105 
atasının yolunu davam etdirən Qiyasəddin kitab sənətini qaydaya salmaq üçün 
kitabxananı və emalatxananı yenidən bərpa etdirir. 
Qiyasəddin vəzirlik etdiyi qısa bir dövrdə (1328-1336) Təbrizdə 
hazırlanmış əlyazma kitablarından ədəbiyyatda "Böyük Təbriz Şahnaməsi", yaxud 
"Demot Şahnaməsi" adı ilə məşhur olan və təxminən 1330-1350-ci illərə aid edilən 
"Şahnamə" nüsxəsini xüsusilə qeyd etmək lazımdır. Bu əsərləri tədqiq edən İvan 
Şukinə görə "Demot Şahnaməsi"nin miniatürləri sənətkarlıq baxımından bir-
birindən fərqlənən, bədii üslub xüsusiyyətləri, ifaçılıq tərzinə görə 4 rəssam, yaxud 
müxtəlif üsluba malik 4 qrup rəssamlar tərəfindən işlənibdir. Bunların daha 
əvvəllərə aid olan bir hissəsinin təxminən Qiyasəddin dövründə çəkildiyi güman edilir. 
Obrazlı ifadə vasitələrinə, bədii-estetik dəyərinə görə mükəmməl olan və bir-birinə 
oxşayan bu əsərlər çoxfiqurlu kompozisiya qurumunun tam və bitkinliyi, sayca və ton 
etibarilə məhdud olan rənglərin ahəng ümumiliyi, təsvir olunan surətlərin dərin 
psixoloji ifadəliyinə görə başqalarından seçilirlər. Bu qrupa aid maraqlı miniatürlər-
dən "Firudinin oğluna ağlaması", "İrəcin ölüm xəbəri", "Ərdəvan və Ərdəşir", 
"Rüstəmin dəfni", "İskəndərin cənazəsi üzərində ağlaşma" və s. əsərləri göstərmək 
olar. 
"Demot Şahnaməsi"nin elm aləmində bəlli olan 60-a yaxın miniatürlərinin 
üslub və ifaçılıq tərzinə görə müxtəlifliyi, "Cami ət-təvarix" illüstrasiyaları ilə 
uyğunluğu və fərqli cəhətləri onların müxtəlif dövrlərdə yarandığını sübut edir. 
Təbriz məktəbinin bu dövrdəki inkişafını səciyyələndirən, onu Şiraz, Yəzd 
və başqa İran miniatür məktəblərindən fərqləndirən ən ümdə cəhət ondan ibarətdir 
ki, Təbriz rəssamları, ümumiyyətlə, XIV əsr miniatür sənətinə xas olan monumental 
dekorativ üslubu yüksək dərəcədə təkmilləşdirmiş, onu yeni bədii-estetik 
keyfiyyətlərlə zənginləşdirmişdilər. Təbriz məktəbinin Şiraz və Yəzd məktəblərindən 
üstünlüyünü, kompozisiya, rəsm, kolorit, insan fiqurları və mənzərənin həllində daha 
böyük nailiyyətlər əldə etdiyini "Böyük Təbriz Şahnaməsi" təsdiq edir. 
Hazırda İstanbulda Universitet kitabxanasında saxlanan 1360-1374-cü illərə 
aid "Kəlilə və Dimnə" əlyazmasının miniatürləri də məhz bu dövrün məhsuludur. 
Müxtəlif mənalı didaktik hekayələrə çəkilmiş məişət janrlı illüstrasiyalardan birində 
sadəlövh oğrunun yaxalanması səhnəsi təsvir edilir. Gecələrdən birində bir dövlətli, 
damının üstündə oğru olduğunu duyub arvadını yuxudan oyadır və ucadan ona nəql 
etməyə başlayır ki, cavanlıqda necə dua oxuyub ayın işığından yapışar və asanlıqla 
bacadan evin içərisinə düşərmiş. Bunu eşidən oğru sevincək həmin duanı oxuyub ay 
işığından yapışaraq evə enmək istərkən yıxılıb bərk əzilir. Ev sahibi tez onu yaxalayıb 
kim olduğunu soruşduqda, oğru "Mən asanlıqla aldanmış bir sadəlövhəm" deyir. 
Miniatürdə ev sahibinin əlindəki çomaqla oğrunu döyməsi və yatağında 
oturmuş gənc qadının bu səhnəyə tamaşa etməsi təsvir olunur. Kompozisiyanın sadə 
və yığcamlığı, interyerin şərtiliyi, surətlərin isə canlılığı və reallığı xüsusən ev sahibi 
və oğrunun hərəkət və mimikalarının təbii və ifadəliyinə görə bu əsər "Kəlilə və 
Dimnə"nin bəlli olan rəsmlərindən yüksək üslubu, bədii ifadə formalarının lako-
nikliyi ilə diqqəti cəlb edir. 


106 
Nəzərdən keçirilən xarakterli nümunələr əsasında XIV əsrin birinci və 
ikinci yarısında Təbriz məktəbi miniatürlərini müqayisə edərkən bir daha qeyd etmək 
lazım gəlir ki, "Demot Şahnamə"si və "Kəlilə və Dimnə"nin sənətkarlıq cəhətdən 
uğurlu olan əsərləri öz bədii forması, üslubu və obrazlı ifadə vasitələrinə görə 
"Mənafi əl-heyvan" və "Cami ət-təvarix" əlyazmalarının illüstrasiyalarından əsaslı 
surətdə fərqlənir. Əgər "Mənafi əl-heyvan" və "Cami ət-təvarix"in rəssamları 
qüvvətli təsirinə məruz qaldıqları Çin-uyğur, yaxud da ərəb-Beynəlnəhr ənənə-
lərindən gah iqtibas, gah da təqlidçilik yolu ilə istifadə edirdilərsə, "Demot 
Şahnamə"sinin rəssamları hər iki təsirdən yaradıcı surətdə faydalanırdılar. Onlar hər iki 
ənənənin lazımsız tərəflərini, xüsusiyyətlərini asanlıqla tullayır, ədəbi süjetlərin ən 
ümdə məğzini təsvir etmək üçün zəruri olan cəhətlərini saxlayır, öz yaradıcılıq 
prinsiplərinə uyğun surətdə dəyişdirirdilər. Yerli və gəlmə ənənələrin sintezindən 
yaranmış bu üslub tamamilə yeni keyfiyyətə malikdir, orijinal xarakter daşıyır. 
Təbriz məktəbinin qonşu məktəblərə təsiri məsələsindən danışarkən, onun 
Sultaniyyədə İsxitar Anets adlı erməni xəttatının köçürdüyü Evanqeliyanın (1356) 
miniatürlərinə göstərdiyi təsiri də qeyd etmək lazımdır. 
Beləliklə, Azərbaycanda miniatür sənətinin erkən inkişaf mərhələsini 
təşkil edən XIV əsr Təbriz məktəbi Yaxın və Orta Şərqdə bu sənətin yaranması və 
inkişafında mühüm rol oynamış qüvvətli bədii mərkəz olmuşdur. 
XV əsrin sonlarında, Yaqub Mirzənin hakimiyyəti illərində (1478-1490) 
Təbriz yenidən Yaxın Şərqin ən görkəmli mədəniyyət mərkəzlərindən birinə çevrilir. 
Kamal savadı, incə bədii zövqü, şerə, sənətə həvəsi və qayğıkeşliyi ilə seçilən Yaqub 
Mirzənin sarayında dövrün görkəmli alim, şair və sənətkarları toplanmışdı. Sarayda tez-
tez şeir məclisləri təşkil edilirdi. 
Bu dövrdə dahi özbək şairi Əlişir Nəvainin başçılıq etdiyi əbədi məktəbin 
şöhrətini bütün Şərqdə geniş yayıldığına və bəzi Azərbaycan şairlərinin Herat şəhərinə 
köçüb getmələrinə baxmayaraq, Yaqub Mirzənin Təbriz sarayı ədəbiyyat və 
incəsənətin ümumi inkişafındakı rolu və mövqeyinə görə Herat məktəbi ilə bəhsə girə 
biləcək qüvvətli bir mərkəz idi. Təsadüfi deyil ki, dövrün məşhur şairi Binayi Heratdan 
getməli olarkən başqa yerə deyil, Yaqub Mirzənin Təbriz sarayına gəlir. 
Əlişir Nəvai, Sam Mirzə sarayda toplanmış şairlər məclisini yüksək 
qiymətləndirir, bir çox şairlərin adlarını qeyd edirlər. Sam Mirzə yazır ki, Sultan 
Yaqubun hakimiyyəti dövründə poeziya ulduzu perigeydən çıxıb pleyad (yeddi) 
ulduzlar topasının zirvəsinə yüksəldi, şeir və şeir yaradıcılığı isə böyük şöhrət 
qazandı. 
Sarayda və saraydan kənarda elm, ədəbiyyat və incəsənətin inkişaf 
etməsində Sultan Yaqubun vəziri, şair Qazi İsanın da əhəmiyyətli rolu olmuşdur. Onun 
bu sahədəki xidmətini Əlişir Nəvainin Heratda ədəbiyyat və incəsənətin inkişafındakı 
böyük rolu ilə müqayisə edirlər. 
Qoca Şərqin dahi şairləri Cami və Nəvai Təbriz şairlər məclisi ilə yaxından 
əlaqə saxlayır, Sultan Yaqubun elm və mədəniyyətin inkişafındakı rolunu yüksək 
qiymətləndirirdilər. 


107 
Yaqub şahın ölümündən sonra onun varisləri arasında gedən çəkişmə zamanı 
görkəmli Azərbaycan şairi Kişvəri öz əsərlərində həsrətlə keçmişi xatırlayır, Sultan 
Hüseyn Baykor kimi şerə, sənətə qiymət verən bir hami arzulayırdı. 
"Kişəvəri şeri Nəvai şerindən əskik iməs,
Bəxtinə düşsəydi, bir Sultan Hüseyn Baykorın". 
Uzun Həsənin və oğlu Yaqub Mirzənin dövründə Təbrizdə memarlıq və 
təsviri sənət sürətlə və geniş inkişaf edir. Şəhərdə bir sıra binalar, o cümlədən əzəmətli 
memarlıq dekorativ bəzəyi, xüsusən monumental boyakarlığı ilə yalnız Azərbaycanda 
deyil, ümumiyyətlə, Yaxın Şərqdə nadir sənət əsəri kimi yüksək qiymətləndirilən 
"Həşt behişt" sarayı tikilir. Sarayın künclərində əjdaha şəklində tunc novdanlar 
qoyulmuşdu. Onlar o qədər böyük idi ki, hər birindən bir top qayırmaq olardı. İtaliyalı 
elçi və səyyahların yazılarından bəlli olduğu kimi, sarayın dairəvi zalı və başqa 
otaqlarının tavanı və divarlarında ov və müharibə səhnələrini, saray məclislərini, 
elçilərin qəbulunu, müxtəlif vəhşi heyvanları və onlarla mübarizədə baş verən qəribə 
sərgüzəştləri təsvir edən süjetli kompozisiyalar işlənmişdi. Əsasən qızıl, gümüş və 
əlvan rənglərlə freska texnikası ilə işlənmiş bu monument boyakarlıq əsərləri təsvirin 
reallığı, canlı və ifadəliyilə Avropa səyyahlarının diqqətini cəlb etmişdi. "Fiqurlar 
elə məharətlə təsvir olunmuşdu ki, canlı insanlar kimi görünürdü. Bu gözəl təsvirlə 
bəzənmiş zal əfsanəvi təsir oyadırdı". 
Venesiya səfiri Ambrocio Kontarinin yazdığına görə otaqlardan birinin 
divarında Herat hakimi Əbu Səidin edam olunması səhnəsi təsvir edilmişdi. 1469-cu 
ildə olan tarixi hadisəyə həsr edilmiş kompozisiyanın ön planında Uzun Həsənin 
oğlu Uğurlu Məhəmmədin Əbu Səidin boynuna kəndir salıb edam yerinə 
sürükləməsi təsvir olunurdu. 
Mənbələrin verdiyi məlumata əsaslanaraq belə nəticəyə gəlmək olar ki, 
"Həşt behişt" sarayı XV əsrdə Azərbaycan memarlığının, təsviri və dekorativ 


108 
sənətlərinin uğurlu sintezini əks etdirən görkəmli abidə olmuşdur. 
Əvvəllərdə olduğu kimi bu dövrdə də ən geniş yayılmış və yüksək inkişaf 
etmiş təsviri sənət növü kitab illüstrasiyası, yəni miniatür boyakarlığı olmuşdur. 
XV əsrin əvvəllərinə aid miniatürlü əlyazmalara misal olaraq Sultan 
Əhməd Cəlairinin 1405-1410-cu il tarixli divanını göstərmək olar (Vaşinqton, Frir 
qalereyası). 
Sultan Əhmədin divanına çəkilmiş rəsmlər isə yüksək bədii zövq və böyük 
sənətkarlıqla 
işlənmişdir. 
Səhifələrin 
enli 
kənarlarını 
bəzəyən 
rəsm 
kompozisiyalarında kənd həyatından alınmış müxtəlif məişət səhnələri təsvir edilir. 
"Siyah qələm" rəsm texnikası ilə çəkilmiş və mətn çərçivəsi ilə kəsildiyindən ilk 
baxışda bir-birilə əlaqəsiz ayrıntılar təsiri oyadan bu rəsm "qırıqları" əslində 
realistik ifadə qüvvəsi ilə diqqəti cəlb edən vahid bir kompozisiyanın ayrılmaz 
hissələri, tamın parçalarıdır. Dağlıq, düzənlik, yamaclıqdan ibarət mənzərə fonunda 
təsvir edilən insan və heyvan fiqurları canlı, real və ifadəlidir. Onlar ətraf mühit, təbiətlə 
üzvü vəhdətlik təşkil edir. Zərif və dəqiq xətlər, incə ştrixlərlə çəkilmiş bu rəsm 
kompozisiyaları "Siyah qələm" texnikasının hələ XV əsrin əvvəllərində Təbrizdə 
geniş yayıldığını və yüksək inkişaf etdiyini göstərir. 
Onu da qeyd etmək lazımdır ki, bu texnika XVI əsrin sonlarında yenidən 
inkişaf edəcək və məşhur Azərbaycan rəssamları Sadiq bəy Əfşarın və 
Məhəmmədinin yaradıcılığında daha böyük vüsət kəsb edəcəkdir. 
XV əsrin son rübündə, Azərbaycanda iqtisadi-siyasi vəziyyətin yüksəlişi, 
mədəniyyətin ümumi inkişafı ilə əlaqədar olaraq kitab sənəti və miniatür 
boyakarlığı sahəsində də yeni bir canlanma, sürətli inkişaf dövrü başlanır. Elmə, 
poeziya və incəsənətə böyük marağı olan, himayəçilik göstərən Yaqub padşahın 
hakimiyyəti illərində (1478-1490) bu inkişaf xüsusilə bəhrəli olmuşdur. 
Yaqub Mirzənin ədəbiyyat və incəsənətin əsil mərkəzinə çevrilmiş 
sarayında dövrün bir sıra görkəmli ustad rəssamları, xəttatları və kitab sənətinin 
başqa ustaları fəaliyyət göstərirdi. Bunlardan Sam Mirzənin yazdığına görə Yaqub 
padşahın yaxın dostu olan "Divanə" təxəllüslü rəssamın, Şeyxinin və bir müddət 
Təbrizdə işləyən Dərviş Məhəmmədin bu dövrdə miniatür sənətinin inkişafında 
xüsusilə əhəmiyyətli rolu olmuşdur. Xəttatlardan isə Şeyx Məhəmməd Təmimi, 
Mövlana İdris, Əbdürrəhman Xarəzminin oğlanları Əbdülkərim, Sultan Yaqubla 
dostluğuna görə "Ənisi" təxəllüsü ilə tanınmış Əbdürrəhim, Sultan Əli əl-Yaqubi 
kimi ustad xəttatlar bu dövrdə kitab sənətinin gözəl nümunələrini yaratmışlar. 
Kamil xəttinə, qoşa frontispisinə, ünvan və sərlövhələrdən ibarət zəngin 
dekorativ tərtibatına görə yüksək bədii-estetik əhəmiyyətə malik əlyazmalarına misal 
olaraq Sultan Əli əl-Yaqubinin köçürdüyü Ayn əl-Quzad Həmadaninin "Rauzad" 
(əlyazması Sankt-Peterburqda Saltıkov-Şedrin adına Dövlət kütləvi kitabxanasında 
saxlanır). Ənisinin yazdığı Mahmud Şəbüstərinin "Gülşəni Rza" (əlyazması 
Tacikistan EA Şərqşünaslıq şöbəsində saxlanır, № 2103) və xüsusilə Nizaminin 
"Xəmsə" nüsxələrini göstərmək olar. 
Yaradıcılığı bilavasitə Ağqoyunluların saray kitabxanası ilə bağlı olan bu 


109 
məşhur sənətkarlardan başqa həmin dövrdə Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə 
fəaliyyət göstərən Nizaməddin Əli Ərdəbili, Lütvallah Təbrizi, Məhəmməd oğlu 
Mahmud Təbrizi və s. kitab ustalarının da adları və əsərləri bəllidir. 
Lütvallah Təbrizinin 1501-ci ildə tamamladığı bir "Xəmsə" əlyazması 2 
əlvan frontispis, 3 ünvan və 6 sərlövhədən ibarət zəngin dekorativ tərtibatı və bir 
hissəsi XV əsrin sonu, çoxu isə XVI əsrin əvvəllərinə aid olan 35 miniatürünə görə 
bu dövrün maraqlı əsərlərindəndir (əlyazması İstanbulda, Topqapı sarayı muzeyinin 
kitabxanasında saxlamr, № 1510). 
XV əsrin son rübünə aid miniatürlü əlyazmaların dəyərli nümunələrindən 
biri də Uzun Həsənin saray şairlərindən olan Hidayət adlı bir şairin divanı hesab 
edilir. Hazırda Dublində Çester Bittinin kitabxanasında saxlanan bu əsər 1478-ci ildə 
Uzun Həsənin oğlu Əbül Fəth Sultan Xəlil Bahadur xan üçün Təbrizdə yazılmışdır. 
XV əsrdə Təbriz miniatür məktəbinin inkişaf səviyyəsini, səciyyəvi üslub 
xüsusiyyətlərini, Təbriz rəssamlarının əldə etdiyi nailiyyətləri öyrənmək baxımından 
Nizaminin İstanbulda Topqapı sarayı muzeyində saxlanan nəfis bir "Xəmsə" 
əlyazması xüsusi əhəmiyyət kəsb edir. 
Yüksək bədii zövq və mahir sənətkarlıqda işlənmiş, dekorativ tərtibatı və 
miniatürlərinə görə Şərqdə kitab sənətinin ən nəfis, nadir şah əsərlərindən olmasına 
baxmayaraq, bir qədər təəccüblü görünsə də, bu kitabın ədəbiyyatda ancaq adı 
çəkilir. 
Əlyazmanın sonuna əlavə edilmiş bir qeyddən aydın olur ki, bu əsərin 
hazırlanmasına Uzun Həsənin oğlu Sultan Xəlil Mirzənin dövründə başlanmışdır. 
Atasının vəfatından sonra 6 ay hakimiyyət başında olmuş Sultan Xəlil bu əsərin 
yazılmasını dövrün tanınmış xəttatı Əbdürrəhimə, miniatürlərin çəkilməsini isə 
Təbrizin ən görkəmli ustad rəssamları Şeyxi və Dərviş Məhəmmədə tapşırmışdı. 
Lakin həmin əlavədə xəttatın əsil adı ilə deyil, onun ləqəbi olan "Ənisi" 
kimi qeyd edilməsi, kitabın Sultan Yaqub dövründə yazılıb tamamlandığını göstərir. 
Çünki bu ləqəb ona Sultan Yaqubla yaxın dostluğuna, Sultanın onu "Ənisi" (dost) 
adlandırmasına görə verilmişdi. 
Əlyazması əlvan rəngli və zərif naxışlı 6 ünvan, 3 sərlövhə, əksəriyyəti 
yüksək sənətkarlıqla işlənmiş 19 miniatürlə bəzədilmişdir. Kitabın köçürülməsi 
Sultan Yaqubun dövründə 1481-ci ildə başa çatdırılmışdır. Lakin illüstrasiyaların 
çəkilməsi uzun fasilədən sonra, Şah İsmayıl dövründə, yəni XVI əsrin əvvəllərində 
tamamlanmışdır. 
Təbriz məktəbinin təsiri nəticəsində XV əsrdə Azərbaycanın başqa 
mədəni mərkəzlərində - Şamaxıda və Bakıda da miniatür sənəti inkişaf edir. 
Bakı rəssamlıq məktəbinin hələlik bəlli olan yeganə nümayəndəsi 
Əbdülbaqi Bakuvinin İstanbulda "Topqapı sarayı" muzeyində saxlanan bir əsərində 
üz-üzə oturaraq söhbət edən 2 monqol əmiri təsvir edilir (əsər İstanbulda Topqapı 
sarayı muzeyində, 2160 nömrəli albomda saxlanır). "Siyah qələm" texnikasında 
işlənmiş iki fiqurlu kompozisiya, rəsmin incə və dəqiqliyi, bədii formanın əsasını 
təşkil edən kontur xətlərin, fiqurlara həcmlik verən müxtəlif istiqamətli ştrixlərin 


110 
plastikliyi və ifadəliyi ilə diqqəti cəlb edir. Əsərin kompozisiya qurumu, obrazların 
həlli və ifadə tərzinə görə monumental xarakter daşıyan bu əsər kitab illüstrasiyası 
və dəzgah miniatür sənətinin üslubundan fərqlənir, daha çox divar boyakarlığı 
təsirindədir. 
Kompozisiyanın monumentallığı baxımından Əbdülbaqi Bakuvinin həmin 
albomda saxlanan "Mehtər" adlı ikinci əsəri daha maraqlıdır. Ümumiyyətlə, realistik 
ifadəliyi ilə seçilən bu əsərdə uzun, yaraşıqlı boynunu arxaya döndərərək mehtərə 
baxıb kişnəyən atın oynaqlığı, mürəkkəb rakursda, gərgin hərəkətdə təsviri rəssamın 
mahir sənətkar olmasına dəlalət edir. 
Qeyd etmək lazımdır ki, miniatür sənətində müxtəlif hal və hərəkətlərdə, 
mürəkkəb rakurslarda verilən at təsvirləri olduqca çoxdur. Lakin atın keçirdiyi 
həyəcanı bu dərəcədə təbii və ifadəli əks etdirən nümunələrə, nadir hallarda rast 
gəlmək olur. Atın olduqca dinamik və ehtiraslı təsvirinin əksinə olaraq mehtərin 
hərəkətində bir süstlük, donuqluq görünür. Buna baxmayaraq, kompozisiya tamlıqda 
oynaqdır, dinamikdir. Rəssamın rəsm texnikası, xüsusən atın tükləri və mehtərin 
paltarının çəkilişində işlədilən xətlərin, cizgilərin doğurduğu narahat hisslərin ritmi 
əsərin emosional təsir qüvvəsini daha da artırır. 
Bakı rəssamlarından ancaq Əbdülbaqinin, onun isə ancaq ikicə əsərinin 
bəlli olmasına baxmayaraq, onların yüksək ifaçılıq üsulu, bədii-estetik dəyəri, bu 
dövrdə Bakıda qüvvətli sənət məktəbinin olmasını və bu məktəbin özünəməxsus 
qüvvətli bədii ənənələrə söykəndiyini mülahizə etməyə tutarlı əsaslar verir. 
Şirvanda müstəqil miniatür məktəbinin mövcud olduğunu sübut edən əsaslı 
faktlardan, ədəbiyyatda "Şamaxı antologiyası" adı ilə bəlli olan 1468-ci il tarixli 
əlyazmasının illüstrasiyalarını xüsusi olaraq qeyd etmək lazımdır. Əsər Şamaxıda, 
Şərəfəddin Hüseyn Sultani adlı xəttat tərəfindən yazılmış, 8 miniatürlə bəzədilmişdir 
(Əlyazması Londonda, Britaniya muzeyində saxlanır). Əlyazmasının əvvəlində 
yerləşən qoşa səhifədən ibarət frontispis məzmununa görə özünəməxsus 
"Mədhnamə" ithaf xarakteri daşıyır. İki hissədən ibarət olan çoxfiqurlu kompozisiyada 
əlyazmanın sifarişçisi olan Şirvanşahın saray bağında kef-musiqi məclisi təsvir olunur. 
Diptixin hər iki tərəfi miniatür səthinin təşkili, fiqurların üfüqi xətlər üzrə yerləşdirilməsi, 
ön plandakı naxışlı kaşılarla döşənmiş həyətin, arxa planda isə ağaclıq mənzərənin 
təsvirinə görə birləşir, bir-birini tamamlayaraq bütöv bir kompozisiya əmələ gətirir. 
Miniatürün səthi şaquli istiqamətində 3 bərabər hissəyə bölünür. Sağ tərəfdə, 
kompozisiyanın mərkəzində, xalça üzərinə salınmış döşəkçədə əyləşmiş şah, onun 
qarşısında müsahibi, yanda ayaq üstündə dayanıb əmrə müntəzir olan saray xidmətçiləri, 
ön planda isə çarhovuzun ətrafında oturmuş çalğıçılar, yeyib-içən, söhbət edib musiqi 
dinləyən qonaqlar təsvir olunur. Diptixin sol hissəsində aşağıda şahzadə, ona xidmət 
edən qulluqçu və eşikağası, yuxarı kəmərdə isə mehtər iki atla, şahinağası şahinlə, yenicə 
bağa daxil olmuş qonaqlar təsvir olunur. 
Zərif əlyazmasını bəzəyən maraqlı miniatürlərdən biri də "Bağdadda daşqın" 
adlanan əsərdir. Real tarixi hadisəni əks etdirən, məzmunu və konkret şəhər mənzərəsini 
təsvir edən bu əsər bədii formasına görə Şərq miniatür sənətinin nadir 


111 
nümunələrindəndir. Əsərdə içərisində qayıqlar, adamlar və balıqlar üzən çox enli bir 
çayla iki yerə bölünmüş şəhər mənzərəsi təsvir edilir. 
Məzmunu və yüksək bədii keyfiyyətinə görə diqqəti cəlb edən 
miniatürlərdən biri də zəngin dekorativ bəzəkli sarayda şahzadə ilə gənc bir oğlanın 
dama oynamasını təsvir edən əsərdir. Təfərrüatın bir qədər kobud və səliqəsiz işləndiyi 
frontispisdən fərqli olaraq, burada hər şey - heyvan və ağac təsvirlərindən ibarət 
gözəl divar rəsmi, interyeri bəzəyən kaşı panel və xalçanın zərif ornament motivləri, 
personajların geyimi (xüsusən çalma və papaqları) incə bir zövqlə, xüsusi diqqətlə, 
mahiranə sənətkarlıqla işlənmişdir. 
Saray və şəhər zadəganlarının həyatını əks etdirən bir miniatürdə isə əsərin 
məzmunu, süjet xəttini açan səhnəciklər üz-üzə dayanmış saray tipli binaların 
fonunda təsvir edilir. Mərkəzi günbəz tipli, monumental portalla həll edilmiş 
ikimərtəbəli binaların memarlıq forması, xarici və daxilini bəzəyən kaşı və mozaika 
bəzəklərinin mürəkkəb naxışları, şəbəkə və xalçaların zərif ornament motivləri və s. 
dekorativ ayrıntıların son dərəcə dəqiq, incə zövqlə işlənməsi rəssamın nadir 
istedada malik ustad sənətkar olduğunu sübut edir. Miniatürlərin müəllifi bəlli deyil. 
Lakin həmin bu əsərdə qapılardan birinin yuxarısında yazılmış "Əl Sultani" kəlməsi bu 
və qalan miniatürlərin əlyazmasının xəttatı Şərəfəddin Hüseyn Sultani tərəfindən 
işləndiyini fərz etməyə imkan yaradır. 
Qeyd etmək lazımdır ki, Şərq kitab sənətində əsərin üzünü köçürən 
xəttatın eyni zamanda kitabın bütün, yaxud qismən bədii tərtibatını verməsi və onun 
miniatürlərini çəkməsi hallarına tez-tez təsadüf edilir. Bu sahədə XVI əsrin 
görkəmli sənətkarlarından məşhur kalliqraf Dust Məhəmməd və Əli Rza Təbrizinin 


112 
fəaliyyətini nümunə göstərmək olar. 
Ola bilsin ki, bu fərziyə düzgün deyil, yəni Şamaxı antologiyasının 
illüstrasiyalarını katib özü deyil, başqa rəssam çəkmişdir. İ.Şukin frontispis və 
Bağdad şəhərinin təsvirindən başqa, qalan miniatürlərin sonralar çəkildiyini və XVI 
əsr Buxara məktəbini xatırladığını qeyd edir. Lakin miniatürlərin qarşılıqlı
müqayisəsi, ümumi üslubun eyniliyi, tipajların oxşarlığı, mənzərə və obrazların 
həllində gözə-çarpan yaxınlıq onların bir rəssam tərəfindən, yaxud da üslubuna 
görə eyni məktəbə mənsub olan iki rəssam tərəfindən çəkildiyini sübut edir. 
Fiqurların proporsiyası və obrazların həllinə görə Şamaxı miniatürləri 
Şiraz və Herat məktəbinin həmin dövrə aid əsərlərindən fərqlənirlər. Nisbətən 
gödək boylu, girdə sifət, qalın çatmaqaşlı kişi fiqurları ədəbiyyatda "Türkmən 
üslubu" adlanan miniatürləri xatırladır. Bu da təsadüfi deyil. Çünki bu istilah altında 
gedən miniatürlərin əksəriyyəti Təbrizdə və Azərbaycan rəssamları tərəfindən 
yaradılmışdır. 
Şamaxı antologiyasının miniatürləri bədii ifadə vasitələrinə və ifaçılıq 
keyfiyyətinə görə Hidayətin Təbrizdə hazırlanmış divanı və 1481-ci il tarixli 
"Xəmsə"nin (İstanbul, Topqapı sarayı muzeyi) illüstrasiyalarına nisbətən zəifdir. 
Xüsusən kitabın başlanğıcında verilən qoşa miniatürdə ayrı-ayrı fiqurların, 
hissələrin təsviri qüsurlu və kobuddur. Lakin ümumi üslubu, kompozisiya və 
obrazların həllinə görə Şamaxı miniatürləri Təbriz məktəbinin bədii üslubuna 
olduqca yaxındır. Bu isə təbiidir, çünki Şamaxı rəssamları öz yaradıcılıq 
axtarışlarında söz yox ki, onlara daha yaxın və doğma olan Təbriz məktəbinin 
təsirinə məruz qalır, onun nailiyyətlərindən faydalanırdılar. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə